İndoneziyada Hacı Zeynalabdin Şirvaninin adına kitabxana var

 

Həbib Zərbəliyev: “O vaxtlar demək olar ki, oralarda Azərbaycanı yox, SSRİ-ni tanıyırdılar

 

 Ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin səyi və köməkliyi nəticəsində SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq üçün Azərbaycan gənclərinə də xeyli yer verilirdi. İmtahanlar Bakıda götürülür, qəbul olan tələbələr təntənəli şəkildə müvafiq ali məktəblərə göndərilirdi. Heydər Əliyevin qayğı göstərdiyi minlərlə gənclərdən biri də hazırda Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri olan, professor Həbib Zərbəliyevdir.

Belə ki, 1976-cı ilin yayı H.Zərbəliyev üçün uğurlu olub. Həmin il Həbib müəllim də Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) şərq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olub. Lakin Leninqrada (indiki Sankt-Peterburq) getdikdən sonra o, fikrini dəyişib və İndoneziya filologiyası bölməsində oxumağa başlayıb.

Universitetdə tədris proqramı çərçivəsində Həbib müəllim təkcə İndoneziya dilini deyil, həm də malay, ərəb, ingilis, holland, türk və sanskrit dillərini mükəmməl öyrənib, müstəqil şəkildə fars dili ilə məşğul olub. Bu illər ərzində H.Zərbəliyev dilçilikdə öz yeri olan peşəkar kimi təkcə SSRİ-də deyil, bir çox digər xarici ölkələrdə tanınmışdı. O, dilçilik üzrə müxtəlif beynəlxalq simpozium, konfrans və seminarlarda iştirak edir, xarici ölkələrin elmi nəşrlərində məqalələr çap etdirirdi.

H.Zərbəliyev 1988-1991-ci illərdə Hollandiyanın Leyden Universitetində fəaliyyətini davam etdirib. Orada elmi araşdırmalar apardığı müddətdə, eyni zamanda bu universitetin türk və İndoneziya filologiyası bölmələrində mühazirələr oxuyub.

Həbib müəllim  Hollandiyada ciddi ictimai-siyasi fəaliyyətlə də məşğul olmağa başlayıb. Orada  diasporumuzun formalaşmasında, Azərbaycan haqqında məlumatların yayılmasında onun böyük rolu olub. Vaxtaşırı radio və televiziya kanallarında, yerli qəzetlərdə çıxış edir, müsahibələr verir, Azərbaycan haqqında həqiqətləri Avropa dinləyici, tamaşaçı və oxucularına çatdırıb.

H.Zərbəliyev bizimlə söhbətində dedi ki, o vaxtlar orada demək olar ki, Şimali azərbaycanlılar olmayıblar: “Sadəcə İrandan olan azərbaycanlılar və bir də türklər  var idi. Artıq 20 Yanvar hadisələrindən sonra yavaş-yavaş bir-iki azərbaycanlı ora gəlməyə başladı”.

O bildirdi ki, sovet sisteminin laxladığı bir zamanda  əsasən Azərbaycan haqqında məlumatlar yayıblar: “Xüsusən, sovet quruluşunun Azərbaycana qarşı apardığı siyasətin mahiyyətini açıqlayırdıq. Türklərin köməyi ilə müxtəlif təşkilatlarda görüşlər keçirirdik. Məsələn, Leyden Universitetində bir-neçə dəfə bununla bağlı tədbirlər keçirdik. 1989-cu ildə Yusif Səmədoğlu Almaniyaya gəlmişdi. Biz onunla danışdıq, o, Hollandiyaya gəldi. Onunla da türk diasporu və İran azərbaycanlıları ilə görüşlər keçirdik. Yusif müəllim orada olanda biz bir neçə televiziya və radio kanalına müsahibələr də verdik”.

Azərbaycanın Avropada təbliğ olunmasında xeyli işlər apardıqlarını deyən H.Zərbəliyevin sözlərinə görə, vaxtaşırı Hollandiyada sovet quruluşunun əleyhinə mitinqlər də keçirilirmiş: “Bəzən bizdən əlavə də onlar tədbirlər keçirib bizi də dəvət edirdilər. O vaxtlar demək olar ki, oralarda Azərbaycanı yox, SSRİ-ni tanıyırdılar. Açıq söz deməyə də çox adam cürət etmirdi”.

Onun fikrincə, o zaman sovet quruluşunun dağılmasında Avropa ölkələri maraqlı olublar: “Buna görə də o vaxt avropalılar özləri bizə maraq göstərirdilər. Sovet İttifaqının tərkib hissəsi olan bir ölkənin hər hansı bir nümayəndəsi gələndə dərhal KİV-lər özləri axtarıb tapırdılar ki, gedən proseslər haqqında birinci əldən məlumat alsınlar. Bizdə məlumatları məmnuniyyətlə verirdik və beləliklə, radio, televiziya vasitəsilə Azərbaycan tanınırdı. Yəni diasporun yaradılmasına doğru ilkin addımlar atılırdı. Amma ən başlıcası o idi ki, Azərbaycan təbliğ olunur, Azərbaycanın səsi Avropa ölkələrinə yayılırdı. Çünki biz eyni zamanda Almaniya, Belçika, Lüksemburq və s. ölkələrdə də tədbirlər keçirirdik. Məsələn, o zaman Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı çoxlu tədbirlər təşkil edirdik. Hətta türklərin köməkliyi ilə biz ayrı-ayrı broşürlər şəklində çox zaman erməni yalanlarını ifşa edən məlumatlar yayırdıq”.

 Hər dəfə bir neçə günlüyə Azərbaycana gəlib geri qayıdarkən Həbib müəllim Azərbaycan dili, tarixi, etnoqrafiyası və s. barədə çoxlu kitablar aparır, onları Hollandiyanın, Almaniyanın, Belçikanın kitabxanalarına, oradakı müxtəlif ictimai qurumlara hədiyyə verirdi. Azərbaycan dilinin dialektoloji atlasının bir neçə nüsxəsini də Leyden Universitetinin kitabxanasına məhz Həbib müəllim bağışlayıb.

H.Zərbəliyevin Cənub-Şərqi Asiya ölkələri arasında da Azərbaycanın  tanınmasında xidmətləri olub. 2001-ci ildən bu yana H.Zərbəliyev Malayziyanın bir neçə universitetində keçirilən elmi konfrans və seminarlarda məruzələrlə çıxış edib. Malayziyada olduğu müddətdə o, İndoneziyaya və Sinqapura səfərlər edərək, orada müxtəlif universitetlərin alimləri ilə görüşlər keçirib və Azərbaycanı təbliğ edib.

 Həmsöhbətimiz dedi ki, əvvəlvvəl gedəndə orada Azərbaycan çoxlarına məlum deyilmiş: “O vaxtlar malay və indoneziyalıların Azərbaycan haqqında çox az məlumatları var idi. Hətta İndoneziyanın Xarici İşlər Nazirliyində çoxu bizim ölkəni tanımırdı. İndi-indi iş adamları gedirlər. Eyni zamanda 4 il əvvəl Azərbaycan Dillər Universitetində İndoneziya şöbəsi açdıq. Bizim hər il bir neçə tələbəmiz gedib orada 3 və ya 6 aylıq təcrübə keçir, öz növbəsində Azərbaycanı təbliğ edirlər. Mən ildə 2-3 dəfə Malayziyaya gedirəm. Orada televiziya verilişləri və qəzetlərdə çıxışlar edirəm”. 

 Onun sözlərinə görə, Asiyanın bu regionunda 2000-ci illərin əvvəlləri ilə müqayisədə indi Azərbaycanı daha yaxşı tanıyır və qiymətləndirirlər. Onu da deyək ki, 2008 və 2009-cu illərdə Malayziya baş nazirinin təsis etdiyi mükafat uğrunda tələbələr arasında malay və İndoneziya dilləri üzrə keçirilmiş beynəlxalq müsabiqələrin münsiflər heyətinin sədri olmuş H.Zərbəliyev 2008-ci ildə İndoneziya prezidenti Susilo Bambanq Yudhoyononun şəxsi dəvəti ilə Prezident sarayında keçirilmiş “İndoneziya prezidentinin dostları” proqramında iştirak edib. H.Zərbəliyev bildirdi ki, bir həftə ərzində İndoneziya mediasında bu görüşlərdən, o cümlədən Azərbaycan haqqında danışılırmış.

Xatırladaq ki, H.Zərbəliyev İndoneziya prezidenti S.B.Yudhoyononun 4 noyabr 2008-ci il tarixli sərəncamı ilə “Mədəniyyət sahəsində xidmətlərinə görə” ordeninə, 15 avqust 2009-cu il tarixli sərəncamı ilə “Xidmətlərinə görə I dərəcəli Şərəf ordeni”nə layiq görülüb.

Onun fikri var ki, gələcəkdə azərbaycanlı  səyyah  Hacı Zeynalabdin Şirvaninin İndoneziyadakı fəaliyyəti ilə bağlı maraqlansın: “Dahi şəxsiyyət olmuş  Şirvani dünya səyyahətinə çıxarkən uzun müddət İndoneziyada da olub. Hətta bir mənbədə oxuduğuma görə, İndoneziyada onun adına kitabxana var. Gələcəkdə fikrim var ki, onun fəaliyyəti və orda gördüyü işləri tədqiq edim”.

 

 

Fuad Hüseynzadə

 

Paritet.- 2011.- 14-16 may.- S. 11.