“Azəri diasporu Özbəkistanda
intensiv işlər görür”
Özbəkistandakı
soydaşlarımız gələcəkdə yeni azərbaycanlı
nəslinin milli ənənələrə riayət etməsi
istiqamətində iş aparırlar
Azərbaycan və Özbəkistan arasında ticari -mədəni
əlaqələrin kökü daha qədim dövrlərə
təsadüf edir. Tarixən Orta Asiyanın bu
respublikasına azərbaycanlılar ya könüllü
mühacirət etmiş, ya da zorla
köçürülüblər. Xüsusən,
Əmir Teymurun Azərbaycana etdiyi yürüşlər nəticəsində
yüzlərlə sənətkarlar, elm xadimi və digər
peşə sahibləri Səmərqəndə sürgün
ediliblər.
Azərbaycanlılar Özbəkistan tarixində və mədəni-incəsənət
həyatında tarixən mühüm izlər qoyublar. Qədim Xarəzmin
X əsr tikililərindən olan Beleuci yolüstü karvansara
binası da Şirvan ustalarının zəhmətinin bəhrəsidir.
Tədqiqatçı Nazim Rizvan göstərir ki, Əmir
Teymurun doğma şəhəri Şəhri-Səbzdə
1380-ci ildə tikilən Ağsaray kompleksinin müəllifi də
azərbaycanlı memar Məhəmməd Yusif Təbrizi idi. XIV-XV əsrlərdə
Səmərqənddə tikilmiş Şahi-Zində türbə
kompleksi də Fəxsar Zeynəddin Şəms Təbrizi tərəfindən
tikilib.
Böyük
bir imperiyanın yaradıcısı, bir çox elmlərin
bilicisi, xüsusən də Səmərqənddəki nəhəng
tikililərin banisi Əmir Teymurun azərbaycanlı sənətkarları
əvvəl tək-tək, Təbrizi tutduqdan sonra isə
kütləvi şəkildə memar, usta, nəqqaş, kaşıçı
kimi işə cəlb etməsi XIV əsrin II yarısı, XV əsrin əvvəllərində azərbaycanlıların
Öbəkistandakı yayılma arealından və Teymurun
yanındakı hörmətdən xəbər verir.
Zamanla baş verən ictimai-siyasi proseslər,
dünyanın siyasi xəritəsində yeni dövlətlərin
çoxalması, rus işğalı və s. hadisələr
Özbəkistandakı azərbaycanlılar barədə ətraflı
məlumat əldə etməkdə ciddi əngəllər
törədir.
Bu səbəbdən də tədqiqatçılar
Özbəkistanda Azərbaycan diasporunun
formalaşmasını XX əsrin əvvəllərindən
başlayaraq, bu günə qədər davam edən mühacirət
prosesindən götürürlər. Jurnalist-tədqiqatçı
Yaşar Qasım Özbəkistanda konkret olaraq Azərbaycan
diasporunun formalaşma prosesini aşağıdakı mərhələlərə
bölür: 1)1905-1907-ci illərdə məlum hadisələr
zamanı qırğın və qiyamətdən
qaçıb, baş götrüb gedənlər. 2)Oktyabr çevrilişi, vətəndaş
müharibələri və ümumən 1918-1920-ci illərdəki
hadisələr nəticəsində məmləkəti xəm
edib, buraya pənah gətirənlər. 3) 30-40-cı illərdəki
deportasiya və repressiyaların əlindən qaçıb
bura sığınanlar və zorla sürgün edilənlər.
4)5-60-cı illərin dinc quruculuğu ilə əlaqəli
olaraq bura köçənlər. 5) 60-cı illərin axırı və
70-ci illərin əvvəlində başlanan qardaş ölkədə
qəsəbə və kadrların yerləşməsi ilə
xarakterizə olunan yeni dövr.
Yaşar
Qasımın göstərdiyi bu mərhələlərdən
başqa, 1991-ci il Azərbaycan dövlət
müstəqilliyinin əldə olunmasından sonra Qərb və
Şərq ölkələrinə bağlanan kütləvi
mühacirəti də xüsusi olaraq qeyd etmək olar ki, bu
proses hazırda intensiv şəkildə davam edir. Müasir dövrdə Azərbaycan diasporunun Özbəkistanda
sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir.
Məsələn, Zaur Əliyevin “Dünya
diasporları” kitabında bu rəqəm 55.000-60.000 qədər
arası göstərilir. Özbəkistandakı bir
çox diaspor üzvlərimiz də haradasa buna yaxın say deyirlər.
Amma ötən il Azərbaycan Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzində də
keçirilən tədbirdə Özbəkistanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri İsmətulla
İrqaşev bu ölkədə qırx min azərbaycanlının
yaşadığını, həmçinin yeddi mədəniyyət
mərkəzinin fəaliyyət göstərildiyini bildirib. Yeri gəlmişkən o deyib ki, Azərbaycan diasporu
Özbəkistanda intensiv işlər görür.
Azərbaycan diasporunun müasir Özbəkistandakı vəziyyəti
iki ölkə arasında olan dostluq və qardaşlıq
münasibətlərindən qaynaqlanır. Təsadüfi
deyil ki, Orta Asiyada ilk səfirliyimiz Özbəkistanda
ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə
19 iyun 1997-ci ildə açılıb. Daşkənddə
Azərbaycan səfirliyi binasında soydaşlarımızla
görüşdə ulu öndər Heydər Əliyev
çıxışında deyib ki, azərbaycanlılar harada
yaşasalar da, öz ana Vətəninə, doğma Vətəninə
qayğı göstərməlidirlər, imkanları dairəsində
kömək etməlidirlər, onu unutmamalıdırlar,
doğma Vətənin qayğıları ilə
yaşamalıdırlar. O, diasporumuza tapşırıq verib
ki, Azərbaycanın vəziyyəti haqqında, Ermənistan-Azərbaycan
münaqişəsi haqqında, Ermənistanın
respublikamıza qarşı etdiyi cinayətlər, təcavüz
haqqında hər yerdə düzgün təsəvvür
yaratsınlar.
2004-cü ilin martında isə Azərbaycan Prezidenti
İlham Əliyev Özbəkistana rəsmi səfər edib. O zaman Prezident dahi Azərbaycan
şairi Nizami Gəncəvinin adını daşıyan
Daşkənd Pedaqoji Universitetinin qarşısında
böyük mütəfəkkirin abidəsinin
açılış mərasimində iştirak edib, tədbir
zamanı diasporumuzun nümayəndələri ilə
görüşüb. Prezident İlham Əliyev
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin
təntənəli açılış mərasimində də
iştirak edərək, burada geniş və dərin məzmunlu
nitq söyləyib, soydaşlarımızın Azərbaycanla
iqtisadi-mədəni əlaqələrinin möhkəmləndirilməsi
üçün bundan sonra da lazımi addımlar
atılacağını vurğulayıb.
“Özbəkistan
bizim ümumi evimizdir”
Prezidentin Özbəkistana
növbəti səfəri isə ötən ilin
sentyabrında olub. Özbəkistanda Azərbaycanla
bağlı dəyərlərə həmişə hörmətlə
yanaşılır. Bunu həmin səfər
çərçivəsində də görmək
mümkün olub. Ulu öndər Heydər
Əliyevin ölkələrimiz arasındakı dostluq
münasibətlərinin inkişafına verdiyi töhfələrə
müvafiq olaraq Daşkənddə Heydər Əliyev prospekti
mövcuddur. Prezident İlham Əliyev bu səfərdə
də Azərbaycan Mədəniyyət Mərkəzinə
baş çəkib. Yeni təmir olunan mərkəzdə
Heydər Əliyev, Azərbaycanın dövlətçilik
tarixi, Azərbaycan və Özbəkistanın müştərək
tarixi muzeyləri var. Bundan başqa, mərkəzdə Azərbaycanın
musiqi, rəqs və folklor ansamblları fəaliyyət
göstərəcək. Burada Azərbaycan məktəbi
və kitabxana da yaradılıb. Ölkə
başçısı yenə də Azərbaycan diasporunun
nümayəndələri ilə görüşüb.
Uzun illər Özbəkistanda diaspora rəhbərlik etmiş,
hazırda Orta
Asiyada Azərbaycan diasporlarının baş koordinatoru olan
Akif Ağatalıbov bizimlə söhbətində bu
görüşü çox sevinclə gözlədiklərini
dedi: “Orada bizim diasporumuz çox həyəcanlı idi. Biz bir sevinc, hörmət və izzətlə
gözləyirdik ki, prezident İlham Əliyevlə
görüşək. O, bir gün yarımlıq gəlmişdi,
amma biz onu 4 il idi ki, gözləyirdik. Yəni gedən gündən gözləmişdik və
gələn gün də bizim üçün böyük
bir bayrama çevrilmişdi. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində
prezident İlham Əliyev bizimlə görüşündə
dedi: “Baxmayaraq ki, siz Özbəkistanda
yaşayırsınız, amma bilin ki, siz Azərbaycan azərbaycanlılarısınız.
Siz hər zaman bizim fikrimizdə, ürəyimizdəsiniz.
Bilin ki, sizin doğma vətəniniz Azərbaycan
var”. Biz xoşbəxtik ki, cənab
Prezidentin dediyi kimi, Azərbaycan azərbaycanlılarıyıq.
Bu gün Azərbaycana
gələndə sevinirik ki, Vətənimiz
günü-gündən inkişaf edir”.
A.Ağatalıbov söhbət əsnasında Özbəkistan-Azərbaycan
münasibətlərinə də toxundu. Qeyd etdi ki, prezident İlham Əliyevin
Özbəkistana səfəri bu münasibətlərin
möhkəmlənməsinə təkan verdi:
“Möhkəm və mehriban olan iki xalqın dostluğu əbədidir.
Bildiyiniz kimi, prezident İlham Əliyevlə
görüşündə Özbəkistan prezidenti İslam Kərimov
“bizim ulduzlarımız müştərək, dilimiz bir,
dinimiz bir, ürəklərimiz birdir” fikrini işlətdi.
O dedi ki, qardaş Özbəkistanın Azərbaycana olan səmimiyyətinin
bir əyani sübutu da bu ölkənin Dağlıq
Qarabağ barədə mövqeyinin dəyişməz və
daimi olmasıdır. Bununla əvvəllər də
dediyi sözləri İslam Kərimov bir daha təsdiqlədi.
Bu sözün özünün deyil,
bütün Özbəkistan xalqının sözü
olduğunu və bu xalqların həmişə bir olduğunu
bildirdi. İslam Kərimov məqam
çatanda sözünü deyərək, öz sadiqliyini,
müsəlmançılığını, dostluğunu və
türklüyünü göstərdi”.
Rəsmi
Özbəkistanın Azərbaycan diasporuna münasibətinə
gəlincə A.Ağatalıbov dedi ki, doğrudan da özbək
xalqı bizə ən yaxın, ən əziz
xalqlardan biridir: “Cənab Prezident elə bir siyasət qurub ki,
şəxsən Özbəkisanda yaşayan azərbaycanlıların
nəinki özbək xalqı ilə, ümumiyyətlə,
heç bir xalqla problemi yoxdur. İslam Kərimovun
dediyi kimi, Özbəkistan bizim ümumi evimizdir”. O,
özbək xalqının azərbaycanlılara qəlbən
çox yaxın və doğma olduğunu vurğuladıq.
Seyid Rza Əlizadə, Maqsud
Şeyxzadə kimi görkəmli şəxsiyyətlər
yetişdirən Azərbaycan diasporu
Özbəkistandakı
Azərbaycan diasporuna xas əsas xüsusiyyətlərdən
biri - öz iş və fəaliyyətində mədəni tədbirlərə
üstünlük vermək, diaspor məktəbinin, əsasən
ziyalı mütəxəssislərdən və peşəkar
kadrlardan ibarət olması, yaşadıqları məmləkətin
qanunlarına, mövcud hökumət və hakimiyyətə
loyal münasibətdir. Hazırda Özbəkistanda
yaşayan azərbaycanlılar elm, incəsənət, kənd
təsərrüfatı, kiçik, orta biznes və digər
sahələrdə çalışırlar. Seyid Rza Əlizadə,
Maqsud Şeyxzadə kimi görkəmli şəxsiyyətlər
yetişdirən Özbəkistanda Azərbaycan diasporu bu
ölkənin ictimai-siyasi həyatında iştirak edir, Vətənlə
intensiv əlaqə saxlayır, kütləvi-mədəni tədbirlər
həyata keçirir. Burada Azərbaycan diasporuna
məxsus olmaqla, ictimai-mədəni təşkilatlar fəaliyyət
göstərir. Həmvətənlərimiz
Özbəkistan Respublikasının qanunlarına uyğun
olaraq özlərinin bir neçə milli-mədəni təşkilatlarını
yaradıblar. 1989-cu ildə Daşkənd
şəhərində "Azərbaycan Mədəniyyət Mərkəzi"
və 1992-ci ildə isə Səmərqənd şəhərində
"Azərbaycan-Özbəkistan" Mədəni-İqtisadi
Əlaqələr Mərkəzi yaradılıb. 2002-ci
ildə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin dəstəyi
ilə Özbəkistanda "Azərbaycan Mədəniyyət
Mərkəzləri Assosiasiyası" təsis edilib ki,
artıq bu günə qədər həmin Assosasiyanın 10
vilayətdə filialları qeydiyyatdan keçərək fəaliyyət
göstərir. Bu Assosiasiya Özbəkistanda yaşayan azərbaycanlıların
bir-biri ilə ələqə yaratmasında, Dünya azərbaycanlılarının
həmrəyliyinin əsası olan "azərbaycançılıq"
ideyasının Özbəkistanda yaşayan
soydaşlarımız arasında təbliğ etməsində,
onların Vətənlə tarixi əlaqələrinin
gücləndirilməsində, Azərbaycan dilinin, mədəniyyətinin,
milli–mənəvi dəyərlərinin bütün dünyada
tanıdılmasında təqdirəlayiq fəaliyyət
göstərir. Bütün bunlarla yanaşı, Özbəkistanda
diasporumuzun Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan
Qadınlar Şurası, Azərbaycan Gənclər Təşkilatı,
Beynəlmiləl Mədəniyyət Mərkəzi və s. adlarda ictimai
birlikləri fəaliyyət föstərir. Ayrıca,
2003-cü ildə isə Daşkənddə "Azərbaycan
evi" və məscidi tikililərinin başa
çatdırılması yeniyetmə və gənc
soydaşlarımızın milli adət-ənənələr
ruhunda tərbiyə olunması, bir sıra məsələlər
müzakirə olunaraq gələcək işlərin
planları tərtib olunub.
Özbəkistanda
Azərbaycan mədəniyyətini ilk illər "Lalə"
qızlar ansamblı, indi isə "Mehrican" Qəyyumluq
Şurasının adını daşıyan "Mehrican"
ansamblı tez-tez təbliğ edir. Bir çox tədbirlərdə
Özbəkistanın xalq artisti, soydaşımız Nəsibə
Abdullayeva, Azərbaycanın əməkdar artisti Kövkəb Əliyevanın
rəhbərliyi ilə “Azərbaycan qızları” uşaq rəqs
ansamblı, “Vətən” vokal-instrumental kollektivi və
“Qardaşlıq” ansamblının üzvləri xalq, bəstəkar
mahnıları və təsniflərimizi, İlham Abdullayev
sazda qədim el havalarını ifa edirlər. Oradan
soydaşlarımız paralel olaraq digər Orta Asiyada məskunlaşan
azərbaycanlılarla intensiv əlaqə saxlayır, gələcəkdə
yeni azərbaycanlı nəslinin milli ənənələrə
riayət etməsi istiqamətində iş aparırlar.
Fuad HÜSEYNZADƏ
Paritet.-2011.-24-25 noyabr.- S.10.