Kino var, kinoteatr var, amma...
“Rejissor özü gedib xahiş edib
ki, filmi götürün, mən utanıram”
Kino incəsənətin
bütün sahələrini özündə cəmləşdirən
böyük bir mədəniyyət, böyük bir biznes deməkdir. Kino həm də
tamaşaçı deməkdir. İstənilən halda son nəticədə
kino tamaşaçınındır. Tamaşaçıya isə
kinonun çatdırılma üsulları müxtəlifdir.
Necə deyərlər, bu da bir mədəniyyətdir. Film
çəkilir, tam hazır olur, premyerası keçirilir,
kinoteatrlarda göstərilir, sonra isə DVD satışı həyata
keçirilir. Kinoteatr və DVD satışından gələn
gəlirdən sonra filmlərin televiziya həyatı
başlayır. Beləcə, tamaşaçı onun
üçün çəkilən sənət əsərinə
baxma haqqı qazanır. Azərbaycanda isə bu gün vəziyyət belədir, əziz
tamaşaçılar (oxucular)! Film istehsal olunur və bir
gün yalnız -premyerada- kino
ictimaiyyəti üçün
nümayiş olunur. Həmin gün filmi görən
insan xoşbəxt olur, çünki o bilir ki, bu filmə bir də
baxa bilməyəcək. Mən hələ filmin DVD
satışından danışmıram, çünki bunu tənzimləmək
heç mümkün deyil.
Televiziya isə...pul vermək istəmir.
Bütün
yazdıqlarım acı reallıqdır. Amma hər zaman
beynimi qurcalayan bir sual vardı. Bu sualı bu gün səsləndirib,
cavab axtarıram. Dövlət sifarişi ilə ya da müstəqil
prodüser mərkəzlərində istehsal olunan Azərbaycan
filmlərinin kinoteatrlarda göstərilməsi
üçün, görəsən, bu vaxta qədər
prodüser mərkəzləri nə ediblər? Hazırda
ölkədə iki işlək kinoteatr var: “Azərbaycan” və
“Park Cinema”. Hərçənd ki, bu yaxınlarda “Azərbaycan” kinoteatrının direktoru Əli
Humani kinoteatrın fəaliyyətinin
dayandırılması ilə bağlı APA-ya açıqlama
vermişdi.
“Onlar nə bilet sayında, nə də
qiymətlərdə bizə güzəştə getdilər”
“Mənim
bu filmi göstərməkdə marağım pul qazanmaq deyil,
Azərbaycan filmini təbliğ etməkdir. Bunu film istehsal edənlər
yaxşı bilərlər ki, bir filmin hazırlıq mərhələsində
məkanlarla bağlı danışıqlar aparanda, ilk sualları bu olur : “Bizdə film çəkilir?”. Azərbaycanda ildə bir neçə
filmin çəkilməyindən heç kimin xəbəri
yoxdur. Bu mənada bir addım atmaq istədik. Mən də məndən
əvvəlkilərin aqibətini yaşadım. Nazirlik deyir
ki, gözlə “Nizami” kinoteatrı təmir olunsun. İndi
bizim də ümidimiz ancaq bunadı. Təmir -bərpa işləri
bitəndən sonra Azərbaycan
tamaşaçısının yerli filmləri görmək
imkanı olacaq”, deyən “Pozitiv Media” şirkətinin rəhbəri,
rejissor Rövşən İsax yerli kinoteatrlarımızda
“Aktrisa” filmini bir neçə dəfə göstərməyə cəhd
etdiklərini dilə gətirdi. “Aktrisa” filminin
premyerasını keçirəndə ilk öncə “Azərbaycan”
kinoteatrı ilə söhbət apardıq. Normalda orda bir
filmin qiyməti ən maksimal 10 manatdır, amma bu adamların bizdən istədikləri
məbləği (tamaşaçı gəldi ya gəlmədi)
hesablayandan sonra məlum oldu ki,
bizə bir biletin qiyməti 11
manata başa gəlir. Niyə bizdən çox istəyirlər?
Bütün seanslar anşlaq olmur ki?
Bu dolayısı ilə o deməkdir ki, biz istəmirik
siz filmi burda göstərəsiniz.”
“Bəyəm, foyedəki posterlərə
Amerikada nəzarət edirlər?”
“Sonra
“Park Cinema”da danışmaq qərarına gəldik. İlk
öncə bizdən filmi istədilər. Filmə baxdılar və bəyəndilər.
Dedikləri söz bu oldu: ”Biz əlimizdən gələn
köməyi etməyə hazırıq”. Amma qiymət demədilər.
Münasibətdən irəli gələrək fikirləşirdim
ki, bizə çox normal qiymət
deyəcəklər. Birinci gün 200 nəfərlik zalda filmin
premyerasını təşkil edib (amma 2 seansın qiymətini
ödəmək şərtilə) sonra da bir həftə ərzində
günə 1 seans filmi göstərməyi qərara
aldıq. Nazirlik bizə müsbət
cavab verəndən sonra onların münasibəti dəyişdi.
Sonra onlar başqa şərt qoydular- premyeranın iki
seansının pulunu tam , qalan seanslarda biletin satılıb
-satılmamağından asılı olmayaraq zalın 50-75 %-ni
ən yüksək məbləğdən verməli
olacağımızı dedilər. Biz seanslardan vazgeçtik.
Bir də premyera günü filmin posterinin asılmasını
istədim. Mənə nə desələr yaxşıdır
:” Amerika filminin tablosunu ordan çıxarmaq üçün
gərək onlardan icazə alaq”. Bəyəm, foyedəki
posterlərə Amerikada nəzarət edirlər? Bax beləcə
, “Park Cinema” da hər şeyin ən
maksimumunu istəyirdi. İlk öncə bizə dedikləri gəlişi gözəl sözlərin
mənası qalmadı”.
“Nərimanfilm”
kinostudiyasının direktor
müavini Rüstəm Şəfiyev isə bizimlə söhbətində
bildirdi ki, kinostudiyanın
istehsalı olan “Sahə” filmi premyeradan sonra “Azərbaycan”
kinoteatrında 1 həftə ( biletin qiyməti 5 manat )
nümayiş olunub. “Azərbaycan”
kinoteatrında tamaşaçıların böyük qismi
filmə baxa bilmədiyindən
yenə də nümayiş təşkil etdik. Filmi
iki gün də “Park Cinema”da (6
manat) göstərdik. Yenə istək olsa, filmi bir də
göstərə bilərik. Amma filmi nümayiş etdirməyi
qərara alanda düşünmürdük ki, bundan pul qazanaq.
Necə ki, rejissor filmi pul qazanmaq üçün deyil, incəsənət
üçün çəkir”.
“Kinoteatrlar yerli filmlərin nümayişi
üçün güzəştlərə getməlidirlər”
“Ritm prodakşn” Kino Şirkətinin
bədii rəhbəri, “40-cı qapı” filminin rejissoru Elçin Musaoğlu bildirdi ki,
sözügedən filmi vaxtilə
“Azərbaycan” kinoteatrında
nümayiş etdirmək istəyiblər. “Amma elə qiymət dedilər ki, buna
razı olmaq mümkün deyildi. Bir biletin qiyməti 7 manata
başa gələcəkdi. Mən tamaşaçıya “filmə
baxmaq üçün 7 manata bilet al” deyə bilmərəm.
Bu qiymət 2 yaxud da 3 manat olmalıdır. Xalq vergi verir, vergilərdən
dövlət xalq üçün film çəkir. Biz sonra
onlara deyə bilmərik ki, əlavə filan qədər pul
ver, gəl filmə bax. Sizə
maraqlı bir fakt deyim, iki
-üç ay əvvəl
Özbəkisitana getmişdim. Orda kifayət qədər
kino mühiti ilə tanış olmaq imkanım oldu. Özbəkistanın
paytaxtı Daşkənddə “Panarama” adında bir
kinoteatrı fəaliyyət göstərir. Bu məkan ancaq
özbək rejissorlarının çəkdikləri filmləri
nümayiş etdirir. Biletlərin qiyməti də digərlərinə
nisbətdə çox aşağıdır. Üstəlik,
yay kinoteatrlarında axşam vaxtları yerli filmləri də
pulsuz göstərirlər. Məktəblilərə,
tələbələrə, pensiyaçılara biletlər
pulsuzdur. İnanın, zal heç vaxt boş olmur. Uşaqlar
üçün də ayrıca zallar fəaliyyət göstərir.
Kinoteatrın rəhbəri Abid əkə deyir ki, burda hamı
ailəsi ilə filmə
baxmağa gəlir. Yerli xalq öz filmlərinə baxmaq istəyir. Bizdə də dövlət
proqramı olmalıdır. Bu qanunla tənzimlənməlidir.
Kinoteatrlar yerli filmlərin nümayişi üçün
güzəştlərə getməlidirlər”.
“Kinoteatr Azərbaycan filmini nümayiş
etdirsə, ona maraq olmayacaq”
“Bir
addım” prodüser mərkəzinin rəhbəri, rejissor
Fariz Əhmədovun fikrincə, bu qanunla tənzimlənməlidir.
“Mən kinoteatrları başa düşürəm. Azərbaycanda
orta standartlara uyğun iki kinoteatr fəaliyyət göstərirdi
ki, indi birinin aqibəti sual altındadır. Aydın məsələdir ki,
onların məqsədi pul qazanmaqdır. Hər hansı Avropa
prokatına çıxmış filmin dünya üzrə
reklamı gedir. Bu reklam peykdən tutmuş radio, qəzet,
internet portallarına kimi böyük miqyası əhatə
edir. Kinoteatr hər hansı Azərbaycan filmini nümayiş
etdirsə, ona heç bir maraq olmayacaq. Çünki bu filmin
reklamı getmir. Yerli film kinoteatrda nümayişə
çıxanda mütləq yerli kanallarda onun haqqında reklam
getməlidir. Tamaşaçı gəlmədikdə isə
kinoteatra sərf etmir həmin
filmi proqramda saxlasın. Hər halda dövlətin xüsusi
qanunları olmalıdır ki, özəl kinoteatrda gün ərzində
bir Azərbaycan filmi nümayiş olunsun. Dövlət kinoya 6
milyon vəsait ayırır,
amma son nəticədə çəkilən filmləri
tamaşaçı görmür. Kino bütün hallarda
kinoteatrda baxılmaq üçündür. Bu mədəniyyətdir.
Bəli, indi internet
dövrüdür, amma hər halda kinoteatrda alınan
zövqü başqa heç nədən almaq mümkün
deyil”.
“Kinoteatrlara nəinki nazirlik, ümumiyyətlə heç kəs təsir edə bilməz”
Mədəniyyət
və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin
təbliği və qeydə alınması sektorunun rəhbəri
Yusif Şeyxov məsələyə belə aydınlıq gətirdi:
“Kinoteatrlara nəinki nazirlik, ümumiyyətlə heç kəs təsir edə bilməz.
Biz bazar iqtisadiyyatında yaşayırıq, adlarını
çəkdiyiniz sahibkarlar işlərini istədikləri
kimi qurmağa haqlıdırlar. Onlar görsələr ki,
kinoteatra gələn yoxdur,
müxtəlif yollara əl atacaqlar. Əlbəttə ki, adını
çəkdiyiniz o kinoteatrlarda
bizim filmləri göstərmək cəhdləri olub, amma
tamaşaçı gəlməyib. Və rejissor özü
gedib xahiş edib ki, filmi götürün, mən
utanıram”.
“Park
Cinema” kinoteatrının meneceri Mətləb Əmirova isə
bizə bildirdi ki, kinoteatr Azərbaycanda yaşayan əhali
üçün Azərbaycan filmlərinin nümayişində
maraqlıdır. Bu vaxta qədər kinoteatrda iki Azərbaycan
filmi : “Sahə” və “Aktrisa” filmləri nümayiş olunub(“Aktrisa” filminin
nümayişini Rövşən İsax təsdiqləmədi.N.M) Kinoteatrın Azərbaycan filmlərinin
seanslarına görə
xüsusi güzəştlərin
olub-olmadığına gəlincə, “Park Cinema” rəsmisi
dedi ki, kinoteatrın qiymət profilatikası bütün filmlər
üçün eynidir.
Nərmin MURADOVA
Paritet.-2011.-1-2 noyabr.-S.16.