Diasporun fəaliyyəti, problemlər, perspektivləri kitablarda necə öz əksini tapıb?

 

“Azərbaycan diasporunda müşahidə edilən pərakəndəliyi bütün diasporların formalaşma mərhələsində görmək olar”

 

 I yazı  

 

  Dünya siyasətində inteqrasiya proseslərinin sürətləndiyi bir vaxtda diaspor və lobbi təşkilatlarının çəkisi xususi ilə artır. Müasir formada ortaya çıxan bütün yeniliklər, o cümlədən diasporçuluq-lobbiçilik fəaliyyəti öz xalqının, dövlətinin keşiyində durmaqla, milli maraqlarını qorumaqla bərabər, dünyada gedən qloballaşma prosesində sivilzasiyalararası dialoqun dinamikasına öz töhfəsini verməli, xalqlar arasında sülhün, əmin-amanlığın yaranmasına və ortaq mədəniyyətin formalaşmasında əlaqələndirici rolunu oynamalıdır. Diasporçuluq müxtəlif dövrlərdə digər məqsədlər üçün istifadə edilib. Lakin birmənalı söyləmək olar ki, “xalq diplomatiyası” səpkisində olan bu fəaliyyət sağlam xarakterlidirsə, öz xalqının və digər xalqların firəvanlığı üçün xidmət edəcək. Əgər bu siyasət qeyri-düzgün inkişaf edirsə, nəticə etibarıilə dövlətlərarası əlaqələrə əks təsir göstərəcək - bu da millətlərarası münasibətlərdə anormal təsir bağışlayır.

Belə ki, düzgün olmayan strategiya milli-dini ayrı-seçkiliyin yaranmasına gətirib çıxara bilər və nəticədə etnik partlayışın amilinə çevrilər.

Qeyd olunanların məntiqi nəticəsi kimi belə qərara gəlmək olar: “Dövlətin tarazlaşdırılmış diaspor kursu öz xalqının, dünyanın müxtəlif regionlarında məskunlaşan soydaşlarının milli təhlükəsizliyinin qarantıdır və ya diasporun problemi bütövlükdə dövlətin-xalqın problemidir”. Bundan irəli gələrək də Azərbaycan dövlətinin diaspor siyasətinin həyata keçirilməsi, diasporumuzun tarixi, fəaliyyəti və təşkilatlanması ilə bağlı elmi araşdırmalar daim  alimlərimizin diqqət mərkəzindədir. Hazırda aidəyyəti elm adamlarımız tərəfindən bu sahəyə aid 50-ə yaxın kitab nəşr olunub. Müəllif olaraq ölkəmizdə bu sahədə çox kitaba isə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı Zaur Əliyev imza atıb. Onun diasporla bağlı 4 kitabı işıq üzü görüb. Bu kitablar barədə yazmazdan öncə Z.Əliyevlə qısaca tanış olaq.

 Zaur Bilal oğlu Əliyev Ağdam rayonunda anadan olub. Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsinin bakalavr-magistr və AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aspirantura təhsil pilləsinin məzunudur. “Azərbaycan diasporu müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda siyasi elmlər üzrə fəlsəfə doktoru da  almaq üçün elmi iş müdafiə edib. “Diaspor və lobbi” Strateji Araşdırmalar Mərkəzinin sədri və təsisçisidir. Hazırda diaspor və lobbiçilik, beynəlxalq münasibətlər və siyasi elmlər üzrə tədqiqatlarını davam etdirir.

 Gənc alimin “Beynəlxalq münasibətlərdə diasporların rolu” adlı ilk kitabı 2001-ci ildə nəşr edilib. Bu kitab diaspor nəzəriyyəsi, diasporların formalaşması tarixi, lobbiçilik, regional etnosiyasi münaqişələrin həllində diasporların rolu, müasir beynəlxalq münasibətlər sistemində diasporun yeri, azərbaycanlı, yəhudi və erməni diasporlarının tarixi və bu günü, erməni soyqırımı haqda yalanlar və bununla bağlı olaraq Türkiyə arxiv sənədlərində yazılan həqiqətlər, 907-ci düzəliş, ABŞ Konqresində lobbiçilik mübarizəsi, ermənipərəst lobbistlərin adları, diaspor fəaliyyəti, Yaxın Şərqdə baş verən hadisələr və problemin həllində lobbiçilik və diasporlar arasında qarşıdurma, Azərbaycanın uğurlu xarici siyasəti, təklif, tövsiyə və digər məlumatlar öz əksini tapıb.

 Kitabda müasir beynəlxalq sistemdə dövlətlərin xarici siyasətində prioritet təşkil edən mənsəblərdən biri də diaspor quruculuğu və diasporla əməkdaşlıq məsələsi önə çəkilir. Bunun əsas səbəblərindən biri diaspor təşkilatların beynəlxalq sistemə təsir edə bilən beynəlxalq aktyorlara çevrilməsidir. Qeyd edilir ki,  Diaspor təşkilatları əsasən ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya və digər dünya siyasətinə təsir edə bilən dövlətlərdə fəaliyyət göstərirlər. Bu qrupların əsas məqsədləri öz etnik qruplarının və tarixi vətənlərinin lehinə qərarlar qəbul etdirməkdir. Dünyada təsir imkanlarına görə yəhudi, yunan və erməni diasporlarını göstərmək olar. Adı çəkilən etnik qruplar xüsusilə dünyanın super dövləti olan ABŞ-da fəaliyyət göstərir və tarixi vətənlərinin lehinə əhəmiyyətli qərarların verilməsində müstəsna rol oynayırlar.

 Kitabın birinci fəsilində diasporların formalaşması tarixindən, yəhudi diasporu, erməni diasporu, Azərbaycan diasporu bölmələri yer alıb. İkinci fəsildə regional etnosiyasi münaqişələrdə diasporların rolu, ərəb-yəhudi münaqişəsi və ərəb-yəhudi diasporlarının mövqeyi, “Erməni genosidi” və erməni-türk diasporlarının qarşıdurması, 907-ci düzəliş və erməni - azərbaycanlı diasporlarının mübarizəsindən danışılır. Müəllif Türkiyə arxiv sənədlərinə əsaslanaraq ermənilərin uydurma “genosid” siyasətinin arxasında duran qüvvələr məsələsini təhlil edir. Kitabda biz əslində 1915-ci ildə türklərin soyqırıma məruz qaldığını sübut edirik. Z.Əliyev qeyd edir ki, diasporun maliyyə, təbliğat və hərtərəfli dəstəklənməsi işinə baxan kilsə ümumdünya erməni hərəkatına istiqamət verir. Ermənistanın daxili və xarici siyasətini  nəzarətdə saxlamaqla terrorizm, lobbiçilik, ideoloji işləri dəstəkləyir. Diasporun bütün tədbirlərinə kilsə sədrliyi özü edir. Müəllif haqlı olaraq kitabda diasporların bu istiqamətlərdə üzərlərinə böyük işlər düşdüyü qənaətinə gəlir. Bu istiqamətdə isə dünya təcrübəsinə əsaslanaraq aşağıdakı təklifləri irəli sürür:

1.Lobbiçilik: bununla öz dövlətləri üçün müvafiq qərarların qəbul edilməsinə çalışmaqla, əks tərəfə zərər vurmağa nail olmaq.                                                                 2. İnformasiya mübarizəsi: Münaqişə barəsində ətraflı məlumat verməklə, özlərinə uyğun məlumatların beynəlxalq aləmə çıxışını təmin etmək. İnformasiya qələbəsi ilə artıq münaqişəni udmaq deməkdir.                           

 Müəllifin digər kitabı isə “Dünya diasporları” (nəzəriyyə və təcrübə) adlanır. 2005-ci ildə çap olunan bu kitabın məsləhətçiləri AMEA-nın prezidenti, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri Mahmud Kərimov və Böyük Britaniyanın Edinburq Universitetinin professoru, DAƏŞ-ın İdarə Heyətinin sədr müavini Qulamrza Səbri Təbrizidir.

 DAƏŞ-ın maliyyə dəstəyi ilə təqdim edilən bu kitab dünyanın aparıcı diasporlarının nəzəri və təcrübi məlumatlarını özündə birləşdirir. Bu, diasporlar barədə nəzəri və təcrübi aspektləri özündə birləşdirən ensiklopedik məlumat kitabıdır. Kitabın “Diaspor nəzəriyyəsi” adlanan ilk bölməsində bu sözün ifadə etdiyi mənalar, onun yaranma tarixi haqda ətraflı məlumat verilir. Bu bölmədə həmçinin “Diaspor və geosiyasət”, “Diaspor və lobbiçilik”, “Diaspor və din”, “Diasporlar və regional münaqişələr”, “Diaspor, milli şüur və millətçilik” kimi məsələlər təhlil edilir. Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq bu kitabda diasporun nəzəri məsələləri, lobbiçilik, diaspor və din, geosiyasət, internet və s. araşdırılıb.

Müəllif kitabda araşdırır ki, qloballaşan dünyada diaspor anlayışı beynəlxalq münasibətlərdə əhəmiyyətli amil kimi diqqət çəkir. Bu gün dünya xalqları arasında gedən sürətli inteqrasiya proseslərində diaspor təşkilatlarının rolu bu sahəyə diqqətin vacibliyini zəruri edir. Hazırda təxmini sayının 50 milyondan artıq olduğu bildirilən dünya azərbaycanlılarının böyük hissəsi Vətəndən kənarda yaşayır. Dünyanın dörd bir tərəfinə səpələnən soydaşlarımız qarşılaşdıqları problemlərə baxmayaraq, hər zaman öz milli mənsubiyyətlərini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qorumağa, tarixi Vətənlə əlaqələrini saxlamağa müvəffəq olurlar.

 “Azərbaycan diasporu” bölməsində isə xalqımızın qədim dövrdən başlanan mühacirəti və diasporumuz haqda məlumatlar yer alıb. Müstəqillik əldə etdikdən sonra Azərbaycan diasporunun fəaliyyəti, bu sahədəki problemlər, perspektivlər də kitabda öz əksini tapıb. Müəllif kitabında dünya azərbaycanlılarının birləşməsi üçün bu işi hansı istiqamətdə aparmağın yollarını göstərib. DAK, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi-F.H) səlahiyyəti barədə də məlumat öz əksini tapıb.

Müəllif kitabın sonunda yazır ki, dövlət siyasətinin əsas prioritetlərindən olan diaspor işinin təkmilləşdirilməsi 50 milyondan artıq soydaşımızın vahid ideya ətrafında sıx birləşməsi deməkdir. Qarşıda daha mühüm vəzifələr dayanır: Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün təbliğati fəaliyyəti artırmaq, ölkəmizin dünya birliyində artan nüfuzundan istifadə edərək diaspor fəaliyyətini gücləndirmək, həmvətənlərimizin məskunlaşdıqları ölkələrdə sosial-milli hüquqlarının qorunmasına çalışmaq. Bunun üçün Azərbaycana bağlılıq təkcə müqəddəs hiss kimi deyil, vətənə sədaqət rəmzi kimi daim uca tutulmalıdır.

Oxucular bu kitabı əldə etməklə Azərbaycan diasporunun yayılma coğrafiyasını öyrənmək imkanı qazana, xaricdə yaşayan soydaşlarımızın yaratdıqları qurumların, cəmiyyətlərin işi ilə yaxından tanış ola bilərlər.

Kitabda diaspor nəzəriyyəsi ilə yanaşı azəri, yəhudi, türk, çinli, ərəb, erməni və digər diasporlar barədə geniş araşdırma aparılıb. Onların mühacirət tarixi, yayılma coğrafiyası, təşkilatları, informasiya orqanları, lobbiçilik fəaliyyəti, vətənlə münasibətləri, dövlət siyasəti və s. araşdırılıb. Kitab yazarkən tədqiq edilən diasporlar ilə əlaqələr qurulması nəticəsində toplanan məlumatlardan istifadə edilib. Z.Əliyev kitabda 12 diaspor haqqında məlumat verməklə oxucuya müqayisə aparmaq imkanı yaradır. Müsahibim deyir ki, kitabı oxuyanlar bu fikrə gələcək ki, Azərbaycan diasporunda müşahidə edilən pərakəndəliyi bütün diasporların formalaşma mərhələsində görmək olar.

 Z.Əliyev bizimlə söhbətində dedi ki, kitabı yazarkən tarixi mənbələrdən istifadə etməklə yanaşı, digər müşahidə edilən pərakəndəliyi bütün diasporların formalaşma mərhələsində diasporlarla əlaqə yaratmağa nail olub. “Dünya diasporları” kitabı geniş oxucu kütləsi ilə yanaşı bu sahədə tədqiqat aparanlar üçün də zəngin məlumat mənbəyidir.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.-1-3 oktyabr.-S.10.