Fransada Azərbaycanı niyə yetərincə tanımırlar?

 

Sevda Azər: “Parisdə ölkəmizlə bağlı mədəniyyət mərkəzi açılmalıdır”

 

İstənilən dövlətin əsas gücü onun təhsilinin səviyyəsi ilə ölçülür. Bu sahədə Azərbaycan son illər kifayət qədər inkişaf yolu keçib. Əhalinin güzəranı yaxşılaşdıqca, gənclər daha xaricdə təhsil almaq imkanı əldə edirlər. Bu isə, şübhəsiz, Azərbaycan diasporunun güclənib, inkişaf etməsi ilə müşahidə olunur. Xaricdə yaşayan soydaşlarımızin birləşib, daha da güclənməsi üçün təhsilin çox böyük önəmi var.

Amma diasporumuz heç də yalnız Şimaldan gedən soydaşlarımızdan ibarət deyil. Cənubi Azərbaycandan, müxtəlif məqsədlərlə qürbətə üz tutan azərbaycanlıları orada bir məqsəd birləşdirir. Vahid, qüdrətli, bölünməz Azərbaycan naminə xidmət etmək. Burada cənub, şimal söhbəti heç bir önəm daşımır. Cənubi Azərbaycandan olan soydaşlarımızın hüquqları ilə Dağlıq Qarabağ, erməni yalanlarına qarşı mübarizədə bir-birindən ayrılmır.

Bu dəfə söhbət açacağım müsahibim, əslən Cənubi Azərbaycanın Səbistan bölgəsindən (Təbrizin 25 km-də yerləşir) olan Sevda Azərdir. O, dünyaya Tehranda göz açıb. Ziyalı ailəsində böyüdüyü üçün təhsilə marağı uşaqlıq çağlarından yaranıb. Çəkdiyi zəhmətin müqabilində Tehran Universitetinin fransız dili fakültəsinə daxil olur. Universiteti əla qiymətlərlə bitirdiyindən və fransız dilini mükəmməl bildiyindən Fransada təhsilini davam etdirmək hüququnu qazanır. Parisdə əvvəlcə magistraturanı uğurla bitirib, doktoranturaya daxil olur. Amma Sevda xanım burada yalnız təhsil almaqla kifayətlənmir. Azərbaycan həqiqətlərini yaşadığı cəmiyyətin ictimaiyyətinə çatdırmaq üçün geniş fəaliyyətə başlayır.

  Onun tez-tez İrana gedib-gəldiyini, ailəsinin orada yaşamasını nəzərə alaraq, Cənubi Azərbaycanla bağlı hər hansı sual soruşmadıq. Həmsöhbətim özü etiraf etdi ki, bu, ona hansısa problem yarada bilər. Bu baxımdan şəklinin də qəzetdə verilməsini istəmədi. Heç biz də təkid etmədik və söhbətimizi Şimali Azərbaycan üzərində qurduq. Onun fikirlərinin sizlər üçün də maraqlı olacağını düşünüb, müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.

Azərbaycan diasporu ilə əlaqələriniz nə zamandan yaranıb? Və burada fəaliyyətiniz nədən ibarətdir?

-Təxminən Fransaya gələndən iki-üç il sonra burada yaşayan soydaşlarımızla geniş əlaqəm yaranıb. Bütün azərbaycanlılar zəncirvari şəkildə bir-birləri ilə bağlıdır. Hər hansı toplantı, tədbir olsa dərhal xəbər tutub, iştirak edirik. Buradakı diasporla çox sıx əlaqələrim var. Mütəmadi olaraq müxtəlif səpkili tədbirlər, aksiyalar, konsertlər gerçəkləşdirilir. Təbii ki, bütün bunlar Azərbaycanın tanıdılıb, təbliğ olunması üçün baş verir. Keçən il Xocalı soyqırımına həsr olunmuş irimiqyaslı tədbir gerçəkləşdirdik. Keçirilən aksiyalarla bərabər, həm azərbaycanlıların, həm də fransızların imzasını toplayıb, Parlamentə göndərdik ki, əsrin ən dəhşətli faciəsini soyqırım kimi tanısınlar. Təbii ki, bu cür aksiyalar mütəmadi olaraq keçirilməlidir ki, effektiv nəticəsi olsun. Düşünürəm ki, gələcəkdə haqq, ədalət öz yerini tapacaq. Hər şeyə zaman və yorulmaz fəaliyyət lazımdır.

Keçən il YUNESKO-nun qərargahında həm də Novruz bayramı qeyd olundu. Çox şadam ki, məni də bura dəvət etmişdilər. Fikrimcə, bu kimi yığıncaqlar ölkəmizin tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. Çünki ora Fransanın nüfuzlu şəxsləri də dəvət olunur. Tariximiz, adət-ənənələrimiz, mətbəximiz, mədəniyyətimiz barədə geniş məlumat əldə edirlər.

Bundan başqa, universitetdə münasibətdə olduğum tələbələrə, müəllimlərə Dağlıq Qarabağ münaqişəsi, erməni vəhşiliyi ilə bağlı mütəmadi məlumatlar verirəm. Bununla belə gördüyüm işləri o qədər də yetərli hesab etmirəm. Çünki məsələ heç də məlumatlarla bitmir. Burada demək olar ki, dünyanın əksər yerlərindən tələbə var. Hər kəsin Azərbaycan haqqında düşünməsi qeyri-mümkündür. Bu baxımdan fikrimcə, daha ciddi işlər görülməlidir. Adi tələbənin imkanlarının məhdud olduğunu desəm, yəqin ki, yeni bir şey kəşf etmərəm. Məsələn burada daimi toplaşmağımız üçün yerimiz yoxdur. Halbuki bu olsaydı, dostlarımızı dəvət edib, ölkəmiz haqqında daha dolğun məlumat verər, onları nə iləsə cəlb edərdik. Misal üçün, Azərbaycan musiqisinin özəlliyi, xalçalarımızın qeyri-adiliyini və s. kimi şeyləri göstərməklə onları cəlb etmək olardı. Təbii ki, söhbət universitetdən gedir. Diasporumuzun imkanları nəyə qadirdir, bu tamam başqa məsələdir. Burada tələbələr hansısa ölkənin maraqlarına xidmət edən, siyasi təşkilatlara meyl göstərmirlər. Universitet daxilində mədəniyyətlə bağlı hansısa imkanlar yaradılmalıdır ki, ölkəmizlə bağlı əməli işlər görə bilək.

-Fransada Azərbaycanın nüfuzu nə dərəcədə güclüdür? Erməni diasporu ilə müqayisədə çatışmayan cəhətlərimiz varmı?

-Əvvəlcə qeyd edim ki, Fransada Azərbaycanı demək olar ki, tanımırlar və ya çox az adamın cüzi məlumatları var. Bunun da obyektiv və subyektiv səbəbləri var. Birincisi, burada azərbaycanlılar say etibarı ilə çox deyillər. Olanlar da cəmiyyətdə tanınmış adamlar hesab olunmur.

Bizdən asılı olan səbəblərə gəldikdə, bayaq da qeyd etdiyim kimi, burada Azərbaycanın Mədəniyyət Mərkəzinin açılmasına çox böyük ehtiyac var. Fransa cəmiyyəti musiqini, ədəbiyyatı çox sevir. Yalnız bu sahədə özünü təsdiq edənlər, burada xalqını tanıda bilər. Fransada erməniləri güclü edən nədir? Yalnız Şarl Aznavor. Bu insan harada olsa, ilk sözü, “mən erməniyəm” olur. Və onun burada kifayət qədər nüfuzunun, pərəstişkarlarının olduğunu nəzərə alsaq, ermənilərin daha güclü olduğunu deyə bilərik. Bəs Azərbaycan xalqının bu cür istedadları yoxdurmu? Təbii ki, var. Bizdə yüzlərlə, minlərlə Şarl kimilərinə dərs deyəcək professional müğənnilərimiz, sənətkarlarımız var. Amma onları özümüzdən başqa heç kim tanımır. Məhz bunun aradan qaldırılması üçün mədəniyyət mərkəzinin açılmasına çox böyük ehtiyac var. Və bu işdə Azərbaycan dövlətinin, hökumətinin üzərinə çox böyük işlər düşür. Şəxsiyyətlər yetişdirmək məsələnin sadəcə başlanğıcıdır. Bunu dünyaya təqdim, təbliğ etmək daha vacibdir.

Azərbaycanlılar səviyyəcə həmişə yüksəkdə dayanıblar. Erməni gənclərini bizimkilərlə müqayisə etmək belə mümkün deyil. Amma Fransada hara baxsan onları görürsən. Vəkil, həkim, hüquqşünas, bir sözlə hər yerdə onlar var. Bəs biz niyə bu cür yerlərdə təmsil olunmuruq? Hesab edirəm ki, bu barədə ciddi düşünmək lazımdır. Unutmaq olmaz ki, dünyada kimin haqlı, ədalətli olmasını, yalnız xalqı təmsil edənlərin səslərinin hansı səviyyədə eşidilməsi həll edir. Səsimizin eşidilməsi isə, özümüzdən asılıdır.

-Sizcə, Azərbaycan diasporunun daha da güclü olmamasına səbəb budur?

-Mən Azərbaycan diasporunun zəif olduğunu düşünmürəm. Dövlətimizdə qeyd olunan bütün tədbirlər demək olar ki, burada da, yüksək səviyyədə qeyd olunur. Bundan başqa “erməni soyqırımının” ifşa olunması üçün ciddi addımlar atılır.Yəni erməni diasporu hansısa tədbir keçirmək istəsə, buna adekvat addımlar atılır. Burada təhsil alan azərbaycanlı tələbələr də bu işdə aktiv iştirak edirlər. Amma dediyim kimi, Fransada insanları daha çox mədəniyyət, musiqi maraqlandırır. Doğrudur, Azərbaycan diasporu imkan düşdükcə konsertlər təşkil edir, Azərbaycan sənətçilərinin iştirakına imkanlar yaradır. Amma bir azərbaycanlı tələbə kimi bunu yetərli hesab etmirəm. Məsələn Qarabağla bağlı Fransada indiyə kimi film göstərilməyib. Düşünürəm ki, Azərbaycan bu sahəyə vəsait ayırmalıdır. Kino insanlara daha tez təsir edir. Gərək ilk öncə məsələnin nə yerdə olduğunu anladaq ki, sonradan təbliğatımız da effektli olsun.

-Bir qədər də Azərbaycan haqqında danışaq. Son illər ölkəmizdə nələri müşahidə etmisiniz? Sizi narazı salan hansısa məqamlar varmı?

-Məncə, hər kəs öz doğma vətəninə kənardan baxanda həmişə müsbət şeylər axtarır. Bu çox normaldır. Mən Azərbaycanı, xüsusən Bakını çox sevirəm. Hətta orada heç bir tikinti işləri getməsə də, şəhər olduğu kimi qalsa da, oralar mənə çox əzizdir. Doğrudur, Şimali Azərbaycanda o qədər də çox olmamışam. Həyatım daha çox Cənubla bağlı olub. Amma inanın ki, tanıdığım hər bir azərbaycanlıdan, böyüklərdən, “Bakı hər zaman arxamızdadır” sözünü eşitmişəm. Bu istər-istəməz adamın psixologiyasına təsir edir. Əmin olursan ki, sənin arxanda, gerçəkdən də, güclü bir dövlət var və o sənindir.

Azərbaycanda müşahidə etdiklərimə gəlincə, ölkəmiz, gerçəkdən də çox inkişaf edib. Bakıya ilk dəfə iki il bundan əvvəl getmişdim. Bu da sırf təsadüf nəticəsində oldu. İnternetdə danışdığım bir azərbaycanlı məni Bakıya dəvət etdi. Tam səmimi deyim ki, gələndə eşitdiklərimdən daha gözəl bir şəhərlə qarşılaşdım. Yollar, parklar, körpülər, Dənizkənarı  park, aramla işləyən neft quyuları, bir sözlə hər şey Bakımıza çox yaraşır. Demək olar ki, şəhərin hər yerini gəzdim və doymadım. İndi valideynlərim də gəlmək istəyir. İnşallah qismət olsa, ailəlikcə gələcəyik.

Mənim Cənubdan olduğumu bilib, o qədər mehribanlıq, qonaqpərvərlik etdilər ki, bunu sözlə ifadə etmək mümkün deyil. Bundan başqa, Bakıya gəlməmiş Azərbaycan dilində yaxşı oxuya bilmirdim. Çoxlu kitablar aldım və indi ən çətin dillə yazılan kitabı belə asanlıqla oxuyuram. Gələcək həyatımı da Bakı ilə bağlamaq istərdim. Əgər qismət olsa, Bakıdakı universitetlərin birində çalışmaq, öyrəndiklərimi öz vətənimdə tətbiq etmək arzusundayam. Qısası, Azərbaycan mənim varlığımdır.

Məni Bakı ilə bağlı narahat edəcək elə bir məqam yoxdur. Hər şey superdi. Narahat olduğum məqam İrandakı qardaşlarımızın Şimala az səfər etmələridir. Əksinə, hər hansı konsert olanda, bilet alıb Ermənistana gedirlər. Təbii ki, bir azərbaycanlı kimi bu, məni çox ağrıdır. Fikrimcə, Bakı hər zaman lider olmalıdır. Ən möhtəşəm konsertlər, idman yarışları məhz burada keçirilməlidir ki, hər kəs Bakıya gəlsin. Bu, şəhərimizin turizmi üçün də çox əhəmiyyətlidir.

Konkret Fransada Azərbaycandan hər kəsin danışıb, Bakı barədə müzakirələr aparmasına gəlincə, bu “Avroviziya” mahnı müsabiqəsindəki qalibiyyətimizdən sonra oldu. Fransalı dostlarım məhz bundan sonra şəhərimizin necə olması ilə bağlı suallar verdilər. İnanıram ki, ən çox izlənən müsabiqələrdə, yarışlarda qalibiyyətimiz bundan sonra da davam edəcək və hər kəs ölkəmizlə maraqlanacaq.

 

                                                                                                                                                                                                                                                          

         Məhəmməd TAĞIYEV

 

Paritet.-2011.-8-10 oktyabr.-S.10.