Tərsinə
çevrilən dünya”
Ənvər Əbluc : “Uşaqların istər məktəb dövrü ilə əlaqəli, istər əyləncəli
və istərsə də tərbiyəvi xarakterli
filmlərə çox ehtiyacı var”
Bu il
premyerası keçirilməli olan
tammetrajlı bədii filmlərdən sonuncusu da təqdim
edildi. Bu həftəiçi Beynəlxalq Muğam Mərkəzində
təqdimatı gerçəkləşən Çingiz
Abdullayevin ssenarisi əsasında “Azərbaycanfilm”
kinostudiyası ilə “Sədra-film” (İran) şirkətinin
birgə istehsal etdikləri “Tərsinə çevrilən
dünya” bədii filmidir. Filmin təqdimatından öncə foyedə ekran əsərinin rejissoru Ənvər
Əblucla qısa həmsöhbət olduq. O, söhbət əsnasında
bildirdi ki, uzun müddət bədii film çəkməsə
də, sənədli filmlərə heç vaxt ara verməyib.
-Ənvər müəllim, filmin
süjet xətti ilə bağlı nə deyə bilərsiniz?
-Bu
gün mənim və çəkiliş qrupunun ən xoşbəxt
günlərindən biridir. İlk öncə qeyd edim ki, film
Çingiz Abdullayevin ssenarisi əsasında çəkilib.
“Ağ atlı oğlan” filmindən
sonra hardasa 15-16 ildir ki, mən bədii film çəkmirdim. Nəhayət
mənə etimad göstərildi və bu ssenari təklif olundu. Filmə qədər
Çingiz Abdullayevlə şəxsi
tanışlığım yox idi. Əsərləri ilə
tanış idim, gözəl yazıçı olduğunu
bilirdim, amma bu qədər...Bu filmin iş prosesində
onunla daha yaxından
tanış oldum və çox təvazökar biri olduğunu
gördüm. Ssenari narkotik malların
qaçaqmalçılığına qarşı Azərbaycan
və İran polisinin mübarizəsindən bəhs edir.
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən
keçirilmiş əməliyyat nəticəsində cinayətkar
dəstənin fəaliyyətinə son qoyulur. Sözün düzü, ssenaridə ilk öncə Azərbaycan
polisinin işi, qəhrəmanlığı nəzərdə
tutulurdu. Amma İranda müəyyən epizodlar var idi ki, bunu
görən iranlı dostlar təklif etdilər ki, İran
polisini də ssenariyə əlavə edək. Artıq
bütün heyət təsdiq olunmuşdu. Təəsüflər
olsun ki, Azərbaycanda kinoteatr olmadığına görə,
bir- iki dəfə film göstərilir, sonra isə bir də
filmi görmək olmur. İnanıram ki, “Nizami” kinoteatrı təmirdən
qurtarandan sonra tamaşaçılar Azərbaycan filmlərini
görə biləcəklər.
-Ssenariyə
çoxmu dəyişiklik etdiniz?
-Müəyyən
qədər. İran polisi ilə
bağlı Çingiz Abdullayev
ssenariyə yeni epizodlar əlavə etdi. Onu da deyim ki,
filmin quruluşçu operatoru Kənan
Məmmədov, quruluşçu rəssamı Rafis İsmayılov, bəstəkarı Oqtay Rəcəbov, icraçı
prodüsseri Adil Qulamovdur. Çəkiliş qrupundan çox
razı qaldım. Amma sizə deyim ki, elə bu çəkiliş
qrupu ilə 1983-cü ildə “Qara gölün cəngavərləri”
filmini də çəkmişdim.
SSRİ miqyasında o film böyük əks səda
doğurmuşdu. Sözün
düzü, çox istəyirəm ki, o uğurun indi bu filmlə
davamı gəlsin.
-Filmin İranda nümayişi
gözlənilirmi?
-Əlbəttə.
Çünki ssenari İran Mədəniyyət Nazirliyi tərəfindən
də təsdiq olunmuşdu. İran kimi böyük ölkədə
film ekranlara çıxandan sonra tamaşaçıların
necə reaksiya verəcəyi
maraqlıdır. Cənubi Azərbaycanda 35 milyon azərbaycanlı
yaşayır.
Filmdə
İranın məşhur aktyorları Məhəmmədrza
Forutən və Humayun
İrşadi eləcə də digər iranlı aktyorları
görə biləcəksiniz. Onu
da qeyd edim ki, Azərbaycan polisi rolunda Məhəmmədrza
Forutən oynayır. Onların
Azərbaycana və Azərbaycan kinosuna böyük məhəbbətləri
var. İran tərəfdən bizə çox gözəl
şərait yaradıldı. Azərbaycan tərəfdən
isə rollarda Rasim Balayev, Fuad Poladov, İlham Əsgərov,
Natella Kərimova, Günel Məmmədova, Sona Mikayılova,
Qorxmaz Əlilicanzadə, Məmməd Səfa oynayırlar.
Filmin araya- ərsəyə gəlməsində
Azərbaycanda Daxili İşlər Nazirliyinin çox köməkliyi
oldu. Elə ilk nümayişi nazirliyin üzvləri üçün təşkil
etdik. Çox bəyəndilər.
-Ənvər müəllim, daha
hansı mövzularda film çəkmək istərdiniz?
-Mənim
mövzularım çoxdur. Amma təəssüf ki, istədiyimizlə
imkanlarımız üst- üstə düşmür. Mən
uzun müddət uşaq filmləri çəkmişəm.
Uşaqlarla işləmək çətindir, amma mütləq
uşaqlar üçün filmlər çəkilməlidir.
Uşaqların istər məktəb dövrü ilə əlaqəli,
istər əyləncəli və istərsə də tərbiyəvi xarakterli
filmlərə çox ehtiyacı var.
NƏRMİN
Paritet.-2011.-5 noyabr.-S.16.