Azərbaycanlı
miqrantlar Rusiyada sayca üçüncüdür
Rusiyadakı azərbaycanlılar
öz nüfuzlarını nəzərəçarpacaq dərəcədə
yaxşılaşdırırlar
Qürbətdə yaşayan
soydaşlarımızın siyahısını aparsaq, burada
ilk yeri heç şübhəsiz Rusiya tutacaq. Buna təsir edən
əsas amillərdən biri Rusiyanın qonşuluqda yerləşməsi,
iki xalqın yüzilliklər boyunca eyni imperiyada təmsil
olunmalarıdır. Artıq Azərbaycan və Rusiya müstəqil
dövlət kimi yollarına davam etsələr də,
yaxınlıq əlaqələri aktuallığını
saxlayır. Rusiyaya gedən soydaşlarımızın
çoxluğu onların statistikasını aparmaqda hər
zaman problemlər yaradıb. Çünki bu ölkədə
yaşayan azərbaycanlıların xeyli hissəsi hələ
də qeydiyyata düşmədən yaşamaqda davam edirlər.
Təbii olaraq bu hal Bakıda daim narahatlıqla
qarşılanır. Çünki onların hüquqları
pozulanda, problemləri yarananda, faktiki olaraq kömək etmək
mümkünsüz olur.
Rusiyanın da eyni
narahatlığı yaşadığını desək yəqin
ki, yanılmarıq. Hər bir ölkə ərazisində
konkret nə qədər əcnəbinin
yaşadığını, onların nə işlə məşğul
olduğunu, dövlətə vaxtlı-vaxtında vergiləri
ödəyib-ödəmədiyini bilmək hüququna malikdir.
Amma qeydiyyatı olmayan insanların fəaliyyətini
araşdırmaq çox çətindir. Bu baxımdan Rusiya mətbuatı
son illər bu mövzuya xüsusi həssaslıqla
yanaşır. Ölkənin hər bir regionunda konkret olaraq nə
qədər immiqrantın yaşamasını öyrənmək
üçün araşıdırmalar aparırlar. Məlum
olub ki, Tatarıstanda 100 min gəlmə yaşayır ki,
onların təxminən 42 mini
artıq Rusiya vətəndaşılığını
alıb. “Nezavisimaya qazeta”nın verdiyi xəbərə görə,
bunların təxminən 30 faizi azərbaycanlıların
payına düşür.
Sibirdə
yaşayan əcnəbilərin 9.9 faizini də
soydaşlarımız təşkil edir. Sverdlovsk vilayətinə
bu il ərzində gəlmiş
210 min miqrantlar sırasında azərbaycanlılar 6-cı yeri
tutur. Rostov vilayətində 2010-cu ildə Rusiya vətəndaşlığı
almış 30 min miqrantın sırasında da azərbaycanlılar
xüsusi çəkiyə malikdir. Statistikanın maraqlı məqamlarından
biri odur ki, digər gəlmələrlə müqayisədə, azərbaycanlılar
son illərdə öz vətənlərinə
qayıtmağa çalışırlar. Təbii ki, buna rəvac
verən əsas amillərdən biri Azərbaycanın sürətlə
inkişaf etməsi, işçi qüvvəsinə tələbatın
yaranması ilə bağlıdır.
Rusiyada
yaşmaqda davam edən soydaşlarımız isə getdikcə
qeydiyyata düşüb, Rusiya vətəndaşlığını
almağa çalışırlar. Bu, ilk növbədə
yaşadıqları ölkənin qanunlarına hörmətdən,
cəmiyyətə daha tez inteqrə olunmaqdan irəli gəlir.
Bu amil Bakının da işini asanlaşdırır. Əvvəla,
bundan sonra Rusiyada nə qədər azərbaycanlının
yaşadığını müəyyən etmək
asanlaşacaq, onların neçə faizinin Rusiya vətəndaşı
olduğu və ya orada müvəqqəti olaraq işlədiyi
müəyyən ediləcək. İkincisi, bundan sonra orada
yaşayan həmvətənlərimizin təşkilatlanması
daha effektiv şəkildə aparılacaq. Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu Sank-Peterburq Azərbaycanlıları
Cəmiyyətinin nümayəndələri ilə
keçirdiyi görüşdə bu məsələyə
xüsusi diqqət ayırıb. O, Rusiyanın Azərbaycan
üçün xüsusi ölkə olduğunu bildirib: ”Azərbaycan-Rusiya münasibətləri
yüksək səviyyədədir. Bu münasibətlər
bütün sahələri əhatə edir. Azərbaycanla
Rusiya arasındakı ticarət dövriyyəsinin bu il 3
milyard dollara qədər artması gözlənilir.
Bütün bunlar həmvətənlərimizin bu ölkəyə
gəlməsi təbiidir. Səfirliyin araşdırmaları nəticəsində
ildə 500-700 min arası Azərbaycan vətəndaşının
Rusiyaya gəlib-getdiyi məlum olub”(APA).
Bununla
belə Polad Bülbüloğlu bəzi problemlərin hələ
də qaldığını etiraf edib. Onun fikrincə, Rusiyada
yaşayan azərbaycanlıların eyni məqsəd ətrafında
birləşməsi böyük əhəmiyyət kəsb
edir: ”Bu gün Sankt-Peterburqda diasporumuzla bağlı maraqlı
proseslər baş verir. Sank-Peterburq Azərbaycanlıları Cəmiyyətinin
yaranması mühüm hadisədir. Ona görə də qərara
gəldim ki, sizinlə görüşüm. Hazırda bəzi
problemlər var. Bütün problemləri birdən-birə həll
etmək olmur. Problemlər tədricən həllini tapacaq. Biz
yeni bir cəmiyyətin yaranmasının əleyhinə
deyilik. Dünya Azərbaycanlılarının III
qurultayında prezident İlham Əliyev bir çox ölkələrdə
diaspor qurumları arasında razılığın
olmamasını xüsusi vurğuladı. Bu gün dünyada
bütün diaspor qurumları arasında problem var. Lakin
söhbət milli maraqlardan gedəndə həmin problem aradan
qalxır, onlar birləşirlər. Bizdə isə təəssüf
ki, belə deyil. Bizi narahat edən də elə bu məsələdir.
Bizim diaspor vahid ideya ətrafında
birləşə bilmir”.
Azərbaycanlı
diplomat Rusiyada parlament və prezident seçkilərinin
yaxınlaşdığını vurğulayıb. O, bu
prosesdə Rusiya vətəndaşları olan azərbaycanlıların
böyük rol oynaya biləcəyini söyləyib: “Rusiyada
deputatlığa namizədlər azərbaycanlıların səslərini
önəmli sayır. Lakin təəssüf ki, Rusiya Dövlət
Dumasında azərbaycanlı deputat yoxdur. Rusiya azərbaycanlılarının
Dövlət Dumasında təmsil olunması diasporumuzun fəaliyyətindən
asılı olan bir məsələdir. Əgər diaspor strukturlaşsa, onlar bir-birilərinə kömək etsələr,
bu problem olmaz. Diaspor deputatlarla
münasibət qurmalıdır.
Bu, diasporun işidir
“.
Səfir
bu ilin sonuna
kimi Ümumrusiya Azərbaycanlıları Konqresinin
qurultayının keçiriləcəyini
və struktur dəyişikliyinin olacağını
bəyan edib: “Bu qurumun fəaliyyətini gücləndirmək lazımdır.
Diaspor probleminin inzibati həlli yolu yoxdur. Heç kəsə demək olmaz ki, gedib
dost olsunlar. Səfirlik diasporun fəaliyyətinə
müdaxilə edə
bilməz. Çünki
diaspor üzvləri
bizim ölkənin vətəndaşları deyillər.
Biz səfirlik olaraq bu prosesləri
yaxından izləyirik
və mövcud problemlərin həllinə
kömək edə bilərik”. Görüşdə
Sankt-Peterburqdakı diaspor təşkilatının
rəhbəri, Smolnı
Universitetinin rektoru,
professor Heydər İmanov
çıxış edib.
H. İmanov Sankt-Peterburqdakı
Azərbaycan diasporuna verdiyi dəstəyə görə səfirə təşəkkürünü bildirib: “Biz konsulluğumuz
və səfirliyimiz ətrafında sıx birləşmişik”.
Göründüyü kimi Bakı Rusiya vətəndaşları
olan azərbaycanlıların
fəaliyyətinə müdaxilə
etmək niyyətində
deyil. Tam sərbəst olan
həmvətənlərimizin yalnız hansısa problemləri yaranacağı
təqdirdə, Azərbaycan
dövləti bunun həllinə çalışır.
Bu isə orada
yaşayan azərbaycanlıların
daha yaxşı fəaliyyət göstərməsinə,
Azərbaycan diasporunun
güclənib, söz
sahibinə çevrilməsinə
təkan verir.
Yaxınlarda ölkəmizdə səfərdə
olan Rusiya Federasiyası Əmək və Məşğulluq Xidmətinin rəis müavini İvan Şklovets də bunu etiraf edib.
Onun sözlərinə görə,
Rusiyada yaşayan əcnəbilərin statistikasında
azərbaycanlılar sayca
üçüncü yerdə
dayanır. Bu fakt onların cəmiyyətə daha tez inteqrasiya olunduğunu təsdiqləyir.
1-ci və 2-ci yerləri isə Ukrayna ilə Özbəkistan bölüşür.
İ. Şklovets Rusiyadakı
azərbaycanlı miqrantların
sayı ilə bağlı dəqiq məlumata malik olmadığını deyib(“Azadinform”).
Rusiyada yaşayan
azərbaycanlılar son illər
ərzində öz nüfuzlarını nəzərəçarpacaq
dərəcədə yaxşılaşdırmağa
müvəffəq olublar. Bu barədə
İrkutsk Dövlət
Universiteti dünya tarixi və beynəlxalq əlaqələr
kafedrasının professoru,
“Daxili Asiya” tədqiqat mərkəzinin
direktoru, “Diaspor” müstəqil elmi jurnalının baş redaktor müavini Viktor Dyatlov bəyan edib. Onun firkincə, ölkəsində yaşayan
azərbaycanlılar öz
nüfuzlarının yaxşılaşdırılması
yolları və mexanizmlərini yaradıblar
və onların fəaliyyətində nəzərəçarpan
effekti nümayiş etdirirlər: ”1990-cı illərdə məhz azərbaycanlılar sosioloji
xidmətlərin yekdil
qiymətləndirmələrinə görə, qəbul edən cəmiyyət tərəfindən düşmən
münasibət indeksində
birinci yerləri tutaraq ksenofob əhval-ruhiyyələrin əsas
obyekti idilər. İndi isə azərbaycanlılar
bu siyahının ilk onluğunun sonundadır.
Onlar ətrafında əvvəlki
gərginlik önəmli
dərəcədə aradan
qaldırılır” (“İnterfaks”).
V. Dyatlovun fikrincə, bunun əsas səbəbi “qəbul edən cəmiyyətə
akkulturasiya və inteqrasiya prosesinin intensiv olmasıdır”. Aydın olur ki, etnik
faktorun özü deyil, fərqli davranış, obraz və həyat tərzi qıcıqlandırır.
İnteqrasiya nəticəsində əvvəlki miqrantlar qəbul edən cəmiyyət tərəfindən
kollektiv deyil, fərdi keyfiyyətlərə
görə qiymətləndirilməyə
başlayır ki, bu da kollektiv
məsuliyyət mexanizminin
təhlükəli təsirini
azaldır”.
Rusiyalı alimin gümanına
görə, Azərbaycan
və Avropa İttifaqı arasında sadələşdirilmiş viza
rejiminin tətbiqindən
sonra azərbaycanlıların
müəyyən hissəsi
Avropa İttifaqı ölkələrində işləməyi
üstün tutacaq, nəinki, Rusiyada: ”Amma mən
miqrasiya axınlarının
yenidən paylaşdırılmasının
miqdar və keyfiyyət parametrləri haqqında daha müəyyən edilmiş
proqnozlar verməyə
risk etməzdim. Rusiyada
böyük cəlbedici
amillər var: dil probleminin daha az çətin
olması, ümumiyyətlə,
mədəni qarşılıqlı
təsir problemləri,
trafikin və miqrantların uyğunlaşmasının
effektiv mexanizmi olan böyük Azərbaycan diasporu”.
Rusiyalı siyasətçilər, ekspertlər
də Azərbaycan əsilli vətənadşalrının
çox böyük əhəmiyyət kəsb
etdiyini gizlətmirlər. “Vahid Rusiya” (“Yedinaya Rossiya”) Partiyasının Sankt-Peterburq
üzrə regional siyasi
şurasının katibi,
partiyanın seçki
qərargahının sədri
Aleksandr Xudilaynen Azərbaycan diasporunun Leninqrad vilayətində diasporların böyüklüyünə
görə 9-cu yeri tutduğunu bildirib. Onun sözlərinə görə, dekabrın 4-də
Rusiya Dövlət Dumasına keçiriləcək
seçkilərdə Sankt-Peterburq
üzrə 10 faiz səsin taleyi azərbaycanlılardan asılıdır: ”Leninqrad vilayətində
150-dən çox millətin
nümayəndələri yaşayır.
Azərbaycan diasporunu digər diasporlarla müqayisə etsək, vilayətin
iqtisadi, siyasi və mədəni həyatına bu qədər təsir edən ikinci diasporun olmadığını
görərik. Biz bu gün bir
ailə kimi yaşayırıq. Buna görə
onlara təşəkkürümüzü
bildiririk”
Təbii ki, rəsmi Bakı da Rusiyadakı
diasporumuzun güclənməsi,
yeni imkanlar əldə etməsi üçün əlindən
gələni edir. Bu yaxınlarda
M. İ. Rudomino adına
Ümumrusiya Dövlət
Xarici Ədəbiyyat Kitabxanasında
Azərbaycan Mədəniyyət
Mərkəzi açılışını
buna nümunə göstərmək olar. Bu
mərkəz Heydər
Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin
dəstəyi ilə
MDB ölkələrində yaradılmış ilk mədəniyyət
mərkəzidir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış
mərasimində bildirib ki, bu mərkəz
yaşından, milliyyətindən
asılı olmayaraq bizim ölkəmizin zəngin mədəniyyəti
və qədim tarixi ilə daha yaxından tanış olmaq istəyənlərin hamısı
üçün maraqlı
olacaq.O həmçinin
bildirib ki, bu mərkəzdə Azərbaycan
haqqında kitablar, filmlər, disklər, hər cür informasiya toplamışıq,
burada Azərbaycanın
böyük yazıçı,
şair, rəssam və bəstəkarlarının
yaradıcılığı ilə tanış olmaq, ölkəmizin təbiətinin gözəlliklərini,
Bakı şəhərinin
nadir memarlığını görmək mümkündür:”Biz
burada yaradıcılıq
axşamları, sərgilər,
seminarlar maraqlı və məşhur azərbaycanlılarla görüşlər
keçirməyi planlaşdırırıq.
Əlbəttə, burada Azərbaycan
dili, tarixi və ədəbiyyatı
dərsləri də keçəcəyik. Bu dərsləri
Azərbaycan dilinin daşıyıcıları olan,
Bakıdan dəvət
edilmiş müəllimlər
keçəcəklər”
Azərbaycanın
Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu
Azərbaycan Mədəniyyət Mərkəzinin
açılışını rəmzi və əlamətdar
hadisə adlandırıb, çünki bu günlərdə
Azərbaycan öz müstəqilliyinin 20-ci
ildönümünü qeyd edir: “Bu mərkəzin sayəsində
təkcə Rusiyanın və Azərbaycanın sahəvi
mütəxəssisləri arasında deyil, iki ölkənin mədəni
ictimaiyyəti arasında əlaqələr inkişaf edəcək”.
Təbii
ki, Rusiyada yaşayan soydaşlarımızın olduqca ciddi
problemləri də var. Belə ki, təkcə cari il ərzində
Rusiyada radikal millətçilərin gəlmələrə
qarşı hücumları zamanı ümumilikdə 5 azərbaycanlı
zərər görüb. Onlardan biri qətlə yetirilib, digər
dördü isə müxtəlif dərəcəli bədən
xəsarəti alıb. İnsan Hüquqları üzrə
Moskva Bürosunun açıqlamasında deyilir ki, ümumilikdə
Rusiyada bu il ksenofob zəmində 74 hadisə qeydə
alınıb və onların 23-ü ölümlə nəticələnib.
Milli zəmində ən çox hücumlar Moskva və
Sankt-Peterburqda qeydə alınıb. Bu, ayrıca bir
araşdırmanın mövzusu olduğundan problemə
növbəti saylarımızda toxunacağıq.
Məhəmməd TAĞIYEV
Paritet.-2011.-15-16 noyabr.-S.10-11.