“Burda
Cənub-Şimal məsələsi yoxdur”
Cənubi azərbaycanlıların
çoxluq təşkil etdiyi Norveçdəki diasporumuz
ölkəmizlə bağlı ciddi işlər görür
Hazırda Norveçdə xeyli sayda
azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti
Cənubdan gələnlərdir.
Apardığımız araşdırmalar nəticəsində
məlum oldu ki, Norveçdə
ölkəmizin tanınması istiqamətində görülən
işlərin çoxu məhz orada yaşayan azərbaycanlıların
payına düşür. Ümumən Norveçdə təqribən
cənublu-şimallı 4000-5000 arası azərbaycanlı
yaşayır. Onların
arasında Norveçdə dünyaya göz açan yeni nəsil
azərbaycanlı uşaqlar da var.
Təkcə Osloda yaşayan azərbaycanlıların
sayı min nəfərdən çoxdur. Norveçdə orta və ali məktəblərdə
Norveç dilində təhsil alaraq,
bu ölkədə cəmiyyətin fəal üzvlərinə
çevrilirlər. Bu da Azərbaycanla
bağlı məlumatların norveçlilərə ətraflı
olaraq öz dillərində verilməsinə imkan yaradır.
Norveçdə
yaşayan diaspor fəalımız Norveç Azərbaycanlı
Gənclər Təşkilatının (NAYO) sədri Ramin Əliyev
qeyd edir ki, bu uşaqların və gənclərin Avropa cəmiyyətinə
inteqrasiya olunmalarında problem olmayacaq. Problem həddi-buluğa
çatdıqdan sonra Norveçə köçən azərbaycanlıların
inteqrasiyasında olur. Onların
çoxu Norveç dilini yaxşı bilmir və bu,
onların cəmiyyətdə layiqli mövqe qazanmalarına
mane olur(“Azadinform”).
İntellektual cəhətdən daim
seçilən həmvətənlərimiz Norveçin demək
olar ki, bütün strukturlarında təmsil olunurlar. İrandakı teokratik rejimin təqibləri
üzündən Skandinaviya yarımadasına pənah
aparmış Əkbər Muğanlının fəaliyyəti,
gördüyü işlər buna nümunə ola bilər. O, 1978-ci il İran inqilabına qədər
öz doğma torpağında yaşayıb. Molla rejiminin hakimiyyətə gəlməsi
əksər həmvətənlərimiz kimi onun da təzyiqlər,
haqsızlıqlarla üzləşməsinə səbəb
olub. Azərbaycan dilində məktəblərin olmaması,
onun mükəmməl təhsil almasına əngəllər
yaradıb. Yazıb-oxumağı babasından öyrənib və
dözülməz həyat şəraiti onu Şimala gəlməyə
vadar edib. Amma Ə.Muğanlı burada da çox qərar tuta
bilməyib. Bu dəfə tale onun həyatını
Norveçlə bağlayıb. Vətəndən uzaqlarda
yaşamaq ona o qədər də xoş deyil. Özü etiraf edir ki,
norveçlilər azərbaycanlılar kimi istiqanlı, qonaqpərvər
deyillər:
-Təbii
ki, hər iki ölkənin müqayisəsini aparsaq, kifayət
qədər fərqli cəhətlər görərik. Məsələn, Norveçdə
insanlar daha yaxşı maaş alırlar, burada həyat səviyyəsi
daha yüksəkdir. Amma insanlar
bizimkilər kimi, emosional deyillər. Əksinə, çox
soyuqdurlar. Küçənin ortasında yıxılıb
qalsan, heç kəs yaxınlaşmayacaq. Burada
qonşuların bir-birlərinə gedib-gəlməsi
halları da yoxdur. Yəni hər kəs özü
üçün yaşayır. Etiraf edim ki, bu cür
yaşayış çox darıxdırıcıdır. Azərbaycanda
isə tam fərqli mühitlə qarşılaşırsan. Hər
kəs bir-birinə gedib gəlir. Qonaqpərvərlik ən
yüksək səviyyədədir.
Şəxsən mənim fikrimcə, Azərbaycanda
yaşamaqdan zövqverici heç nə ola bilməz. Mənim vətəndaşlığım
olmadığına görə, Bakıda daimi yaşaya bilmirəm.
İnşallah bu işi həll etsəm, köçüb
öz vətənimə gedəcəyəm”.
Onun
fikrincə, bizdə çatışmayan odur ki, daha çox
başqalarını tərifləməyi sevirik. Azərbaycanda
Avropanı o qədər təbliğ ediblər ki, imkan tapan
bura gəlmək istəyir.
Halbuki onların böyük əksəriyyəti istəyinə
nail olduqdan sonra səhv etdiyini anlayır. Əkbər bəy Norveçdə
fəaliyyət göstərən diasporumuzla sıx əlaqələrə
malikdir. Onun fikrincə, burada enerjili, vətənpərvər
gənclərin çoxluğu öz təsirini
açıq-aşkar göstərir. Nəzərdə tutulan
bütün tədbirlər ən yüksək səviyyədə
gerçəkləşir. Təsadüfi deyil ki, milli
bayramlarımız, mühüm
tarixi günlərimiz təmtəraqla
qeyd olunur. Aksiyalar, tədbirlər, imzatoplama kampaniyaları
keçirilir. Bu isə ümumilikdə Azərbaycanın təbliğ
olunmasına töhfə verir:
-
Artıq Norveçdə erməni yalanları demək olar ki,
tam ifşa olunub. Onların diasporunun həyata keçirdiyi
bütün aksiyalar fiaskoya uğradılır. Çünki
ermənilərin atdıqları istənilən addıma
adekvat cavab verilir. Təbii ki, çatışmayan cəhətlər
də kifayət qədərdir. Norveçdə ölkəmizlə
bağlı fəaliyyət göstərən təşkilatlar,
qurumlar arasında yüksək səviyyəli əlaqələr
yaratmaq mümkün olmayıb. Çünki bəzi fikir
ayrılıqları hələ də qalmaqdadır. Bunun
aradan qaldırılması üçün ciddi addımlar
atılır.
Bir neçə ay öncə
Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının
III Qurultayında təklif olundu ki, hər bir ölkədə
fəaliyyət göstərən diaspor təşkilatları
Qarabağ fondu yaratsın və orada yaşayan azərbaycanlılar imkanları daxilində
bura pul köçürsün.
Amma Ə.Muğanlı bu
barədə hər hansı məlumata malik
olmadığını bildirib. Onun sözlərinə görə,
əgər bu baradə hər hansı təklif olsaydı,
bunu çoxdan reallaşdırmaq olardı. Çünki
söhbət şəxsi maraqlardan yox, dövlət əhəmiyyətli
məsələlərdən gedir. Kimin necə
düşünməsindən asılı olmayaraq,
bütöv, qüdrətli Azərbaycanla bağlı hər
hansı fikir ayrılığı yoxdur.
Əkbər
bəy Cənubi Azərbaycanda baş verən məsələyə
də öz münasibətini bildirib. Onun fikrincə, molla rejimi orada
yaşayan həmvətənlərimizin hüquqlarını
qorxusundan bərpa etmir: “Cənubdakı həmvətənlərimizin
istəyini fars rejimi heç vaxt təmin etməz. Səbəb
çox sadədir. Bu baş verəcəyi halda, İran
parçalanıb, məhv olar.
Biz nə istəyirik? Öz dilimizdə təhsil almaq,
özümüzün məktəb və universitetlərimizin
olmasını istəyirik. Bu
hüquq İranda yaşayan bütün azlıqlara
verilib. Molla rejiminin bizi hər kəsdən
aşağı tutmasının səbəbini
açığı anlaya bilmirəm. Fikrimcə, bizim öz dilimizdə
oxumağımız, ən azı mədəni muxtariyyat
almağımızla nəticələnəcək. Bunun
ardınca isə müstəqillik gəlir. Bu baxımdan Tehran
nəyin bahasına olursa-olsun, azərbaycanlıları
sındırmaq, hər şeydən məhrum etmək istəyir.
Bununla belə, Cənubda yaşayan həmvətənlərimizin
səbri, artıq tükənib.
Onların zindanlara atılıb, edam edilməsi,
xalqımızın mübarizə əzmini sındıra bilməz. Artıq bizi qanla qorxutmaq
mümkün deyil”.
Onun
sözlərinə görə, Urmiya gölünün
qurumasına etiraz olaraq xalqın ayağa qalxması, tədricən
siyasi tələblərin də gündəmə gəlməsinə
səbəb olacaq. Orada baş verən vəhşiliklərin,
ədalətsizliklərin dünya birliyinə
çatdırılmasına gəldikdə, mütəmadi
olaraq aksiyalar keçirlir və bura norveçli gənclər
də dəvət olunur. Bu isə tədricən bütün
dünyanın gözlərinin Cənubi Azərbaycana yönəlməsinə
səbəb olur. Çünki bütün ölkələrdə
fəaliyyət göstərən təşkilatlarımız
anoloji aksiyaları eyni vaxtda keçirirlər və internetdə
yayırlar. Təbii ki, aksiyalar yalnız Cənubla
bağlı olmur. Şimali Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, erməni
yalanlarının ifşa olunması, güneyin problemleri qədər
önəmli hesab olunur və dünya birliyinə
çatdırılır:
-Bu
istiqamətdə də mümkün olan hər şeyi
edirik. Burada Cənub-Şimal məsələsi
yoxdur. Azərbaycanın
bütün problemləri birlikdə gündəmə gətirilir.
İstənilən tədbirdə, sərgidə Qarabağ məsələsi
mütləq qaldırılır. Erməni diasporunun burada
çox güclü olduğunu düşünmürəm. Yəni
belə bir şeylə qarşılaşmamışam. Bizim
çatışmayan cəhətlərimizə gəldikdə,
təbii ki, var. Amma bu barədə
danışmaq istəmirəm. Hər kəsin eyni məqsəd
üçün mübarizə aparması üçün
ilk öncə birləşmək lazımdır.
Qürbətdə
yaşamasına baxmayaraq, Əkbər Muğanlı Azərbaycan
sevgisi ilə yaşayır. Cənuba gedə bilməsə də,
darıxanda Bakıya gəlir.
Şimali Azərbaycanın güclənib, inkişaf etməsi
ilə hər zaman fəxr edir:
-Bir
azərbaycanlı kimi Şimal mənimçün hər zaman
qürur mənbəyi olub. Bakı ilə bağlı xoş
xatirələrimi heç vaxt unuda bilmərəm. Son illər ölkəmizin
müasirləşməsi, irəli addımlar atması
göz qabağındadır.
Mütəmadi olaraq Bakıya gedib-gəlirəm.
Bütün qohumlarım, tanışlarım orada
yaşayır. Tam səmimi deyirəm
ki, Bakıda olan gözəlliklərin
heç yarısı da Norveçdə yoxdur. Məni razı salmayan məqamlara gəlincə,
çox təəssüf ki, keçən illər ərzində
rüşvət və sui-istifadə hallarının
qarşısı alınmayıb. Bunlar olmasa, Azərbaycan
ideal ölkə olar. Çünki başqa çatışmazlıqlarla
qarşılaşmamışam. Mən dünyanın
heç bir yerində azərbaycanlılar kimi qonaqpərvər
xalq görməmişəm. Ən kasıb adamın
qapısına getsən, sənə hər cür qulluq edəcək.
Yaşasın dövlətimiz, xalqımız, millətimiz”.
Əkbər bəy kimi yüzlərlə,
minlərlə həmvətənlimiz qürbətdə
yaşayır. Onlardan biri də Şervin Nəcəfpurdur. Bu
gənc xanım Norveçdə dünyaya göz
açıb. Valideynləri isə
Cənubi Azərbaycanın Urmiya bölgəsindəndir. Qürbətdə doğulmasına
baxmayaraq, şirin dilimizdə səslənən laylanın sədaları
altında böyüməsi onu əsl azərbaycanlı kimi
yetişməsinə səbəb olub. Bütün varlığı ilə
doğma vətənini sevən Şervin xanımın 19
yaşı var. Gənc
olmasına baxmayaraq, Azərbaycan həqiqətlərini
Norveç ictimaiyyətinə çatdırmaq
üçün bir neçə sahədə fəaliyyət
göstərir. Ana dilindən
başqa, ingilis, Norveç dillərində sərbəst
danışması ona daha geniş imkanlar yaradıb. İlk təhsilini Osloda fəaliyyət
göstərən özəl məktəblərin birində
alıb. Sonradan ABŞ-da birillik kurs keçib. Amerika mühiti, uşaqlıqdan həvəsində
olduğu moda işləri ilə də məşğul
olmasına imkanlar açır.
Müəlliminin köməyi ilə
hazırladığı layihə DECA yarışmasında
ona uğur gətirir. Çəkdiyi zəhmətin
müqabilində 57 nəfərin içində 8-ci yerə
layiq görülür. Özünün dediyinə görə,
bu, həyatında aldığı ən qiymətli
mükafatlardan biri olub. Bu sahədə fəaliyyətini
Norveçə qayıtdıqdan sonra da davam etdirib. Gənc olmasına baxmayaraq o,
gördüyü işlərdə heç bir çətinlikdən
qorxmadığını deyir:
-Norveç
inkişaf etmiş ölkədir.
Burada qadın-kişi ayrı-seçkiliyi yoxdur. Hər
kəsin hüquqları bərabər səviyyədə
qorunur. Etiraf edim ki, burada norveçlilərlə işləmək
daha asandır. Çünki insanlarımızın bir qismi
qadınların işləməsinə hələ də
normal baxmır. Müqayisə üçün ölkəmizlə
bağlı fəaliyyət göstərən təşkilatlara
nəzər salaq. Bir ya da iki qurumun məsul işində
qadın tapa bilərik. Ən yüksək vəzifələrdə
kişilər işləyir. Bu baxımdan təbii ki, bəzi
çətinliklər olur. Amma insanı istəyindən
heç nə döndərə bilməz. Məqsədim,
arzum ölkəmizin dünya miqyasında layiqli yerini
tutmasıdır. Bunun
üçün kiçik bir iş belə görə bilirəmsə,
qürur duyuram. Əslində
öz işim modayla bağlıdır. Çünki bu sahəyə
uşaqlıqdan həvəsim olub. Bununla belə, Azərbaycanla
bağlı könüllü olaraq əlimdən gələn
hər şeyi etməyə çalışıram.
Norveçdə fəaliyyət göstərən “Azərbaycanın
səsi” radiosunda aparıcı işləyirəm.
Norveç, ingilis və öz ana dilimizdə proqramlar
aparıram. Radio haqqında qəzetinizdə yazı getdiyindən
geniş məlumat verməyəcəm. Yəqin
özünüz hər şeyi bilirsiniz. Burada sırf Azərbaycan
təbliğ olunur. Ölkəmizin mədəniyyəti, tarixi,
ədəbiyyatı, eyni zamanda baş verən siyasi hadisələr
barədə ətraflı məlumat veririk. Hazırda
birbaşa yayım mümkün deyil. Amma bütün
proqramları “You Tobe”-da, eyni zamanda onlayın arxivimizdə yerləşdiririk.
İnşallah gələcəkdə birbaşa yayım
hüququnu da əldə edərik.
Bundan
başqa, Facebookda “Urmu gözəli”nin
yaradıcısıyam. Burada Azərbaycanın
yüksək mədəniyyətini, mənəviyyatını
təqdim etməyə çalışırıq. Sayta girən
istifadəçilərin sayına baxıb, əminliklə
deyə bilərəm ki, gördüyümüz işlər
nəticəsiz qalmayıb. Gələcəkdə daha
böyük uğurlara imza atacağımıza şübhəm
yoxdur.
Amma
Şervin xanımım fəaliyyəti dedikləri ilə məhdudlaşmır. O həmçinin Norveçdə fəaliyyət
göstərən “Xəzər Yanar” dərnəyinin fəal
üzvlərindədir.
Özünün dediyinə görə, həm dərnək,
həm də radio vasitəsilə burada yaşayan azərbaycanlıları
bir araya gətirmək mümkün olur. Milli günlərimizi,
bayramlarımızı, önəmli hadisələri təmtəraqla
qeyd edirlər. Həmvətənlərimizin
bu tipli tədbirlərdə fəal iştirak etməsi
onları daha da həvəsləndirir: “İndiyə qədər
gerçəkləşdirdiyimiz bütün tədbirlərə
norveçli dostlarımızı da dəvət edirik.
Doğrudur, onların sayı o qədər də çox
olmur. Amma gələnlər tariximiz, mədəniyyətimizlə
maraqlanıb, suallar verirlər. Daha çox tanınmaq
üçün böyük işlər görülməlidir.
Biz hələ başlanğıc mərhələsindəyik. Xocalı faciəsini hər il
geniş şəkildə qeyd edirik. Sərgilər,
yürüşlər təşkil edirik. Doğrudur,
bunların keçirilməsi üçün bizə hər
hansı maddi yardım edilmir. Hər şeyi dərnəyimizin
hesabına gerçəkləşdiririk. Btün bunların
Bir neçə dəfə 20 Yanvar hadisəsinin
ildönümündə Rusiyanın Norveçdəki səfirliyi
qarşısında etiraz aksiyası keçirmişik. Cənubi Azərbaycanda baş verən-
lərlə bağlı da ciddi işlər
görürük. Son günlər Urmiya gölünün
qurumasına həsr olunan iki seminara qatılmışam. Son tədbir
Norveç parlamentində oldu.
Sadaladığım bütün tədbirlərin,
aksiyaların videolarını internetdə də yerləşdirmişik.
Təbii ki, bu, miqyasın daha geniş auditoriyanı əhatə
etməsinə hesablanıb”.
Şervin xanım həmçinin ölkəmizin təbliğ
olunması üçün kliplərin çəkilişində
də iştirak edir. Başqa bir diaspor fəalımız Ramil
Əliyev isə qeyd edir ki, 2006-ci ildə Norveçin
paytaxtı Oslo şəhərində yaranan və sədri olduğu NAYO-nun əsas
məqsədi Norveçdə yaşayan azərbaycanlıların
Norveç ictimaiyyətinə inteqrasiyasına
yardımçı olmaq, onları təşkilatlandırmaq və
hüquqlarını müdafiə etməkdir:
- Bildiyiniz kimi, Azərbaycanın
Norveçdə səfirliyi yoxdur və təşkilatımız
eyni zamanda norveçlilər üçün Azərbaycana
dair ilk informasiya və əlaqə mənbəyi rolunu
oynayır(Azadinform).
Onun dediyinə görə,
Norveç neft ölkəsi olduğundan burada yaşayan azərbaycanlıların
əksəriyyəti neft sənayesində
çalışır. Ancaq Oslodakı soydaşlarımız
arasında təhsil sahəsində
çalışanların da sayı çoxdur. Ümumiyyətlə, Osloda azərbaycanlılar
böyük şirkətlərdən tutmuş, kiçik xidmət
sahələrinə kimi müxtəlif sahələrdə
çalışırlar.
Üç
il əvvəl NAYO-nun tərkibində Norveçin Azərbaycanlı
Tələbələr Təşkilatı da (NASO)
yaradılıb. Məqsəd
NAYO-nun yükünü azaltmaq olub:
-O ki
qaldı diaspor işində buradakı həmvətənlərimizin
fəallığına, onlar imkanları daxilində NAYO-ya dəstək
olur və həyata keçirdiyimiz layihələrdə
iştirak edirlər. Layihə
yazacaq və onu həyata keçirə biləcək
adamlarımız azdır. Məncə,
bu onların Norveçdəki iş sistemini bilməmələrindən
və təcrübəsizliklərindən irəli gəlir.
Bu cür vəziyyət normal deyil.
Fikrimcə, onlar fəallıqlarını daha da
artırmalıdır ki, biz birlikdə daha güclü olaq,
haqq səsimizi və Azərbaycan həqiqətlərini
Avropada daha yüksək səviyyədə çatdıra bilək
və eyni zamanda təşkilatın imkanlarını daha da
genişləndirək.
Norveçdə
yaşayan diaspor fəallarımız
əslən Cənubi və ya Şimali Azərbaycandan olmalarından
asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsində
mövqeləri olduqca konkretdir. Onlardan birinin-Şervin
xanımın “Paritet”-ə dediklərini ümumi mövqe kimi
də qəbul etmək olar: “Dağlıq Qarabağ
bütün azərbaycanlıların yaralı yeridir. Təbii
ki, mən də məsələnin sülh yolu ilə həll
olunmasına tərəfdaram.
Azərbaycanın mövqeyi bütün dünyaya məlumdur.
İstəyimiz işğal altında olan torpaqlarımızın
geri qaytarılmasıdır. Amma artıq heç kimdə
şübhə qalmayıb ki, Ermənistan sülh yolu ilə
hər hansı ərazini geri qaytarmayacaq. Yaxınlarda bir erməni
keşişinin çıxışına qulaq asdım. O, həyasızcasına
bəyan etdi ki, biz Qarabağı qan töküb
almışıq. Əgər
Azərbaycan gerçəkliklə razılaşmırsa, zəhmət
çəkib yenidən müharibəyə başlasın.
Hesab edirəm ki, bu, ermənilərin siyasətidir və bunu dəyişməyəcəklər.
Münaqişədə Avropanın da ikiüzlü siyasət
aparması heç kəsdə şübhə doğurmur.
Onlar sadəcə Azərbaycanı məğlub durumda görmək
istəyirlər. Bütün bu illər ərzində
onların nazı ilə oynamışıq. Artıq real
işə keçməyin tam zamanıdır”.
Məhəmməd TAĞIYEV
Paritet.-2011.-1-2 noyabr.-S.12-13.