Nəsrin Cavadzadə: “Azərbaycanlı olmaqla qürur duyuram”
Hazırda dünyanın müxtəlif
hissəsində 10 milyondan çox azərbaycanlı məskunlaşır.
Onlar hamısı yaşadığı ərazilərdə
azərbaycanlı adının, bu adı daşımanın məsuliyyətini
hiss edir. Biz də müxtəlif ölkələrdə
yaşayan həmyerlilərimizin uğurlarını eşidib
sevinir, fəxr edir, qürur duyuruq. 11 yaşından qonşu
Türkiyədə məskunlaşan istedadlı,
tanınan aktrisa,
soydaşımız Nəsrin
Cavadzadə də belələrindən biridir. Həkim ailəsində
doğulan , böyüyüb başa çatan Nəsrin
Bakıda orta məktəbi bitirər- bitirməz anası ilə
Türkiyəyə köçüb. Türkiyə mətbuatına
müxtəlif vaxtlarda verdiyi müsahibələrində
aktrisa o illəri belə xatırlayır: “Türkiyəyə
köç etməyin 11 yaşlı
bir uşaq üçün çox əyləncəli
olduğunu deyə bilmərəm. Buna o vaxtlar çox
üzülmüşdüm. 1991-92-ci illər Sovet İttifaqının təzə
-təzə dağıldığı dövrlər idi,
burada da rus qadınlarının başqa cür başa
düşüldüyü vaxtlara təsadüf edirdi. Bilmədiyim
bir dil, tanımadığım
bir mədəniyyət, tənhalıq, özünütəsdiq
ehtiyacı...Bütün bunlarla mübarizə aparmaq və
uyğunlaşmaq üçün çox balaca idim. Özümü burda
artıq xarici kimi hiss etmədiyimə rəğmən, zaman-
zaman vətənim üçün darıxıram. Amma
darıxdığım tək torpaq deyil,
uşaqlığım, nənəmgilin evi, oradakı iylər,
dadlar, adamlarla dolu olan ev yığıncaqları, oyunlar, rənglər,
yeni ili qarşıladığımız günlər,
pionino, bağçamızdır. Yəni, bir daha heç
vaxt geri gəlməyəcək
şeylər, bir- bir itirdiyim insanlar üçün
darıxıram. Bəlkə də onlara doymadan
ayrıldığım üçün belə
darıxıram. Türkiyəyə yaxşı yaşamaq
üçün gəlmişdik. Uşaq vaxtı bunu anlamasam
da, sonralar Bakıya tez -tez gedib-gələndə həyatımda
ilk dəfə bazarda çəliklə gəzən
insanları görmüşdüm. Zarafat deyildi, böyük
imperiya çökmüştü...”
“Nəsrin Cavazdazə möhtəşəm
oyunu ilə göz qamaşdırır”
Alper
Turqu (kino tənqidçisi)
Hələ 5 yaşında olanda Nəsrin
anasını məcbur edir ki, onu “balet” dərslərinə
yazdırsın. Çünki balaca qızcığaz balerina
olmağa həvəslənmişdi. Cavadzadə ibtidai sinfi
burda bitirib, təhsilinin davamını Türkiyədə
alır. Uşaqlıqdan
hamı bu qızda yaradıcı
istedadı görmüşdü. Ona görə də məktəbdə
teatr bölməsində təhsil alırdı: “Amma həmin
vaxtlarda Cüneyt Yalazın bizə dərs deməsi ilə həyatımda
yeni səhifə açıldı. Onun üzərimdəki təsiri
o qədər çox idi ki, aktrisa olmaq həvəs olmaqdan
çıxdı. Və artıq bu fikir ciddiləşməyə
başladı. Orta məktəbdən sonra Mərmərə Universitetinin Kino və
Televiziya bölümünə girməyimlə Şahika Tekand
Studio Aktyorluğuna yazılmağım eyni ana təsadüf
edir. Onda artıq çox ciddi şəkildə aktrisa olmaq
haqqında düşünürdüm. Universiteti bitirər
-bitirməz “Yersiz yurdsuz” serialında rolumla professional
dünyaya addım atdım. Bu çox gözəl hiss idi. Mənə
bu rolu həvalə etdikləri üçün
özümü böyük məsuliyyət altında hiss
edirdim. Əlimdən gələnin ən
yaxşısını etməyə
çalışırdım. Və təcrübəsizliyimə
rəğmən, Dubayda Sultan mükafatına namizəd
olmağım məni doğrudan da çox təəccübləndirdi.
Bu insanı həm çox sevindirir və həm də
çox qürurlandırır”. Cavadzadə universitet illərində
5 qısa film və bir sənədli film çəkir.
Türkiyəyə gələrkən iztirab çəkən,
“Nataşa” damğasının qaranlıq yükünü 11
yaşında çiyinlərində hiss edən Cavadzadə öz həyatından izlər
daşıyan ssenari də yazır. “Bu
köçümüzlə bağlı bir ssenari idi. Bir ana
ilə qızın hekayəsini anladırdı. Mənim
Türkiyədə yaşadığım ilk zamanlardakı
rusca danışmağım səbəbindən
yaşadığım problemlərdən də bəhs edirdi.
Məktəbdə həmişə rusca
danışdığıma görə uşaqlar mənə
sataşırdılar. Ssenari özüm haqqında deyil, amma
onun içində məndən çox şeylər var. Bəzən
Türkiyədə qadına, qadın aktrisaya münasibətdən,
bəzi prodüserlərlə olan görüşlərdən
çox rahatsız oluram. O zaman “Kaş ki, başqa bir yerdə
olsaydım” deyirəm. Sonra başqa yerlərə gedirəm, o
sistemdə də eyni şeylərin baş verdiyini
görürəm”. Ssenarini Mədəniyyət
Nazirliyinə yolladım amma cavab almayınca bu həvəsimi
hələlik boğdum. Rejissorluğun çox başqa məziyyəti
olduğuna inandığımdan özümü buna hazır
bilənə qədər gözləməyə qərar
vermişəm”.
“Aktyorluq ürək işidir”
İlk filmi “Dilbərin səkkiz
günü”ndə maraqlı ifa tərzi ilə seçilən
Nəsrin Türkiyədə az qala bütün festivallarda
mükafatlara layiq görülüb. Ərzurum, Bursa, Ankara film
festivallarında “Ən yaxşı qadın aktrisa”
adını qazanıb. Ardınca gələn “Acı” filmi də
ona uğur gətirdi. “Türkiyədə bir işi çox
yaxşı edəndən sonra insanlar səni həmişə
elə rollarda da görürlər. Nə zaman bir Şərqi
Anadolu ilə bağlı layihə olsa, mənə təklif gəlir.
Amma mən özümü təkrarlamaq istəmirəm. Bir
neçə qəzetə verdiyim müsahibələr
üçün çəkilən gözəl fotolarım
“Nəsrin sadəcə Şərqi Anadolu qızlarını
oynayır” imicini qırmağa kömək elədi. Mən obraza hazırlaşarkən
ssenari əlimdə, oynayacağım obrazı beynimdə
bütün günü fikirləşirəm. Ən çətini
də budur, xarakterimi tanıyana qədər öz həyatımı
da, yaxınlarımın həyatını zəhər edirəm.
Menecerim Yasəmənə gündə otuz dəfə zəng
vurub: “Yasəmən, mən bunu oynaya bilməyəcəm”,
deyirəm. Obrazımın ən dramatik səhnələrinin
parodiyasını edirəm, sonra bir an olur ki, xarakterə aid
bir şey çox inandırıcı görünməyə
başlayır. Və ona inanmağa başlayıram. Daha sonra
heç bir şey daha komik olmur. Mən hələ də
axtarışda olan aktrisayam. Qarşıda getmək istədiyim
uzun bir yol var. Mümkün olduğu qədər özüm
kimi qalaraq bu yolu getmək, axtarmaq, kəşf eləmək istəyirəm.
Bir dəfə dedim ki, aktyorluq ürək işidir. Onda bir
neçə həmkarlarım mənə cavab olaraq “aktyorluq
ürək işidirsə, Robert de Niro niyə beş il oxudu”
dedilər. Beş il oxumaq aktyorluğun ürək işi
olmasına əngəl deyil. Onda hər beş il oxuyan da Robert
De Niro olardı. Demək, onun qocaman ürəyi var ki, ən
zirvəyə çıxa bilir”.
Cavadzadə
son uğurunu Antalya “Qızıl portağal” film festivalında
qazanıb. “Gözəl günlər
görəcəyik” filmində “Anna” adlı rus qadını
canlandırdığına görə festivalın “Ən yaxşı
yardımçı qadın roluna görə”
mükafatına layiq görülüb. “Türkiyədə
köçkün həyatı yaşayan, ailəsinin
yanına dönməyə çalışan, bir rus
qadını canlandırmaq o qədər də asan
deyildi”, deyən Nəsrin roluna
hazırlanarkən içindəki hirsdən də yola
çıxdığını deyib: “Filmin ssenarisini
oxuyanda özümlə əlaqəli
bir çox hislərlə qarşılaşdım. Bunlardan
biri də hirs idi. Buna oxşar duyğuları mən də
keçirmişəm”. Mükafatı əlinə alan
aktrisa bu qalibiyyəti kimə həsr
etdiyini isə belə ifadə edir:
“Bu mükafatı Sovet İttifaqı
dağıldıqdan sonra dünyanın dörd bir tərəfinə
səpələnib yaşamaq uğrunda mübarizə
aparan bütün gözəllərə
və yalnız qadınlara həsr etmək istəyirəm”.
Hazırda
gözəl aktrisa “Yangın var” filminin çəkilişlərində
iştirak etməklə yanaşı “Al yazmalım”
teleserialında Ayça xarakterini canlandırır.
“Azərbaycan
tamaşaçısı çox intellektualdır”
Bu fikri Cavadzadə iki il əvvəl
bizim mətbuata verdiyi müsahibəsində səsləndirib. “Türkiyə 70 milyon sakini olan, gənc
və dinamik bir ölkədir. Azərbaycan əhalisindən
qat -qat artıq olduğu üçün burada ildə çəkilən
filmlərin sayı da təbii ki,
çoxdur. Amma bu sadəcə işin statistik tərəfidir.
Azərbaycanda çəkilən çox gözəl filmlərin
olduğundan da xəbərdaram. Azərbaycan
tamaşaçısı
çox intellektualdır. Onlar Avropa kinosunu türk
tamaşaçısından daha yaxşı izləyir. Kiminlə
danışsam, Mixail Hanekenin “Pianoçu” filminə
baxdığını deyir, ya
da Almodovar adlı rejissorun varlığından xəbərdardır.
Türk tamaşaçısı üçün eyni fikri deyə
bilmərəm. Türk tamaşaçısı daha çox
Hollivud filmləri ilə maraqlanır. Yalnız intellektual
insanlar Avropa filmlərini seyr edir”.
“Özümə qarşı
çox amansızam”
Nəsrinin
uşaq vaxtı ilk yazdığı hekayəsində qəhrəmanı
dərzi idi. Ona görə modaya olan həvəsini təsadüfi
hesab etmir: ”Modanın yaradıcı və əyləncəli
halı məni özünə cəzb edir. Moda jurnallarına
və vitrinlərə baxmağa bayılıram. Amma bu sevgimə
rəğmən, modanı mütəmadi izlədiyimi söyləyə
bilmərəm. Trendlər hər 6 aydan bir dəyişdiyi
üçün onu izləmənin çox
darıxdırıcı olduğunu düşünürəm.
Məni bir çox şeylər xoşbəxt edir. Yorğun
olduğum günün sonunda gözəl bir yemək, isti
duş, televizora baxmaq, dərin yuxu... Bəlkə sıx
iş rejimində olduğum son zamanlar ən çox ehtiyac
duyduğum şeylərdir. Bunlardan başqa yaxın
dostlarımla bir araya gəlməkdən, alış
-verişdən, idmandan, bəzən də tənhalıqdan
zövq alıram. Boş
vaxtlarımda gündəlik idman etməyə
çalışıram. Çoxlu filmlərə baxıram.
Çox darıxanda, ya da kitab oxuyacaq halım olmayanda televizora
baxıram. Çox nadir hallarda özümdən razı
qalıram. Ümumiyyətlə isə özümə
qarşı çox amansızam. Bu pis xüsusiyyətdir. Məsələn,
son zamanlar şikayətləndiyim mövzu insanlarla məsafəni
düzgün müəyyənləşdirə bilməməyimlə
bağlı idi. Mən bəlkə də lazım
olduğundan daha çox səmimiyyət sevən biriyəm.
İnsanlara yaxın olmağı, bütövləşməyi,
dostca münasibət qurmağı sevirəm. Amma bu
xüsusiyyətimə görə
də sui-istifadə edilirəm”.
Türkiyədə yetərincə
populyar olan aktrisa şou verilişlərinin onun rahatsız etmədiyini
deyir. “Sadəcə orda hansı
şəkildə yer almağın daha vacib olduğunu bilməniz
lazımdır. Mən şou verilişlərində bu günə
qədər aldığım mükafatlarla
görünmüşəm. Mənə zərəri dəymədi,
əksinə insanların uğurlarımdan xəbəri
oldu. Mən həmin verilişlərdə
başqa cür yer almayı seçənlərə xor
baxmıram, sadəcə bunun bir seçim olduğuna
inanıram”.
Ən böyük acısı
“Ən
böyük acım atamı itirməyim oldu. Həyatım
boyunca çox ayrılıqlar
görmüşəm. Vətənimi tərk etdim, indi anamdan
başqa İstanbulda kimsəm yoxdur. Acı deyəndə
ağlıma ayrılıqlar gəlir. Babam həyatdakı ən
böyük qəhrəmanlarımdan biridir. Azərbaycanda
olanda onunla çox vaxt keçirə bilməmişdim.
Çünki 7 il həbsdə yatmışdı, bilirsiniz,
Sovet İttifaqında müxalif bir söz deyənləri
tuturdular, babam da belələrindən idi. O azadlığa
çıxanda isə biz İstanbula gəlmişdik. Onu
sonralar kəşf etdim. Aramız çox
yaxşıdır. Çox
mübariz adamdır. Mənim babalarımın hamısı
çox güclü və mübariz olublar. Belə bir ailəmin
olduğu üçün özümü çox bəxtəvər hiss edirəm. Azərbaycanlı olmağımla qürur duyuram. 11
yaşımdan Türkiyədə yaşadığıma
görə bir çox türkdən daha türkəm, Azərbaycanda
da çox azəridən daha çox azəriyəm”.
Nərmin MURADOVA
Paritet.-2011.-26-28 noyabr.- S.16.