“Gənc Tamaşaçılar Teatrının dünyaya açılan pəncərələrinin sayı daha da artdı”

 

Mübariz Həmidov: “Kukla teatrı üçün mütəxəssislər yetişdirən baza yaradılmalıdır”

 

 Bu il teatr məkanı üçün ən mühüm  xəbərlərdən biri  Azərbaycanın Uşaq və Gənclər Teatrlarını birləşdirən   ASSİTEJ-ə üzv olması oldu.  Dövlət Gənc Tamaşaçılar Teatrı  ASSİTEJ-in Milli Mərkəzi, teatrın  rəhbəri, əməkdar artist Mübariz Həmidov isə mərkəzin sədri elan olundu. Mübariz bəylə söhbətimizi də mərkəzin gələcək fəaliyyəti və   teatrın  yeni layihələri ətrafında qurduq.

 

-  Mübariz bəy, ASSİTEJ-ə  üzv olmaq ideyası necə yarandı və bu üzvlüyün Azərbaycan teatrlarına nə kimi faydası olacaq?

- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı  öz tamaşaçılarını bu il bir sıra yeni layihələrlə sevindirdi. Bunlardan da ən birincisi uşaq və gənclər teatrlarını birləşdirən Beynəlxalq ASSİTEJ- ə üzv olmaq idi. İdeya  Mədəniyyət və Turizm Nazirliyindən konkret olaraq Ədalət Vəliyevdən gəldi. Bildiyiniz kimi, o, teatrla çox bağlı adamdır və  həmişə müşavirələrdə, iclaslarda  qeyd edirdi ki, artıq Azərbaycan teatrlarının nüfuzlu beynəlxalq təşkilatlara üzv olmağının vaxtı yetişib. Biz beynəlxalq təşkilatlarla  maraqlandıq. Və uşaq və gənclər teatrlarını birləşdirən  ASSİTEJ-ə sənədlərimizi göndərdik. Arxiv materiallarını qaldıranda məlum oldu ki, bizim teatr vaxtilə hələ sovet dövründə yəni, 1960-65-ci illərdə ASSİTEJ- in üzvü olub. O illərdə Zaqafqaziya gənc tamaşaçılar teatrlarının bir neçə dəfə ASSİTEJ- in fəaliyyət proqramları çərçivəsində müxtəlif tədbirləri, treninqləri keçirilib. Hətta hazırda bizdə çalışan aktyorların bir neçəsi həmin tədbirlərin iştirakçıları da olublar. İndi həmin aktyorlar yeni seçilmiş idarə heyətinin tərkibindədirlər . İndiki üzvlük isə tam başqadır. Dünyanın 85 ölkəsi belə bir təşkilatın üzvüdürsə, Azərbaycan kimi iqtisadi, mədəni cəhətdən iri addımlarla inkişaf edən bir ölkə niyə ASSİTEJ- in üzvü olmasın? Çünki buna bizim bütün imkanlarımız var. Mədəni ocaqlarımız xüsusən teatr binalarımız ən yüksək səviyyədə təmir- bərpa və yeni avadanlıqlarla təchiz olunub. Bizim kifayət qədər istedadlı aktyorlarımız, rejissorlarımız var. Sənədlərimizi göndərəndən sonra çox qısa müddətdə bizə məktub gəldi ki, Fransada keçirilən ASSİTEJ- in növbəti qurultayında böyük səs çoxluğu ilə Azərbaycan quruma üzvlüyə qəbul olunub. Bizim teatrı ASSİTEJ -in Azərbaycanda Milli Mərkəzi elan ediblər. Bu nə deməkdir? Bununla Gənc Tamaşaçılar Teatrının dünyaya açılan pəncərələrinin sayı daha da artdı. Üzvlüyə qəbul olunandan bir neçə gün sonra hər gün müxtəlif ölkələrdən məktublar gəlir. Bizi tədbirlərə, seminarlara dəvətlər edirlər. Elə bu yaxınlarda iki məktub almışıq. Biri 2012-ci ilin aprel ayında Nyu- Yorkda keçiriləcək  simpozium, digəri isə Yaponiyada gələn ilin noyabr ayında baş tutacaq  Uşaq və Gənc Tamaşaçılar Teatr Festivalına  dəvətdir. Onu da qeyd edim ki, biz ASSİTEJ - in Milli Mərkəzi olaraq yeganə ölkəyiq ki, ilk toplantımızı ASSİTEJ- in prezidenti İverta Hardinin iştirakı ilə keçirdik.

 

2014-cü ildə Azərbaycanda Gənc Tamaşaçılar Teatrlarının Beynəlxalq Teatr Festivalı keçiriləcək

 

-Mərkəz nə işlər görəcək?

- Gələn ilin fevral ayında ASSİTEJ -in növbəti toplantısı Bakıda keçiriləcək. Qeyd edim ki, bu toplantı hər il dünyanın ən müxtəlif  ölkələrində keçirilir.  ASSİTEJ-in 20 daimi üzvü olan dövlətlərin nümayəndələri Azərbaycana gələcəklər. Onlar toplantıdan sonra Azərbaycan teatrları ilə tanış olacaqlar. Artıq mərkəzin tədbirlər planı hazırdır. Teatrımızın gənc aktyorlarının inkişafını daha da genişləndirmək üçün müxtəlif ölkələrdən tanınmış teatr mütəxəssislərini dəvət etməklə ustad dərsləri təşkil edəcəyik. Bundan başqa  dünyanın tanınmış teatr rejissorlarını dəvət etməklə yeni tamaşanın quruluşlarını  onlara həvalə etmək istəyirik.  ASSİTEJ-in üzvü olan  ölkələrdə ustad dərsləri keçmək və orda tamaşalara quruluş vermək məqsədilə   Azərbaycandan da  rejissorların göndərilməsi qarşıdakı planlarımızdan biridir. Bu mübadilə prosesi olacaq. Yəni belə çıxmasın ki, Azərbaycan teatrının heç nədən xəbəri yoxdur.  ASSİTEJ- in prezidenti İverta xanım da bildirdi ki, bu gün Azərbaycan teatrlarından öyrənilməli şeylər çoxdur. Azərbaycanda elə peşəkar rejissorlar var ki, onları dünyanın istənilən ölkəsinə tamaşalar hazırlamaq məqsədilə göndərmək olar və inanıram ki, uğurlu iş də ortaya çıxacaq. Bundan əlavə qeyd edim ki, Milli Mərkəz olaraq 2014-cü ildə Gənc Tamaşaçılar Teatrlarının Beynəlxalq Teatr Festivalını keçirməyi planlaşdırırıq. Bu barədə nazirlikdə razılığa gəlinib. Artıq bizim festival təşkil etmə təcrübəmiz var. Bundan əvvəl, Kukla Festivalını, I   II Teatr Festivallarını keçirmişik. Yəni təcrübə artıq toplanır.  Kukla Festivalı çərçivəsində ölkəmizə gələn qonaqlardan biri Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Seyf-əl-Alhamla  çox maraqlı söhbətlərimiz oldu və həmin teatrla yaradıcılıq mübadiləsinin  baş tutması ehtimalı var. Gürcüstanın Batum Dövlət Teatrı bizimlə qarşılıqlı yaradıcılıq əlaqələri qurmaq istəyir. Yəni, ASSİTEJ- ə üzv olan dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq etmə şansımız var. Mərkəzin fəaliyyət planının bir hissəsi çərçivəsində noyabrın 28,29,30 və dekabrın 1-i  Azərbaycanda Gənclərin  Ümumrespublika  Teatr Festivalı keçiriləcək. Bu festivalın keçirilməsi ideyası Milli Məclisin Mədəniyyət Komissiyasının üzvü, millət vəkili Jalə Əliyeva tərəfindən gəldi. Festivalın münsiflər heyəti tamaşalara baxış keçirəcək və dekabrın  1 -də qaliblər müəyyən ediləcək. Birinci festival vətənpərvərlik mövzusunda milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunub. Devizimiz ulu öndərin “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam” kəlməsidir.

 

“Ola bilər ki, biz də nə vaxtsa kukla tamaşası hazırladıq

 

-Kukla  Festivalını xatırlatdınız. Festival tamaşalarının bəziləri sizin teatrda da nümayiş olundu.  Yəqin, festival  tamaşalarına  baxdınız. Sizcə, uşaq, kukla  teatrları sahəsində bizim nə kimi çatışmazlığımız var?

- Məncə, Azərbaycanda  kukla teatrı üçün mütəxəssislər yetişdirən baza yaradılmalıdır. Vaxtilə Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev universitetdə  kukla mütəxəssisləri hazırlayan bölmənin açılması təklifi ilə çıxış etmişdi. Ümid edirəm ki,  bu məsələ yenidən gündəmə gələr. Beləcə, kukla teatrı üçün akyorların, rəssamlarının yetişməsinə şərait yaradılar. Çünki indi onlar  teatrın içində öyrənən, püxtələşən adamlardır. Onlar da bacardıqlarını edirlər.

-Mövzunu davam etdirib, belə bir sual vermək istəyirəm. Festivalın bəzi tamaşalarında müasir texnikadan çox məharətlə istifadə olunmuşdu. Həmin tamaşalar sizdə Azərbaycanda da bundan istifadə etməyin lazımlığı düşüncəsini oyandırdımı? Yaxud da  festival bu istiqamətdə nə kimi təcrübə qazandırdı?

- Bu festivaldan konkret nəyi əxz etdik? - bunu demək yalan olar, amma şəxsən bəzi tamaşalarda mənim özümü maraqlandıran bir neçə cəhət oldu. Məsələn, Gürcüstan Teatrının əllərlə göstərdikləri tamaşa diqqətimi çəkdi. Düşündüm ki, tamaşalarımızın müəyyən yerlərində o texnikadan istifadə etmək mümkündür. Yaxud “Hərdəmxəyal” tamaşasında ayrı -ayrı xırda maraqlı elementlər var idi ki,  mən də zaman -zaman teatrımızda  uşaq tamaşaları hazırlayan  rejissorlara bunu məsləhət görmüşəm. Hətta bəzi tamaşalarımızda biz buna cəhd etmişik. Məsələn, rejissor Vaqif Əsədovun ”Adsız” adlı orta məktəbin yuxarı sinif şagirdləri  üçün bir tamaşası var.  Tamaşanın bir yerində aktyorlar barmaqlarında bəzi element edirlər və bu da tamaşaçı tərəfindən çox yaxşı qəbul olunur.  Ümumiyyətlə, teatrımız janrı istənilən əsərə müraciət etməyə imkan yaradır. Ola bilər ki, biz də nə vaxtsa kukla tamaşası hazırladıq.

“Niyəsə təhsilə rəhbərlik edən şəxslər məktəb - teatr əlaqələrinə əngəl olurlar”

- Teatr-tələbə əlaqələrini möhkəmlətmək naminə İctimai Siyasi Universitetlə maraqlı layihə həyata keçirmisiniz. Bilmək istərdim bu, başqa universitetlərə də şamil olunacaqmı?

- Bəli, əlbəttə. Teatrda “Teatr, təhsil, mənəviyyatımız” adlı layihə çərçivəsində ildə 4 dəfə ali təhsil ocaqlarının rəhbərliyi, müəllim və tələbələrdən ibarət mini konfrans keçiririk. İki ildir ki, bu layihə mütəmadi olaraq  keçirilir.  Lap əvvəl məktəblərlə başladıq, indi ali təhsil ocaqları ilə davam edirik. Məqsəd tələbələri teatra cəlb etməkdir. Axı bu gün repertuarımızda ali məktəb tələbələri, məktəb şagirdləri  üçün maraqlı olan tamaşalarımız çoxdur. Mən bilsəm ki, hansısa tamaşamızdan tamaşaçı narazı gedir, gərəkli tədbirləri görürəm. Hər tamaşadan sonra mənə  hesabat  gəlir. Qeydlər varsa, o sahəyə məsuliyyət daşıyan adamlara bu qeydlər bildirilir. Tamaşanın bədii səviyyəsini daim formada saxlamaq üçün bu məsələlər həmişə nəzarətdədir. Amma teatra gələn tamaşaçılar da bilməlidir ki, teatr mədəniyyət müəssisədir. Uşaqlarını tamaşaya gətirən valideynlər bir biletə özü də girib tamaşaya baxsa, bəs biz digər bilet alanları harda oturdaq.

- Sözünüzdən belə çıxır ki, hələ də bizdə tamaşaçı mədəniyyəti çox aşağıdır.

- Bildiyiniz kimi, əvvəllər teatrımızda rus bölməsi fəaliyyət göstərirdi. Həmin tamaşalara gələn rus dilli tamaşaçılarımız belə deyildi. Onlar bunu çox gözəl bilirdilər. Uşağını teatra gətirir, tamaşaya yola salır, gedir işini görür, sonra gəlir uşağını aparır. Amma mən həmişə deyirəm ki, istənilən halda tamaşaçı tamaşadan narazı gedirsə, onlar haqlıdırlar. Günah bizdədir. Zal soyuqdusa, demək tamaşaçı haqlıdır. Bayaqkı fikrimin davamı olaraq deyim ki,  məktəb şagirdləri bu gün Gənc Tamaşaçılar Teatrına gəlmirsə, sabah Akademik Dram Teatrlarının tamaşaçısı olmayacaq. Bu tamaşaçını yetişdirmək məsələsidir. Bu teatr 1928-ci ildə  Xalq Maarif Komissarlığının nəzdində yaranıb. İndi də pedoqoqlar burda fəaliyyət göstərirlər. Amma niyəsə təhsilə rəhbərlik edən şəxslər məktəb-teatr əlaqələrinə əngəl olurlar. Konkret olaraq məktəb direktorlarına tapşırıq verilib ki, teatr biletləri alınmasın. Söhbət məcburi bilet satışından getmir. Sadəcə bizim teatrın pedoqoqlarına  siniflərdə şagirdlərə tamaşalar barədə məlumat verməyə şərait yaradılmasını istəyirik. Mən birdəfəlik tamaşaçının əleyhinəyəm. Məcbur gələn adam ikinci dəfə gəlməyəcək. Biz ona çalışırıq ki, bir dəfə gələn adam , ikinci dəfə də  teatra gəlsin. Və gəlirlər də. Elə tamaşalar olur ki, 70-80-100-120 bilet alırlar. 

- Sonda bir az da Gənc Tamaşaçılar Teatrının yeni tamaşaları barədə məlumat vermənizi istərdim.

- Bu günlərdə ingilis dramaturqu Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərinə hazırlanan yeni tamaşanın premreyası ərəfəsindəyik. Bir neçə gündən sonra isə “Buzovna kəndinin macəraları” əsəri üzərində işə başlayırıq. Əgər çatdıra bilsək, ilin sonuna kimi təhvil verəcəyik. Çatdıra bilməsək, keçid tamaşa kimi qeyd olunacaq və gələn ilin əvvəllərində təqdimatını keçirəcəyik. 

 

 

Nərmin MURADOVA

 

Paritet.-2011.-29-30 noyabr.- S.12.