Qazaxıstan azərbaycanlıları
Azərbaycanla intensiv əlaqə
saxlayırlar
Qazaxıstanda 14 vilayətdə
diasporun tərkibinə daxil olan Mədəni Mərkəzlər
fəaliyyət göstərir
Qazaxıstanda fəaliyyət
göstərən milli diaspor təşkilatlarımızdan
bir də “Natəvan” Azərbaycan
Mədəniyyət Cəmiyyətidir. 1992-ci ilin mayın 19-da
yaradılan Cəmiyyətin təsis konfransında onun nizamnaməsi
qəbul olunub. Cəmiyyətin yaranması elan edilib. Cəmiyyətin
sədri Vəlixan Məmmədəliyevdir. Cəmiyyətin məqsədi
həmvətənlərimizi bir mərkəz ətrafında
birləşdirmək və onun vasitəsilə qazaxları,
rusları və başqa millətləri Azərbaycanın
tarixi, incəsənəti, mədəniyyəti ilə
tanış etmək, respublikamız haqqında bütün həqiqəti
orada baş verən ictimai siyasi hadisələrin mahiyyətini
başa salmaqdır. Cəmiyyətin nəzdində
Ağsaqqallar Şurası yaradılıb. Cəmiyyət
Uralskda fəaliyyət göstərən digər xalqların
milli mərkəzləri ilə sıx əlaqədə
işləməyə çalışır.
Dünyaya
səpələnmiş soydaşlarımız arasında
siyasi-iqtisadi, sosial-mənəvi birliyin olması ilə
yanaşı, onların qarşısında azərbaycançılıq
ideologiyasına əsaslanan bir sıra tarixi vəzifələr
durur. Burada Azərbaycan reallıqlarının dünyaya
olduğu kimi çatdırılması, eləcə də vətənə
sədaqətlilik kimi meyarlar öz əksini tapıb. Bu amala
sadiq qalan xaricdəki diaspor təşkilatlarımız fəaliyyətlərini
daha da gücləndirirlər. Hazırda öz fəaliyyəti
ilə seçilən belə diaspor təşkilatlarından
biri də Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət
Mərkəzləri İttifaqıdır. Təşkilatın
sədri Vidadi Salahov qəzetimizə açıqlamasında 2011-ci ildə
Qazaxıstanın altı əyalətindəki ali təhsil
müəssisələrində diaspor təşkilatlarımız
tərəfindən müxtəlif tədbirlərin
keçirildiyini və bu istiqamətdə işlərin
genişləndiriləcəyini qeyd etdi.
Onun
fikrincə, Azərbaycanla Orta Asiya ölkələri
arasında birbaşa məlumat mübadiləsi genişləndirilməlidir:
“Bu gün diasporun ən böyük töhfəsi ondan ibarət
ola bilər ki, Azərbaycan həqiqətləri dünyaya, o
cümlədən Orta Asiyaya çatdırılsın. Azərbaycanın
hazırkı siyasi, iqtisadi vəziyyəti haqqında Orta Asiya
ölkələrində yetərincə məlumatlı deyillər.
Bunun üçün Azərbaycan ilə Qazaxıstan, Özbəkistan
və digər Orta Asiya ölkələri arasında
telekörpülər yaradılmalıdır, televiziyalar
arasında informasiya mübadiləsi gücləndirilməlidir,
mətbu orqanlar açılmalıdır. Bu gün əqidəsindən,
dünyagörüşündən asılı olmayaraq Azərbaycanı
özünə tarixi Vətən bilən hər bir azərbaycanlının
vahid amal uğrunda birləşməsi, həmrəylik
nümayiş etdirməsi tarixi missiya, dövrün tələbi
və zamanın çağırışıdır. Milli
birlik, vətəndaşlıq birliyi olmadan tərəqqiyə,
əmin-amanlığa və firavanlığa qovuşmaq
çətindir”.
Xatırladaq
ki, V.Salahov otuz iki ildən artıqdır ki, Qazaxıstanda
yaşayır. Soydaşımız orada diaspor işi ilə məşğul
olmağımla yanaşı, Qazaxıstanda yayımlanan 20 min
tirajlı, üç dildə (Azərbaycan, qazax və rus) nəşr
edilən həftəlik və beynəlxalq “Turan Ekspress” qəzetinin
baş redaktoru və təsisçisidir. O qeyd etdi ki,
Qazaxıstanda 14 vilayətdə diasporun tərkibinə daxil
olan Mədəni Mərkəzlər fəaliyyət göstərir:
“Hər il Azərbaycanla bağlı olan bayramlar və anım
mərasimləri ilə əlaqədar olaraq
soydaşlarımızla birgə silsilə tədbirlər
keçiririk. Bütün bu işləri həyata keçirməkdə
bir məqsədimiz də odur ki, Qazaxıstanda yaşayan və
gələcəyimizin təminatçısı olan
uşaqlara, gənclərə yaşadığı ölkənin
adət-ənənəsini, dilini bilməklə yanaşı,
doğma vətəninə sevgi, xalqına, millətinə,
dilinə həmişə sadiq qalmalarını da tövsiyə
edirik. Fikrimcə, bu bir neçə komponentə sadiq qalmaq və
qorumaq hər bir vətəndaşın mənəvi borcudur”.
Qazaxıstanın bütün
dövlət strukturlarında azərbaycanlılara rast gəlindiyini
deyən həm söhbətimiz bunu diasporumuzun fəaliyyətinin
güclü bir qüvvə ilə əhatə olunması ilə
əlaqələndirdi: “Konkret olaraq hər hansı bir sahənin
adını çəkmək çətin olar. Onu deyə
bilərəm ki, Qazaxıstanda yaşayan azərbaycanlıların
çoxşaxəli fəaliyyət istiqamətləri var. Yəni
orada yaşayan azərbaycanlılar iki qrupa bölünür.
Onların bir qismi Qazaxıstana işləmək
üçün gəlmiş Azərbaycan vətəndaşlarıdır,
digər qrup isə Qazaxıstan vətəndaşı olan
soydaşlarımızdır. Artıq, Qazaxıstan vətəndaşlığını
qazanmış azərbaycanlılar bütün sahələrdə
fəaliyyət göstərirlər. Azərbaycandan olan vətəndaşlar
isə daha çox tikinti, ticarət, neft və qaz sənayesi
sahəsində çalışırlar. Eləcə də
digər sahələrdə həmvətənlərimizə
rast gəlmək olur. Bu hal da bir azərbaycanlı kimi mənə
öz soydaşlarımla böyük bir qürur hissi
duymağa imkan verir”.
Azərbaycanın
başına gələn hadisələr 5 il ərzində
Qazaxıstan cəmiyyətində qəbul edilib
İttifaq
sədri demək olar ki, bütün diaspor təşkilatları
ilə əlaqələrinin mövcud olduğunu
vurğuladı: “Bilirsiniz ki, Qazaxıstan çox böyük
bir ölkədir. Qazaxıstanda olan on dörd vilayətin
özünün bir-birinə inteqrasiyası məsələlərinə
səylərimizi yönəltmişik. Həmin vilayətlərin
bir-biri ilə əlaqəsi bir çox işlərin
icrasına kömək edər, eyni zamanda güclü bir
diaspor formalaşar. Onu da vurğulayım ki, həmçinin
Azərbaycandan da dəstək alırıq. DİDK tərəfindən
həm mənəvi, həm də maddi dəstək
görürük. Bizə lazım olan bir çox
materialları komitənin köməyilə əldə edirik.
Bir sözlə, biz istər Azərbaycan dövlətinin, istərsə
də komitənin diqqət mərkəzindəyik və bu diqqət
də bizi Azərbaycanın çiçəklənməsi
naminə daha səylə işləməyə vadar edir”.
Qeyd olunduğu kimi, təşkilat tərəfindən
müxtəlif istiqamətlərdə tədbirlər
keçirilir. Belə ki, Qazaxıstanda Xocalı, 20 yanvar hadisəsi kimi anım, 31 mart
Dünya azərbaycanlılarının Həmrəyliyi
Günü və digər bayramlarımız qeyd olunub.
V.Salahov bildirdi ki, Azərbaycanın başına gələn
hadisələr 5 il ərzində Qazaxıstan cəmiyyətində
qəbul edilib: “Çünki biz tədbirlərə dövlət,
ictimai təşkilatların hamısını dəvət
edirik, gəlib iştirak edirlər. Şübhəsiz ki,
bunlar məsələn, Xocalı faciəsi ilə
bağlı tədbirdə iştirak edən gənclərin
dünyagörüşündə, Azərbaycana
baxışında özünü göstərir. Faciənin
necə baş verdiyini, həqiqətin necə olduğunu
anlayır və onların fikirləri düzgün yöndəm
alır”.
Son tədbirlərdən
biri olaraq “H.Əliyev və Azərbaycan” mövzusunda dəyirmi
masa keçirilib. Tədbirdə Qazaxıstanda akkreditə
olunmuş diplomatik missiyaların əməkdaşları,
Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət
Assosiasiyasının nümayəndələri, Qazaxıstan
İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət
Universitetinin və Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya
Universitetinin rektorları, həmçinin müəllim-professor
heyəti, bir sıra ictimai-siyasi xadimlər, Qazaxıstan
XİN və yerli KİV nümayəndələri iştirak
ediblər. Bundan başqa, Qazaxıstanın “Qazax Texnologiya və
Biznes Universiteti”ndə ulu öndər, XX əsrin görkəmli
siyasətçisi Heydər Əliyevin anadan olmasının
88-ci ildönümünə həsr olunan “Heydər Əliyev
- dünya miqyaslı siyasətçi” adlı elmi-nəzəri
konfrans təşkil olunub.
Həmçinin
bu ilin mayında Astanada diasporunun çoxsaylı nümayəndələrini
ətrafında birləşdirən “Xəzər” milli-mədəniyyət Mərkəzi və bu təşkilatın
təşəbbüsü ilə Azərbaycanın repressiyaya
məruz qalmış qadınlarının xatirəsinə
memorial abidə ucaldılıb. Astana şəhərində
ucaldılan abidə ötən əsrin 30-40-cı illərində
“Akmola siyasi repressiyalara məruz qalmış şəxslərin
həyat yoldaşları düşərgəsi”nin (“Akmolinskiy
laqer jen politiçeskix repressirovannıx” “Aljir”) yerləşdiyi ərazidə
qoyulub. 1936-1946-cı illərdə bu düşərgədə
Azərbaycandan olan 49 qadın saxlanılıb. Onlardan əksəriyyəti
elə həmin ərazidəki ümumi düşərgə
məzarlığında dəfn olunub.
Ümumi
olaraq 20-dən çox Azərbaycan diaspor təşkilatı
Qazaxıstanda fəaliyyət göstərir. Azərbaycan təşkilatları
digər diaspor təşkilatları kimi, Qazaxıstan prezidenti
Nursultan Nazarbayevin rəhbərlik etdiyi “Qazaxıstan
Xalqları Assambleyası” birliyinə daxildilər.
Qazaxıstan Xalqları Assambleyası Nizamnaməsinə
uyğun olaraq respublikadakı milli mərkəzlər milliliyinə
görə vahid Birlik ətrafında birləşərək
fəaliyyət göstərməlidir. Yeri gəlmişkən,
Qazaxıstan azərbaycanlıları bu il aprelin 3-də bu
ölkədə keçirilən növbədənkənar
prezident seçkilərində N.Nazarbayevi dəstəkləyiblər.
Hətta soydaşlarımız bu seçki ilə
bağlı bəyanat da yaymışdılar. www.D-A-K.org-a
daxil olan məlumata görə, sənəddə deyilir: “Biz
qardaş Qazaxıstan Respublikasında yaşayan bütün
azərbaycanlılar Qazaxıstan Respublikasının prezidenti
vəzifəsinə Nursultan Nazarbayevin namizədliyini dəstəkləyirik”.
DAK-ın
Qazaxıstan nümayəndəliyinin rəhbəri Araz Xudiyev
tərəfindən verilmiş bəyanatda vurğulanır ki,
yürüdülən dövlət və xalq siyasəti nəticəsində
ölkə əhalisi sülh şəraitində
yaşayır.
Hazırda
DİDK-nin dəstəyi ilə Astana, Almatı, Taldıkurqan,
Qaraqanda şəhərlərində Azərbaycan dilində
“Bazar günü” məktəbləri açılıb. Xoca Əhməd Yəsəvi
adına Türküstan Universitetində hər il 10-yerə
sahib olan soydaşlarımız ana dillərindən başqa,
qazax və rus dillərindən məişətdə istifadə
edirlər.
Almatıda
ilk Azərbaycan məscidi də fəaliyyətə
başlayıb. Məscidin
tikintisinə 70 min ABŞ dolları həcmində vəsaitin
toplanmasında Qazaxıstanda yaşayan azərbaycanlı
ziyalılar, elm xadimləri, konqres üzvləri, eləcə
də qazaxların özləri də yardımçı
olublar. Qazaxıstanda on minlərlə soydaşımız belə
düşünür ki, Azərbaycan düzgün yoldadır.
Yalnız iqtisadi sıçrayışla ən sivil ölkələr
sırasına qoşulmaq olar. Bu təməl son 3-4 ildə
İlham Əliyevin adıyla bağlıdır. Qazaxıstanda
İlham Əliyev təqdir edilir və sevilir. Azərbaycan
prezidentinin bütün türkdilli ölkələrin
prezidentləri arasında ən cavanı, enerjilisi və
perspektivlisi olmaqla türksoylu xalqlar ona ümid yeri kimi
baxırlar. Bundan irəli gələrək Qazaxıstan azərbaycanlıları
Azərbaycanla intensiv əlaqə saxlayırlar və inanmaq
olar ki, kütləvi informasiya sahəsində gələcəkdə
xeyli uğurlar əldə olunacaq.
Fuad HÜSEYNZADƏ
Paritet.-2011.-5 noyabr.- S.10.