Diaspor üçün mədəniyyət böyük birləşdirici qüvvədir”

 

Xəzər Emin: “Siyasi cəhətdən bölünsək də, mədəniyyətimiz həmişə bir arada olmağımıza təkan verir

 

 Xaricdə Azərbaycan xalqının mədəni irsinin və qədim tarixinin təbliği işi də diasporumuzun qarşısına qoyulmuş əsas vəzifələrdən biridir. Amma bu işi diasporumuzla yanaşı, hazırda Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar da davam etdirirlər. Bu baxımdan Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi (DAMM) təqdirəlayiq layihələr hayata keçirir. 1997-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş DAMM-ın əsas məqsədi adından da göründüyü kimi mədəniyyətimizi, azərbaycançılığı dünyada təbliğ etmək, diaspor fəaliyyətini genişləndirmək, Azərbaycanın haqq səsini dünyada yaymaqdır.

 DAMM-ın fəaliyyəti haqda yazmazdan əvvəl noyabrın 14-də Azərbaycan İctimai-Siyasi Universitetində keçirilmiş IV qurultayı haqda qısa xatırlatma verək. Qurultayda DAMM-ın vitse-prezidenti Xəzər Emin sədr, şair-publisist Nəcibə İlkin isə katib seçilib. Qurultayın gedişində məruzə üçün söz DAMM-ın sədri, xalq şairi Söhrab Tahirə verilib. Tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri qurultayda Söhrab Tahir mərkəzin 5 illik fəaliyyəti, beynəlxalq əlaqələri və qazanılan uğurları barədə danışıb, konfransın işinə uğurlar arzulayıb. Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini diqqətə çatdıran natiq son illər ölkəmizdə mədəni əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən söz açıb,  xarici ölkələrdə mərkəzin yeni nümayəndəliklərinin yaradılmasından, ictimai və sosial sahədəki münasibətlərindən hesabat məruzəsi edib. Məruzədə mərkəzin nəzdində fəaliyyət göstərən və bu birliyin daha da genişlənməsi üçün böyük işlər görən “Bura Vətəndir” Məclisinin iş fəaliyyəti açıqlanıb. Məclisin sədri Səriyyə İsmayılova, o cümlədən Mərkəzin  Qadınlar Şurasının sədri Fəridə Ləman son dörd ildəki fəaliyyətlərindən danışıblar.

DAMM-ın vitse-prezidentləri professor Vaqif Arzumanlı və Xəzər Emin təşkilatın fəaliyyəti və gördükləri iş barədə qurultay iştirakçılarına ətraflı məlumat veriblər. DAMM-ın mətbuat katibi Məmməd Nəcəfzadə çıxışında tənqidi fikirlərə xüsusi yer ayırıb.

Qurultayın sonunda DAMM səsvermə yolu ilə özünün yeni idarə heyətini seçib. 11 nəfər köhnə heyət qalmaqla tərkibə iki nəfər - Nəcibə İlkin və Zemfira Balakişiyeva əlavə olunub. Bununla da Mərkəzin idarə heyəti tam siyahı ilə təqdim edilib.  İdarə heyəti öz növbəsində açıq səsvermə yolu ilə Söhrab Tahiri yenidən Mərkəzin prezidenti seçib. Xəzər Emin və Vaqif Arzumanlı 1-ci  müavinlər, Rasim Nəbiyev, Səriyyə İsmayılova və Rasim Məmmədov müavin seçiliblər. Sonda 13 nəfərdən ibarət idarə heyəti, Söhrab Tahirin Mərkəzin prezidenti qalmasını təsdiqləyiblər. Bununla da qurultay öz işini yekunlaşdırıb

 

  DAMM xaricdəki nümayəndəliklərinin sayını artırır

 

Qurultayla bağlı fikirlərini qəzetimizlə bölüşən Xəzər Emin tədbirdə çıxışlar ətrafında müzakirələrin aparıldığını və çoxlu təkliflərin səsləndirildiyini bildirdi.

Onun sözlərinə görə, bu qurultay DAMM-ın gələcək fəaliyyəti üçün proqram müəyyənləşdirib: “Qurultayda DAMM-ın ABŞ, Belçika nümayəndəliklərinin rəhbərləri də iştirak edirdilər. Tədbirdə Norveç nümayəndəliyi də təsdiq olundu. Hazırda Almaniyada, Fransada, Qazaxıstanda da nümayəndəliklərimiz fəaliyyət göstərir. Qarşıda duran məqsədlərdən biri də müxtəlif ölkələrdəki nümayəndəliklərimizin sayını artırmaqdır”.

 2000-ci ildən sözügedən təşkilatda təmsil olunan X.Emin burada bir çox tanınmış ziyalıların toplandığını dedi: “Cənublu-şimallı azərbaycanlıların birlik rəmzi olan xalq şairi Söhrab Tahir bir çox ziyalılarımızı təşkilata dəvət edib. Mərhum şairlərimiz Məmməd Araz və Bəxtiyar Vahabzadə, Söhrab müəllimlə aralarında olan dostluq, qardaşlıq münasibətlərinə görə bu təşkilatda olublar. Xalq şairi Nəriman Həsənzadə bu gün də təşkilatın üzvüdür. Xarici ölkələrdə yaşayan bir çox tanınmış ziyalılar, mədəniyyət və ictimai-siyasi xadimlər, yəni bütün zümrələrdən olan insanlar bu təşkilata üzv ola bilərlər. Bu təşkilatın qapısı onlar üçün həmişə açıqdır”.

Həmsöhbətimiz bildirdi ki, təkcə ziyalıları bu təşkilat ətrafına toplamaqla kifayətlənmirlər. Onlar Azərbaycanda, Belçikada, Fransada, Almaniyada, İsveçdə və digər ölkələrdə bir sıra layihələr həyata keçiriblər. Hələ 10 il bundan qabaq DAMM tərəfindən Azərbaycanda ilk dəfə olaraq Muğam festivalı keçirilib: “Ümumiyyətlə, “mədəniyyət” deyəndə çox insanlar şou-biznes, çalıb-oynamaq başa düşürlər. Amma biz mədəniyyəti geniş məfhumda götürürük; süfrə mədəniyyətindən tutmuş siyasi mədəniyyətə qədər”.

Onun fikrincə, xalqımızı nə qədər bölsələr də bizi yeganə olaraq bir əqidə və mədəniyyət birləşdirir: “Bizim 35 milyonumuz Arazın o tayında bu günə kimi məşəqqətlər çəkir və bütün ictimai-siyasi haqları əllərindən alınıb, 9 millyonumuzsa Arazın bu tayındadır. 10 milyondan da artıq soydaşımız dünyaya səpələnib. Amma dünyanın harasında yaşamağımızdan asılı olmayaraq bizi birləşdirən mədəniyyətmiz, musiqimizdir. Yəni Təbrizin küçələrində, yaxud Fransa, Almaniya və digər ölkələrdə yaşayan bir azərbaycanlı evində musiqimizi eşidəndə istər-istəməz adamın vücudu əsir. Ona görə də mən düşünürəm ki, biz mədəniyyətimizə xüsusi önəm verməliyik. Diaspor üçün mədəniyyət böyük birləşdirici qüvvədir”.

“Mədəniyyətlə biz diasporumuzu bir araya gətirə bilərik” deyən X.Emin bununla bağlı bir misal da gətirdi: “2003-cü ildə Almaniyada Dünya Azərbaycanlıları Konqresinin (DAK) VII qurultayına getmişdik. Xalq artistləri Habil Əliyev, İlhamə Quliyeva, mərhum müğənni Lütfiyar İmanov da bizlə idi. Tədbir möhtəşəm keçdi. Gündüz qurultayın rəsmi hissəsində 200-250 nəfər adam iştirak etdi. Axşam saat 7-də isə  böyük bir konsert proqramı təşkil etdik. Salona 500-dən artıq adam toplaşmışdı. Yəni diaspor işində insanları çağıran, cəlb edən mədəniyyətdir.

Əslində mədəniyyətin çox böyük siyasət olduğunu diqqətə çatdıran DAMM təmsilçisi bu baxımdan 2011-ci ilin “Avroviziya” müsabiqəsindəki uğurumuzun böyük rolu olduğunu dedi: “Azərbaycnın qələbəsi ilə necə deyərlər 42 dövlətin yaxasından tutan müsiqimiz onları gətirəcək Bakıya. Bu böyük bir siyasi uğurdur. Bəlkə siyasətlə bərabər mədəniyyətdə bu il böyük bir uğur qazanmışıq”.

Bu gün diasporumuzun öz mədəniyyətimizdən nə kimi bəhrələnməsinə gəlincə, X.Emin bu sahədə axsamaların olduğunu bildirdi: “Bunun da səbəbi hər hansı bir ölkədəki diaspor təşkilatlarımızın siyasi və ideoloji baxımdan birgə olmamalarıdır. Məsələn, İsveçin çox da böyük olmayan Malmö şəhərində bəlkə 10-dan artıq Azərbaycan diaspor təşkilatları var. Çox təəssüf ki, bunlar özləri bir araya gələ bilmirlər. Problemləri yaradan əsas səbəblər də bundadır. Amma siyasi mövqeləri nə qədər üst-üstə düşməsə də mədəniyyət baxımdan ayrıla bilmirlər. Biz xaricdə 10-larla konsert proqramları təşkil etmişik və bunun şahidi olmuşuq. Siyasi cəhətdən bölünsək də, mədəniyyətimiz həmişə bir arada olmağımıza təkan verrir”.  

Onun fikrincə, elə məsələlər var ki, qeyri-hökumət təşkilatları ayağa qalxıb öz sözünü deyə bilir və bu qəbul da olunur: “Avropa İttifaqında, Avropa Şurasında və bir sıra digər beynəlxalq təşkilatlarda biz dəfələrlə görüşlər keçirmişik. İnanırsınız, QHT-ləri nə qədər sayğı ilə qarşılayıb dinləyirlər. Diaspor təşkilatı xaricdə fəaliyyət göstərməlidir. Bakıda və ya regionlarımızda dünya azərbaycanlıları adından iş görməyin lüzumu yoxdur. Amma bəzi dostlarımız məndən incisələr də deyim ki, gedib Azərbaycanın rayonlarında nümayəndəliklər açırdılar. Amma yaxşı ki, onlar öz əməllərindən peşman olaraq bu işi 1-2 il bundan qabaq dayandırıblar”.   

 

Dünya Azərbaycanlılarının III Qurultayı diasporumuzu hərəkətə gətirib

 

O, Dünya Azərbaycanlılarının III Qurultayından sonra diasporumuzun fəaliyyətində bir canlanma olduğunu da dilə gətirdi: “Prezident İlham Əliyev orada çox gözəl çıxış etdi. Dövlət başçısı xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinə, diaspor təşkilatlarına, səfirliklərimizə bir daha göstəriş verdi. Və tələb etdi ki, xaricdə olan milli icmalarımız sıx birlikdə işləsinlər. Qurultaydan sonra mən bir çox dövlətlərdə oldum və çox böyük fərqin olduğunu gördüm. İstər-istəməz səfirliklərimizdə də bir sirkələnmə, çevriliş oldu ki, cənab Prezident deyibsə, buna mütləq əməl etməlidirlər”.

 Qurultayda “Dünya Azərbaycanlılarının həmrəylik xartiyası”nın qəbul olunduğunu xatırladan X.Emin bu sənəddə  mədəniyyətimizə dövlətimizin önəm verdiyini bildirdi: “Xartiyada azərbaycanlıların məskunlaşdıqları ölkələrin qanunvericiliyinə və beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, etnomədəni özünəməxsusluğunu qorumaq, inkişaf etdirmək, millətlərarası və mədəniyyətlərarası dialoqda əməkdaşlıq məqsədilə tədbirlərin görülməsi, ictimai təşkilatlar, assosiasiyaların yaradılması göstərilir. Eyni zamanda soydaşlarımızın öz dilinə, mədəniyyətinə, tarixi köklərinə və milli-mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlamaları üçün milli teatrların, kitabxanaların açılması diqqətə çatdırılır. Ən əsası isə milli mədəniyyətlərin qorunmasına dair beynəlxalq konvensiyaların müddəalarına uyğun olaraq xarici ölkələrdə məskunlaşan azərbaycanlıların milli-mədəni cəmiyyətlərin yaradılması, milli özünəməxsusluğu mühafizə etmək məqsədilə digər zəruri tədbirlərin həyata keçirilməsi vurğulanır. Gördüyümüz kimi, məqsəd xaricdə mədəni cəmiyyətlərimizin yaradılmasıdır”.

DAMM-ın vitse-prezidenti qarşıda duran əsas məqsədlərdən birinin də xarici ölkələrdə “Həftə sonu” məktəblərinin açılması işini genişləndirmək olduğunu vurğuladı. “Xartiyanın müddəalarında da “Həftə sonu” məktəblərinin genişləndirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılması, əyani və dərs vəsaitləri ilə təminatı işinin gücləndirilməsi göstərilir”, deyə o əlavə etdi.  

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2011.- 19-21 noyabr.-S.14.