Təbriz kənardan
necə görünür?
Azərbaycanın tarixi paytaxtında
türk jurnalistinin maraqlı təəssüratları olub
Bülbül zar-zar ağlar
çəməndən ayrı ,
İnsan deyib-gülməz
Vətəndən
ayrı,
Can necə yaşasın
bədəndən
ayrı?
Aç öz ürəyini,
danış, Təbrizim,
Olum dərdlərinə tanış,
Təbrizim!
(Süleyman Rüstəm).
İndiyə qədər xaricdə yaşayan həmvətənlərimizdən
hazırladığımız yazılarda, onların qürbətə
getmə səbəblərinə, yaşadıqları ölkədə
Azərbaycan həqiqətlərini hansı səviyyədə
təbliğ etmələrinə, uğurlarına və
problemlərinə diqqət çəkməyə
çalışmışıq. Yəqin ki,
yuxarıdakı şeiri oxuyanda budəfəki qəhramanımın
Təbriz olacağını bildiniz. Mən
qədim şəhərimizə, Türkiyənin “Hürriyet”
qəzetinin əməkdaşının gözləri ilə
baxacağam. Onun tarixi paytaxtımıza səfər
etməsi, qarşılaşdığı hadisələr və
onda yaranan təəssüratlar yəqin ki, sizlər
üçün də maraqlı olar.
Əvvəla, nəinki Təbriz, ümumiyyətlə, Cənubi
Azərbaycanda baş verən hadisələr, həmvətənlərimizin
həyat tərzi, tarixi abidələrimiz haqqında Şimalda
yaşayan sadə insanlarımız kifayət qədər məlumatlı
deyillər. Çünki hər kəsin ora səfər etməyə
imkanı, vaxtı olmur. Eyni zamanda
İrandakı rejim, Cənubi Azərbaycanı informasiya
blokadasında saxlayır. Orada fəaliyyət
göstərən mətbu orqanlar, televiziyalar əsasən
antiazərbaycan təbliğatı aparmaqla məşğuldur.
Bu baxımdan “Hürriyet” qəzetinin əməkdaşı
Gülcan Ağbozun səfəri kifayət qədər
maraqlıdır.
İlk öncə qeyd edim ki, Cənubi Azərbaycanda ən
emosional şəhər məhz Təbriz hesab olunur. İki əsrə
yaxın Azərbaycan dilində məktəb, universitetlərin
fəaliyyət göstərməməsinə rəğmən
buranı farslaşdırmaq mümkün olmayıb. Mütəmadi olaraq baş verən üsyanlar əhalinin
də əsarəti qəbul etmək niyyətində
olmadığını göstərir. Bununla
belə, Təbriz həm də İranın ilhamverici qüvvəsi
hesab olunur. 1978-79-cu illər
inqilabının qalibiyyətlə yekunlaşmasında Təbriz
müstəsna rol oynayıb.
Hazırda
orada yaşayan həmvətənlərimizin heç bir
hüququ olmasa da, mübarizə aparıb, yaşamağa davam edirlər. Türk
jurnalistini ən çox təəccübləndirən də
bu olub: ”Təbrizdə qaldığım
bir neçə gündə əmin oldum ki, şairlərin
şahı, əbəbiyyat vurğunu olan Təbriz əhalisinin
ruhunda heç bir dəyişiklik yoxdur. Bura
İranın bütün şəhərlərindən kəskin
fərqlənir. Dükanlarda, küçələrdə,
çayxanalarda, mehmanxanalarda hər kəs azəricə
danışırlar. Halbuki bu dil məktəblərdə
tədris olunmur. O zaman məlum olur ki, insanların öz
dillərini sevməsi təhsillə yox, ruhla bağlı məsələdir”.
O etiraf edir ki, burada
qaldığı müddətdə dillə bağlı
heç bir problemlə üzləşməyib. Bundan başqa həmvətənlərimiz Şimalda
olduğu kimi Türkiyə vətəndaşlarını həmişə
seviblər.
“İsfahan,
nesf-e-cəhan”-İsfahan dünyanın yarısıdır. Farsların düşüncə tərzinə
görə bu həqiqətdir. Amma təbrizlilər, “Təbriz
olmasaydı nəinki İsfahan, İranın əksər
şəhərləri indi tarixin arxivinə
gömülmüşdü”, deyirlər: ”Bunun nə dərəcədə
həqiqət olduğunu bilməsəm də, Təbrizə
daxil olanda, İranın ən qiymətli şəhərinin məhz
bura olduğunu gördüm. Burada hava insanlardan
fərqli olaraq çox dəyişkəndir. Yağışın ardınca günəş,
bunun ardınca külək, daha sonra yarpaqların belə tərpənmədiyi
sakit hava müşahidə olunur. Bir
sözlə 24 saat ərzində burada hava bir neçə dəfə
dəyişir. İnsanların həyat tərzində ən
qəribəsi isə odur ki, burada fars
kanallarına demək olar ki, baxmırlar. Sanki hər
kəs bir-birinə söz verib. Daha
çox türk kanallarına baxırlar. Bu
üzdən də hansı evə getsən, ya da taksiyə
minsən, türk müğənnilərinin
mahnısını eşidəcəksən. Ən çox sevdikləri isə İbrahim
Tatlısəsdir. Hətta türk
olduğumu bilib, bir neçə dəfə vəziyyətini
də soruşdular. Bir də burada türklərin
qədim çalğı aləti olan sazı çox sevirlər.
Ümumiyyətlə, burada əhali şeir-sənət
vurğundur”.
G.Ağboz yazır ki, şəhərdə ilk
qarşılaşdığı “El gölü” olub və
buradakı mənzərəyə heyran qalıb. Ona verilən məlumata
görə,
göl Rza şah Pəhləvi tərəfindən
salınıb, amma təbrizlilər onu qətiyyən sevmirlər.
Çünki o, xarici qüvvələrə
işləməklə bərabər İranda yaşayan azərbaycanlılara
qəddarlığı ilə seçilib. Bununla belə göl əhali arasında yenə də
“Şah gölü” kimi adlandırılır. “El
gölü” isə onun sadə vətəndaşların
ixtiyarında olmasına görə deyilir: ”Burada
gölün ortasında restoran fəaliyyət göstərir.
Ətraf yaşıllıqlar içərisindədir.
Yuxarıya pilləkən qalxır və burada
da böyük bir parkla qarşılaşırsan. Olduqca gözəl görünüşü olan
göl baxanları sadəcə heyran edir. Təbrizlilərin
ən çox sevdikləri yer məhz buradır. Amma buranın başqa özəllikləri də
var. Gənclərin internetdən istifadə imkanları məhdud
olduğundan, qızla oğlanın tanışlıq yeri də
bura hesab olunur. Bir-birini bəyənən gənclər
telefon nömrələrini götürüb, tanış
olurlar. Çünki Türkiyədən fərqli olaraq
İranda qızla oğlanın harada istəsələr, tanış olması yasaqdır. Burada avtobuslarda belə qadınlar üçün
ayrıca yer ayrılıb. Yəni nəzarət
çox güclüdür. Şübhəsiz,
bütün bunlar İranın dini dövlət olması ilə
bağlıdır. Amma reallıq ondan ibarətdir
ki, heç bir sərt qayda təbrizliləri istədiklərini
etməkdən çəkindirə bilməyib. Onlar hər zaman olduğu kimi deyib-gülən,
zarafatcıldırlar. Sanki onların
İrana heç bir aidiyyatı yoxdur. Qısası,
Təbriz əhalisi azad yaşamağı sevir. Onlara nəyisə qadağan etsən, bilərəkdən
ona qarşı gedəcəklər. Bu
yolda heç bir şey onları qorxuda bilməz. Bu üzdən İranın digər şəhərlərinə
nisbətən, burada sadə insanların həyat tərzinə
o qədər də müdaxilə edilmir. Görünür,
bunun mümkünsüz olduğunu anlayırlar”.
Bundan sonra jurnalist diqqəti Təbriz qalasına yönəldir. Onun sözlərinə
görə, tarixi abidə şəhərin mərkəzində
yerləşir. Hündürlüyü 28
metrə çatan qala divarları, Diyarbəkirdəki tarixi
qalanı xatırladır. Bu isə
memarlıq üslubunun oxşar olduğunu göstərir.
Bu tikilinin Səfəvilər dövründə
inşa olunduğu deyilir. Sonradan bir
neçə dəfə təmir olunmuş qala, hazırda qiymətli
abidə kimi qorunur.
O, daha
sonra Şairlər Məzarlığından bəhs edir: ”Təbrizlilər fəxrlə deyirlər ki,
şairlər məzarlığı dünyada ancaq
buradadır. Bura ayaq basanda ən çox diqqəti
çəkən Məhəmməd Hüseyn Şəhriyarın
məqbərəsi olur. Təbrizdə onun
qədər sevilən ikinci şair yoxdur. Təbii
ki, burada gördüyüm mənzərədən sonra
şairin evini də görmək qərarına gəldim.
Bir halda ki, təbrizlilər Şəhriyarı
bu qədər sevirlər, demək, bu təsadüfi deyil.
Amma ora getməzdən öncə diqqətimi
bir cami çəkdi. İmam Seyyid Həmzə
Türbəsi olduğunu öyrənib, ora girmək qərarına
gəldim. Amma burada qadınların
içəri girməsi xeyli problem yaradır. Gərək elə geyinəsən ki, gözlərindən
başqa heç yerin görünməsin. Mən bundan imtina etdim. Başımın
bağlı olduğunu deyib, örtük almadım. Turist, həm də türk olduğuma görə
güzəştə getdilər. Burada
şəkil çəkmək də yasaq idi. Amma mən bura dua etməyə yox, abidənin qədimliyinə,
gözəlliyinə baxmağa gəlmişdim. Odur ki, şəkil çəkməliydim. Buna da icazə verildi. İçəridəki
qadınları çəkməmək şərti ilə.
Burada bir daha əmin oldum ki, təbrizlilərə
nəyisə qanun kimi qəbul etdirmək mümkün deyil.
Sən qonaqsansa və türksənsə, istədiyinə
icazə verəcəklər. O, şərtlə ki, vəziyyətdən
sui-istifadə etməyəsən”.
Gülcan xanım bundan sonra Şəhriyarın evinə
getməyindən danışır. Bura dar küçələri
keçib getmək lazım gəlir. Evsə
çox balacadır, amma şairə olan sevgi, buranın daim
qonaqlı-qaralı olmasına səbəb olur. Küçə qapısında Şəhriyarın
şəkili vurulub, həyətə girəndə ilk
qarşıya çıxan balaca hovuz olur. Buranın xüsusi xidmətçiləri
olduğundan həyət çox səliqəli qalıb.
Şair evdə necə yaşayıbsa, elə o
cür də qalıb. Demək olar ki,
heç bir əlavə edilməyib. Şairin
kitabxanası, şəxsi əşyaları, əlyazmaları
olduğu kimi qorunur. İçəridə
divarda çərçivəyə salınmış
şeir isə daha çox diqqət çəkir. Şəhriyar
bunu məşhur sufi mütəfəkkiri Şəms Təbrizi
üçün yazıb. Təbrizlilərin onu sevməyinin əsas səbəbi
isə şairin təbrizli olması və şeirlərini
daha çox Azərbaycan dilində yazmasıdır. Bundan
başqa evdə şairin öz dili ilə dediyi “Heydər
Baba” şeiri dayanmadan səsləndirilir:
“Şairin şeiri tam deməsi üçün bir
saatdan çox gözləməli oldum. Çox təsirli
şeirdi. Burada məlumat verildi ki, “Heydər
Baba” yalnız Cənubda yox, həm də Şimalda çox
böyük əks-sədaya səbəb olub. Şeir sonradan 92
dilə tərcümə olunub. Sözügedən
əsərin Türkiyədə də çox sevildiyini, məktəblərdə
tədris olunduğunu deməyimsə, ordakı insanları
çox təsirləndirdi. Görünür,
bunu bilmirlərmiş”.
Onun sözlərinə görə, Təbrizin özəl
xüsusiyyətlərindən biri də turist olduğunu biləndə,
evlərinə dəvət etmələri olur. Səni tanımasalar belə
Təbrizə gəlmisənsə, demək, təbrizlilər
səni öz qonaqları hesab edəcək: ”Burada
danışılan dil Şimali Azərbaycanda
danışılan dildən az da olsa fərqlənir. Doğrudur, hər kəs
bir-birini anlayacaq tərzdə danışır. Amma danışanın Şimaldan, yoxsa Cənubdan
olduğunu asanlıqla təyin etmək olur”.
Məhəmməd TAĞIYEV
Paritet.- 2011.-4-5 oktyabr.- S.12.