Bakıda Beynəlxalq Humanitar Forum
keçirilir
Prezident İlham Əliyev hesab edir ki,
Azərbaycan ərazilərinin işğalı və əhalinin
işğal olunmuş ərazilərdən qovulması
humanitar qəzadır
Ötən gün Bakıda “XXI əsr:
ümidlər və çağırışlar” devizi ilə
Beynəlxalq Humanitar Forum öz işinə başlayıb.
Forumun açılışında iştirak edən Azərbaycan
prezidenti İlham Əliyev çıxış edərək
Azərbaycanın əsrlərlə multikulturizm şəraitində
yaşadığını deyib. Onun sözlərinə
görə, multikulturizm, nisbətən yeni
anlayışdır: “Lakin, biz Azərbaycanda əsrlərlə
belə şəraitdə
yaşamışıq. Bizim təcrübəmiz göstərir
ki, multikulturizmin gələcəyi var və alternativi yoxdur. Özünü təcrid etmə
multikulturizmin alternatividir. Mən inanmıram ki, hər
hansı bir ölkə özünü təcrid etmə siyasəti keçirsin”(AzərTAc).
İlham Əliyev
qeyd edib ki, ölkədə
ictimai-siyasi quruluşun
mövcudluqdan asılı olmayaraq bütün dövrlərdə
Azərbaycanda, bütün
xalqlar bir ailə kimi yaşayıb: “Azərbaycanda
heç zaman milli və ya dini
münaqişələr olmayıb. Bu gün, müstəqil Azərbaycan
bu ənənələrə sadiqdir. Hesab edirəm ki, bizim təcrübəmiz
göstərir ki, müxtəlif millətlərə və
dinlərə mənsub insanlar
sülh və əməkdaşlıq şəraitində
yaşaya bilərlər”.
Prezident həmçinin
qeyd edib ki, Azərbaycan
sivilizasiya və mədəniyyətlərin birləşdiyi
ölkədir: “Bizim gücümüz bizim birliyimizdədir.
Bizim milli və dini müxtəlifliyimiz bizim
gücümüzü daha da artırır. Milli və dini
münasibətlərdə istənilən münaqişə
və anlaşılmazlıq qəza
ilə nəticələnə bilər. Cəmiyyətdə
olan əhval-ruhiyyə, eyni zamanda, cəmiyyətdən irəli
gələn sorğu bizə bu
məsələlərə daim diqqət göstərməyimizi
və öz siyasətimizi müvəffəqiyyətlə irəli
aparmağımızı diktə
edir”.
Dövlət
başçısı Azərbaycan ərazilərinin
işğalı və Azərbaycan əhalisinin işğal
olunmuş ərazilərdən qovulmasını humanitar qəza
kimi dəyərləndirib: “Bütün dünya ictimaiyyəti
tərəfindən tanınan Azərbaycan ərazilərinin
işğalının davam etməsi də, digər məsələlərlə
yanaşı, böyük humanitar qəzadır. Ona görə
ki, Azərbaycan adambaşına düşən
qaçqınların sayına görə dünyada birinci
yerdədir”.
O qeyd edib
ki, Azərbaycanın 1 mln. vətəndaşı öz vətənində
qaçqın və məcburi köçkün kimi
yaşayır: “Azərbaycana qarşı etnik təmizləmə
siyasəti həyata keçirilib və Ermənistanın
işğalçı siyasəti Azərbaycana böyük
maddi və mənəvi ziyan vurub”.
Prezident
ümidvar olduğunu bildirib ki, münaqişə yaxın
vaxtlarda öz həllini tapacaq və Azərbaycanın ərazi
bütövlüyü bərpa ediləcək: “Bunun
reallaşdırılması üçün hüquqi əsas
kifayət qədər güclüdür”. O, BMT Təhlükəsizlik
Şurasının dörd qətnamə qəbul etməsini,
BMT Baş Məclisi, Avropa Parlamenti, İKT, AŞ, ATƏT-in
Qarabağ münaqişəsinin nizamlanması ilə
bağlı qətnamələrini xatırladıb: “Ancaq, təəssüf
ki, bu beynəlxalq təşkilatların qətnamələrini
yerinə yetirmək üçün hələ imkan
olmayıb. Qısa zamanda bu münaqişəyə son
qoyulmalıdır və bizim vətəndaşlarımız
öz torpaqlarına qayıtmalıdırlar, bu, onların
elementar hüququdur”.
Rusiya Prezidenti:
“Humanitar əməkdaşlıq mədəniyyətlərin
dialoqunda sərhədləri aradan qaldırmağa kömək
edir”
Rusiya
prezidenti Dmitri Medvedevin foruma təbrikini Rusiya Federasiyası
prezident administrasiyasının rəhbəri Sergey
Narışkin oxuyub. Rusiya prezidentinin məktubunda müasir
dünyada humanitar əməkdaşlığın
böyük sabitləşdirici rol oynadığı qeyd
olunub: “Bu, davamlı inkişafa kömək edir, ölkələr
arasında münasibətə müsbət təsir göstərir
və insan fəaliyyətinin iqtisadiyyat, elm və mədəniyyətdən
tutmuş, hüquq siyasəti və təhlükəsizliyin təmin
olunması məsələlərinə qədər praktik
olaraq bütün sahələrini əhatə edir”.
Müraciətdə
qeyd edilir ki, humanitar əməkdaşlıq haqlı olaraq
yumşaq güc adlandırılır, çünki o dövlətləri
və xalqları dəyərlər, ədalət və
tolerantlıq, həmrəylik və qarşılıqlı
hörmət əsasında birləşdirərək mədəniyyətlərin
dialoqunda sərhədləri aradan qaldırmağa kömək
edir. Medvedev bildirib ki, son illər beynəlxalq münasibətlərin
humanitar baxımdan tamamlanmasına daha çox tələbat
hiss olunur: “Yaradıcı elitalarının effektiv əməkdaşlığının
nümunəsi olan yeni dövlətlərarası mexanizmlər
yaradılır və əlbəttə xüsusi rol yeni humanitar
sahənin formalaşmasına əhəmiyyətli töhfə
verən ictimai təşəbbüslərə və hərəkatlara
aiddir. Əminəm ki, Bakı forumu onlar arasında öz
layiqli yerini tutacaq”.
S.Narışkin
öz çıxışında isə milli dəyərli
oriyentirlər istiqamətlənmiş elmi fikrin inkişafına mütləq
təsir etdiyini vurğulayıb: “İnsanların və
dövlətin sosial, elmi və iqtisadi təcrübəsinə
əsasən, milli həyat tərzi, dini
və başqa ənənələr təsir edir.
İqtisadi inkişaf məsələlərini
nəzərdən keçirərək, bioloji tibb, energetika, IT-sektoru sahəsində
texnologiyalar hazırlayaraq,
insanın mövcudluğunun dəyərlər sisteminə
təsirini, onun həyat tərzini nə qədər dəyişəcəyini,
onun sosial, mənəvi və dini tələbatlarının ödənməsinə təsirini təsəvvür etməmək
olmur. Təsadüfi deyil ki, son onilliklər ərzində dünya
ictimaiyyəti təhsil və mədəniyyətin
inkişafına xüsusi təsir göstərir və
onları yalnız şəxsiyyətin tərbiyəsində,
insanın hüquqlarının
və azadlıqlarının təmin edilməsinin əhəmiyyətli amilləri
kimi deyil, həm də dövlətin davamlı inkişafı
güclü amil kimi nəzərdən
keçirir. Bütün bunlar
humanitar strategiyanın hazırlanmasına məsuliyyətlə
yanaşmağa, onların iqtisadi və sosial tərkib hissəsini
nəzərə almağa məcbur
edir”.
Tədbirdə Türkiyənin 9-cu
prezidenti Süleyman Dəmirəl və Avropa Şurası
Parlament Assambleyasının prezidenti Mövlud
Çavuşoğlu çıxış ediblər.
Çıxışlarda tədbirin əhəmiyyəti,
dialoq platformasının vacibliyi qeyd olunub.
Sonra forum plenar iclaslarla işini davam
etdirib. İclasda Nobel mükafatı laureatları, Rumıniya,
Estoniya, Bolqarıstan, Sloveniyanın keçmiş prezidentləri
də iştirak ediblər.
Moskva
Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi plenar
iclasda çıxış edib. Rektor Bakı Dövlət və
Moskva Dövlət universitetləri arasında mövcud əməkdaşlıq
barədə danışıb, qeyd edib ki, bu mədəniyyət
sahəsində əlaqələrin əsas nüansı
Bakıda MDU-nun filialının açılmasıdır.
Dünyanın
tanınmış şəxsləri Bakıda humanitar məsələləri
müzakirə etməkdən məmnundurlar.
V.Sadovniçi
dövlətlər və xalqlar arasında humanitar əməkdaşlıq
məsələlərinin belə bir möhtəşəm
forumda artıq beynəlxalq miqyasda müzakirə edilməsinin
əhəmiyyətini vurğulayıb. Həmçinin Azərbaycan
və Rusiya arasında əməkdaşlığın
çoxtərəfli xarakter daşıdığını
bildirən rektor ölkələrimiz arasında xüsusilə
təhsil sahəsində əlaqələrin inkişafını
yüksək qiymətləndirib. O, bu əlaqələrin
inkişafında Moskva Dövlət Universiteti ilə Bakı
Dövlət Universiteti arasında sıx əməkdaşlığın
rolunu qeyd edib. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev ilə Bakıda və Moskvada görüşlərini
xatırladan V.Sadovniçi Prezident İlham Əliyevin
MDU-dakı nitqini və onun bu təhsil ocağının Fəxri
doktoru adı almasını böyük məmnunluqla qeyd
edib.
Rumıniyanın
keçmiş prezidenti Emil Konstantinesku ölkələri təhsil
və mədəniyyət sahələrində əməkdaşlığı
inkişaf etdirməyə çağırıb. O qeyd edib ki,
ölkələrdə sülh və əmin-amanlıq
yaratmaq, münaqişələri aradan qaldırmaq
üçün insanlar arasında dialoq olmalıdır: “Belə
bir dialoq bütün regiona, dünyaya stabillik və əmin-amanlıq
gətirə bilər”.
Elmi, mədəni,
sosioloji, humanitar məsələlərin müzakirəsi
üçün Forumun yaxşı fürsət olduğunu
deyən E.Konstantinesku dinlərarası, mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə
onun mühüm töhfə verəcəyinə əminliyini
bildirib.
Kimya
üzrə Nobel mükafatı laureatı Əhməd Zeveyl
çıxışında informasiya-kommunikasiya
texnologiyalarının, internetin sürətli inkişafı nəticəsində
çox qısa vaxt ərzində ölkələr, regionlar və
qitələr arasında məlumatların ötürülməsinin
mümkün olduğunu bildirib. “Dinlərarası
münaqişələrin heç bir əsası yoxdur”, - deyən
natiq dünyada iki milyard insanın internetdən istifadə
etdiyini diqqətə çatdırmış, bu problemlərin
həllində dünyanın müxtəlif bölgələrində
yaşayan insanların səylərini birləşdirməyin əhəmiyyətini
qeyd edib.
İqtisadiyyat
sahəsində Nobel mükafatı laureatı Ceyms Mirrlis
bildirib ki, iqtisadiyyatın məqsədi insanların həyat səviyyəsini
yaxşılaşdırmaqdır. Lakin hazırda bəzi
ölkələr iqtisadi baxımdan çox böyük
problemlərlə üzləşiblər: “Biz iqtisadi
inkişafın təmin olunmasına diqqət yetirməklə
yanaşı, sağlamlıq, ətraf mühit, təhsil və
s. amilləri də nəzərə almalıyıq. Bu
baxımdan dünyada bütün sahələrdə əldə
edilmiş nailiyyətlər daim izlənməlidir”.
Forumda
iştirakından və Bakıda olmağından sonsuz
qürur hissi keçirdiyini bildirən Bolqarıstanın sabiq
prezidenti Jelyu Jelev ölkəmizin dinamik inkişafından məmnunluğunu
vurğulayıb: “Mən bu gün Azərbaycan xalqının
ulu öndəri Heydər Əliyevin məzarını ziyarət
etdim. Çox sevindirici haldır ki, ulu öndərin
arzuları bu gün Azərbaycan xalqı tərəfindən
uğurla həyata keçirilir”.
Cəmiyyətdəki
problemlərin diqqətə çatdırılmasında,
humanitar əməkdaşlığın inkişafında
yazıçıların rolunu yüksək qiymətləndirən
ədəbiyyat üzrə Nobel mükafatı laureatı
Vidiadhar Suracprasad Naypol onların bu məsələlərdə
daha asan dil tapa bildiklərini vurğulayıb.
Forumda
iştirakından məmnunluğunu qeyd edən Slovakiyanın
sabiq prezidenti Rudolf Şuster belə bir möhtəşəm
tədbirin yüksək səviyyədə təşkil
olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirib. Tez-tez baş verən təbii fəlakətlər nəticəsində dünyanın müxtəlif
bölgələrində ərzaq qıtlığı təhlükəsinin
yarandığını diqqətə çatdıran
R.Şuster ətraf mühitin mühafizəsi tədbirlərinin
gücləndirilməsinin vacibliyini deyib.
Bakıda
keçirilən belə bir nüfuzlu tədbirə dəvət
aldığı üçün təşəkkürünü
bildirən Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov qlobal
istiləşmə və yoxsulluq mövzularının Forumda
müzakirə ediləcək əsas məsələlərdən
olduğunu qeyd edib.
Prezident
İlham Əliyevin “multukulturalizm üçün heç bir
alternativ yoxdur” sözlərini xüsusi vurğulayan P.Stoyanov
bildirib ki, biz yanlış anlaşmalardan qaçmalı,
aramızda qarşılıqlı etimad
yaratmalıyıq.
Qeyd edək
ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə
Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən
forum bu gün də davam edəcək. Forumun 7 paneldə
iclasları keçiriləcək. Forumun yekununda Bəyannamə
qəbul ediləcək.
İlham Əliyev Rusiya PA-nın rəhbəri
Sergey Narışkini qəbul
edib
Prezident
İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Prezidenti
Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul
edib (AzərTAc). Görüşdə Azərbaycan və Rusiya
tərəfindən əsası qoyulan Bakı Beynəlxalq
Humanitar Forumunun əhəmiyyəti qeyd olunub, bu tədbirin
beynəlxalq əməkdaşlığın genişlənməsi,
xalqların və ölkələrin bir-birinə daha da
yaxınlaşması işinə xidmət edəcəyi
vurğulanıb.
Görüşdə,
həmçinin Azərbaycanla Rusiya arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi məmnunluqla
qeyd edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə
əminlik ifadə olunub.
F.HÜSEYNZADƏ
Paritet.-2011.-11-12 oktyabr.-S.3.