Diasporumuzun keçdiyi yola baxış
Keçən əsrin son onilliyində
baş verən hadisələr diasporun fəaliyyətinə də
güclü təsir edib
Azərbaycanın ikinci dəfə müstəqillik
qazanmasından 20 il keçir.
Bu illər ərzində dövlətimiz
kifayət qədər problemlər, təhlükələr, təhdidlərlə
qarşı-qarşıya dayandı. Amma bütün bunlar müstəqillik
kimi qiymətli nemətin yanında heç bir şey idi. Keçən
illər ərzində baş verən
hadisələr diasporumuzun fəaliyyətində
də özünü göstərirdi. Bu gün Azərbaycan
xalqı fəxrlə deyə bilər ki, diasporumuz özünü
nəinki müdafiə etməklə kifayətlənir, əksinə
düşmənlərimizi getdikcə daha
çox müdafiə olunmağa
məcbur edirlər. Amma bütün
bunlara heç də
birdən-birə nail olunmayıb. Müstəqilliyimizin
ilk illərində dövlətin çətinliklə
müdafiə olunduğu kimi,
diasporumuz da əliçılpaq
vəziyyətdə idi. O zaman
hər kəsi bir şey
düşündürürdü- erməni
yalanlarının ifşa olunması üçün nə etməliyik? Təbii ki, yeni-yeni formalaşan
Azərbaycan diasporu yaşı
yüzilliklərlə hesablanan erməni diasporu qarşısında bunu
rahatlıqla edə bilməzdi. Birincisi heç bir resurs yox idi.
Hər kəs bir-birinin ardınca işğal olunmuş
rayonlarımızın taleyi barədə
düşündü. Belə bir halda Azərbaycan diasporu, diplomatiyası hücum strategiyasından danışa bilməzdilər.
Amma ozamankı cəhdlər bügünkü hücum
strategiyası üçün
əminlik yarada bildi. Güclü Azərbaycan diasporu
məhz keçən
əsrin 90-cı illərində
formalaşan təşkilatların,
dərnəklərin əsasında
formalaşdı.
Bu baxımdan 1994-cü ildə Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda
nəşr olunan, Xarici ölkələrdə
fəaliyyət göstərən
Azərbaycan mədəniyyət
mərkəzləri və
cəmiyyətləri kitabı
çox əhəmiyyətlidir. Vaqif Arzumanlı
və Adil Hüseynovun zəhməti
ilə ərsəyə
gələn kitab kifayət qədər maraqlıdır. Əvvəla, burada
o zaman diasporumuzun çatışmayan cəhətləri
çılpaqlığı ilə qeyd olunur.
Eyni zamanda çətinliklərə
baxmayaraq, qazanılan uğurların kifayət qədər olması göstərilir.
Burada dünyanın
qabaqcıl ölkələrində
yaşayan azərbaycanlıların
təşkil etdikləri
cəmiyyətlər, dərnək
və mədəniyyət
mərkəzləri haqqında
ilkin məlumat verilir. Azəri diasporunun
əməli fəaliyyəti,
gələcəkdə görəcəkləri
işlər kitabın
başlıca qayəsidir:Şimali Azərbaycanda baş verən demokratik proseslər, kövrək müstəqillik
addımları vətəndən
uzaqda yaşayan soydaşlarımızın milli
qürur hisslərini artırır. İndi onlar Azərbaycanı
keçmiş Sovet İmperiyasının özəlləşmiş
bir parçası kimi yox, dünya
siyasətində hələlik
öz ilıq nəfəsi ilə seçilən bir dövlət kimi görürlər. Xaricdə yaşayan
həmvətənlərimizin həmrəyliyinin əsas
təminatı Azərbaycanın
müstəqil xarici siyasətindən çox
asılıdır.
Həmin ərəfədə dövlətimizin
nə qədər ağır durumda olduğunu, diasporumuzun çox çətinliklə
formalaşdığını anlamaq üçün bu fikirləri oxumaq kifayətdir. Qeyd olunur ki, təzə
müstəqillik qazanmış
Azərbaycan bütün
ölkələrlə dinc
yanaşı yaşamaq,
mübahisəli məsələlərdə
zorakılığa yol
verməmək, bir-birinin
daxili işlərinə
qarışmamaq, hərtərəfli
əməkdaşlıq və
qarşılıqlı yardım
əsasında münasibətlər
qurmaq prinsipinə əməl etməlidir ki, bu, xaricdə
yaşayan həmvətənlərimizin
fəaliyyətinə töhfə
verə bilsin:Son vaxtlar dövlətimizin bir çox ölkələrlə iqtisadi
və siyasi əməkdaşlıq, birbaşa
diplomatik əlaqələr
yaratması və beynəlxalq təşkilatlarda
təmsil olunması diasporumuzla əlaqələrin
genişlənməsinə xeyli kömək edib. Müasir dünyamızın mürəkkəb və ziddiyyətli bir dövründə müstəqillik
yolunda ilk addımlar atan ölkəmiz onun hüdudlarından kənarda yaşayan soydaşlarımızın qayğı
və problemləri ilə yaxından maraqlanmağı, onların
hüquq və azadlıqlarını qorumaq
üçün fəaliyyət
göstərməyi özünə
borc sayır.
Maraqlı məqamlardan biri də budur ki,
həmin ərəfədə
diasporumuza hər hansı maliyyə dəstəyi göstərmək
mümkün olmayıb. Əksinə, yeni-yeni formalaşan dövlətimiz xaricdə
yaşayan soydaşlarımızın
dəstəyinə daha
çox ümid edirdi. Bu gün hansısa ölkədə
yaşayan təşkilat,
qurumumuz rahatlıqla Bakıya müraciət edib kömək istəyə bilirsə, o zaman bu, mümkün
deyildi:İndiki mərhələdə Azərbaycanın
erməni təcavüzünə
qarşı apardığı
mübarizədə diasporumuzun
yardımına, maddi və mənəvi köməyinə ciddi ehtiyac var. Bütün bunlar doğma vətənimizin müharibə
od-alovundan qurtarmasına,
müstəqilliyinin möhkəmlənməsinə
yönəlməsi ilə
yanaşı, soydaşlarımızın
öz milli varlıqlarından, tarixlərindən
və mədəniyyətlərindən
uzaq düşməməsinə
xidmət edəcək.
Qürbətdə yaşayan bütün
azərbaycanlılar Azərbaycanı
vətəni hesab etməlidir və bütün mümkün vasitələrlə dövlətə
köməklərini əsirgəməməlidirlər.
İndi elə bir dövrdür ki, onların Azərbaycana yaxından qayğı göstərmələrinə,
doğma vətənlərinin
dərd-sərinə yanmalarına
böyük mənəvi
tələbat var. Xaricdə
yaşayan soydaşlarımızla
əlaqələrin möhkəmləndirilməsi,
milli dövlətçiliyimiz
baxımından vacib və son dərəcə
mühüm olan bir sahədir.
Kitabda həmin
ərəfədə xaricdəki
azərbaycanlı cəmiyyətlərinin,
mədəni mərkəzlərinin,
assosiasiyalarının sayının
artması, fəaliyyət
dairəsinin nisbətən
genişlənməsi hallarına
da yer verilib. Etriaf edilir
ki, sözügedən
icmaların heç də hamısı arzu olunan səviyyədə
fəaliyyət göstərmək
imkanına malik deyil. Çünki onlar arasında
vahid əlaqə yaratmaq mümkün olmayıb və hər bir icma,
təşkilat ictimai,
siyasi və iqtisadi zəmində fəaliyyət göstərir.
Bu baxımdan onların
hər biri ilə yaratdıqları cəmiyyətərlə hərtərəfli,
sıx əlaqələrin
qurulması vacibdir və bu zaman
milli-mənəvi dəyərlərin
qorunub saxlanılması,
təbii coğrafi, tarixi, milli-pisxoloji, iqtisadi və digər amillərin nəzərə alınması
çox vacibdir: Dünyanın müxtəlif
ölkələrində fəaliyyət
göstərən Azərbaycan
cəmiyyətləri və
mədəniyyət mərkəzləri
ana dilimizin, mədəni irsimizin, adət-ənənlərimizin qorunub
saxlanılması, təbliğ
olunması sahəsində
olduqca xeyirxah, əvəzsiz fəaliyyət
göstərir. Azərbaycanın ictimai-siyasi həyatı, burada baş verən demokratik proseslər barədə nəinki soydaşlarımız,
eyni zamanda bu və ya
başqa ölkənin
geniş ictimaiyyəti
arasında obyektiv məlumat yaymaqda həmin cəmiyyətlərin
və mədəniyyət
mərkəzlərinin səmərəli
işi təqdirəlayiqdir.
Onlar son illərdə torpaqlarımıza
təcavüz etmiş
erməni millətçilərinin
işğalçılıq əməllərinin, haqsız
iddialarının, sərsəm
xülyalarının ifşa
olunması, əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılması
işində böyük
səy göstərirlər.
Etiraf olunur ki, hazırda erməni diasporu ilə müqayisədə
Azərbaycan cəmiyyətləri
çox zəifdir. 1988-ci ilə qədər ermənilərə qarşı
ümumiyyətlə hər
hansı addımlar atmaq mümkün olamayıb. Çünki o zaman heç
bir təşkilat yaradılmamışdı. Yalnız ermənilərin həyasız
bəyanatlarından sonra
müəyyən addımlar
atıldı. Amma bu heç də diasporun yaradılması demək deyildi. Təsadüfi deyil ki, Azərbaycan o zaman diasporun zəif çıxışından
çox narazı qalıb: 1988-ci ilin fevral ayından
başlayaraq Azərbaycana
qarşı erməni
təcavüzü başlayandan
sonra xarici ölkələrdə yaşayan
milyonlarla azərbaycanlının
səsi uzun müddət eşidilmədi.
Belə hal ölkəmizin həqiqətən haqlı
təəccübünə səbəb oldu. Çünki həmin ərəfədə
dünyada yaşayan ermənilər komitə yaratmışdılar və
bütün gücləri
ilə quldur dəstələrini silahlandırmaqla
məşğul idilər.
Azərbaycan cəmiyyətlərinin
səsləri bütün
dünyada 1990-cı il 20 Yanvar faciəsindən sonra eşidilməyə başladı.
Məhz bundan sonra qaçqınlara
maddi dəstək, yardımlar göstərildi.
Dünyanın ədalətsizliyinə qarşı müxtəlif
səpkili etiraz aksiyaları gerçəkləşdirildi.
Qeyd olunur ki, azərbaycanlı biznesmenlərin əksəriyyəti
ölkəyə investisiya
qoymaq niyyətindədir
və bunun üçün müvafiq
zəruri şəraitin
yaradılmasını gözləyirlər.
Bütün bunlar
son illərdə müstəqillik
və demokratiya yolunda geniş addımlar atmağa başlayan dövlətin xaricdə yaşayan soydaşlarımızla bağlı
aparılan ardıcıl
işlərin və konkret addımların nəticəsidir: Mədəniyyət Nazirliyi
xaricdə fəaliyyət
göstərən mərkəzlərə
bütün mümkün
köməkliklər göstərir.
Demək
olar ki, cəmiyyətlərin əksəriyyəti
ədəbiyyat, rəsm
əsərləri, musiqi
alətləri, milli geyimlərlə təmin olunub. Bazar günü məktəblərində
Azərbaycan dilinin tədrisi üçün
onlara nazirlik tərəfindən nəşr
olunan Azərbaycan dilini öyrənək qramvallar albomu göndərilib. Bütün bunların
daha effektiv nəticə verməsi üçün tezliklə
Dünya Azərbaycanlılarının
Qurultayı keçirilməlidir.
Bu, bütün təşkilatlarımızı, cəmiyyətlərimizi eyni
məqsəd ətrafında
birləşdirə biləcək.
O
zaman arzu olunan bütün işlər bu gün uğurla
gerçəkləşdirilir. Göründüyü kimi,
dövlətimiz kimi diasporumuzun keçdiyi yol da çox
mürəkkəb, keşməkeşli olub. Keçən əsrin
90-cı illərində fəaliyyət göstərən təşkilatlarımız
barədə mövzuya növbəti saylarımızın
birində toxunacağıq.
Məhəmməd TAĞIYEV
Paritet.-2011.-29-30 noyabr.- S.10.