Azərbaycanlı ziyalıların diaspor işində rolu böyükdür

 

“Ziyalıların təşkilatlanması və daha səmərəli fəaliyyəti üçün Azərbaycan dövləti onlara hər cür yardım göstərir”

 

Hər bir xalqın mövcud olmasında, onun tarixində ziyalıların da rolu böyükdür. Azərbaycan xalqının da ziyalıları daim bu millətin inkişafında xüsusi rol oynayıb. Lakin təəssüf ki, bu insanlar elə ziyalı olduqlarına görə də bəzən təqiblərə məruz qalaraq öz doğma torpaqlarından ayrı düşüblər. Ən böyük itki isə ötən əsrin 37-ci il repressiyaları zamanı baş verdi. Elə o zamandan da öz Vətənində təqib edilən ziyalı təbəqəsi xaricə üz tutmağa məcbur oldu. Lakin bu insanlar xaricdə də öz fəaliyyəti ilə Azərbaycanın dünyada təmsil olunmasını həyata keçirdilər. Mövcud vəziyyət onları uzun müddət vətəndən kənar salsa da, onlar daim vətən üçün çalışır, Azərbaycanı qeyri-rəsmi olaraq təmsil edirdilər. Bu isə, sonradan formalaşacaq diaspor fəaliyyətinin bünövrəsinin qurulması ilə nəticələnirdi.

 Ümumiyyətlə, ziyalı sözünü araşdırdıqda, internet şəbəkəsinin ensiklopediyası hesab edilən Vikipediyada bu sözün mənşəyinin 19-cu əsrdən başladığı göstərilir. Belə ki, ziyalı(intelligent) sözü ilk dəfə olaraq 1844-cü ildə polyak K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski tərəfindən bütün savadlı təbəqənin adı olaraq işlədilib. Qərbdə isə daha çox intellektual anlayışı kimi işlədilən ziyalı sözünün tərifi isə cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsi deməkdir. Daha sonra isə bu anlayış genişləndirilərək, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsi də buraya daxil edilir. Azərbaycan dilində bu söz ilk vaxtlar osmanlıcada olduğu kimi “münəvvər” və ya ruscada olduğu kimi “intelligent” və “obrazovonnı” terminləri ifadə edilib. XX əsrin əvvəllərindən “ziyalı” sözü özünə vətəndaşlıq hüququ qazandı.

Azərbaycan ziyalısı da istər Vətəndə, istərsə də Vətəndən uzaqda daim ölkənin ictimai həyatında aktiv iştirak edərək cəmiyyətə təsir göstərməyə çalışıb. Amma, bir sıra səbəblərdən ziyalı təbəqəsi doğma vətəndən uzaqda yaşamağa məcbur olub. Azərbaycan ziyalılarının xaricə ikinci axını isə, ötən əsrin 90-cı illərində oldu. Həmin dövrdə Azərbaycan azadlığını qazansa da, ölkədəki qeyri-sabit vəziyyət, işsizlik digər vətəndaşlar kimi, ziyalı təbəqəsinin də xaricə üz tutması ilə nəticələndi. Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bir çox problemlər kimi, bu da öz həllini tapdı. Bu dövrdən sonra xaricdə yaşayan Azərbaycan ziyalısı özünü, artıq vətənindən qaçaq düşmüş kimi deyil, öz vətəninin təmsilçisi kimi hiss etməyə başladı. Təbii ki, elə həmin dövrdən başlayan diaspor quruculuğunda da ziyalı təbəqəsinin fəaliyyəti artdı. Yeni yaranan diaspor təşkilatlarının əsas hərəkətverici qüvvəsi də məhz ziyalılar oldu. Azərbaycan dövlətinin onlara dəstək verməsi, həyata keçirdikləri işləri qiymətləndirməsi isə bu fəaliyyəti bir daha stimullaşdırdı. Təsadüfi deyil ki, xaricdə yaşayan azərbaycanlı ziyalıları bir arada toplaşaraq müzakirələr aparmaq, fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və bir sıra imkanlar əldə etdilər. Ən nəhayət isə, Dünya azərbaycanlıları ziyalılarının I forumu baş tutdu. 2006-ci  il iyunun 5-də Türkiyənin Antalya şəhərində keçirilən forumda dünyanın təqribən 40 ölkəsindən 300-ə yaxın nümayəndə - azərbaycanlı ziyalılar, Azərbaycan və Türkiyənin dövlət və hökumət rəsmiləri, deputatlar, diaspor təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib.

Tədbirdə çıxış edən “Qloballaşma prosesi və milli-mənəvi dəyərlərin qorunması” mövzusunda məruzəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qloballaşan dünyada xaricdə yaşayan həmvətənlərimizdən xalqımızın mənafeyi naminə çox şey gözləyir. Onun sözlərinə görə, xaricdə yaşayan soydaşlarımızın, o cümlədən ziyalıların təşkilatlanması və daha səmərəli fəaliyyəti üçün Azərbaycan dövləti onlara hər cür yardım göstərir. Ə.Həsənov qeyd edib ki,  ümummilli lider Heydər Əliyev hələ Sovet İttifaqı dövründə xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalılarla maraqlanaraq, onların vətənlə əlaqələrinin genişlənməsi üçün müxtəlif təşkilatların yaradılmasına göstəriş verib: “Ulu öndər ölkəmizin müstəqilliyinin ilk illərində, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik edərkən Dünya azərbaycanlılarının Həmrəyliyi Gününü təsis edərək, bu əlamətdar günün Azərbaycanın milli bayramına çevrilməsinə nail olub. Dünya azərbaycanlılarının qurultayı da bu qəbildən olan tədbirlərdəndir. Heydər Əliyev bütün dünyada məskunlaşan azərbaycanlıların birləşməsinə nail oldu. Bu gün dövlətimiz dünya azərbaycanlılarını özünün milli sərvəti kimi dəyərləndirir”. O, qloballaşan dünyada milli sərhədlərin, milli-mənəvi dəyərlərin həmişə prioritet təşkil edəcəyini və bu baxımdan, azərbaycanlıların vətəndaşı olduqları ölkələrdə xalqımız və ölkəmiz haqqında müsbət imic formalaşdırmalarının zəruriliyini vurğulayıb. 

“Azərbaycan diaspor quruculuğunda və milli həmrəyliyin əldə olunmasında mədəni irsin rolu” mövzusunda məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə foruma Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verən azərbaycanlıların toplaşdıqlarını vurğulayaraq bildirib ki, Azərbaycanda 6308 mədəniyyət abidəsi var ki, bu abidələrin qorunmasında dövlət səviyyəsində işlər aparılır. Nazir, torpaqlarımızın 20 faizini işğal etmiş ermənilər tərəfindən mədəni irsimizin də təcavüzə məruz qaldığını bildirərək, xaricdə yaşayan azərbaycanlıları düşmən təbliğatına layiqli cavab vermək üçün daha fəal olmağa çağırıb (diaspora.gov.az).

Daha sonra forum iştirakçılarının prezident İlham Əliyevə müraciəti qəbul edilib. Müraciətdə deyilir ki, Azərbaycanda milli dövlətçilik ənənələrinin qorunub möhkəmlənməsi, demokratik dəyərlərin bərqərar olması, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılmış uğurlu addımlar respublikamızın dünya birliyinə inteqrasiyasının sürətlənməsinə təkan verərək, onun nüfuzunu artırıb: “Ölkəmizin iqtisadi-siyasi, sosial-mədəni sahələrdə əldə etdiyi nailiyyətlər onun hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlının qəlbini böyük qürur  hissi ilə doldurur, soydaşlarımızın doğma Vətənə bağlılığını artırır, xalqımızın ümumi tərəqqisinə,  milli həmrəyliyin inkişafına xüsusi təkan verir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Sizin uğurla davam etdirməkdə olduğunuz azərbaycançılıq ideyalarının təşəkkülü eyni zamanda, xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların bu prosesdə fəal iştirakından çox asılıdır. Azərbaycan ziyalısı tarix boyu ümummilli əhəmiyyət daşıyan proseslərin ön sıralarında gedən aparıcı qüvvə olub. Xalqımızın keşməkeşli və zəngin tarixi bunu dəfələrlə sübut edib”.

XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının  əksəriyyətinin məhz ziyalı təbəqəsinin nümayəndələri olduğu diqqətə çatdırılan müraciətdə cümhuriyyətin süqutundan sonra amansız bolşevik repressiyyaları, totalitar sovet sisteminin təqibləri nəticəsində minlərlə ziyalımızın məhv edildiyi, bir qismi isə ölkəni tərk etməyə məcbur olduğu vurğulanıb.

“Lakin bütün təzyiqlərə, mənəvi sıxıntılara baxmayaraq, xalqımızın mənəvi sərvəti  olan intellektual potensial tükənməmiş, milli məfkurəçiliyin inkişafında, cəmiyyəti ümumi mənafelər ətrafında birləşdirəcək idealların müəyyənləşdirilməsində həlledici rol oynayıb. Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycanda baş vermiş müsbət ictimai-siyasi proseslər - milli dövlət quruculuğunun konseptual əsaslarının müəyyənləşdirilməsi, ölkədə sabitliyin bərqərar edilməsi, iqtisadi inkişaf yoluna qədəm qoyması Azərbaycan ziyalılarının nə qədər doğru bir addım atdığını təsdiqlədi. Hələ Sovetlər İttifaqı dönəmində yüzlərlə azərbaycanlını totalitar sistemin təqib və repressiyalarından qorumuş Heydər Əliyev təcrübəli dövlət xadimi və böyük siyasətçi olaraq ziyalıların cəmiyyətin inkişafında rolunu həmişə yüksək qiymətləndirib, onlara hərtərəfli qayğı göstərib. O, həmişə ziyalıların  rəyini nəzərə alır, fikirlərini dinləyir,  hər birinə qarşı həssaslıqla yanaşırdı.  Heydər Əliyev bir şəxsiyyət olaraq əsl azərbaycanlı ziyalısına məxsus bütün keyfiyyətləri özündə təcəssüm etdirən təkrarsız insan, qayğıkeş rəhbər idi”- deyə müraciətdə bildirilib.

Bu forumun təşkili məhz Prezident İlham Əliyevin ziyalılar təbəqəsinə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilən müraciətdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, soydaşlarımızın doğma vətənlə əlaqələrinin daha da inkişaf etdirilməsi,  dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşdirilməsi istiqamətində dövlət başçısının səyləri ürəkdən alqışlanır. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, milli dövlətçiliyimizin ideoloji-siyasi və sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsi naminə görülən işlərin ölkəmizi dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxaracağına əminlik qeyd olunur. 

Forumun sonunda bəyanat da qəbul edilib. Bəyanatda isə forum iştirakçıları müxtəlif ölkələrdə yaşayan soydaşlarımıza, eləcə   elm mədəniyyət xadimlərinə, yaradıcı şəxslərə müraciət edərək, onları azərbaycançılıq ideyalarının təbliği, həmvətənlərimiz arasında milli həmrəyliyin, mənəvi dəyərlərin möhkəmləndirilməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində fəal iştirak etməyə çağıraraq bildirirlər ki, dünyada yaşayan azərbaycanlı ziyalılar Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarını, ölkəmizin dünya birliyinə inteqrasiyası prosesini, Dağlıq Qarabağ münaqişəsinin həlli, milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti dəstəkləyirlər. Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı məsələlər yalnız Azərbaycanın daxilində müzakirə olunmalı olduğunun vacibliyi vuğulanan bəyanatda azərbaycanlı ziyalılar məskunlaşdıqları  ölkələrdə fəaliyyət göstərən Azərbaycan icmaları ilə əlaqələri daha da möhkəmləndirməyə  dəvət edilir. Həmçinin Azərbaycanlı ziyalıların yaşadıqları dövlətlərin ictimai-siyasi həyatında fəal iştirak etmək tövsiyə  edilir. Forum iştirakçıları dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı ziyalıları - elm mədəniyyət xadimlərini Azərbaycan diasporunun təşkilatlanması, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası istiqamətində səylərini gücləndirməyə çağırır. Qeyd edilir ki, forum Azərbaycan həqiqətlərinin, xalqımızın zəngin mənəvi irsinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən bədii əsərlərin, incəsənət nümunələrinin yaradılmasını xarici ölkələrdə təbliğini, eyni zamanda bu istiqamətdə elmi araşdırmaların  nəticələrinin yayılmasını ideoloji mübarizədə əsas amil hesab edir Azərbaycanın müvafiq dövlət hökumət strukturlarının bu işdə ziyalılara lazımi dəstək verəcəyinə əminliyini bildirir. Azərbaycanlı ziyalıların diaspor işində rolunun böyüklüyü qeyd olunur.

Forumun gedişi zamanıAzərbaycan ədəbiyyatının antologiyasıkompakt diskin təqdimatı da həyata keçirilib. Kompakt diskdə toplanmış əsərlər şifahi xalq ədəbiyyatından başlayaraq, orta əsr klassik irsini əhatə edir, XII-XIX əsrlərin görkəmli şair mütəfəkkirlərinin yaradıcılığı barədə məlumat verilir.  Təqdimat mərasimində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan türk diaspor təşkilatlarının rəhbərləri, tanınmış azərbaycanlı ziyalılar, mədəniyyət incəsənət xadimləri, Azərbaycanın Türkiyənin dövlət hökumət nümayəndələri, parlamentlərin üzvləri, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. 

Forumda o da qeyd olunub ki, Azərbaycan ziyalısı obrazı bu gün hər bir soydaşımızın düşüncəsində nurlu, işıqlı fikirlərə malik olan, yüksək mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən, ən mürəkkəb şəraitlərdə xalqa düzgün yol göstərən ləyaqətli vətəndaş, şəxsiyyət  anlayışını  təcəssüm etdirir: “Zəngin tarixi irsə malik Azərbaycan xalqı ötən dövrdə  dünya mədəniyyətinə misilsiz töhfələr vermiş yüzlərlə ziyalı yetiribdir. Onların bir çoxunun adı bu gün bəşəriyyətin ünlü simalarının sırasındadır. Azərbaycan ziyalısı Azərbaycan xalqı üçün əvəzolunmaz milli sərvət ləyaqət rəmzidir”.

Göründüyü kimi, azərbaycanlı ziyalılar Azərbaycanın diaspor fəaliyyətinə öz töhfələrini verirlər. Təbii ki, burada dövlətin onlara qayğısının, diqqətinin xüsusi rolu var. Ən azından, hər bir azərbaycanlı ziyalı Azərbaycan kimi dövləti olduğu üçün qürur hissi keçirir. Onlar daha özlərini ehtiyac, yaxud da təqiblər üzündən vətəni tərk edənlər deyil, doğma Vətənin təmsilçiləri hesab edirlər. 

 

 

Asif NƏRİMANLI

 

Paritet.- 2011.- 4-5 oktyabr.- S.10.