Diaspor ötən illərlə müqayisədə bu gün daha güclüdür

 

Mirnasim Zeynalov: Vətəndən ölkəmizin iqtisadi, siyasi və mədəni həyatı barədə lazımi məlumatlar və təlimatlarla “silahlanmağa” ehtiyacımız var

 

Azərbaycan diasporunun fəaliyyət coğrafiyası genişdir. Soydaşlarımızın dünyada səpələnmə treoktoriyasına nəzərə yetirdikdə, okeanın o tayından uzaq Şərqə, Cənubdan Şimala kimi bütün ərazilərdə Azərbaycan bayrağının dalğalandığını görmək olur. Azərbaycan bayrağının dalğalandığı ölkələrdən biri də Yeni Zelandiyadır. Sakit okeanın cənub şərqində yerləşən bu ölkə bir zamanlar Azərbaycan insanı üçün əlçatmaz görünürdü. Lakin zaman keçdikcə soydaşlarımızın səsi bu ölkədən də eşidilməyə başladı. Yeni Zelandiyada yaşayan azərbaycanlılar burda müxtəlif sferalarda çalışsalar da daim Azərbaycanın təmsilçisi, vətənin təbliğatçısı rolunu oynayır, diaspor fəaliyyəti ilə də məşğul olurlar.  Bu gün Yeni Zelandiyada Azərbaycanın iki diaspor təşkilatı- Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti və Azəri-Azərbaycan Yeni Zelandiya Dostluq Cəmiyyəti təşkilatları fəaliyyət göstərir. Hər iki təşkilat fəaliyyət göstərdiyi ölkədə Azərbaycanın təbliği ilə bağlı mühüm işlər görür. Dünyada məskunlaşan soydaşlarımız haqqında məqalələrlə mütəmadi çıxış edən “Paritet” qəzeti Azəri-Azərbaycan Yeni Zelandiya Dostluq Cəmiyyətinin fəaliyyətini işıqlandırıb. Bu dəfə isə, sədri Mirnasim Zeynalov olan Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətindən yazacağıq.

 

Yeganə çətinlik Vətən xiffətidir

 

 Mirnasim Zeynalov 1974-cü ildə Bakıda doğulub. 1991-ci ildə Bakıdakı 167 saylı orta məktəbi, 2001-ci ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Tikinti materiallarının və məmulatlarının texnologiyası” ixtisası üzrə magistraturanı bitirib. Bir müddət İsveçrənin “Swissair” aviaşirkətinin Bakı ofisində çalışıb. İsveçrə-Azərbaycan aviaxətti bağlandıqdan sonra isə, dünya ölkələrinin həyat tərzinə maraq onu 2002-ci ildə Yeni Zelandiyaya gətirir. Bura gəldikdən sonra aviaşirkət sahəsində işini Avstriya Hava Yollarında davam etdirir. Hazırda “Serko Online şirkətində” çalışır. Özünün dediyinə görə, yeganə çətinliyi Vətən xiffətidir. Ailəsi və yaxınları ilə hər gün internet üzərindən “Skayp(Skype)” vasitəsilə görüşür. 

Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətini isə 2006-cı ilin may ayında Yeni Zelandiyanın Oklənd(Auckland) şəhərində yaradınıb. Hazırda Yeni Zelandiya vətəndaşı olan M.Zeynalovun sözlərinə görə, yaşadığı ölkədə azərbaycanlıların az olması və pərakəndə məskunlaşması səbəbindən diaspor təşkilatımız səmərəli fəaliyyət baxımından müəyyən çətinlik çəksə də Yeni Zelandiyada yaşayan həmvətənlərimizin maraqlarının müdafiə olunması, eləcə də Azərbaycan məhsullarının təqdimatı ilə bağlı mühüm fəaliyyət göstərir.

Bizimlə söhbətində M.Zeynalov bildirib ki, qeyri-rəsmi məlumatlara görə, bu gün Yeni Zelandiyada təxminən 300 azərbaycanlı yaşayır və bu rəqəm Yeni Zelandiyanın Şimal və Cənub adalarını əhatə edir: “Əsasən, soydaşlarımız Oklənd, Vellinqton və Kraystçerç kimi üç ən böyük şəhərlərdə toplaşıblar. Bununla belə, onların bəzisi Hamilton, Danedin, Kuinstoun və Nyu-Plimut kimi əyalət şəhərlərində də yaşayır”.

Onun sözlərinə görə, Yeni Zelandiyada Azərbaycan diasporunun fəaliyyətinə heç bir maneəçilik törədilmir: “Yeni Zelandiyada qanun hakimdir. Qanun çərçivəsində hər kəs azaddır. Yerli sakinlər də, bizim kimi “gəlmələr” də qanun qarşısında eyni dərəcədə cavabdehdirlər. Bu səbəbdən fəaliyyətimizdə bizə maneçilik yarada biləcək hərəkətə yer yoxdur. Yeni Zelandiyanın başlıca və diqqətəlayiq xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, burada yerli əhali ölkəyə gələnlərə mehriban və mülayim münasibət göstərir, bu da ölkə sakinlərini digər Avropa ölkələri əhalisindən köklü şəkildə fərqləndirən xüsusiyyətdir. Yoldan keçən birindən yardım istəsən, nəsə soruşsan, məmnuniyyətlə sənə kömək edərlər. Yeri gəlmişkən, məhz bu amil mənim bu dostsevər ölkəyə köçüb burada məskunlaşmağıma səbəb olub. Yerli əhali digər millətdən və dindən olanlara qarşı dözümlülük nümayiş etdirir”. Cəmiyyət sədri qeyd edib ki, sakinlərin milli azlıqlara olan tolerant münasibətini nəzərə alaraq, əminliklə deyə bilərəm ki, Azərbaycan barədə, ölkəmizdə baş verən proseslər haqqında danışmaq üçün əla imkanlar var. O, artıq ciddi nəticələrə nail ola bildiklərini düşünür.

 

““Qarabağ yarası” barədə müxtəlif təbəqələrdən olan insanlara məlumatlar çatdırırıq”

 

 Azərbaycan diasporunun başlıca məqsədlərindən biri də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır ki, bu da hər bir təşkilatın gördüyü fəaliyyət çərçivəsindədir, o cümlədən, Yeni Zelandiyada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının.

Bu baxımdan, Yeni Zelandiyada azərbaycanlıların az olması və pərakəndə məskunlaşması səbəbindən diasporun səmərəli fəaliyyətində müəyyən çətinliklər olsa da, orada yaşayan həmvətənlərimizin maraqlarının müdafiə olunması, eləcə də Azərbaycan məhsullarının Yeni Zelandiyada təqdimatı ilə bağlı mühüm fəaliyyət göstərdiklərini deyən M.Zeynalov bildirib ki, vətənimizin “Qarabağ yarası” barədə müxtəlif təbəqələrdən olan insanlara məlumatlar çatdırırıq: “Mən özüm Xocalı soyqırımının ildönümü ılə bağlı, ənənəvi olaraq müxtəlif universitetlərin tələbələrilə tədbirlər keçirirəm. İlk iki ildə belə tədbirlər Oklend Universitetində keçirilirdi. Son üç ildə bu kimi tədbirlər Vaykato Universitetində (Waikato University) keçirilib”. Onun sözlərinə görə, universitet tələbələri Dağlıq Qarabağla bağlı məlumatlara getdikcə daha artıq maraq göstərirlər: “Məsələn, əgər mən ilk tədbirə cəmi 25 tələbə cəlb edə bilmişdimsə, bu il tədbirdə artıq 100-dən çox tələbə vardı. Adətən, çıxışlarım fotoşəkillər, eləcə də 30 dəqiqəlik videomateriallarla müşayiət olunur. Sual-cavab əsnasında, eləcə də söhbət zamanı bir çox tələbələrin Azərbaycanda, həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən hadisələrlə bağlı məlumatlı olduqlarına yaxşı mənada təəccüblənirəm. Halbuki cəmi 5-6 il əvvəl onlar nəinki Dağlıq Qarabağ, heç Azərbaycanın özü barədə sanballı bir şey bilmirdilər”.

Ermənilərin diaspor təşkilatı bağlanıb

Cəmiyyət sədri qeyd edib ki, Ermənistanla Türkiyə arasında sərhədlərin potensial açılmasına dair danışıqlar aparıldığı zaman təşkilat və Yeni Zelandiyada yaşayan azərbaycanlılar adından Türkiyə Prezidentinə müraciət də qəbul olunub. Müraciətdə isə Azərbaycan xalqının bütün beynəlxalq məsələlərdə Türkiyənin köməyinə arxalandığı və həmçinin Ermənistan-Türkiyə sərhədlərinin mümkün açılması ilə bağlı məlumatlardan təəssüf və narahatlıq bildiriblər. Bundan başqa, Azərbaycanda qeyd olunan bayram günlərində həm yerli, həm də əcnəbi qonaqların iştirakı ilə müxtəlif tədbirlər keçirdiklərini də vurğulayan M.Zeynalov deyib ki, bizə Azərbaycan mətbəxinin yeməklərini və milli musiqimizi nümayiş etdirməyə imkan yaradılır.

Yeni Zelandiyada yaşayan ermənilər haqqında da danışan M.Zeynalov onların sayı barədə dəqiq məlumatı olmasa da, azərbaycanlılardan çox olmadıqlarını deyib:“Əvvəllər, ermənilərin “Krunk” diaspor təşkilatı fəaliyyətdə idi, lakin son iki ildə bu təşkilatın saytı bağlanıb, özü haqqında isə heç bir məlumat yoxdur. Erməni diasporunun hansısa bir fəaliyyəti barədə elə bir görüntü yoxdur. Lakin biz bununla belə, necə deyərlər, göz-qulaqdayıq. Əminəm ki, onların Azərbaycanın və Yeni Zelandiyada yaşayan soydaşlarımızın marağı ziddinə hər hansı bir hərəkətlərini lazımi cavabsız qoymarıq”.

 

“İşin keyfiyyətini yüksəltmək üçün indikindən daha artıq çalşmalıyıq”

 

 Diaspor nümayəndəsi Yeni Zelandiyada fəaliyyət göstərən hər iki diaspor təşkilatının sıx əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, Qalib Mahmudovun rəhbərliyi ilə 2007-ci ildən fəaliyyətə başlayan digər “Azəri” diaspor təşkilatı Yeni Zelandiyada yaşayan azərbaycanlıların maraqlarının müdafiə olunması, eləcə də milli məhsulumuzun Yeni Zelandiya istehlakçısına təqdim edilməsi ilə bağlı müstəsna fəaliyyət göstərir. Onun sözlərinə görə, azərbaycanlıların az sayda yaşadığı Yeni Zelandiya kimi ölkələrdə bir neçə diaspor təşkilatının olması milli adət-ənənələrin qorunub saxlanması, həmçinin yerli əhalini Azərbaycanda baş verən hadisələrlə bağlı məlumatlandırmaq baxımından daha müsbət rol oynayır: “Əlbəttə ki, fəaliyyət göstərən təşkilatlar arasında sıx koordinasiyanın yaradılması zəruridir. Mən əminliklə deyə bilərəm ki, hər iki təşkilat çox səmərəli fəaliyyət göstərir və ən əsas isə, Yeni Zelandiyada Azərbaycanın maraqlarının layiqli şəkildə təqdim edilməsi, milli adət-ənənələrin qorunub saxlanması, azərbaycançılıq ideyası ətrafında birləşmək, həmçinin Azərbaycan haqqında,  Dağlıq Qarabağ münaqişəsi haqqında ölkə əhalisinin müxtəlif təbəqələrindən olan insanlara düzgün məlumatın çatdırılması istiqamətində eyni məqsədə xidmət edir. Bizim diaspor ötən illərlə müqayisədə bu gün daha güclüdür. Çünki Azərbaycan sürətli templə inkişaf edir və bu özünü bütün sahələrdə göstərir”.

  M. Zeynalov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşilatlarının necə işləməli olduğundan da danışıb. Bildirib ki, bunun üçün ilk növbədə Vətəni sevmək lazımdır: “Bu, biz “yeni zelandiyalılarda” məncə ən yüksək səviyyədədir. Vətəndən uzaqlaşdıqca onu daha çox sevirsən. Yeni Zelandiya isə Azəbaycandan ən uzaq ölkədir. İkinci şərt  özümüzlə bağlıdır. Hamımız yaxşı başa düşürük ki, işin keyfiyyətini yüksəltmək üçün indikindən daha artıq çalşmalıyıq. Lakin hələlik pərakəndə məskunlaşma bizə mane olur. Düşünürəm ki, bu, müvəqqəti haldır”. O, Vətəndən ölkəmizin iqtisadi, siyasi və mədəni həyatı barədə lazımi məlumatlar və təlimatlarla “silahlanmağa” ehtiyacları olduğunu deyib.

Diasporla İş üzrə Dövlət Komitəsi ilə müəyyən səviyyədə əlaqələrinin mövcud olduğunu deyən M.Zeynalov bunun kifayət olmadığını hesab edir: “ Bütün diaspor təşkilatları mütəmadi olaraq eyni dərəcədə təlimatlandırılmalıdırlar, ölkəmiz haqqında müəyyən informasiyalarla təchiz olunmalıdırlar. Belə olan halda bizim burada sözümüz daha kəsərli olar”.

 

“Diaspor təşkilatlarının sayı artırılmalı, ya da iri bölgələr üzrə təşkilatın bölmələri yaradılmalıdır”

 

 Diaspor nümayəndəsi bildirib ki, Azərbaycanın Yeni Zelandiyada və Avstraliyada səfirliyi fəaliyyət göstərmədiyi üçün, orda təhsil alan və yaxud işləyən azərbaycanlılarin işlərinə İndoneziyada fəaliyyət göstərən səfirliyimiz nəzarət edir. M.Zeynalov qeyd edib ki, Yeni Zelandiyanın Azərbaycanla daha yaxın münasibətlərdə olması üçün iki ölkə arasında iqtisadi maraqların genişlənməsi, turizmin inkişafı, daha çox mədəni və idman tədbirlərinin keçirilməsi vacibdir: “Yeni Zelandiya kənd təsərrüfatı və turizm sektoru yüksək səviyyədə inkişaf edən bir ölkədir. Yeni Zelandiyanın məsafə baxımından Azərbaycandan uzaqlığını nəzərə alsaq, ölkələrimiz arasında sıx iqtisadi əməkdaşlıq mövcud deyil, lakin yuxarıda da qeyd etdiyim kimi, kənd təsərrüfatı bu ölkədə çox yaxşı inkişaf edib. Düşünürəm ki, nümayəndələrimiz bu ölkədə lazımi bilik və məlumatlara yiyələnə bilərlər. Buna görə də, mən Azərbaycanın biznes sektorunun nümayəndələrini daha sıx əməkdaşlıq etmək və bu uzaq, lakin mehriban, qonaqpərvər ölkə ilə dostlaşmaq üçün buraya dəvət etmək istərdim”. Onun sözlərinə görə, Yeni Zelandiyanın ərazisi Azərbaycanın ərazisindən düz üç dəfə böyük olduğundan, həm də soydaşlarımızın çox pərakəndə məskunlaşması səbəbindən istənilən səviyyədə təmasda olmağa və birgə fəaliyyət üçün imkanlar bir qədər məhduddur: “Lakin bu çətinlik getdikcə aradan qalxmaqdadır və biz təşkilatlanma və işbirliyi baxımından xeyli yaxınlaşmışıq. Ümumiyyətlə hesab edirəm ki, azsaylı azərbaycanlıların yaşadığı Yeni Zelandiya kimi ölkələrdə soydaşlarımız arasında səmərəli təşkilati əlaqə yaratmaq üçün ya diaspor təşkilatlarının sayı artırılmalı, ya da iri bölgələr üzrə təşkilatın bölmələri yaradılmalıdır. Biz bu məsələ üzərində düşünürük”.

Cəmiyyət rəhbəri qarşıdakı məqsədlərindən də danışıb. Bildirib ki, Cəmiyyət eyni zamanda, Oklenddə və ümumilikdə Yeni Zelandiyada yaşayan türk qardaşlarımızla da sıx əlaqələr saxlayır: “2007-ci ildə Bakıda türk və Azərbaycan diasporları rəhbərlərinin keçirdiyi forumdan sonra icmalarımız fəaliyyət istiqamətlərini və strategiyalarını dəyişiblər.

Biz daha sıx əlaqə yaratmaq haqqında razılığa gəldik, eləcə də ümumi siyasət yeridilməsi ilə bağlı söhbətlər apardıq. Buna görə də, bu işdə böyük uğurlar əldə edəcəyimizə ümid bəsləyirik. Təşkilatımız tərəfindən təşkil edilən tədbirlərin böyük əksəriyyətində həm türk, həm də Cənubi Azərbaycandan olan qardaşlarımız fəal şəkildə iştirak edirlər”.

M.Zeynalov qeyd edib ki, əsas məqsədlərindən biri də Cənubi Azərbaycandan olan soydaşlarımızla daha yaxın və sıx əlaqələrin yaradılmasıdır.

 

 

Asif NƏRIMANLI

 

 Paritet.-2011.-27-28 oktyabr.-S.10.