Diasporumuz dövlət müstəqilliyini
təmtəraqla qeyd edir
Dünyanın
bir çox şəhərlərində bununla bağlı tədbirlər
keçirilir
Dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar dövlət müstəqilliyimizin
bərpasının 20-ci ildönümünü qeyd edirlər.
Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq və digər
şəhərlərində Ümumrusiya Azərbaycanlıları
Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi
və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
təşkilatçılığı bir sıra tədbirlər
keçirilir. Müstəqillik gününə həsr
olunmuş tədbirlər postsovet məkanının digər
ölkələrində - Gürcüstan, Ukrayna, Belarusiya,
Latviya, Litva, Estoniya, Qazaxıstan, Özbəkistan və
Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən
də qeyd olunur. Latviyada fəaliyyət göstərən
“Ocaq” Mədəniyyət Mərkəzi Diasporla İş
üzrə dövlət Komitəsinin (DİDK) dəstəyi
ilə 14 oktyabr tarixində Riqa şəhərində “Azərbaycan
beynəlxalq münasibətlər sistemində” mövzusunda
konfrans keçirilib, həmçinin
müstəqilliyimizin bərpasının 20-ci
ildönümünə həsr olunmuş sərginin
açılışı olub.
Oktyabrın 18-də Estoniyanın
paytaxtı Tallində Estoniya-Azərbaycan parlament qrupu,
Bakılılar Klubu, “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət
Mərkəzinin təşkilatçılığı ilə
tədbir və sərgi keçiriləcək. Tədbirdə diasporun nümayəndələri
ilə yanaşı, dövlət, hökumət, parlament,
diplomatik korpus və qeyri hökumət təşkilatlarının
nümayəndələri iştirak edəcəklər. Eyni
zamanda Estoniya parlamentində “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında rolu” mövzusunda konfrans olacaq. 20 oktyabr
tarixində Litva parlamentində DİDK-in dəstəyi ilə
Litva Azərbaycanlıları Cəmiyyətinin və Litva-Azərbaycan
Assosiasiyasının təşkilatçılığı
ilə beynəlxalq konfrans keçiriləcək. Litva
parlamentinin rəhbərliyi, diplomatik korpusun nümayəndələrinin,
ölkədə fəaliyyət göstərən digər
milli icma nümayəndələri ilə yanaşı QHT və
KİV nümayəndələrinin də iştirak edəcəyi
tədbirin Litva televiziyası vasitəsilə canlı
yayımı nəzərdə tutulub.
Heydər
Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniyadakı səfirliyimiz və
DİDK ilə birlikdə Buxarestdə müstəqillik
günümüzə həsr olunmuş konfrans keçirilib. 16
oktyabr tarixində “Macarıstan-Azərbaycan dostluq Cəmiyyəti”
Azərbaycanın bu ölkədəki səfirliyi ilə
birlikdə Müstəqillik gününü konfrans
keçirməklə qeyd ediblər.
Finlandiyanın Helsinki şəhərində Finlandiya Azərbaycanlıları
Assosiasiyasının təşkilatçılığı
Helsinkinin mərkəzində yerləşən Scandic Marski
hotelinin böyük iclas zalında
“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
qurucusudur” adlı tədbir keçirilib. Tədbirdə
Türkiyə səfirliyinin nümayəndələri,
Finlandiya Türk və Finlandiya Tatar Cəmiyyətlərinin,
fin xalqının nümayəndələri iştirak ediblər.
Finlandiyada müstəqillik günümüzə həsr
olunmuş daha bir tədbir 23 oktyabr tarixində Helsinki şəhərində
keçiriləcək.
Oktyabrın 16-da Kanadanın Ontario
vilayətinin London şəhərində müstəqilliyimizin
bərpasının 20-ci ildönümünə həsr
olunmuş tədbir keçirilib. Azərbaycan Kanada Türk
Assosiasiyasının təşkilatçılığı
ilə Platts Lane Community Centre -də keçirilən tədbirdə
azəri və türk diasporlarının nümayəndələri
ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri
də iştirak ediblər. Bu, sadə kanadalıların
ölkəmizə maraqlarının getdikcə
artdığını təsdiqləyir. Azərbaycan- Kanada-
Türk Assosiasiyasının sədri Kəmalə Şiriyeva
tədbir iştirakçılarına ölkəmizin müstəqillik
tarixi, respublikanın keşməkeşli günləri, eləcə
də Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər
barədə məlumat verib. Tədbir çərçivəsində
təşkil olunmuş Azərbaycanın mədəniyyət
və incəsənət nümunələrindən ibarət
sərgi qonaqların böyük marağına səbəb
olub.
Daha
bir möhtəşəm tədbir oktyabrın 14-də
Danimarkanın paytaxtı Kopenhagen şəhərində DİDK-nin dəstəyi ilə həmin
ölkədə fəaliyyət göstərən “Vətən”
Cəmiyyəti tərəfindən
keçirilib. Cəmiyyətin sədri Səfər Sadiqi
tədbir iştirakçılarını salamladıqdan
sonra, Azərbaycanın müstəqilliyi uğrunda şəhid
olmuş insanların ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Dövlət himnimiz səsləndikdən sonra ölkəmizin
Böyük Britaniya və Danimarka Krallıqlarındakı
fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin
Qurbanov Azərbaycanın apardığı sülhməramlı
siyasət, 20 il ərzində respublikanın
qazandığı nailiyyətlər barədə geniş məlumat
verib. Tədbirdə Danimarka parlamentinin deputatı Hüseyn
Arac, iqtidarda olan Sosial Demokrat Partiyasının liderlərindən
biri olan Yıldız Adoğan, Türkiyə və
Ukraynanın Danimarkadakı səfirliklərinin nümayəndələri,
DİDK nümayəndəsi
Elnur Əliyev,
Britaniyadakı səfirliyimizin
ikinci katibi Fərhad İsayev, türk icmasının sədri
Bahadır Gülər, türkmən icmasının sədri
Yurtan bəy, uyğur icmasının sədri Abdul Setdar, çeçen
icmasının sədri İlyas Musayev, Danimarka ictimaiyyətinin
nümayəndələri, televiziya kanallarının və mətbuat
orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbir
iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti
və incəsənətini əks etdirən kitablar,
broşürlər paylanıb və Azərbaycan haqqında
film nümayiş etdirilib. Daha sonra Azərbaycan musiqi nömrələri
səslənib.
Danimarkalı
professor Karl Erik Fredeskov və politoloq Vetslav Kicilenko qonaqlar
adından azərbaycanlıları müstəqilliyimizin bərpasının
20-ci ildönümü münasibətilə təbrik ediblər.
Ölkəmizin tanıdılması və təbliği
üçün bu cür tədbirlərin keçirilməsinin
zəruri olduğunu vurğulamışlar.
Oktyabrın
15-də İsveçin paytaxtı Stokholmda da DİDK-nın dəstəyi ilə
Azərbaycan Federasiyası- İsveç təşkilatı tərəfindən
anaoloji tədbir keçirilib. İsveçdəki səfirimiz
Rafael İbrahimovun, DİDK əməkdaşı Elnur Əliyevin,
Türkiyənin bu ölkədəki səfirliyinin əməkdaşlarının,
Azərbaycan və türk diasporunun nümayəndələrinin
iştirak etdiyi tədbirə ümumilikdə 500-dək insan
qatılıb.
Səfir
Rafael İbrahimov, Azərbaycan Federasiyası - İsveç təşkilatının
sədri Səttar Sevgin və digərləri
çıxış edərək ölkəmizin müstəqillik əldə etdiyi
20 il ərzində keçdiyi inkişaf yolundan, əldə
etdiyi nailiyyətlərdən danışıblar. Rəsmi
hissədən sonra tədbirin bədii hissəsi olub, qonaqlar
Azərbaycandan gəlmiş mahir ifaçı Nəzakət
Teymurovanın oxuduğu mahnıları heyranlıqla dinləmişlər.
İsveçdə fəaliyyət göstərən “Xəzər”
Azərbaycan-İsveç Dostluq cəmiyyətinin təşkilatçılığı
ilə isə seminar keçirilib. Seminar çərçivəsində
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” filmi
nümayiş etdirilmiş, daha sonra isə tədbir vətənpərvər
ruhda söylənən şeirlərdən ibarət “Şərq
gecəsi” davam edib. İsveçdə fəaliyyət göstərən
“Qarabağ” Cəmiyyəti də Müstəqillik Günü
münasibətilə müvafiq olaraq toplantı və bayram
konserti keçirib.
BƏƏ-də
fəaliyyət gösətərən diasporumuz da şərəfli
günümüzü qeyd edib. Burada keçirilən tədbirlər
çərçivəsində Dubay Əmirliyinin hakim ailəsinin
üzvü Şeyxə Şəmsə Həşer Əl-Məktumun
idarəsində BƏƏ-də fəaliyyət göstərən
“Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun təşəbbüsü
ilə Azərbaycan guşəsi açılıb. S.İmanov respublikamızın
nailiyyətlərindən danışaraq, ölkəmizdə
gedən sürətli iqtisadi inkişaf, Azərbaycan dövlətinin
bölgənin ən qüdrətli dövlətlərindən
birinə çevrilməsi, Azərbaycan xalqının zəngin
mədəniyyəti və incəsənəti barədə məlumat
verib.
S.İmanov DİDK-nin təqdim etdiyi
Azərbaycanda əllə toxunmuş milli naxışlı
xalçanı, Azərbaycan bayrağını, xəritəsini,
“Azərbaycan - tolerantlıq məkanı”, “Erməni terroru”,
Heydər Əliyev fondunun hazırladığı “Qarabağ
həqiqətləri” və “Muğamın dirçəlişi”
toplularını, eləcə də “Azərbaycan
xalçaları” və küveytli yazıçı Adil əl-Fəlahın
ərəb dilində yazdığı “Heydər Əliyev və
milli-mənəvi dəyərlər” kitablarını Şeyxə
Şəmsə Həşer Əl-Məktumun idarəsinə
hədiyyə edib.
Müstəqillik
günü ilə bağlı daha möhtəşəm bir tədbir
İsraildə gerçəkləşib. İsrailin şimal
paytaxtı - Hayfada baş tutan tədbir
də DİDK-nın dəstəyi ilə “Azİz”
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən
təşkil olunub. Əslən Azərbaycandan olan və
hazırda İsraildə yaşayan 600-dək insanın
iştirak etdiyi tədbirin keçirildiyi “Auditorium” Konqresinin foyesində Frida
Yusupova tərəfindən azərbaycanlıların və
dağ yəhudilərinin məişəti və xalq sənətinə
həsr olunmuş geniş etnoqrafik sərgi təşkil
olunub. Yerə sərilmiş xalçalar, unikal ənənəvi
geyim, ayaqqabı, qab-qacaq nümunələri
tamaşaçılarda səxavətli Azərbaycan
torpağı haqqında xatirələrin canlanmasına səbəb
olub. Azərbaycan mənşəli rəssamların divarlardan
asılmış Abşeron, Quba, Qusar və respublikanın digər
rayonlarından mənzərə rəsmləri qonaqların
keçirdikləri nostalji hisslərini bir qədər də
artırırdı. Tədbirdə
çıxış edən İsrail parlamentinin deputatı,
İsrail-Azərbaycan Parlamentlərarası qrupun sədri
Robert İlatov bütün Azərbaycan xalqını müstəqillik
bayramı münasibətilə təbrik edib:
“Azərbaycan xalqı müstəqillik
illərinə qazandığı nailiyyətləri ilə fəxr
edə bilər. Bu gün Azərbaycan Cənubi Qafqazın
geosiyasi və geoiqtisadi lideridir. Azərbaycanda həmişə
olmuş və indi də
mövcud olan əsl milli və dini tolerantlıqla
qürur duyuram. Azərbaycan və İsrail bir-birini anlayan və qiymətini bilən
strateji tərəfdaşlardır, iki ölkə
arasındakı ticarət dövriyyəsi isə bizim tərəfdaşlığımız
və əməkdaşlığımızın
güzgüsüdür”.
“Azİz”
-in İdarə Heyətinin üzvü, Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru Yeganə Salman Azərbaycanın
müstəqilliyinin əldə olunmasının tarixi barədə
geniş məlumat verib. O, Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsində diasporun xüsusi rol
oynadığını qeyd edib:
””Azİz”in fəaliyyət göstərdiyi 4 il ərzində
biz Azərbaycanın İsrail dövlətində təbliğ
olunmasında mühüm rol oynamışıq. Bu işdə
parlamentin 17-ci
çağırışının deputatı, bir qədər
əvvəl İsrailin Belarusiyadakı səfiri vəzifəsinə
təyin olunmuş İosif Şaqalın xüsusi xidmətləri
olub”. Onun sözlərinə görə, 20 illik müddətin
tarixi nöqteyi-nəzərdən elə də böyük
dövr olmasa da, bu qısa müddət ərzində Azərbaycan
mühüm nailiyyətlər əldə edib və sürətlə
inkişaf edən ölkəyə çevrilərək Cənubi
Qafqazın əsl lideri olub.
Tədbirdə
iştirak etmək üçün İsrailə gəlmiş
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
nümayəndəsi Əşrəf Hüseynovun nitqi tədbir
iştirakçılarının yaddaşlarında xüsusi
iz buraxıb. Lakin “Auditorium” zalında keçirilən
görüşdə ən çox alqışlanan “Azİz”
-in əsasını qoyan, İsrail parlamentinin 17-ci
çağırışının deputatı, əvvəllər
məşhur Azərbaycan, daha sonra isə İsrail
yazıçısı və jurnalisti İosif Şaqal olub.
Formal olaraq İ. Şaqal “Azİz” İdarə Heyətinin sədri
olmaqda davam etsə də, tədbirə toplaşanların
hamısı anlayırdı ki, İsrail dövlətinin
Belarusiyadakı fövqəladə və səlahiyyətli səfiri
təyin olunduğuna görə onun assosiasiyaya rəhbərliyindən
gedəcəyi labüddür. Buna görə də İosif
Şaqalın Bakı və Azərbaycana məhəbbətinə,
Azərbaycan torpağına qırılmaz tellərlə
bağlı olması barədə fikirləri “Azİz”-in bir
çox fəalları tərəfindən vida kimi qiymətləndirilib.
Tədbirdə
“Azİz” İdarə Heyətinin üzvləri Yuriy
Boçarov, Rauf Ağalarov və Heydər Əliyev Fonduna,
Rusiya Azərbaycanlı Gənclər Təşkilatına,
“Baku” jurnalına tədbir iştirakçılarının
hamısına tematik materiallar təqdim etdiklərinə
görə təşəkkürünü bildirən
Assosiasiyanın baş direktoru Lev Spivak çıxış
edib. Müstəqilliyimizin bərpasının 20-ci
ildönümünə həsr olunmuş tədbirdə
İsrailin Azərbaycan mənşəli incəsənət
xadimləri Tomer Əliyev, Liora Safonova, Tami Davidova, Manuel
İsakov, Beni Avşalumov, İfraim Yuxayev
çıxış ediblər. Tədbirdə konsertin təşkilatçısı,
“Azİz”-in mədəni proqramlar üzrə rəhbəri
Şaul Siman Tov tərəfindən böyük qayğı
ilə seçilmiş Azərbaycan musiqisinin gözəl
nümunələri səslənib və
iştirakçıları heyran edib. Azərbaycan musiqisi tədbir
iştirakçılarının Azərbaycan xalqının
minilliklər boyu qoruyub saxladığı Azərbaycan
musiqisi, mədəniyyəti və ənənələrinin nə
dərəcədə zəngin olduğuna əminliyini
artırıb.
Tədbirdə görkəmli
müğənni, ecazkar səsə malik Azərbaycanın
xalq artisti Flora Kərimovanın ifasını
iştirakçılar xüsusi rəğbətlə
qarşılayıblar.
Oktyabrın
15-də isə Berlində Almaniyadakı Türk-Azərbaycan
Birliyinin(TAB) təşəbbüsü və təşkilatçılığı
ilə müstəqilliyimizin bərpasının 20-ci
ildönümü və Türkiyənin yaranmasının
ildönümü, eyni zamanda, TAB-ın tanıdılması
münasibətilə bayram ziyafəti keçirilib. Bayram tədbirindən
öncə TAB-nin idarə heyəti üzvləri
Almaniyanın mətbuat nümayəndələrinin
iştirakı ilə mətbuat konfransı keçirərək,
cəmiyyətin yaranması tarixi və məqsədləri
haqqında məlumat verərək, jurnalistlərin
suallarını cavablandırıblar.
DİDK-nın
dəstəyi, TAB-ın təşkilatçılığı
ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi
(AAKM) ilə birgə keçirilən bu tədbirdə müstəqilliyimizin bərpasının
20-ci və Türkiyənin 88-ci ildönümləri iki
qardaş ölkənin ən
mühüm bayramları
kimi qeyd edilib.
Komitədən
qəzetimizə verilən məlumata görə, tədbirdə Almaniyadakı səfirimiz Pərviz
Şahbazov və Türkiyənin Berlindəki baş
konsulu Mustafa Polat da iştirak
ediblər. TAB sədri, Almaniya Fedelal
parlamentinin keçmiş üzvü Haqqı Kəskin qonaqları
salamlayaraq bildirib ki, Azərbaycanın ulu öndəri Heydər
Əliyevin “Bir millət, iki dövlət” idealından
çıxış edərək iki qardaş ölkənin
bu milii bayramlarını Berlində cəmiyyət tərəfindən
qeyd edilməsi qərara alınıb. H. Kəskin daha sonra
TAB-ın yaradılmasının tarixi, zərurəti və məqsədləri
haqqında qonaqlara məlumat verib. Onun sözlərinə
görə, cəmiyyətin məqsədi “Bir milət, iki
dövlət” ifadəsinin təsadüfi
olmadığını işgüzar əməldə
göstərməkdir. “Almaniyada çoxlu sayda dərnək, təşkilat
və cəmiyyətlərin fəaliyyət göstərdiyi
halda yeni bir birliyin yaradılmasına ehtiyac varmı?” ritorik
sualına cavab olaraq H. Kəskin
deyib ki, Türkiyə türklərinin Azərbaycana
sevgisi platonik bir xarakter daşıyır. Türklərin Azərbaycan
musiqisinə, mədəniyyətinə maraqlarının
böyük olmasına baxmayaraq, həmin ölkəni demək
olar ki, az tanıyırlar. H. Kəskin sözlərinə onu
da əlavə edib ki, Azərbaycana ilk səfəri zamanı
o, ölkəni özü üçün bir növ kəşf
və özünü vətənindəki kimi hiss edib. Həmin
səfərindən sonra onda Azərbaycanla daha yaxından
tanış olmaq hissi yaranıb və bir siyasətçi kimi
təbii olaraq Azərbaycanın siyasi həyatı ilə
maraqlanmağa başlayıb. 20 Yanvar və Dağlıq
Qarabağ müharibəsi ilə bağlı
araşdırmnalar apararaq, bu hadisələrin səbəblərini
öyrənib və onların həlli ilə maraqlanıb.
Almaniyada yaşayan türklərin bütün baş verənlər
haqda demək olar ki, məlumatsız olduğunu, eləcə də
Almaniya ictimaiyyətində bu haqda tamamilə məlumat
olmadığını aşkara çıxarıb. Azərbaycan
səfirliyi ilə görüşlərindən sonra alman
parlamentində və bir sıra siyasi qurumlarda həmin problemlərin
gündəliyə çıxarılmasına və
Dağlıq Qarabağ və Xocalı faciəsi ilə
bağlı bir sıra qərarların qəbul edilməsinə
nail olunub. O qeyd edib ki, ermənilər Azərbaycana
qarşı apardıqları irticaçı siyasəti
ört-basdır etmək üçün hər zaman
yalançı soyqırım iddiaları ilə
çıxış edərək 1915-ci ildəki hadisələri
ön plana çəkirlər. Məhz 96 il əvvəl
baş verənlərin soyqırım olmadığını
sübut etmək və erməni siyasətinə qarşı
səviyyəli şəkildə mübarizə aparmaq
üçün TAB Ermənistan-Azərbaycan problemini Almaniya
ictimaiyyətində və dünyada tanıtmaq kimi
mühüm bir vəzifəni qarşısına məqsəd
qoyub. Birlik Atatürkün o vaxt dediyi “Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir” sözlərinin
ciddiliyinə fikir verməli və bu yolda lazımi işlər
görməlidir.
Səfir P.Şahbazov Türkiyənin
88-ci və dövlət müstəqilliyimizin bərpasının
20-ci ildönümlərinin birlikdə qeyd edilməsinin
mühüm bir hadisə olduğunu qeyd edib. H. Kəskinə
Almaniya federal parlamentində Azərbaycan həqiqətlərini
tanıtmaq üçün siyatçi kimi göstərdiyi fəaliyyətinə
görə təşəkkürünü bildirib. Səfir
qeyd edib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini
qazandıqdan sonra onu tanıyan ilk ölkə Türkiyə
olub və məhz bu münasibət Atatürkün və Heydər
Əliyevin kəlamlarının Türkiyə-Azərbaycan
münasibətlərini səciyyələndirib.
M.Polat isə hamını təbrik edərək
müsəlman ölkələri arasında ilk dəfə olaraq
Azərbaycanın hələ 1918-ci ildə ilk demokratik
respublika yaratdığını bildirib, Türkiyənin hər
zaman hər iki xalqın dostluq və birliyinin möhkəmləndirilməsi
yolunda Azərbaycanı dəstəklədiyini deyib.
AAKM-nin
icraçı direktoru, xanım Samira Patzer-İsmailova
TAB-ın qurucu heyətini bir illik fəaliyyəti münasibətilə
təbrik edərək, Türkiyə ilə Azərbaycan
arasındakı dostluq münasibətlərinin xüsusi bir məna
daşıdığını bildirib. Azərbaycanın
müstəqilliyinin hər iki xalqa verdiyi töhfələrdən
birinin də dostluq və qardaşlıq münasibətləri
olduğunu sözlərinə əlavə edib.
Ziyafəti Azərbaycanın əməkdar
artisti Tünzalə Ağayevanın iştirakı bəzəyib.
Onun ifasında Azərbaycan və
türk mahnıları səslənib. Ziyafətdə Azərbaycan
səfirliyinin digər əməkdaşları, türk və
azərbaycanlı iş adamları, Azərbaycan diasporunun və
cəmiyyətlərinin üzvləri, türk icmasının
Berlin və müxtəlif şəhərlərdən olan
nümayəndələri də iştirak ediblər.
Almaniyadakı
Azərbaycanlıların Koordinasiya Mərkəzinin
iştirakı ilə “Alm.az” Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin
təşkilatçılığı ilə Drezdendə də
tədbir keçirilib. Drezden Qalereyası və Opera
Teatrının yerləşdiyi şəhərin mərkəzi
meydanındakı zallardan birində keçirilmiş tədbirdə
azərbaycanlılarla yanaşı, rus icmasının, yəhudi
sinaqoqunun, katolik kilsəsinin, həmçinin Drezdendəki
Qazaxıstan, Çexiya, Litva, Latviya, Avstriya
konsulluqlarının nümayəndələri, şəhərin
nüfuzlu sakinləri iştirak etmişlər. Saksen parlamenti
və şəhər meriyasının tədbir
iştirakçılarına ünvanladıqları təbrik
məktubları oxunub. Tədbiri
giriş sözü ilə açıq elan edən “Alm.az”
Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağa
Hüseyn Babayev qonaqları salamladıqdan və tədbirdə
iştirak etdikləri üçün onlara təşəkkür
edib.
Müstəqillik günü ilə
bağlı tədbirlərin Fransa, Böyük Britaniya,
Norveç və İtaliyada da keçirilməsi nəzərdə
tutulub. İtaliyada fəaliyyət göstərən
“İtaliya-Azərbaycan Mədəniyyət
Assosiasiyası”nın, “Azəri” Cəmiyyətinin təşkilatçılığı
ilə Milanda konfrans, sərgi və konsert proqramı təşkil
olunacaqdır. Türkiyədə parlament və hökumət
nümayəndələrinin iştirakı ilə möhtəşəm
tədbirin keçirilməsi planlaşdırılıb. Dövlət müstəqilliyi
Günü ABŞ və Meksikada yaşayan azərbaycanlılar
tərəfindən də qeyd olunur. ABŞ-ın Vaşinqton,
Nyu-York, Hyuston şəhərlərində USAN, (Amerika-Azərbaycan
Gənclər Təşkilatının) təşkilatçılığı
ilə toplantı və seminarlar keçirilib. Hyuston-Bakı
Qardaşlaşmış Şəhərlər
Assosiasiyasının təşkilatçılığı
ilə Hyuston şəhərinin meriyasının binasında
müstəqillik günü
münasibətilə ziyafət verilib. Kanadanın Monreal və
Kalqari şəhərlərində müvafiq olaraq Kvebek Azərbaycanlıları
Assosiasiyası və Alberta-Azərbaycan Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə tədbirlərin
keçirilməsi nəzərdə tutulub. Latın
Amerikasındakı Azərbaycan Assosiasiyası ölkəmizin
Meksikadakı səfirliyi ilə birlikdə müstəqillik günü ilə
əlaqədar Mexikoda şəhərin ən
tanınmış teatrlarından olan Palacio de Bellas Artes-də
tədbir keçirəcək.
Müstəqilliyimizin bərpasının 20-ci
ildönümünə həsr olunmuş tədbirlərin
Avstraliya və Yeni Zelandiyada da keçirilməsi nəzərdə
tutulub.
Məhəmməd TAĞIYEV
Paritet.-2011.-18-19 oktyabr.- S. 10-11 .