“Dünya azərbaycanlılarının
birləşdirilməsi üçün “Virtual Azərbaycan”
yaradılmalıdır”
Vüqar Əliyev: Azərbaycançılıq
məfkurəsinin yayılmasına, dünya azərbaycanlılarının
bu ideya ətrafında birləşməsinə, azərbaycanlı
diasporunun fəaliyyətinə bir informasiya bazası olaraq
töhfə verməyə çalışırıq
Dünya
reallıqlarına nəzər yetirdikdə, internetin, virtual aləmin
bütün sahələrdə effekti özünü göstərir.
Artıq bir çox dövlətlər internetin köməyi
ilə virtual aləmdən istifadə edərək öz təbliğatlarını
aparırlar. Azərbaycanda da bu istiqamətdə dövlət
səviyyəsində işlər aparılmaqdadır. Diaspor
quruculuğunu prioritet məqsədlərdən hesab edən Azərbaycan
xaricdə məskunlaşan soydaşlarımıza virtual olaraq
da öz dəstəyini göstərir. Bu məqsədlə
“Virtual Azərbaycan”ın yaradılması qarşıya məqsəd
qoyulub. Çünki dünya üzrə səpələnən
50 milyon azərbaycanlını məkan və zaman
baxımından bir araya gətirmək real deyil. Bu insanları
birləşdirə biləcək yalnız bir məkan var ki,
o da virtual Azərbaycanın yaradılmasıdır. Bunun
üçünsə internet resurslarının
yaradılması vacib amillərdəndir. Azərbaycanın təbliğinə,
diaspor təşkilatlarımızın fəaliyyətinə
virtual dəstək olan belə resursların
hazırlanmasında ölkədə fəaliyyət göstərən
qeyri-hökumət təşkilatları yaxından iştirak
edir. Belə təşkilatlardan biri Effektiv Təşəbbüslər
Mərkəzidir. 2005-ci ildə yaradılan Mərkəzin əsas
məqsədi ölkədə mütərəqqi dünya dəyərlərinin,
demokratiya ideyaları və şəffaflıq prinsiplərinin
öyrənilməsi və təbliği, Azərbaycan həqiqətlərinin,
Azərbaycan xalqının milli-mənəvi zənginliyinin,
azərbaycançılıq ideyasının yayılması,
Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesinə
töhfə verməkdir. Təşkilat bu istiqamətlər
üzrə təşəbbüs və təkliflərin irəli
sürülməsi, cəmiyyətdə aktuallıq kəsb edən
mövzularda mətbuatda analitik, maarifləndirici
yazıların dərc edilməsi, sorğuların
keçirilməsi, konfrans və müzakirələrin təşkili,
xaricdəki azərbaycanlı diaspor təşkilatları,
QHT-lərlə əlaqələrin yaradılması işini
həyata keçirir. O cümlədən, Ermənistanın
Azərbaycana qarşı işğalçılıq siyasətinin,
tarixi saxtakarlıq kampaniyasının ifşası, Azərbaycan
xalqının tolerant, mədəniyyətlərarası dialoq
tərəfdarı olduğunun dünyaya
çatdırılmasında fəal iştirak edir. Mərkəz
2008-ci ildən etibarən, QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə “Milli eyniyyətdən
qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat
platformu” layihəsini həyata keçirir. Layihənin əsas
məqsədi Azərbaycanın dünya birliyinə
inteqrasiyası kontekstində azərbaycançılıq
ideologiyasının, ölkəmizdəki tolerantlıq
mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq
və təbliği üçün əyani vəsaitlərin,
informasiya resurslarının hazırlanması və
yayılmasıdır.
2009-cu
ildə layihə çərçivəsində
azerbaycanli.org saytı fəaliyyətə başlayıb.
Saytda Qarabağ həqiqətləri və Azərbaycan
haqqında geniş məlumat verilib. Diaspor bölməsinin də
fəaliyyət göstərdiyi saytda xəbərlər onlayn
olaraq yenilənir. Bu barədə “Paritet”ə danışan
layihə rəhbəri Vüqar Əliyev bildirib ki,
çağdaş dünyadakı qlobal inteqrasiya prosesində
hər bir ölkə üçün güclü və birləşdirici
milli ideyanın mövcudluğu mühüm məsələ
olduğu üçün, Azərbaycanın dünya birliyinə
inteqrasiyasının təməl sütunlarından birini azərbaycançılıq
ideyası təşkil edir: “Təşkilatımız da bu
ideyanı əsas götürərək sözügedən
layihəni həyata keçirir. 2008-ci ildən həyata
keçirilən bu layihə çərçivəsində
həmin il “Azərbaycan tarixi günbəgün” adlı
kitab-təqvim hazırlanaraq nəşr edilib. Kitab Azərbaycanın
qədim dövrdən bu günədək keçdiyi dövlətçilik
tarixi, ictimai-siyasi, mədəni həyatının önəmli
hadisələri, şəxsiyyətləri haqqında
yığcam bilgiləri əhatə edir. Kitab kitabxanalara, təhsil
müəssisələrinə, QHT-lərə, kütləvi
informasiya vasitələrinə, həmçinin xaricdəki azərbaycanlı
diaspor təşkilatlarına hədiyyə edilib”.
Sayt
haqqında da danışan V.Əliyev qeyd edib ki, üç
dildə informasiya-resurs portalı kimi nəzərdə tutulan
saytın hazırda Azərbaycan və rus versiyaları aktiv
şəkildə fəaliyyət göstərir, mütəmadi
yenilənir və məlumat bazası zənginləşdirilir.
Saytın ingilis dilində versiyasının isə pilot rejimində
işə salındığını, informasiya
bazasının qismən yaradıldığını, lakin
maliyyə və buna bağlı olaraq saytı ingilis dilində
işlədəcək mütəxəssisin
çatışmazlığı üzündən hələlik
aktiv fəaliyyət göstərmədiyini deyən layihə
rəhbəri bildirib ki, sayt Azərbaycanın tarixi,
bugünü, siyasi, mədəni inkişafı, ölkəmizin
dünyada yeri, Qarabağ problemi, azərbaycanlı diasporu və
s. mövzularda məlumatları, təhlili yazıları,
elektron resursları özündə birləşdirir: “Sayt
vasitəsilə Azərbaycanın tarixinin, mədəniyyətinin
təbliği ilə yanaşı, azərbaycançılıq
məfkurəsinin yayılmasına, dünya azərbaycanlılarının
bu ideya ətrafında birləşməsinə, azərbaycanlı
diasporunun fəaliyyətinə bir informasiya bazası olaraq
töhfə verməyə çalışırıq. Azərbaycan
xalqının böyük tarixi, zəngin mədəniyyəti
var. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim
olunması nəticə etibarilə ölkəmizin təbliğinə,
beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət
edir. Azərbaycanda bu istiqamətdə dövlət tərəfindən
mühüm işlər görülür. Bununla
yanaşı, bu işdə vətəndaş cəmiyyəti
institutlarının, qeyri-hökumət təşkilatlarının
da üzərinə böyük məsuliyyət
düşür”.
Prezident
İlham Əliyev bununla bağlı deyib: “Azərbaycan
dünya birliyinin dəyərli üzvünə çevrilib.
Biz öz təbliğat işimizi daha da səmərəli
qurmalıyıq. Bu işləri informasiya-kommunikasiya
texnologiyaları, internet vasitəsilə daha fəal şəkildə
görmək lazımdır. Biz gərək bu fəaliyyəti
birgə aparaq”. Dövlət başçısının
sözlərini xatırladan V.Əliyev qeyd edib ki, biz də bu
mühüm müddəalar kontekstində öz işimizi
qurmağa səy göstəririk. Diqqətə
çatdırıb ki, ötən müddətdə saytda “Azərbaycanın
dünya birliyinə inteqrasiyası: tarix və mədəni
irsin təbliği” mövzusunda yeni elektron resursların,
“Tariximiz”, “Azərbaycançılıq”, “Bizim təqvim” və
digər bölmələrin yaradılması da bu məqsədə
xidmət edir.
Qloballaşan
dünyada dövlətlərin beynəlxalq səviyyədə
qazandığı nailiyyətlər bir sıra meyarlarla
yanaşı, həm də onun xaricdə
formalaşdırdığı diasporun potensial imkanları ilə
ölçüldüyünü vurğulayan V.Əliyev Azərbaycan
dövlətinin də bu reallıqdan çıxış edərək
müxtəlif səbəblərdən xarici dövlətlərdə
yaşamağa məhkum olmuş soydaşlarımızın
Ana Vətənlə əlaqələrini genişləndirmək,
onların milli-mənəvi birliyinə nail olmaq
üçün ardıcıl tədbirlər həyata
keçirdiyini deyib. Onun sözlərinə görə, bu baxımdan
qlobal informasiya cəmiyyətinin təzahürü kimi meydana
çıxan virtual dünyanın tərkib hissəsi olan
“Virtual Azərbaycan”ın formalaşdırılması və
inkişaf etdirilməsi xüsusi önəm kəsb edir:
“Müasir informasiya əsrində dünya azərbaycanlılarının
vahid məram və məqsədlər ətrafında
konsolidasiyası məhz virtual dünyanın yeni
reallıqlarının nəzərə alınması yolu ilə
effektiv nəticə verə bilər. Deməli, dünya azərbaycanlılarının
birləşdirilməsi yolunda ən mühüm addım da məhz
“Virtual Azərbaycan”ın yaradılmasıdır. “Virtual Azərbaycan”ın
yaradılması isə özündə bu işə töhfə
verən elektron resursların, sayt və portalların, başqa
sözlə, elektron və ya virtual diasporların
yaradılmasını ehtiva edir: “Bu nöqteyi-nəzərdən
bizim saytı da elektron diaspor və ya “Virtual Azərbaycan”
ideyasına xidmət edən informasiya mənbəyi saymaq olar.
Çünki saytımızda dünya azərbaycanlılarını
maraqlandıracaq, onlara Azərbaycanla bağlı
çeşidli mövzularda (tarix, mədəniyyət, ədəbiyyat,
Azərbaycanın beynəlxalq aləmdə yeri, Qarabağ həqiqətləri
və s.) informasiya dəstəyi ola biləcək məlumatlar,
elektron resurslar var. Buna misal olaraq, Azərbaycanda ilk dəfə
hazırlanan “tarix gündəliyi” – “Azərbaycan tarixi günbəgün”
kitab-təqviminin mütəmadi olaraq yenilənən elektron
variantını - “Bizim təqvim” xronoqrafını,
Qarabağın tarix və ədəbiyyatına dair ayrıca
elektron xronoqrafların hazırlanmasını göstərə
bilərik”.
Layihə
rəhbəri saytın fəaliyyətinin əsas məqsədlərindən
birinin ölkəmizin işğalçı Ermənistan və
erməni dairələri ilə apardığı informasiya
mübarizəsinə, Qarabağa dair tarixi həqiqətlərin
dünyada yayılmasına
töhfə vermək olduğunu deyib. O vurğulayıb
ki, bu məqsədə uyğun olaraq, saytda Azərbaycan və
rus dillərində müntəzəm yenilənən xəbər,
təhlil və elektron resurslarda Qarabağ mövzusu
aparıcı yer tutur.
V.Əliyev
qeyd edib ki, bu gün beynəlxalq birlik Qarabağ probleminin
mahiyyəti, Azərbaycanın bu məsələdə
tutduğu ədalətli mövqe barədə xəbərdardır,
lakin görülən işlər yetərli deyil.
“Məhz
buna görə, ölkə rəhbərliyi Qarabağla
bağlı tarixi həqiqətlərin daha geniş miqyasda
dünyaya çatdırılmasını həm dövlət,
həm də qeyri-dövlət qurumlarının ümdə
işi kimi daim vurğulayır. Prezident İlham Əliyev
deyib: “Bu sahədə daha da ciddi işlər görməliyik.
Uzaq tarixin və yaxın tarixin həqiqətlərini
dünyaya çatdırmalıyıq. Bu gün yeni imkanlar
mövcuddur. Bu işləri internet vasitəsilə daha da fəal
şəkildə görmək lazımdır”. Bizim saytda
2010-cu ildə “Qarabağ tarixinin salnaməsi”, 2011-ci ildə isə
“Qarabağ ədəbiyyatı – ensiklopedik xronoqraf” adlı
xüsusi elektron topluların yaradılması da bu müddəalardan
irəli gəlib. QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata
keçirilən bu layihələr
Qarabağla bağlı tarixi həqiqətlərin təbliği
işinə töhfə sayıla bilər”, - deyə layihə
rəhbəri deyib.
O
bildirib ki, Qarabağla bağlı xeyli sayda internet
saytlarımız, elektron resurslar mövcud olsa da,
apardığımız monitorinq əsasında deyə bilərik
ki, onların heç birində Qarabağın tarixinin əhatəli
xronologiyasına rast gəlmək mümkün deyil. Bu yöndə
ilk dəfə genişmiqyaslı xronoqrafın
hazırlanması işi məhz bu saytda
başlandığını deyən layihə rəhbəri
eyni fikri bu il saytda yaradılan “Qarabağ ədəbiyyatı”
ensiklopedik xronoqrafına da aid edib.
Saytın
“Qarabağ ədəbiyyatı” bölməsi haqqında
danışan V.Əliyev bildirib ki, hər bir xalqın
yaşadığı torpaqdakı tarixinin qədimliyini
sübut edən başlıca meyarlardan biri onun
yaratdığı mədəni irsdir: “Azərbaycan
xalqının zəngin mədəniyyətinin mühüm
bir qolunu Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda
şair, yazıçı və mütəfəkkirlərimizin
tarixən yaratdığı ədəbi irs təşkil
edir. Qarabağda Azərbaycan tarixini saxtalaşdırmağa
çalışan ermənilər işğal etdikləri ərazilərdə
mədəniyyət abidələrimizi məhv ediblər. Bu
torpağın yetirdiyi ədiblərin əsərləri isə
yaşamaqdadır. Ermənilərin bu əsərləri qəsb
etməsi mümkün deyil. Odur ki, Qarabağ
torpağının mütəfəkkir və ədiblərinin
həyat və yaradıcılığının təbliği,
dünyaya çatdırılması müstəsna əhəmiyyət
kəsb edir”. Onun sözlərinə görə, saytda
“Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı da bu
informasiyaların dünyaya çatdırılması məqsədilə
yaradılıb.
Bu
günə kimi gördükləri işlərin uğurlu
olduğunu deyən layihə rəhbəri qarşıda
görəcəkləri işlərdən də
danışıb. O bildirib ki, bundan sonra həyata keçiriləcək
işlər də bu sahədə mövcud təcrübəyə
əsaslanacaq.
“İndiyədək
gördüyümüz bütün işlər, o cümlədən
saytda yaradılan yeni bölmələr, elektron toplular layihənin
ümumi məqsədinə xidmət etməklə
yanaşı, mövzu və mahiyyət baxımdan bir-birini tamamlayıb. Gələcəkdə
saytda Azərbaycanın mədəni irsi, Qarabağ
mövzusunda yeni elektron topluların yaradılması, eyni
zamanda, saytın xarici dillərdə məlumat bazasının
zənginləşdirilməsi, konkret olaraq “Bizim təqvim”,
“Qarabağ tarixi”, “Qarabağ ədəbiyyatı”
xronoqraflarının rus və ingilis dilində
versiyalarının hazırlanması nəzərdə tutulur”,
- deyə o diqqətə çatdırıb.
V.Əliyev
hesab edir ki, Azərbaycanın təbliğinə, zəngin
tarixi, mədəni irsi, tolerant
cəmiyyəti, sülhsevər xalqı olan ölkə
kimi dünyada daha geniş tanınmasına xidmət edən hər
bir iş təqdir olunmalıdır: “Bizim sayt da bu məramla
yaradılıb və fəaliyyət göstərir. Sayta hər
gün 200-dən çox ziyarətçi daxil olur və
onların önəmli bir qismini xaricdə yaşayan
soydaşlarımız, Azərbaycanla maraqlanan əcnəbilər
təşkil edir”. Onun sözlərinə görə, sabit
oxucu marağı görülən işin müsbət nəticəsinə
ən bariz nümunədir.
Asif NƏRİMANLI
Paritet.-2011.-15-17 oktyabr.-S.10.