“Azərbaycanfilm” kinostudiyası bölünəcək

 

Yusif Şeyxov: “Niyə biz Ceyms Kameronun maraqlarını gözləyirik, amma Eldar Quliyevə deyirik ki...”

 

 Bu il dövlət müstəqilliyimizin 20 illini qeyd edirik. Bu 20 ildə kino sahəsində görülən işlərə nəzər salmaq, əldə olunan uğurlardan və gələcək perspektlərdən xəbərdər olmaq üçün  Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxovla həmsöhbət olduq. Həmsöhbətimin sözlərinə görə, milli kinematoqrafiyanın istehsalat, texniki və informasiya bazasının gücləndirilməsi, eləcə də bu sahə üzrə maarifləndirmə işinin təşkili Azərbaycan dövlətinin mədəniyyət sahəsində siyasətinin tərkib hissələrindəndir.

 

Avropa şirkətləri Azərbaycanda işləmək arzusundadır

 

-İnamla demək olar ki, bu gün bir çox başqa sahələrimiz kimi mədəniyyət sahəsinin kino qolu öz inkişaf dövrünü yaşayır. 20 ilin ilk mərhələlərində tənəzzül dövrü çox oldu və uzun çəkdi, xüsusilə kinoda. Bu əlbəttə ki, kinonun maliyyələşdirilməsi ilə bağlı idi. Bildiyiniz kimi, kino sənət növü olmaqla yanaşı, eyni zamanda da çoxlu maliyyə vəsaiti tələb edən industriyadır. Yəni böyük istehsalat sahəsidir. Amma ölkənin maliyyə imkanları genişləndikcə kinoya  ayrılan vəsait də ildən-ilə artır. Bu isə yeni filmlər, yaradıcı adamların işlə təmin olunması deməkdir və nəticə etibarı ilə kinonun inkişaf etdirilməsidir. Üç  il bundan qabaq “Azərbaycan kinosunun 2008-2018 -ci illər üzrə inkişafına dair dövlət proqramı” qəbul olundu. Üzümüzə gələn 10 il müddətinə hesablanmış bu proqramın icrası ilə əlaqədar artıq bir çox işlər görülüb. Onlardan ən mühümü  “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulmasıdır. Bu istiqamətdə müəyyən addımlar atılıb. Hazırda dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır. Onların arasından bizim şərtlərimizə cavab verən ən yaxşı təkliflər axtarırıq. Avropada belə şirkətlər az deyil və onlar Azərbaycanda işləmək arzusundadırlar. Texnika ildən- ilə inkişaf edir. Bu məqamda da geridə qalmış texnologiyalardan istifadə əl vermir. Qabaqcıl texnologiyaları əldə etmək əsas şərtdir. Həmin proqramın icrasının davamı olaraq Dövlət Film Fondu inşa edildi. Fondun yeni binasının inşası və müasir texnoloji avadanlıqla təchiz edilməsi Azərbaycanda kino irsimizin qorunması, bərpası deməkdir.

 

Cənubi Qafqazda ən iri kino nümayişi müəssisəsi

 

-Proqramın digər bəndində “Nizami” kinoteatrının yeni texnoloji avadanlıqla təmin edilməsi və burada tamaşaçılar üçün müasir tələblərə cavab verən xidmətlərin təşkili idi ki, tezliklə bu sahədə də bütün işlər başa çatacaq. “Nizami” kinoteatrı nəinki ölkəmizdə eləcə də  Cənubi Qafqazda ən iri kino nümayişi müəssisəsinə çevriləcək. Orada Avropanın ən qabaqcıl kino şirkətləri tərəfindən istehsal edilmiş və quraşdırılmış ən müasir  avadanlıqlar qurulub. Dörd  baxış zalı olacaq, onlardan ən böyük zalın ekranının  eni 18 metrdir. Azərbaycanda ikinci belə bir ekranlı zal yoxdur. Həmin  ekranda 3D formatda filmlərə tamaşa etmək mümkün olacaq. Əminliklə deyə bilərəm ki, “Nizami” kinoteatrında olan imkanlar  nəinki Azərbaycanda, hətta dünya ölkələrinin əksəriyyətində belə yoxdur. Orada hazırda çox intensiv iş aparılır. Türkiyədən, Almaniyadan, Rusiyadan eləcə də  yerli mütəxəssislər çalışır. Quraşdırılma, montaj işləri oktyabr ayının axırına kimi qurtara bilər.

-“Nizami” kinoteatrından söz düşmüşkən, onun bir zalında Azərbaycan filmləri nümayiş olunacaq. Artıq indidən proqram tutulubmu?

-Bu il bir neçə film - “Əlavə təsir”, “Aktrisa”, “Buta”, “Vəkil hanı?”, “İlahi məxluq”- təhvil verildi.  Həmin  filmlərin Bakıda ancaq premyeraları keçirilib. “Nizami” kinoteatrı istifadəyə veriləndən sonra sözügedən  filmlərin  proqram əsasında repertuarı tutulacaq və tamaşa etmək arzusunda olanlar rahatlıqla gəlib filmlərə baxa biləcəklər.

-Sözünüzdən belə çıxdı ki, repertuara ancaq bu ilin filmləri daxildir. Ötən illərdə çəkilən filmlərin taleyi bəs necə olacaq?

-Əlbəttə,  onlardan da proqrama salınan olacaq. Bundan başqa qeyd edim ki, “Nizami” kinoteatrında müxtəlif premyeralarımız da olacaq. Bu vaxta qədər premyeralarımızı Heydər Əliyev Sarayından başlayaraq Muğam Mərkəzində, Teatr Xadimləri İttifaqında, Gənc Tamaşaçılar Teatrında və daha haralarda keçirdirdik. İndi öz kinoteatrımız olacaq və orda tədbirlərimizi keçirəcək biləcəyik. “Nizami” eyni zamanda Beynəlxalq Kino Mərkəzi statusunda fəaliyyət göstərəcək. Orada beynəlxalq festivallar keçiriləcək, xarici kino şirkətləri ilə əlaqələr qurulacaq. Ümumiyyətlə, bu kinoteatr bizim xarici əlaqələrimizin  qurulduğu bir yer olacaq.

-Hazırda nazirliyin tabeliyində neçə kinoteatr var?

-Onu dəqiq deyə bilməyəcəm. Bakıda dörd kinoteatr var: “Dostluq”, “Vətən”, “Şəfəq”, “Nizami”.  “Dostluq” kinoteatrında  məlum olduğu kimi Bakı Bələdiyyə Teatrı yerləşdirilib. Qeyd edim ki, nazirliyin tabeliyində olan  kinoteatr binalarında mədəniyyət mərkəzi yaratmaq layihəsi var. Burada təkcə kino deyil, məsələn, təmir bitəndən sonra “Dostluq” Mədəniyyət Mərkəzində həm film nümayiş olunacaq,  həm teatr tamaşaları göstəriləcək, eyni zamanda da konsertlər təşkil olunacaq. Yeri gəlmişkən, “Nizami” kinoteatrında da konsert keçiriləcək. “Şəfəq” kinoteatrında  isə Dövlət Pantamimo Teatrı yerləşdirilib və ora  kosmetik  təmir olunub. Yəni, orada sadəcə köhnə kinoteatrın foyesində tamaşa göstərmək imkanı yaradılıb. Əslində onun kino salonu istifadəsiz qalır. Və onu film nümayişi üçün yararlı hala gətirmək üçün xeyli vəsait tələb olunur.  Bu istiqamətdə  işlər görülür. Əlbəttə, hər şeyi birdən həll etmək mümkün deyil.

 

“Bakı” kinoteatrı yanğın nəticəsində sıradan çıxmışdı, yerində...”

 

-Bəs rayonlardakı kinoteatrlar necə olacaq?

-Lənkəranda yerləşən böyük kinoteatrı gələn il  təmir etdirəcəyik. Gəncədə “Bakı” kinoteatrı yanğın nəticəsində sıradan çıxmışdı, sökülüb və  hazırda yerində Gəncə Filarmoniyası  tikilir ki, orada həm də filmlər nümayiş olunacaq. Bundan başqa, gələn il həm də Salyanda “Babək”  kinoteatrında yenidənqurma işlərinə başlanacaq. 

-Yusif bəy, kinoteatrların tikilməsi vaxt alır, amma il- ildən çəkilən filmlərin sayı çoxalır. Filmləri də göstərməyə yer olmayanda qoyulur rəfə.

-Sözünüzü burda kəsib, əlavə etmək istəyirəm ki, film yayımı üçün bir neçə variant mövcuddur  -filmlərin kinoteatrda, televiziyada və elektron daşıyıcılarda nümayişi. Bunlar bərabərhüquqlu yayımlardır. 

 

“Etiraf etməliyik ki, bizdə kinoteatr şəbəkəsi çox zəifdir

 

-Amma o yayımlar mərhələ -mərhələ baş verir. Əvvəl kinoteatr, sonra DVD və daha sonra televiziya.

-Mərhələ - mərhələ o ölkələrdə olur ki,  orada bütün bu prinsiplər işləyir. Bizdə kinoteatr şəbəkəsi çox zəifdir. Bunu etiraf etməliyik. Bizim filmlər televiziya kanalları üçün açıqdır. Filmlərin hardan əldə edilib,  nümayiş olunması bütün televiziya kanallarına çox gözəl məlumdur. Amma onlar bunu etmirlər. İş burasındadır ki, Ceyms Kameronun filmi  hansısa Azərbaycan kanalında göstəriləndə ona müəyyən  məbləğdə pul ödənilir. Amma mərhum rejissor Həsən Seyidbəylinin filmi efirdə nümayiş olunanda onun varislərinə pul çatmır. Niyə? Yaxud rejissor Ayaz Salayev kanalda göstərilən filmindən pul qazanmamalıdır?  Niyə biz Ceyms Kameronun maraqlarını gözləyirik, amma Eldar Quliyevə deyirik ki, filmə filan qədər pul verməliyik deyənə hələ onu göstərmək istəmirik.

 

“Film İstehsalı Mərkəzi yaranacaq”

 

-Dövlət proqramında yaradılması nəzərdə tutulan Film İstehsalı Mərkəzi ilə bağlı işlər nə yerdədir? Ümumiyyətlə, bu mərkəz necə fəaliyyət göstərəcək?

-Burda söhbət “Azərbaycanfilm” kinostudiyasının bazasında təsərrüfat hesablı Film İstehsalı  Mərkəzinin  yaradılmasından gedir. Bunun icrası   yaxın bir neçə ilə nəzərdə tutulub. Nazirlikdə belə qərara gəlinib ki, “Azərbaycanfilm”də bayaq danışdığımız yenidənqurma, yeni avadanlıqla təchiz olunma başa çatdıqdan sonra o studiya bölünsün. Yəni, yerində   “Azərbaycanfilm” prodüser mərkəzi  və Film İstehsalı Mərkəzi yaranacaq. Çəkiliş, səs yazma, lent aşkarlama, rekvizit, qrim və s. həmin istehsalat mərkəzində cəmləşəcək. Və “Azərbaycanfilm” eləcə də digər özəl və qeyri -özəl prodüser mərkəzləri həmin Film İstehsalı Mərkəzinin xidmətlərindən istifadə edə biləcəklər.  Mərkəz dövlətin olacaq. Amma nə vaxtsa ola bilər ki, dövlət onu özəlləşdirməyə çıxara bilər. Çünki dövlət öz əlində  özünün strateji əhəmiyyətli sahələrini saxlayır.

-Bir neçə il bundan əvvəl dövlət ilk dəfə prodüser mərkəzlərinə sifarişlə film çəkmək imkanı verdi. Amma son iki ilin çəkilən filmlərinə baxanda görürük ki, onlar “Salnamə” və “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərdir. Niyə özəl prodüser şirkətləri gözə dəymir?

-Azərbaycanda kino prodüserlik institutunu yaratmaq, ümumiyyətlə özəl sektoru inkişaf etdirmək nazirliyin vəzifələrindən biridir. Bunun üçün nazirlik çox işlər gördü və görür. Gənclərə ünvanlanmış “Bu meydan, bu ekran” müsabiqəsindən tutmuş tammetrajlı film müsabiqələrinə qədər  çoxlu sayda prodüser mərkəzlərinin layihələri maliyyələşdirildi.  İndi artıq elə mərhələyə gəlib çatmışıq ki, o prodüser mərkəzləri müəyyən təcrübə toplayıblar, müəyyən imkanlara malikdirlər. İndi prodüserlər öz funksiyalarını tam hüquqda həyata keçirməyə qadirdirlər. Yəni, prodüser mərkəzinin təqdim etdiyi layihənin  smetası 1 milyon manatdırsa, Mədəniyyət və Turizm Nazirliyi onun 600 min manatını verir, 400 min manatını isə prodüser mərkəzinin öhdəsinə buraxır. Bu şərtlərə əməl olunursa, problem yoxdur. “Sahə”, “Buta” filmləri məhz belə çəkilib. Elə bilirəm ki, bu, doğru yoldur. Bir çox ölkələr-  Rusiya, Türkiyə bu prinsiplərlə işləyirlər.

 

“Dolu” filminə böyük ümidlər bağlayırıq”

 

-Bu il daha hansı filmlərin premyeralarının  keçirilməsi planlaşdırılır?

-Noyabrın ikisində Muğam Mərkəzində bu yaxınlarda beynəlxalq festivaldan mükafatla dönən gənc rejissor Arzu Urşanın “Göyə qalxan top yerə də dəyər” filminin, noyabrın 15-də isə Ənvər Əblucun “Tərsinə çevrilən dünya” filminin premyerası olacaq. Gələn ildə isə  Yuli Qusmanın “Qorxma mən səninləyəm-2” , Türkiyə ilə birgə istehsal olunan  “Mahmud və Məryəm”, Mirzə Fətəli Axundovun 200 illiyi ilə bağlı “Sübhün səfiri” və  “Dolu” filmi nümayiş olunacaq. Qeyd etmək istəyirəm ki,  “Dolu” filminə böyük ümidlər bağlayırıq. Bundan başqa, “Mən evə qayıdıram”, “Çölçü”, Rusiyanın “Weit Media” və “Səlnamə” kinostudiyanın  birgə istehsalı olan Mirbala Səlimlinin öz ssenarisi əsasında çəkdiyi  “Qırmızı bağ” filmi də var.  

-Bəs gələn ilin film istehsalına dövlət  büdcəsindən ayrılan vəsaitin həcmi  barədə nə deyə bilərsiniz?

-Onu deyə bilərəm ki, builki büdcədən az olmayacaq.

 

 

Nərmin MURADOVA

 

Paritet.-2011.-25-26 oktyabr.-S.16.