Türkdilli diaspor faktına qlobal bir baxış

 

“Bu gün türk xalqlarının əməkdaşlığının elmi cəhətdən öyrənilməsinə və tədqiq edilməsinə ehtiyac vardır”

 

 II yazı

 

Zaur Əliyevin üçüncü kitabı diaspor mövzusu ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulub. Nəşr Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi-F.H) dəstəyi ilə çap olunub.  2007-ci ildə işıq üzü görən və Komitə sədri Nazim İbrahimovun və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun məsləhəti ilə hazırlanan  “Diaspor- izahlı  sözlük və məlumat kitabı”nda diaspora aid nəzəri və təcrübi məlumatlar, eyni zamanda, lobbiçilik, miqrasiya və bu kimi termin və anlayışlar barədə də geniş izahlar verilib.

Kitabda terminlərdən əlavə xaricdəki diaspor təşkilatları, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun,  Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər), bu mövzu ilə bağlı Azərbaycanda nəşr edilən kitabların adları, diasporumuza məxsus saytların ünvanları, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının tərkibi, “Ginnesin rekordlar kitabı”na düşən soydaşlarımızın adları, müxtəlif xalqların diaspor təşkilatları, diaspor quruculuğu barədə nəzəri fikirlər, təcrübi işlər və digər məlumatlar da toplanıb. Kitabda toplanmış termin və anlayışlar birbaşa və dolayısı olaraq diaspor tədqiqatında və işində istifadə edilir. Əsərdə müraciət edilən hər bir kitab, mənbə, fikir və sitatda diaspor mövzusunu tədqiq edən alimlər qeyd edilən termin və anlayışlardan istifadə ediblər.

 Diaspor siyasətinin ölkəmizdə elmi səviyyədə aparılmasında mövcud olan problemlər; ədəbiyyat qıtlığı, mövzuya müxtəlif aspektlərdən yanaşma halları,  KİV-də analitik yazıların azlığı, xarici ədəbiyyatların ana dilimizə tərcümə edilməməsi və s. səbəblər tədqiqatlar üçün ciddi əngəllər yaradırdı. Bunu nəzərə alan müəllif Amerika Birləşmiş Ştatları, Böyük Britaniya,  Rusiya, Fransa, Skandinav ölkələri, İsrail və s. ölkələrin kitabxanaları, internet saytları və ali məktəb dərslikləri arasında diaspor və onunla bağlı anlayışları özündə cəmləşdirən bir kitabı hazırlamaqla çalışıb ki, bu boşluğu aradan götürsün. Kitabın hazırlanması prosesində Azərbaycan, rus, ingilis, fransız, yəhudi, alman, türk, ərəb, ispan və ukrayna dillərində olan ədəbiyyatlardan, mənbələrdən və analitik yazılardan istifadə edilib.

 Xatırladılır ki, dünyanın hansı nöqtəsində yaşamasından, siyasi mənsubiyyətindən, dünyagörüşündən, vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq, özünü türk kimi dərk edən hər bir şəxs üçün türk dünyasının birliyi ən ali ideallar sırasında dayanır. Azərbaycan və türk dövlətlərinin icmaları bu birliyin yeni formulunu yaradırlar. Prezident İlham Əliyevin Türk Dövlət və Cəmiyyətlərinin X Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında söylədiyi kimi, “Biz hücuma keçməliyik”. Təcrübə göstərir ki, müdafiə geriliyə, ətalətə sürükləyir. Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətinin qayəsində məhz bu şüar dayanacaq.  Bu baxımdan təqdim edilən kitab türk xalqlarının mənəvi-psixoloji baxımdan daha da yaxınlaşması, türk xalqları arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi üçün qloballaşma dövrünün tələblərini nəzərə alan ümumi ideoloji zəminin yaradılması baxımından mühümdür.

 Xarici ölkələrdə məskunlaşmış türk xalqları arasında ortaq mənafe naminə əlaqələrin qurulması da bu gün xüsusən əhəmiyyətlidir. Etnomədəni yaxınlıq, eyni zamanda ortaq iqtisadi, siyasi problemlər bu yanaşmanın zəruriliyini önə çəkməkdədir. Azərbaycanlılara və Anadolu türklərinə qarşı yönəldilmiş əks təbliğatın neytrallaşdırılması, əsassız iddia və böhtanların aradan qaldırılmasında bu birlik və diaspor təşkilatları arasında sıx əməkdaşlıq günün tələbidir.

Bu gün türk xalqlarının əməkdaşlığının elmi cəhətdən öyrənilməsinə və tədqiq edilməsinə ehtiyac var. Xalqlar arasında əməkdaşlığın yaranması üçün mövcud problemlərin öyrənilərək həlli yollarının göstərilməsi yaxın gələcəkdə güclü türk birliyinin yaranmasını zəruri edir. Bu baxımdan Z.Əliyevin müəllifi olduğu “Türkdilli xalqların diasporları” kitabı öz aktuallığı ilə seçilir.

2009-ci ildə ərsəyə gələn kitabda türkdilli xalqların diasporları, onların  məskunlaşma coğrafiyası, tarixi, təşkilati strukturu, müasir durumu ilə bağlı məlumatlar toplanıb.  Nəşrdə türkdilli dövlətlərin xarici siyasətinin formalaşmasında, türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor amilinin rolunu əks etdirən məqamlara da toxunulub.

Diqqətçəkən məqamlardan biri Avropa Mədəniyyət və Cəmiyyət Mərkəzinin, eləcə də Strasburq Universitetinin Türk tədqiqatları şöbəsinin müdiri Stefan de Tapianın kitaba rəy bildirməsidir. Rəydə deyilir ki, Z.Əliyevin bu tədqiqatı dünyada türkdilli diaspor faktına qlobal bir baxışdır: “Bu tədqiqat Balkanlardan Şimali Sibirə qədər uzanan ərazidə yayılan və əsasən 1960-cı ildən Türkiyə türklərinin mobil əhali qismində hər yana səpələnməsilə yaranmış türkdilli dünyanın tarixi və coğrafiyasını əhatə edir və real faktlara əsaslanır. Tarixlərinin müxtəlifliyi sayəsində türk dünyası xalqlarının dil birliyi mürəkkəbdir. Bunun mahiyyətində siyasi çalar olsa da, təbii ki, siyasi reallıq deyildir. Lakin fakt faktlığında qalır: 1923-cü ildən milli dövlətini quran Türkiyədə və ilk milli dövlətini 1918-20-ci illərdə quran, ikinci dəfə isə 1992-ci ildə bərpa edən Azərbaycan Respublikasında, habelə bir neçə dövlətdə türk dilləri rəsmi dildir”.  Stefan de Tapiaya görə, Z.Əliyevin məqalələri Qərbi Avropada az tanınan bu sahənin, şübhəsiz, inkişafından xəbər verir: “Yeni kitabında müəllif sevimli mövzusuna sadiq qalaraq “Azərbaycan diasporu”nun (səh.14-159), “Diasporun beynəlxalq münasibətlərdə rolu” üzrə dissertasiya mövzusunda “diasporlar”-Türkiyə (səh.152-174),  qazax (səh.175-193), qırğız (səh.194-215), özbək (səh.216-230), türkmən (səh. 231-241) və tatar (səh. 246-270)  öyrənilməsinə həsr edir. SSRİ-nin dağılmasından sonrakı dövrü tədqiqat obyekti seçən müəllif türk və tatar diasporlarına ayrıca bölmə həsr edib, çünki türklər sovetin təsir dairəsindən həmişə uzaq olublar.  1950-ci ildən Pekin hakimiyyəti altında tipik diaspor həyatı yaşayan  Sincan uyğurlarına nə üçün diqqət ayrılmasın? Bu region tez-tez yerli əhali ilə çinlilər və Pekin hakimiyyəti arasında ciddi toqquşmalara məruz qalır”.

Şöbə müdiri “Türkdilli xalqların diasporları” kitabının türkdilli əhalinin xüsusi halını ehtiva etdiyini vurğulayıb. “Zaur Əliyevin tədqiqatları düşüncədə “diaspor” anlayışını yaratmaqla yanaşı, Azərbaycanda və ümumiyyətlə, dünyada müxtəlif diaspor meylləri haqqında oxucunun təsəvvür və bilgi almasına kömək edir”, deyə o bildirib.

 Qeyd edək ki, kitab azərbaycanlıların və türklərin məskunlaşdıqları ölkələrdə ictimai-siyasi həyatda iştirak səviyyəsinin yüksəldilməsi, müxtəlif ölkələrin seçkili orqanlarında və hökumət strukturlarında təmsil olunan türk və azərbaycanlı siyasi xadimlərlə əlaqələrin genişləndirilməsi, icma üzvlərinin sosial və hüquqi müdafiəsini yaxşılaşdırmaq, vətəndaşlıq məsələlərində ortaya çıxan problemləri aradan qaldırmaq məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin və məsləhətləşmələrin aparılması ilə bağlı vahid mexanizmin müəyyənləşdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsinə xidmət edir.

Müəllif kitabda haqlı olaraq  qeyd edir ki, azəri və türk icmaları arasında getdikcə inkişaf etməkdə olan əməkdaşlıq əlaqələri  güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün zəmin rolunu oynamaqdadır. Müasir dünyanın reallıqlarından çıxış edərək, tam məsuliyyətlə demək olar ki, hazırkı şəraitdə Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın inkişafı hər iki xalqın maraqlarına xidmət edir. Türkiyə ilə Azərbaycanın milli mənafeləri, dövlət maraqları, tarixin sınaqlarından çıxmış dostluq telləri iki xalqın diasporlarının sıx əməkdaşlığını, taleyüklü məsələlərin həllində birgə fəaliyyətini zərurətə çevirmişdir. Azərbaycanlı və türk diaspor təşkilatlarının əməkdaşlığı iki qardaş xalqın maraqlarının dünya miqyasında etibarlı müdafiəsinə stimul verən mühüm amil kimi qiymətləndirilməyə layiqdir.

Z.Əliyevin qənaətinə görə, türk birliyinin möhkəmlənməsində nümunə olan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı erməni lobbisinə qarşı aparılan birgə mübarizənin də əsasını təşkil edir. “Erməni soyqırımı”nın ifşa olunması istiqamətində iki dövlət, bir millət olan türk-Azərbaycan diasporunun həyata keçirdiyi birgə aksiyalar, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər bu birliyin təzahürüdür.

Müdafiə taktikasını ideoloji hücum taktikası ilə əvəz etməyi tövsiyə edən cənab İlham Əliyevin diaspor təşkilatlarına göstərdiyi qayğı da bu strategiyanın əsas istiqamətlərindəndir.

Xatırladaq ki, bu kitab türkdilli xalqların tarixini və diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-  2011.-6-7 oktyabr.- S.10.