QHT-lərə
Dövlət Dəstəyi
Şurası diaspor təşkilatlarından təkliflər
gözləyir
Bu günə qədər Şuradan alınan qrantların 20 faizi diaspor fəaliyyəti
ilə məşğul
olan təşkilatlara
ayrılıb
Müstəqilliyinin 20 illiyini qeyd
edən Azərbaycan bu illər ərzində diaspor fəaliyyətində də
uğurlara imza atır. Son 10 ildə dünyada azərbaycançılığın
təbliği, ermənilərin zaman-zaman yanlış
informasiyaları nəticəsində yaranmış rəyin
dağıdılması istiqamətində dövlət tərəfindən
ardıcıl və birbaşa hədəflərə
hesablanmış iş aparılır. Azərbaycan
üçün vacib olan bu işdə dövlətlə
yanaşı, vətəndaş cəmiyyəti də
mühüm rol oynayır. Bunu həyata keçirilən
işlərə nəzər yetirdikdə görmək olur.
Vətəndaş
cəmiyyətini təşkil edən qeyri-hökumət təşkilatlarının
Azərbaycanın təbliği, Qarabağ həqiqətlərinin
yayılması istiqamətində gördükləri işlər
isə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının vəsaiti hesabına reallaşıb. Burada
QHT-lərlə yanaşı, Şuranın da rolu
böyükdür. Prezident İlham Əliyevin 2007-ci il sərəncamı ilə Şura
formalaşan Şura dövlət
başçısının həmin il dekabr ayının
13-də imzaladığı fərmanla yaradıldı. QHT
nümayəndələri arasında aparılan seçkilərdən
sonra isə dövlət başçısının 16 aprel
2008-ci il tarixli sərəncamı ilə Şura üzvləri
təyin edildi və bununla da Şura fəaliyyətə
başladı. Şura sonradan ayırdığı vəsaitlərin
bir hissəsini Azərbaycançılığın təbliği,
Qarabağ həqiqətlərinin yayılması,
qaçqın və köçkünlərin
hüquqlarının dünyada qorunması istiqamətində
layihələrə yönəltməyə başladı. Bu
isə birbaşa olaraq Azərbaycanın son illər daha da
güclənən diaspor fəaliyyətinə töhfədir.
“Qrantların 20 faizi diaspor fəaliyyəti
ilə məşğul olan təşkilatlara ayrılıb”
QHT
Şurasının üzvü Sahib Məmmədov da “Paritet”ə
açıqlamasında bildirib ki, Şuranın bu istiqamətdə
ayırdığı vəsaitlər əslində birbaşa
diaspor fəaliyyətinə sərf edilir. Onun sözlərinə
görə, Şura fəaliyyətə başlayanda müraciət
edən təşkilatların 50 faizindən çoxu ilk dəfə
idi qrant alırdı ki, bunlar da əsasən vətənpərvərlik,
Azərbaycanın təbliği və Qarabağ həqiqətlərinin
dünyaya çatdırılması layihələri idi: “O
cümlədən, beynəlxalq donorlardan vəsait ala bilməyən
diaspor fəaliyyətində iştirak edən təşkilatlar
idi. Bu baxımdan, Şuranın diaspor istiqamətində fəaliyyət
göstərən təşkilatlara dəstəyi xeyli
böyükdür. Bu günə qədər Şuradan
alınan qrantların 20 faizi diaspor fəaliyyəti ilə məşğul
olan təşkilatlara ayrılıb”. Şura üzvü qeyd
edib ki, əsas olan məbləğ və say deyil, əsas məsələ
milli QHT-lərin diaspor istiqamətində maliyyələşməsidir.
S.Məmmədov
bildirib ki, Şuranın yarandığı ilk illər bu
istiqamətdə gördüyü işlər az olsa da,
sonradan, xüsusilə də 2010-cı ildən etibarən
diaspor fəaliyyətinə və Azərbaycanın təbliğinə
diqqət daha çox ayrılıb.
Şuranın
fəaliyyəti haqqında hazırladığı hesabatlara
da nəzər yetirdikdə bu istiqamətdə fəallığın
əsasən 2010-cu ildən artdığı məlum olur.
Amma, 2008-ci ildə yaradılan Şura bir il sonra-2009-cu ildə
də birbaşa diaspor fəaliyyətinə
şamil edilən və Azərbaycan diasporunun uzun illərdir
mübarizə apardığı
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Azərbaycanın ədalətli mövqeyinin
xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
təbliği və müdafiəsini diqqətdən kənarda
saxlamayıb. Belə ki, 2009-cu il hesabatında göstərilir
ki, Şura bu məqsədlə ümumilikdə 160.220 min manat
vəsait ayırıb.
2009-cu
ildə Şuranın maliyyə yardımı ilə “Gənclərin
İnformasiya Savaşı üçün Resurs Mərkəzi”
layihəsini həyata keçirən Qloballaşan Dünyaya
İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev isə
qəzetimizə açıqlamasında bildirib ki, 4 ay davam edən
bu layihənin reallaşması üçün Şura tərəfindən
Birliyə 5300 AZN vəsait ayrılıb. İ.Ağayev qeyd edib ki, layihə
çərçivəsində yaradılan www.savash.az saytında dünyada ermənilərin
bizə qarşı informasiya savaşında mübarizə
aparmaq üçün Azərbaycanın dünyadakı
diaspor təşkilatları da istifadə ediblər.
Qarabağ
problemi, artıq 20 ilə yaxın bir zaman ərzində həll
olunmamış vəziyyətdədir. Bunun nəticəsində
isə Azərbaycanın 20 faiz torpağı işğal
altındadır, bir milyon insanı isə köçkün vəziyyətində
yaşayır. Sülh yolu ilə həllinə
çalışılan bu münaqişənin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll olunmamasının bir səbəbi də erməni
diasporunun uzun illərdir dünyada dezinformasiyaları
yaymasıdır. Azərbaycan dövləti isə bu
yalanların ifşa edilməsində öz səylərini
davam etdirir. Artıq Qarabağın
Azərbaycanın tarixi torpaqları olması faktı demək
olar ki, dünya tərəfindən qəbul edilib. Bu istiqamətdə
dünyanın əksər dövlətlərində fəaliyyət
göstərən Azərbaycan diasporu da böyük rol
oynayır.
2010-cı
il ərzində Şura
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı 52 layihəyə 302.349 manat vəsait
ayırıb. Bu layihələr Azərbaycanın 18 rayon və
şəhərində həmçinin
6 xarici ölkədə - Almaniya, ABŞ, Belçika,
Bolqarıstan, Rusiya və Türkiyədə həyata
keçirilib. 2010-cu ildə Dağlıq Qarabağ mövzusu
üzrə maliyyələşən layihələr çərçivəsində
14 müxtəlif kitab, buklet, broşur və jurnal dərc
edilib ki, bunlardan da 8 nəşr məhsulu xarici dillərdə
buraxılıb. Bununla yanaşı, 9 internet səhifəsi
hazırlanaraq yeniləşdirilib və ya xarici dilə tərcümə
edilib, 7 sənədli film çəkilərək xarici dillərə
tərcümə olunub. Bunlardan “Soyqırım” filmi isə
ABŞ-da nümayiş etdirilib. O cümlədən, Şura tərəfindən
Qadınların Təhsil Mərkəzi İctimai Birliyinin həyata
keçirdiyi “Türkiyə universitetləri üçün
Qarabağ həqiqətləri” adlı layihəyə 5.500 AZN,
Xocalı Soyqırımını Tanıtma İctimai
Birliyinin reallaşdırdığı Azərbaycan həqiqətlərinin
beynəlxalq səviyyədə təbliği
üçün Almaniyanın Köln şəhərində
Qarabağ faciəsi və Xocalı soyqırımı ilə
bağlı fotosərginin təşkili və Azərbaycan və
ingilis dillərinə “Qarabağ harayı” kitabçasının təqdimatına
5.000 AZN, qaçqın və məcburi köçkünlərin
hüquqlarının beynəlxalq səviyyədə
müdafiəsi istiqamətində həyata keçirilən 3
layihəyə 11500 AZN vəsait ayrılıb.
“Gördüyümüz işlərlə
diasporumuzun ümumi işinə
kömək edirik”
Bu
istiqamətdə Şuranın
xarici ölkələrə səfərləri zamanı da
iş aparılır. Belə ki, Şura sədri Azay Quliyevin rəhbərliyi
ilə dörd nəfərdən ibarət nümayəndə
heyəti Türkiyə Qəzetçilər
Federasiyasının dəvəti ilə ötən ilin aprelin
21-23-də İzmir şəhərində səfərdə
olub. Səfər çərçivəsində
silsilə tədbirlər, o cümlədən Şuranın
yardımı ilə QHT layihələri çərçivəsində
hazırlanan təbliğat materiallarının - kitab,
broşur, sənədli film və fotoların nümayiş
etdirildiyi sərgi təşkil edilib. Bunların
sırasında “Çanaqqaladan başlanan yol”,
“Soyqırım” (Quba), “İrəvan: danışır
canlı şahidlər” sənədli filmləri, “Erməni
yalanları”, “Qarabağ abidələri”, “Məcburən erməniləşdirmə”,
“Bağanis Ayrım soyqırımı”, “Qarabağ gündəliyi”
və 43 adda digər kitablar, eləcə də 100-ə
yaxın fotoşəkil nümayiş olunub. Bu materiallarda ermənilərin
türk-müsəlman əhaliyə qarşı Azərbaycan
və Türkiyə ərazilərində törətdikləri
soyqırım cinayətləri ifşa edilərək, tarixi
gerçəkliklər faktlara və arxiv sənədlərinə
istinadən şərh olunubdur. Bununla yanaşı, sərgidə
erməni silahlı quldur dəstələrinin Türkiyə
bölgələrinə hücumunu əks etdirən fotoşəkillər
ilk dəfə nümayiş etdirilib. Sərgidə Türkiyə
mətbuatı, televiziya və radiolarının İzmirdəki
bölgə müxbirləri, jurnalist birlikləri və
qeyri-hökumət təşkilatlarının nümayəndələri,
eləcə də İzmir şəhər rəhbərləri
iştirak ediblər. Səfər çərçivəsində
nümayəndə heyəti Türkiyə jurnalistləri ilə
birlikdə “Yeni əsr” televiziyası vasitəsilə
yayımlanan 1.5 saatlıq birbaşa efirdə qondarma erməni
soyqırımı ilə bağlı fikirlərini bildirərək,
bu siyasətin ifşası üçün Türkiyə və
Azərbaycanın bütün müvafiq qurumlarının, o
cümlədən QHT-lərinin daim birlikdə olması və
sıx əməkdaşlıq etməsinin vacibliyini bir daha
vurğulayıblar. Bu məsələlər barədə
A.Quliyev Türkiyənin NTV, TRT, Ege TV və digər
telekanallarının xəbərlər proqramına verdiyi
müsahibələrində erməni yalanlarını ifşa
edən faktlarla çıxış edib.
Şura
üzvü S.Məmmədov bizimlə söhbətində
bildirib ki, Azərbaycanın təbliği, həqiqətlərin
tanıdılması istiqamətində ayrılan maliyyə
yardımları ilə yanaşı, Şura xarici ölkələrin
vətəndaş cəmiyyətləri ilə əlaqələr
qurur, səfərlər təşkil edir ki, bu səfərlər
zamanı da ümumi işlə yanaşı, mütləq Azərbaycanın
tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri,
Xocalı faciəsi ilə bağlı ingilis dilində disklər,
kitablar səfər edilən ölkələrin ictimaiyyətini
təmsil edən QHT nümayəndələrinə təqdim
edilir.
“Bu
işi həm Şura əməkdaşlarının vasitəsi
ilə, həm də Şuranın maliyyə yardımı ilə
xaricə gedən vətəndaş cəmiyyətinin
nümayəndələri vasitəsilə həyata
keçiririk. Onlara Azərbaycanla bağlı məlumatları
şifahi olaraq da çatdırırıq. Təbii ki, bununla əsl
həqiqətlərin çatdırılmasında müəyyən
işlər görmüş oluruq. Diaspor fəaliyyəti əsasən
ölkə xaricində təşkil edilsə də, biz də
öz növbəmizdə gördüyümüz işlərlə
diasporumuzun ümumi işinə kömək edirik”-deyə
Şura üzvü qeyd edib.
Qeyd
edək ki, Şuranın maliyyə yardımı ilə təkcə
ötən il 5 QHT tərəfindən bu istiqamətdə 4
beynəlxalq, 1 yerli səviyyəli konfrans keçirilib ki,
bunlardan da 2-si xarici ölkədə Belçika və
Türkiyədə təşkil edilib. Eyni zamanda, ayrılan vəsaitlər
hesabına 9 QHT beynəlxalq mətbuatda erməni
yalanlarının ifşa edilməsi, Qarabağ həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması sahəsində
işlər görüb. Bu tədbirlərdən dördü
Belçika, Bolqarıstan, Türkiyə və Almaniyada həyata
keçirilib. 5 QHT erməni təcavüzünün
ağır nəticələri, qaçqın və
köçkünlərin, minadan zərər çəkənlərin
problemlərinin öyrənilməsi və ictimailəşdirilməsi
işini həyata keçirib. 4 QHT Qarabağ mövzusunda
seminar keçirərək, maarifləndirmə işini, 6 QHT
qaçqın və köçkünlər
üçün müxtəlif peşə təlimi və
peşə kursları, 4 QHT isə onlar üçün yeni
iş yerlərinin yaradılması və hüquqi
yardımın göstərilməsi xidmətini təşkil
edib.
Şura
Azərbaycanın təbliği ilə bağlı bu il 30
layihəyə 150 min AZN vəsait
ayırıb
Azərbaycançılığın
təbliği, Qarabağ həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması, Xocalı
soyqırımının tanıdılması, ümumilikdə
diaspor fəaliyyətində öz maddi və mənəvi
yardımlarını ilə QHT Şurası bu il də davam
etdirir. Şuranın mətbuat katibi, “Vətəndaş Cəmiyyəti”
jurnalının baş redaktoru Səfər Alışarlı
“Paritet”ə bildirib ki, 2011-ci ildə Şura bu istiqamətdə
30 layihəyə 150 min manatdan çox vəsait ayırıb.
Onun sözlərinə görə, yardımlar davam edir:
“Şura diaspor fəaliyyətinə öz töhfəsini
yarandığı gündən verir. Hər il olduğu kimi,
bu il də Azərbaycanın dünyada təbliği
üçün təqdim edilən layihələrə vəsaitlər
ayrılıb. Bu yardım davam edir. İl ərzində
Şuraya bu istiqamətdə müxtəlif layihələr təqdim
edilib. Onlardan 30-u seçilib. Bu layihələr də əsasən
Xocalı soyqırımı, Qarabağ həqiqətləri,
məcburi köçkünlərin hüquqlarının
dünyada müdafiəsi, Azərbaycanın təbliği və
bu istiqamətdə digər layihələr olub. Bu layihələrin
həyata keçirilməsi üçün Şura tərəfindən
150 min manatdan artıq vəsait ayrılıb”.
Qeyd
edək ki, 2011-ci il, oktyabrın 3-də CNN-də efirə
çıxan Worldview proqramında Dağlıq
Qarabağın yanlış olaraq Ermənistanın regionu kimi
təqdim olunmasına etiraz olaraq Şuranın internet resursu
qhtxeber.az saytında Amerikada və dünyada ən çox izlənən
kanallardan biri hesab olunan CNN-də bu cür təhrif olunmuş
məlumatların efirə çıxmaması
üçün etiraz məktubu kampaniyası da keçirib.
Şura
üzvü S.Məmmədovsa qeyd edib ki, diaspor təşkilatları
ilə bağlı xaricdə təşkil olunan tədbirlərin
maliyyələşməsi, soydaşlarımızın bura səfərləri,
buradakıların xaricə getməsi ilə bağlı da
Şura öz köməkliklərini edir: “Eyni zamanda, biz təkliflərin
gəlməsini istəyirik. Misal üçün, Moldovadan Azərbaycan
filmlərinin subtitrlərinin yerli dilə tərcümə
olunması ilə bağlı təklif edilib və Şura bu təklifi
dəyərləndirərək maliyyə yardımı
ayırıb. Bu iş, artıq reallaşıb. Biz bu cür təkliflərin
diaspor təşkilatlarının özlərindən gəlməsini
gözləyirik. Azərbaycanın təbliği, Qarabağ həqiqətlərinin,
Xocalı faciəsinin tanıdılması ilə bağlı
diaspor təşkilatlarının bütün təkliflərini
Şura dəstəkləməyə hazırdır”. Onun
sözlərinə görə, Şura xaricdəki həmvətənlərimizin
yaşadıqları ölkələrin vətəndaş cəmiyyətləri
ilə əlaqələr qurmasına, həqiqətlərimizi
təbliğ etmələrinə çalışır.
“Biz əsasən
diaspor istiqamətində fəaliyyət göstərən
yerli təşkilatları maliyyələşdiririk. Onlara
ayrılan vəsait də ümumilikdə Azərbaycan
diasporunun gücləndirilməsi, təbliğat işlərinə
sərf edilir. Amma xaricdə fəaliyyət göstərən
diaspor təşkilatlarına da maliyyə yadımı
ayırmağa hazırıq”-deyə S.Məmmədov bildirib.
Asif NƏRİMANLI
Paritet.-2011.-25-26 oktyabr.-S.10.