Moskvada Ümumrusiya
Azərbaycan Konqresinin III Qurultayı keçirilib
Ramiz Mehdiyev: “Azərbaycan dövləti
diaspor quruculuğu prosesinə xüsusi diqqətlə
yanaşır”
Dünən Rusiya
Federasiyasının Moskva şəhərində Ümumrusiya
Azərbaycan Konqresinin III qurultayı öz işinə
başlayıb. Diasporla İş üzrə Dövlət
Komitəsindən(DİDK) verilən məlumata görə
qurultaya Rusiyanın 72 regionundan 130 nümayəndə
seçilib. Qurultayın işində Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev, PA-nın şöbə müdirləri Əli Həsənov,
Zeynal Naqdəliyev, DİDK-nin sədri Nazim İbrahimov, Milli Məclisin
deputatı, Azərbaycandakı rus icmasının rəhbəri
Mixail Zabelin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu
iştirak ediblər. Eyni zamanda qurultaya Rusiyanın yüksək
səviyyəli dövlət nümayəndələri,
Rusiyada yaşayan tanınmış azərbaycanlı
ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və
kütləvi informasiya vasitələrinin təmsilçiləri
də qonaq qismində qatılıblar.
Qurultayı giriş sözü ilə
açıq elan edən ÜAK-ın prezidenti Məmməd Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
dəstəyi ilə yaradılmış ÜAK-ın Rusiyada
yaşayan azərbaycanlıların təşkilatlanmasındakı
rolundan danışıb. Rusiyada yaşayan bir sıra görkəmli
azərbaycanlıların Rusiya Federasiyasının
inkişafına mühüm töhfə verdiyini bildirib. Gündəlikdə duran məsələlər
barədə məlumat verildikdən sonra Qurultayın
işçi orqanları yaradılıb,
çıxış və məruzələr
üçün reqlament müəyyən edilib.
Daha sonra Rusiya Prezident
Administrasiyasının idarə rəisi, Administrasiya rəhbərinin
müavini Sergey Vinokurov RF prezidenti Dmitri Medvedevin qurultay
iştirakçılarına müraciətini oxuyub. D.Medvedev
məktubunda Rusiya və Azərbaycan xalqlarını yüz
illərlə bir-birinə bağlayan sıx dostluq və etimad
əlaqələrinin olduğunu bildirib: “Əvvəlki nəsillər
bizim birgə tariximizi yaradıblar və bu tarixlə biz indi də
fəxr edirik. Qiymətli dostluq, qonşuluq və əməkdaşlıq
ənənələrimiz nəsildən-nəslə keçərək
indi də inkişaf edir. Yüz minlərlə azərbaycanlı
üçün Rusiya bu gün ikinci vətən deməkdir.
Bu gün Azərbaycan diasporu Rusiya iqtisadiyyatına
böyük töhfə verir, ölkənin elm, təhsil və
mədəni həyatında aktiv iştirak edir, millətlərarası
və icmalararası əlaqələrin möhkəmləndirilməsində
mühüm fəaliyyət göstərir”.
Azərbaycan
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə
Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu
qurultay iştirakçılarına çatdırıb. Məktubda
Azərbaycan Prezidenti Rusiya-Azərbaycan münasibətlərinin
yüksələn xətlə inkişafından söz
açıb: “İkitərəfli münasibətlərin
inkişafında Rusiyada yaşayan azərbaycanlıların
heç də az olmayan rolu var. Sevindirici haldır ki, onlar
çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz tərkib
hissəsidirlər və Rusiyanın suverenliyinə öz
töhfələrini verirlər. Rusiyada vətəndaş cəmiyyətinin
ayrılmaz tərkib hissəsi kimi ÜAK-ın rolu qeyd
olunmalıdır. Rusiyanın demək olar ki, bütün
regionlarında bölmələri yaradılan ÜAK qısa
bir zamanda təsirə malik ictimai birliklərdən birinə
çevrilib. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə
çatdırılması ÜAK-ın fəaliyyətinin
prioritet istiqamətlərindən biri olub. Əminəm ki,
ÜAK-ın III qurultayı həm qurumun fəaliyyətində,
eyni zamanda Rusiyada yaşayan Azərbaycan diasporu
üçün mühüm hadisə olacaq və hərtərəfli
Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsinə
və inkişafına xidmət edəcək”.
M.Əliyev
ÜAK-ın II Qurultayından ötən müddət ərzində
görülmüş işlərə dair hesabat verib. O,
ÜAK-ın Rusiyanın demək olar ki, bütün subyektlərində
fəaliyyət göstərdiyini qeyd edərək regional
bölmələr arasında fəallığı ilə fərqlənən
təşkilatların adlarını çəkib. O, Rusiyada
qısa müddət ərzində yüksək səviyyədə
təşkilatlanmış Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının uğurlarını qeyd edərək
bildirib ki, ÜAK bundan sonra daha da uğurlu fəaliyyət
göstərməyə məhkumdur.
Nəzarət-təftiş
komissiyasının hesabatı dinlənildikdən sonra
R.Mehdiyev çıxış edib. O, Azərbaycan və
Rusiyanın müttəfiq ölkələr olduğunu qeyd
edib və bu müttəfiqlik münasibətlərinin
formalaşmasında iki xalq arasındakı dostluq münasibətlərinin
də payı olduğunu vurğulayıb. Azərbaycanın
iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun
artdığını deyən R.Mehdiyev bu yaxınlarda Azərbaycanın
BMT Təhlükəsiz Şurasının qeyri daimi
üzvlüyünə seçilməsində Rusiyanın
göstərdiyi dəstəyin əhəmiyyətli
olduğunu diqqətə çatdırıb. Rusiyada
yaşayan azərbaycanlıların böyük potensiala malik
olduğunu söyləyən R.Mehdiyev ÜAK-ın ən
böyük Azərbaycan diaspor təşkilatlarından biri
olduğunu vurğulayıb. Azərbaycan dövlətinin
diaspor quruculuğu prosesinə xüsusi diqqətlə
yanaşdığını qeyd edən R.Mehdiyev bu ənənənin
əsasının Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və
hazırda Prezidenti İlham Əliyev tərəfindən də
uğurla davam etdirildiyini bildirib.
Nitqini tamamladıqdan sonra R.Mehdiyev
ÜAK sədri M.Əliyevin Azərbaycan Prezidentinin sərəncamı
ilə “Dostluq” ordeni ilə təltif edildiyini qeyd edib və
medalı ona təqdim edib. Daha sonra R.Mehdiyev Dünya Azərbaycanlılarının
III Qurultayında üzürlü səbəblərə
görə iştirak edə bilmədiklərinə görə
təltif olunduqları medal və fəxri adları təqdim
edilməyən Azərbaycan diasporunun tanınmış
nümayəndələri Qod Nisanov və Moskvadakı “Dərviş”
teatrının baş rejissoru Mərdan Feyzullayevə
müvafiq olaraq “Tərəqqi” medalı və “əməkdar
artist” fəxri adını və müvafiq vəsiqələri
onlara təqdim edib.
P.Bülbüloğlu
isə çıxışında Rusiyada azərbaycanlıların
həyat və fəaliyyəti üçün əlverişli
şəraitin yaradıldığını qeyd edib və
bunun iki ölkə arasındakı müttəfiqlik
münasibətləri ilə yanaşı Azərbaycan və
rus xalqlarının mehriban qonşuluq və dostluq ənənələrindən
irəli gəldiyini deyib.
Daha
sonra ÜAK-ın İdarə Heyətinin üzvü, Moskva
regional bölməsinin sədri İlqar Hacıyev,
tanınmış jurnalist və ictimai xadim Rüstəm
Arifcanov, Sverdlovsk regional bölməsinin rəhbəri
Şahin Şıxlinski və digərləri
çıxış edib, görülmüş işlər
və qarşıda duran vəzifələr barədə məlumat
veriblər. Daha sonra Mandat komissiyasının hesabatı dinlənilib,
qurultayın işində seçilmiş 130 nümayəndədən
119-nun iştirakı təsdiqlənib.
Mandat
Komissiyasının, Nəzarət-Təftiş
komissiyasının hesabatları səsə qoyularaq bəyənilib,
ÜAK-ın nizamnaməsinə dəyişikliklər qəbul
edilib.
Qurultayda
“Ümumrusiya Azərbaycan Konqresinin Rusiya prezidenti Dmitri Medvedevə
Müraciəti”ni, “Ümumrusiya Azərbaycan Konqresinin Azərbaycan
Prezidenti İlham Əliyevə Müraciəti”ni,
“Ümumrusiya Azərbaycan Konqresinin bəyanatı”,
“ÜAK-ın qətnaməsi” qəbul olunub.
Ardınca
ÜAK-ın 136 nəfərdən ibarət Mərkəzi
Şurası seçilib. Həmçinin 7 nəfərdən
ibarət Nəzarət-Təftiş Komissiyası seçilib.
Tədbir
başa çatdırdıqdan sonra qurultay nümayəndələrinin
iştirakı ilə ÜAK-ın Mərkəzi
Şurasının yeni tərkibinin iclası keçirilib. M.Əliyev
yenidən ÜAK-ın sədri seçilib. Mərkəzi
Şura ÜAK-ın 31 nəfərdən ibarət İdarə
Heyətinin tərkibi seçib. Mərkəzi Şuranın
iclasında Mikayıl Hüseynov ÜAK-nin Baş katibi
seçilib.
Fuad HÜSEYNZADƏ
Paritet.-2011.-26-28 noyabr.- S.3.