Azərbaycan poçtunun dünəni və bu günü
Ölkə poçtunun maddi-texniki
imkanlarının genişlənməsi bu sektorda yüksək
iqtisadi göstəricilərin əldə edilməsinə səbəb
olub
Bu gün Azərbaycanda gələcəyə
istiqamətlənmiş, elm və texnologiyaların
inkişafını şərtləndirən, iqtisadiyyatın
hər bir sektorunun davamlı tərəqqisinə yönəlmiş
və cəmiyyətin hər bir üzvünün rifahına
xidmət edən dövlət siyasəti həyata
keçirilir. Bu siyasətin tərkib hissəsi kimi, son illər
Azərbaycanda rabitə və informasiya texnologiyaları
sektorunun inkişafı da geniş vüsət alıb. Rabitənin
yaranma tarixi 1881-ci ildən hesablansa da, ölkə rabitəsinin
olduqca qədim tarixi kökləri var. Belə ki, Hülakilər
dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq
üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata
keçirib. 1501-ci ildə isə Şah İsmayıl Xətai
tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində
təşkilinin təməli qoyulub. 1881-ci il 6 dekabr tarixində
isə, “Nobel qardaşları cəmiyyəti” tərəfindən
Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib.
Beləliklə, 19-cu əsrin
sonları, 20-ci əsrin əvvəllərində Bakıda
sürətlə inkişaf etməkdə olan neft sənayesi
ilə bərabər telefon rabitəsi də inkişaf edib, o
dövr üçün geniş telefon şəbəkəsi
yaradılıb. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti
yarandıqdan bir neçə ay sonra - oktyabrın 6-da
Poçt və Teleqraf Nazirliyi yaranıb. Ağa Aşurov nazir
təyin olunub və nazirlik cümhuriyyətin süqutuna qədər
fəaliyyət göstərib. Cəmi 23 ay yaşayan müstəqil
Azərbaycan dövləti qısa müddət ərzində
özünün ilk poçt markalarını buraxmağa nail
olub.
Ölkəmizdə
rabitə sektorunun inkişaf strategiyasının əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulub. Hələ Sovet İttifaqının tərkibində
olarkən Azərbaycanın inkişaf perspektivlərinin
respublikanın sənaye potensialının gücləndirilməsi,
xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi
ilə birbaşa bağlı olduğunu görən Heydər
Əliyev artıq ötən əsrin 70-ci illərində bu
sahəyə diqqət yetirmiş və İKT sektorunun
bugünkü inkişafının təməlini qoyub.
Uğurla davam etdirilən bu proses Azərbaycanın müstəqilliyinin
ilk illərində də ciddi xarakter almışdı. Azərbaycanda
yeni texnologiyaların tətbiqinə, telekommunikasiya
infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk
elektron ATS-lər quruldu, poçt şöbələri
genişləndirildi. Sonralar sahə daha da inkişaf etdirildi.
130 illik tarixi inkişaf yolu keçən ölkə rabitəsi
son illərdə sürətlə inkişaf edərək,
bütün sahələrdə eləcə də, insan fəaliyyətinin,
sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə
çevrilib. XX əsrin sonunda SSRİ-nin dağılması və
respublikamızın müstəqillik əldə etməsi ilə
poçt rabitəsinin inkişafında da yeni mərhələyə
start verilib. Respublikada poçt və elektrik rabitəsinin təşkili
və xidmətlərin göstərilməsi “Azərpoçt”
İstehsalat Birliyi tərəfindən həyata keçirilməyə
başlayıb. “Azərpoçt” İstehsalat Birliyinin sələfi
olan “Azərpoçt” Dövlət
Müəssisəsi isə Azərbaycan Respublikası Rabitə
Nazirliyinin 23.09.1999-cu il tarixli 151 saylı “Poçt rabitəsi
sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi
haqqında” əmri ilə yaradılıb. Müəssisə,
“Azərpoçt” İstehsalat Birliyinin bazasında
yaradılımış və onun hüquqi varisidir.
Azərbaycan poçtu beynəlxalq
standartlar səviyyəsinə çatdırılıb
Keçən
illər ərzində sürətlə inkişaf edən Azərbaycan
poçtu artıq bu gün bir sıra beynəlxalq təşkilatlarda
bərabərhüquqlu üzv kimi təmsil olunur,
özünün dinamik inkişaf dövrünü
yaşayır. Bu sektorda təməli ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı
islahatlar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ölkə
başçısının bu sahəyə diqqət və
qayğısı nəticəsində Azərbaycan poçtu
beynəlxalq standartlar səviyyəsinə
çatdırılıb. Əhaliyə göstərilən
xidmətlərin çeşidi, həcmi və keyfiyyəti
daim yüksəlir. Beynəlxalq poçt göndərişlərinin
həcmi artmışdır ki, bu da Azərbaycan poçtunun
beynəlxalq aləmdə tanınmasına səbəb olub.
Respublikanın rabitə sistemi, müasir texnologiyaların yerlərdə
geniş tətbiqi dövlətimizin, prezident İlham Əliyevin
daim diqqət və qayğısı ilə əhatə
olunub.
Son
illər Azərbaycanın dünya dövlətləri
arasında müstəqil, suveren bir dövlət kimi
tanınmasında RİTN-nin “Azərmarka” şirkətinin
buraxdığı poçt markaları da böyük əhəmiyyət kəsb
edib. “Azərmarka” şirkəti 2011-ci ilin ötən 10
ayında fəaliyyətlərini daha da gücləndirərək
18 mövzuya aid müxtəlif çalarlarda 56 ədəd
poçt markası buraxıb. Bundan əlavə, 8 ədəd
poçt kartı, 5-ədəd poçt zərfi
buraxılıb. Azərbaycan Respublikası 1991-ci il
oktyabrın 18-də ikinci dəfə müstəqilliyini əldə
etdikdən sonra, suveren dövlət kimi, 1992-ci ildən bu
günədək “Azərmarka” şirkəti tərəfindən
100 mövzuda 563 orijinal süjetli, müxtəlif
çalarlarda təmsil olunmuş siyasi motivlərə,
dövlət hakimiyyətinin atributlarına, görkəmli
xadimlərə, idmana, floraya, faunaya, memarlığa və
tarixə aid poçt markaları, 9 ədəd aviazərf və
1 ədəd poçt kartı buraxılıb.
Bu
gün “Azərpoçt” Dövlət Müəssisəsi respublikamızda poçt xidmətləri
göstərən yeganə milli poçt operatoru olduğuna
görə onun da üzərinə böyük vəzifələr
düşür. Bu baxımdan, müəssisənin əsas
missiyası həm fərdi şəxslərə həm də
biznes qurumlarını geniş çeşiddə,
aşağı qiymətlə və mümkün qədər
daha geniş ərazidə keyfiyyətli xidmətlərlə təmin
etməkdir. “Azərpoçt” əsasən əhalinin gündəlik
fəaliyyətini dəstəkləmək, onların həyat
tərzinin sərbəstliyini və səmərəli təşkil
olunmasını təmin etmək üçün keyfiyyətli
və münasib qiymətlərlə poçt, poçt-maliyyə
və digər xidmətləri təklif etmək kimi
mühüm funksiyaları yerinə yetirir. Azərpoçt həm
poçt, həm poçt-maliyyə, həm də bir sıra
kommersiya məqsədli xidmətlər bazarında fəal
iştirak etməyi əsas hədəf kimi qarşıya
qoyur. Bu zaman o, müştəri kateqoriyalarını seqmentləşdirməklə
fərqli müştərilərə istiqamətlənmiş
mal və xidmətlər təklif ediləcək. Xidmətlərin
tam keyfiyyətinə nəzarət etmək və təsərrüfat
fəaliyyətlərinin səmərəliliyini və
effektivliyini artırmaq məqsədilə davamlı olaraq həm
işçilərin bacarıqlarının
artırılmasından, həm də texnoloji yeniliklərdən
istifadə edilməlidir.
Nəzərə
çatdıraq ki, bütün sahələrdə olduğu
kimi, poçt sektorunda sahibkarlığın inkişafına
münbit şərait yaradılıb. RİTN tərəfindən
33 özəl şirkətə poçt xidməti göstərmək
üçün lisenziya verilib. Qeyd edək ki, dövlət
poçt operatorundan fərqli olaraq əsasən kuryer
poçta üstünlük verən özəl poçt
sektorunun inkişafı istiqamətində konsepsiya var.
Azərbaycanın
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
bildirib ki, ölkədə 1999-cu ildə Milli Poçt
operatoru kimi “Azərpoçt” DM yaradılması poçt
sektorunun inkişafına rəvac verib. Nazir 1995-2010-cu illərdə
poçt sektorunun illik gəlirlərinin 17 dəfə
artdığını deyib: “Bu gün müəssisənin fəaliyyət
dairəsi daha da genişlənib. İndi “Azərpoçt” ənənəvi
xidmətlərlə yanaşı,
bank maliyyə xidmətləri də göstərir. Məlumat
üçün qeyd edim ki, Dünya Bankının maliyyə
dəstəyi ilə 2005-ci ildə “Maliyyə xidmətlərinin
inkişafı” layihəsi həyata keçirilməyə
başlanılmış, 2010-cu ilin sonunda layihə uğurla
başa çatdırılmışdır. Artıq bütün poçt şöbələri
tərəfindən poçt-maliyyə xidmətləri
göstərilir və “Azərpoçt” MMC bank sektorunun əsas
iştirakçılarından birinə çevrilmişdir”.
Poçt gəlirləri artıb
Yeri
gəlmişkən, “Azərpoçt” 2011-ci ilin 9 aylığı üzrə
tarif gəliri proqnozunu 103% icra edib. Müəssisənin
büdcə və proqnozlaşdırma şöbəsinin rəisi
Aqşin Həsənzadənin verdiyi məlumata görə, təyin
olunan 16 992 000 manat tarif gəliri proqnoz
tapşırıqları 17 419 800 manat yerinə yetirilmiş,
nəzərdə tutulan proqnozdan 427 800 manat, keçən ilin
müvafiq dövrü ilə müqayisədə 1 787 740 manat
artıq gəlir əldə edilib.Qeyd edək ki, “Azərpoçt”
MMC 2011-ci ilin 9 aylığı üzrə əhaliyə
göstərilən rabitə xidmətlərindən əldə
edilən gəlir ötən ilin müvafiq dövrü ilə
müqayisədə 1 275 690 manat, 2011-ci ilin 9 aylığı
üzrə nəzərdə tutulan proqnozdan isə 669 280 manat
artıq olub.
Müstəqilliyimizin
20 ili ərzində Azərbaycanda 800-dən yuxarı poçt
şöbəsi tikilib əhalinin istifadəsinə verilib. Bütün
poçt şöbələrində 6 marşrut üzrə
poçtun daşınması uğurla həyata
keçirilir. Sevindirici haldır ki, “Azəreksprespoçt”
rabitə müəssisəsi 5 ildir ki, Ümümdünya
Poçt İttifaqının kooperativinin keyfiyyət üzrə
qızıl sertifikatına layiq görülüb.
Ötən
8 il ərzində ölkənin poçt sektoru 3,1 dəfə
genişlənmiş, orta illik artım tempi 21 faiz təşkil
edib, MDB məkanında ilk dəfə olaraq, poçt sahəsində
bank maliyyə xidmətləri göstərilməyə
başlanılıb, poçt infrastrukturu yenidən modernləşdirilib.
Məhz bu illər ərzində
9 poçt filialı binası tikilib, 100-ə yaxın
poçt filialı və poçt şöbəsi binası əsaslı
şəkildə təmir olunub. Rabitə sahəsində əldə
olunan bu uğurlar prezident İlham Əliyevin bu sahəyə
diqqətinin bariz nümunəsidir.
“Azərpoçt”
MMC-nin baş direktoru Qəmbər Bəybalayevin sözlərinə
görə, bu gün ölkə poçtu özünün
dinamik inkişaf mərhələsini yaşayır: “Bu gün
uğurla fəaliyyət göstərən möhtəşəm
rabitə müəssisələri məhz ulu öndərin rəhbərliyi,
diqqət və qayğısı sayəsində tikilib istifadəyə
verilib. Bu inkişaf kursu bu gün ölkə prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Son illər İlham Əliyev tərəfindən poçt
rabitə sahəsinin inkişafı üçün islahatlar
aparılıb, yeni Dövlət Proqramı qəbul olunub. Bu
gün Dünya Bankı poçtumuza böyük sərmayələr
qoyur. Azərbaycan poçtu poçtun itkisiz
çatdırılması baxımından dünya poçt
sistemində qabaqcıl yerlərdədir”. Q.Bəybalayev onu da
qeyd edib ki, bu gün Azərbaycanın poçt rabitəsi
sektoru xidmət keyfiyyətinə görə, bütün MDB
məkanında ikinci yeri tutur ki, bu da onu xarici investorlar
üçün cəlbedici edir
Hazırda
Azərbaycan ərazisi üzrə bütün poçt
göndərişləri izlənilir. Poçt göndərişlərini
izləmək üçün tətbiq edilən sistem “Azərpoçt”un
rəsmi internet resursuna birləşdirilib. Bu il “Azərpoçt”
tərəfindən respublikanın bütün poçt
şöbələri qeydiyyatlı poçt göndərişlərinin
kodunu oxuyaraq ümumi kompyuter şəbəkəsinə daxil
edən skaner avadanlığı ilə təmin edilib. Rayon mərkəzi
poçt şöbələrində aparılan əməliyyatlar
gələcəkdə kənd poçt şöbələrini
də əhatə edəcək. Artıq qeydiyyatlı
poçt göndərişlərinin qəbulu, işlənməsi
və çatdırılması əməliyyatlarının
kompyuterə işlənərək
avtomatlaşdırılması istiqamətində uğurlu nəticələr
əldə olunub. Qeyd edək
ki, Ümumdünya Poçt İttifaqının tələbinə
uyğun olaraq poçt göndərişlərinin üzərində
13 simvollu ştrix koddan istifadə olunur.
Gördüyümüz
kimi, “Azərpoçt” MMC-yə məxsus poçt şöbələrində
yeni texnologiyaların tətbiqi genişləndirilir. Bu səbəbdəndir
ki, ölkənin poçt sektoru da ilbəil inkişaf edir, bu
sahədə əldə edilən gəlirlər
çoxalır. Ölkə poçtunun maddi-texniki
imkanlarının genişlənməsi bu sektorda yüksək
iqtisadi göstəricilərin əldə edilməsinə səbəb
olub.
Fuad HÜSEYNZADƏ
Paritet.-2011.-22-23 noyabr.- S.14.