Azərbaycan dilinin Firuzabadisi

 

Türkiyədə yaşayan soydaşımız Seyfəddin Altaylı 80 min sözü ehtiva edən “Müqayisəli, ensiklopedik Azərbaycan dili lüğəti” hazırlayıb

 

 Müsahibimiz Seyfəddin Altaylını təkcə bir ixtisasın sahibi kimi təqdim etmək olmur. Keçdiyi həyat yoluna baxdıqda onu müəllim, şair, tədqiqatçı, tərcüməçi, jurnalist, ssenarist, lobbist və s. kimi görmək mümkündür. Amma ən gözəli odur ki, özünün dediyi kimi, bütün bu gördüyü işlərdə məqsədi  Türkiyə və Azərbaycan arasında körpü yaratmaq olub. Çünki indiyə kimi Türkiyədə, Azərbaycanın hər iki tayında və Avropanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti və dilimizlə bağlı elmi və siyasi məqalələri çap olunub. Seyfəddin müəllim 1985-ci ildə TRT “Türkiyənin Səsi” Radiosunun Azərbaycan Türkcəsi Verilişləri Redaksiyasına imtahanla qəbul olunub və 8 ay sonra radionun rəhbərliyinə təyin edilib. O gündən üzü bəri həmin işini davam etdirir və Ankarada yaşayır.

-Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında oradakı diasporumuzun hansı fəaliyyəti var?

-Azərbaycan-Türkiyə münasibətlərində, mənə görə “diaspor” sözünü işlətmək hər iki qardaş xalqı incidərdi. Çünki Türkiyənin Azərbaycanda 9 milyon, Azərbaycanın da Türkiyədə 75 milyon əzizi, qanbir, dilbir, dinbir qardaşı-bacısı vardır. Hökumətlər ötəridir və onlara baxıb dövlətlər haqda qərara yetişmək səhv olardı. Türkiyəni öz silahdaşlarıyla yaradan Atatürk dünən vardı, bu gün yoxdur, eləcə də Azərbaycanı silahdaşlarıyla yaradan Məhəmməd Əmin Rəsulzadə dünən vardı, bu gün yoxdur; ancaq Türkiyə də, Azərbaycan da vardır, məsələyə bu səpkidən baxmalıyıq.

-Siz, Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində radioda və ümumiyyətlə, hansı işlər görürsünüz?

-Mən öz radiomuzda indi deyil, işə düzəldiyim 1985-ci ildəndir, ümumiyyətlə türk mədəniyyətini, təbii ki, digərlərindən qabarıq şəkildə Azərbaycan mədəniyyətini, keçdiyi tarixi yolu dinləyicilərimizə çatdırır, bu haqda təbliğat aparırıq. Bizim üstündə dayandığımız əsas nöqtə, bir-birinin davamı olan Anadolu və Azərbaycan coğrafiyaları birdir və onun üstündə yaşayan xalqlar da bir-birinə doğmadır. Bizlər bu torpaqların əzəli və əbədi sakiniyik. Ulu babalarımız hələ tarix yazılmamışdan bəri Azərbaycan və Anadolu coğrafiyasında yaşayırdı. Mən sadəcə olaraq suala cavab vermək, nəsə demək xətrinə bunu dilə gətirmirəm. İstanbul Universiteti ədəbiyyat fakültəsi qədim Ön Asiya dilləri və mədəniyyətləri bölməsini bitirmişəm və dediyim söz də öz ixtisas sahəmdən əldə etdiyim məlumatlara, araşdırdığım tarixi mənbələrə, arxeoloji tapıntılara əsaslanır. Orta Asiya bizim dədə-baba yurdumuzdur, babalarımız müəyyən coğrafi səbəblərə görə Azərbaycan və Anadoludan ora gediblər, sonradan da Oğuz-Qıpçaq-Karluk adıyla getdikləri yoldan geri qayıdıblar. Mən və əməkdaşlarım məsələyə bu prizmadan yanaşırıq. Sonra 13-14-cü əsrlərə kimi hər iki coğrafiyada danışılan dil eyni idi. Füzuliyə kimi yazıçılarımızın, şairlərimizin, xalqımızın işlətdiyi dil eyni idi, haçalanma Osmanlı-Səfəvi vuruşmasından sonra yaranıb.

- Demək olarmı, bu gün türklər öz tarixlərindən bir brend kimi tam istifadə edə bilmirlər?

- Tarix, keçmişin güzgüsü, yaşanılan anın istiqamətləndiricisi və gələcəyin də toxumudur, gərək onu layiqincə qiymətləndirəsən, onu təcrübələrində istifadə edərək düzgün siyasət yeridəsən. Yaşadığımız coğrafiya həddən artıq böyük və mədəni-siyasi tariximiz çoxşaxəli olduğuna görə çətinlik çəkirik. Vahid türk tarixi hələ də yazılmayıb. Onu yazdıqdan sonra yeni nəsillərimiz başa düşəcəklər ki, güclü olduğumuz vaxt niyə güclü olmuşuq və dövlətlərimizin tənəzzülünü yaradan səbəblər nələrdir. Ona görə, ən qısa müddətdə ortaq tariximiz yazılmalı və hər cümhuriyyətdə dərsliklərə salınmalıdır, eynilə də ədəbi və sosioloji tariximiz.

-Türkiyə və Azərbaycan diasporlarının birliyi sizi qane edirmi? Bəzən elə fikir yaranır ki, ermənilər təkliyi ilə bu iki diaspordan daha çox dünyaya səs salırlar?

- Bu diaspor xaricdə fəaliyyət göstərməlidir və öz işini çağdaş gedişata görə yeritməlidir. Ürəyim ağrıyaraq, Türkiyə-Azərbaycan diasporunun istədiyimiz şəkildə hələ də formalaşmadığını söyləmək məcburiyyətindəyəm; yoxdur demirəm, ancaq ona diaspor da deyə bilmərəm. Mənə görə biz xaricdə aşıq-qoz oynayırıq. Bəri başdan bilməliyik ki, qarşımızda ermənilər yoxdur, onlardan qalxan kimi istifadə edən bandit qüvvələr vardır, əslində biz o imperialistlərlə mübarizə yeridirik. Ona görə də, işimizi düzgün qurmalı və dünyanın ən güclü imperialistlərini məğlub edəcək şəkildə nizamlamalıyıq. O da məsələni bilən, dünyadakı strateji mübarizələrdən xəbərdar olan yetkin kadrlar, güclü maddi baza tələb edir. Ermənilərin səsinin gur çıxmasının səbəbi onların bizdən işgüzar və ya ağıllı olmasından deyil, onları qabağa verib arxasında dayananların xüsusilə maddi və siyasi yöndən güclü olmasındandır.

-Azərbaycana tez-tez gəlirsiniz? Hər gələndə hansı yenilikləri hiss edirsiniz?

-Azərbaycan bizim and yerimizdir. Hər gəlişdə onun simasının müsbət mənada dəyişməsindən, əlbəttə hədsiz məmnuniyyət duyuram. Ancaq Qafqazın ulduzu olsa da, Azərbaycanın çağdaş anlamda dövlət ola bilməsi üçün gedəcəyi çox yol vardır. Türkiyə dövləti qurulalı hardasa 90 ilə yaxınlaşır; ancaq hələ də hər sahədə istədiyimiz səviyyədə inkişafa nail ola bilməyibdir. Azərbaycan da yavaş-yavaş o problemlərini həll edəcək və arzuladığımız səviyyəyə çatacaqdır. Cırtdan bir dövlətin iyirmi il bir milyon yarım qaçqına baxması elə-belə problem deyil. Buna bir nümunə gətirmək istəyirəm. Qərblilər İraqdakı kürdləri qızışdırıb Səddama qarşı üsyan etdirdilər, Səddam da onların üstünə ordusunu yeridib qırğın törətdi. Həmin kürdlərdən beş yüz mindən artığı Türkiyəyə sığındı. Onları qızışdırıb ortalığa salan Fransanın dövlət rəhbəri Mitterrandın həyat yoldaşı gəlib həmin qaçqın kürdləri ziyarət elədi və onlardan sadəcə olaraq Fransada iş görə biləcək, onlara yarıya biləcək qolu güclü, gənc iki yüz kürdü götürüb apardı, qalanlar da bir müddət qaldılar və ara yat-küt olandan sonra İraqa döndülər. Fransa bizə sığınan beş yüz min kürdü aparmağa qorxdu; çünkü o qədər insana baxmaq asan iş deyil. Azərbaycan iyirmi ildir o boyda qaçqın kütləsini maddi yöndən təmin edə bilibsə, onun gücünü alqışlamaq gərəkdir. Təbii ki, dediyim kimi problemləri vardır, onları həll etmək üçün gecəli-gündüzlü çalışmalıdır.

-“Müqayisəli, ensiklopedik Azərbaycan dili lüğəti” kitabınız çapdan çıxdımı?

- Bu əsərimi iyirmi beş il, istisna vaxtları çıxmaqla hər gün azı doqquz, çoxu on dörd saat işləyərək hazırladım. Onu Türk Dil Qurumuna çapa vermişəm, hələlik ekspertlərdədir, inşallah çap olunar. Lüğətin səksən mindən artıq söz ehtiyatı var və ona bütöv Azərbaycan Türkcəsinin lüğəti demək daha yaxşı olardı; çünki Azərbaycanın hər iki tayının ensiklopedik lüğətidir. Onun Azərbaycanda da çap olunmasını çox istərdim; hətta  müraciət etmişəm. Düzünü deyim, mənə cavab verilməməyindən təəccüb etdim. Əgər o boyda bir əsəri erməni, fars və ya rus dili üçün yaratsaydım əminəm ki, mənə hədsiz hörmətlə yanaşardılar.. Bunu giley-güzar kimi demək istəmirəm; ancaq biz öz mədəniyyətimizə qarşı deyəsən, bir az laqeyd hərəkət edirik, təəssüf ki, Türkiyədə də belədir. İngilis, fransız, rus, alman, fars, erməni öz mədəniyyətinə bizim kimi laqeyd yanaşmır. Məncə, bu xasiyyətimizi dəyişdirməliyik. Mərhum Atatürk, “Yeni nəsillər, ulu babalarını tanıdıqca daha böyük işlər görmək üçün özündə qüdrət tapacaqdır” sözünü elə-belə deməyib.

-Seyfəddin müəllim, elmi fəaliyyətinizlə bağlı planlarınızı bilmək maraqlı olardı...

-İndiyə kimi Türkiyədə Azərbaycanla bağlı 16 əsəri çap etdirmişəm. Bu sahədə ömrümün axırına kimi də işləyəcəyəm. Bu vəzifəni mənim boynuma məni yetişdirən müəllimlər, atam-anam və Türkiyə ictimaiyyətindəki Azərbaycan sevgisi qoyubdur. Türkiyə və Azərbaycan arasında körpü rolunu oynamaq, buna nail olmaq, məncə dünyanın ən gözəl xoşbəxtliyi, ən müqəddəs işidir. Mən gördüyüm işlərə bu prizmadan yanaşıram.

 

Dosye

 

Seyfəddin Əli oğlu Altaylı 20.12.1950-ci ildə Türkiyənin İqdır vilayətinin Dizə kəndində anadan olub. Əsli isə Zəngibasarın Seyidkəndindən olan bir ailədəndir. 1962-ci ildə kəndlərindəki ibtidai məktəbi, 1969-cu ildə İqdır şəhərində orta məktəbi bitirib. 1970-ci ildə Ağrı vilayətində imtahan verib ibtidai sinif müəllimi diplomunu alıb və 7 il -1970-1977-ci illərdə İqdırın Aralıq qəsəbəsində və Dizə kəndində müəllim işləyib. 1977-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə qəbul olunub. 1980-ci ildə oranı bitirib.

1963-cü ildən şeir yaradıcılığına başlayıb və ilk şeiri İqdırda “Yaşıl İydir” qəzetində çap olunub. Yazıb yaratmaq işini tələbə ikən sürətləndirib və xüsusilə Azərbaycanla bağlı elmi məqalələr yazmağa başlayıb.

1992-ci ildə mənfur qonşularımızın törətdiyi Xocalı soyqırımında rəhbəri olduğu Azərbaycanı Tanıtma Dərnəyinin xəttiylə 420 min dollarlıq dava-dərman və tibbi ləvazimat yığıb Naxçıvan yoluyla gətirərək müəyyən xəstəxanalara və cəbhə xəttindəki səhra xəstəxanalarına təhvil verib.

Soyqırımdan xilas olmuş yaralılarla və qaçqınlarla götürdüyü müsahibələri aylarla radiodan efirə buraxıb və üzdəniraq qonşularımızın törətdiyi vəhşiliyi dünya ictimaiyyətinə çatdırıb. 1994-cü ildə TRT tərəfindən çəkilən Xocalı soyqırımına həsr olunmuş “Azərbaycan faciəsi” adlı 90 dəqiqəlik ikiseriyalı sənədli filmin həm rəhbərliyini, həm də məsləhətçiliyini edib. Filmi 2002-ci ildə 50 CD-yə köçürüb və dünyanın müxtəlif yerlərindəki Azərbaycanla bağlı təşkilatlara və şəxslərə yollayıb. Həmçinin, bu filmi İngilis və Fransız dillərinə tərcümə etdirib və hərəsinin 100 ədəd surətini çıxararaq yenə həmin təşkilatlara və şəxslərə yollayıb. Hər iki CD-ni Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinə də yollayıb. 1995-1996-cı illərdə TRT tərəfindən çəkilən “Qafqaz ulduzu” adlı Azərbaycana həsr olunmuş 17 seriyalı sənədli filmin rəhbərliyini və məsləhətçiliyini edib. Radioda, “Türk tarixindən”, “Azərbaycan tarixi”, “Dədə Qorqudda Türk Dövlət Gələnəyi”, “Vaxta İz Salanlar” adlı proqramları hazırlayıb və aparıb. 1988-ci ildən “Sözümüz -söhbətimiz” adlı proqramı hazırlayır və aparır.

Azərbaycan Yazıçılar İttifaqı və Ankarada mənzillənən Yazarlar Birliyinin üzvüdür.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2011.-11-12 oktyabr.-S.10.