“Ətraf mühitin mühafizəsi üçün
atılan hər bir addım bizim ümumi uğurumuz olacaq”
Biz ekoloji problemlərdən kənarda
qalmağın çətin olduğu çox vacib və
mürəkkəb dövrdə yaşayırıq. Trend-in məlumatına
görə, bu barədə cümə günü Qəbələdə
keçirilən “Ekoloji idarəçilikdə gənclərin
rolu: bu gün və sabah” adlı gənc ekoloqların beynəlxalq
düşərgəsində çıxışı
zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün
- İDEA-nın təsisçisi Leyla Əliyeva bildirib.
“Bu,
yalnız bizdən - gənc insanlardan asılıdır,
yaranmış vəziyyətə tənqidi yanaşmağa
çalışmaq lazımdır. Dünyanın müxtəlif
hissələrində iqlim dəyişikliyi, karbon qazı
tullantılarının artması, atmosferə atılan
istixana qazlarının artımı, okean dəyişkənlikləri,
quraqlıqlar və digər humanitar problemlərdən əmələ
gələn ekoloji problemlərə gənc nəsil laqeyd qala
bilməz”, - Leyla Əliyeva deyib.
O
qeyd edib ki, son 50-60 il ərzində antropogen fəaliyyətin
genişlənməsi bütün dünyada flora və
faunanın ekoloji balansını pozub: “Karbon qazı
tullantılarının toplanması təkcə 2010-cu ildə
milyonda 389 hissəyə çatıb. Bu, 1750-ci ildə sənaye
erasının başlanmasından bəri ən yüksək
göstəricidir. Bu gün avtomobil işlənmiş qazlarla
təxminən 800 kiloqram karbon oksid, 40 kiloqram azot dioksid və
təxminən 200 kiloqram müxtəlif karbohidrogenlər
buraxaraq, atmosferdən orta hesabla 4 tondan çox oksigen udur”, -
Leyla Əliyeva deyib.
Onun
sözlərinə görə, buna görə də bu ilin
iyul ayında elan edilən İDEA kampaniyasının əsas
prioritetlərindən biri Bakı ətrafında ağac və
kolların əkilməsidir. “Biz kampaniyaya “Gənc ağac gənc
ruh üçün” şüarı altında
başladıq, buna uyğun olaraq, hesablamalarımıza
görə, biz BMT-nin 2012-ci ildə Rio-de-Janeyroda sabit
inkişaf üzrə qlobal konfransına qədər 300 min
ağac əkəcəyik. Biz hamımız yadda
saxlamalıyıq ki, ağac və bitki planetimizdə yeganə
oksigen mənbəyidir. Bir akr ağac sahəsi bütün
gün ərzində 18 insana kifayət edəcək qədər
oksigen generasiya edir”, - İDEA-nın təsisçisi deyib.
Vitse-prezident
qeyd edib ki, Azərbaycan təkcə 11 iqlim zonasından 9-nun
olduğu ölkə deyil. Bu, öz-özlüyündə
qeyri-adi təbiət hadisəsidir: “Azərbaycan həm də
palçıq vulkanları, təbii əbədi məşəllə
yaranan yanar dağlar, endemik ağaclar, yüksək dağ
yaylaları, heyrətamiz sahilyanı ərazilər, sıx
meşələr, yarğan və düzənliklərin
hamısının birlikdə əfsanəvi mənzərə
yaratdığı ölkədir. Bizim gur
çaylarımız xəritədə çox gözəl
mənzərə yaradır, onların hamısı həmahəng
şəkildə dünyada ən böyük göl kimi
tanınan Xəzər dənizinə tökülür”, - Leyla
Əliyeva bildirib.
Onun
sözlərinə görə, İDEA kampaniyası Azərbaycanda
ətraf mühitin mühafizəsi sahəsində həyata
keçirilən işlərin məntiqi davamı olub. 2010-cu
il Azərbaycanda “Ekologiya ili” elan edilmişdi, həmin vaxt
bütün ölkə üzrə 14 milyon ağac əkilib,
onlarla yeni parklar açılıb: “Vitse-prezidenti olduğum
Fond Azərbaycan ceyranlarının mühafizəsi və
onların təbii məskunlaşma mühitinə
köçürülməsi üzrə kampaniyaya
başlayıb. Biz, ceyranların xaltalarına bərkidilən
sutkada bir neçə dəfə onların yerləri barədə
siqnallar yollayan xüsusi ötürücülər vasitəsilə
ceyranların hərəkəti haqqında məlumat
alırıq. Bəbirin ən iri yarımnövü olan Qafqaz
bəbiri kimi məhv olan növlərin mühafizəsi bizim əsas
prioritetlərimizdən biridir. Bu növ vəhşi heyvanlar
onların ovlanması hallarının artması ilə
bağlı yox olmaq təhlükəsi altındadır. Qafqaz
bəbirinin mövcudluğu bütün ekoloji sistemin
sağlamlığının rəmzidir”.
Leyla
Əliyeva bildirib ki,
Bakının mərkəzindəki XII əsrə aid Qız
qalası həmişə şəhərin fəxri olub. “Biz
yenidənqurma işlərinin gedişatında çox
maraqlı hadisələrlə üzləşirik. Apodidae kimi
tanınan uzunqanad dəstələri Qız qalasında təxminən
200 yuva qurublar. Qaranquşlar kimi qara uzunqanadlılar
köçəridirlər və yayın ortalarında onlar Azərbaycana
uçurlar, qışda isə uzağa - Cənubi Afrikaya
istiqamət alırlar. Onların təhlükəsizliyini təmin
etmək üçün İDEA-nın üzvləri tərəfindən
yeni layihə başlanıb. Layihə Qız qalasında təmir
işləri davam edənə qədər bu quşlar
üçün süni yuvaların yaradılmasını nəzərdə
tutur. İDEA, həmçinin, Böyük Qafqaz beşliyini -
ayı, qartal, canavar, ceyran və bəbir - müəyyənləşdirib.
Onlar müstəsna növlərdir və yaşamalarına
bizim əsas borcumuz qismində baxılmalıdır”, - Leyla Əliyeva
deyib.
Onun
sözlərinə görə, Azərbaycanın təbii
müxtəlifliyi - onun gölləri və çayları,
dağ və düzənlikləri, meşə və səhraları
ölkəni qeyri-adi məkana çevirib. “Buna görə də
mənim komandam və mən kampaniyaya şüar fikirləşərkən
bizi birləşdirən və fəaliyyətə
çağıran şüarı seçdik: “Bir Yer - bir gələcək”.
Bizim bir planetimiz və bir gələcəyimiz var. Bu gün
biz gənclər hansı planetdə yaşamaq istədiyimizi həll
etməliyik. Biz gənclər hansı
tapşırıqları tez bir şəkildə həll etməyi
və uşaqlarımızın gələcəyinin təhlükəsiz
və sabit olacağına əmin olmaq üçün nə
etmək lazım olduğunu müəyyənləşdirməliyik”,
- Leyla Əliyeva bildirib.
O
qeyd edib ki, təbiət ləngimələrə və məcburiyyətə
dözmür. “Buna görə də İDEA-nın
kampaniyası təxirəsalınmaz fəaliyyətlərə
çağırır. Bu gün burada 35 ölkədən 85
nümayəndə iştirak edir. Bu Yer kürəsinin
üçdə biridir. Bu göstərir ki, biz birlikdə
güclüyük!” - Heydər Əliyev Fondunun vitse-prezidenti
deyib.
“Vacib
qlobal ekoloji problemləri müzakirə etmək və həll
yolları tapmaq üçün Azərbaycanın ən
gözəl güşələrindən birinə
toplaşmışıq. Növbəti iki gün ərzində
maraqlı məruzələr dinləmək və ciddi
debatlarda iştirak etmək imkanımız olacaq. Biz bu layihəni
illik mərasimə və Qəbələni gənc insanlar
arasında dialoq məkanına çevirmək istəyirik.
Bir-birimizi anlamaq cəhdləri, müzakirə etmək və əməkdaşlığın
perspektivlərini göstərmək bizim vəzifələrin
nailiyyətini asanlaşdıracaq”, - Leyla Əliyeva bildirib.
Onun
sözlərinə görə, iclasın keçiriləcəyi
bu iki gün bu gün müəyyənləşdiriləcək
missiya və yolun hələ başlanğıcıdır. “Ətraf
mühitin mühafizəsi sərhəd tanımır. Bu bizim
ümumi vəzifəmizdir və ətraf mühitin mühafizəsi
üçün atılan hər bir addım ümumi
uğurumuz olacaq. Hər bir başlanğıcın uğuru dəstək
və əməkdaşlıqdan ibarətdir. Onun davamı
ancaq fəaliyyət yolları ilə mümkündür. Bizim
uğurumuz beynəlxalq dialoqla mümkündür və
İDEA-nın üzvləri olaraq, biz səmimi şəkildə
ümid edir və inanırıq ki, siz bütün dünya
üzrə bizim İDEA-nın səfirləri
olacaqsınız”, - Leyla Əliyeva bildirib.
“Ekoloji
idarəçilikdə gənclərin rolu: bu gün və
sabah” adlı gənc ekoloqların beynəlxalq düşərgəsi
işini şənbə günü başa
çatdıracaq. Mərasimdə Azərbaycanın ekologiya və
təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər
və idman naziri Azad Rəhimov, BMT-nin Azərbaycandakı
rezident-əlaqələndiricisi və İnkişaf
Proqramının rəhbəri Fikrət Akçura,
ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfıqə
Hüseynzadə, “Earth Force Organization”ın (ABŞ) prezidenti və
icraçı direktoru Liza Borduell və başqaları
iştirak edirlər.
Paritet.-2011.-26-28 noyabr.- S.9.