Safari turları ilə məşğul
olan turizm şirkətləri
yaradılmalıdır
Bahadur Bilalov: “Safari
turlarının inkişafı üçün milli parklarda
bufer zonalar yaradılmalı və marşurutlar müəyyən
edilməlidir”
Adətən turistlərin cəlb
edilməsi üçün öz turizm xidmətini təşkil
edən ölkələr bir sıra turlar təşkil edir. Bu
isə turistə təklif edilən xidmətlərdən istədiyini
seçmək və maraq dairəsində istirahət etmək
imkanı yaradır. Turistin ən çox maraq göstərdiyi
turlardan biri də safari turlarıdır ki, bununla da onlar vəhşi
heyvanlarla yaxın təmasda ola bilirlər. Ümumiyətlə, “safari”
sözünün mənşəyi ərəb dilindən
suahili dilinə keçmiş “səfər” sözündən
götürülüb. Turizmin bu növünün nə vaxt
və harada yaranması haqqında dəqiq bilgi olmasa da, safari
turlarının ilk dəfə Afrikanın bir sıra ölkələrində
Qərbi Avropadan və Amerikadan gələn və kifayət qədər
imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna
nümunələri ilə cəlb etmək üçün həyata
keçirilib.
Safari
turları vəhşi heyvanların ovlanması və
müşahidəsi ilə xarekterizə olunan, vəhşi təbiət
qoynuna edilən səyahətlərdir. Bu gün dünyada safari turlarının əsas
inkişaf regionları Afrika, Asiya, Cənubi Amerika, Şimali
Amerika, Avstraliyadır. Son dövrlərsə bu turlar zamanı
təkcə vəhşi heyvanların deyil, bütün
növ heyvanların ovlanması müşahidə olunur. Amma
heyvanların nəsli kəsilmək qorxusu üzündən
onların ovlanması qadağan edilsə də, bu heç də
safari turlarına olan marağı azaltmayıb. Belə ki,
hazırda turistlər safari turlarına getmək
üçün heç də nəsli kəsilməkdə
olan fauna nümunələrini ovlamağa məcbur deyillər,
artıq onların sadəcə şəkillərini də
çəkməklə kifayətlənmək olar. Bu cür
turlar isə foto-safari adı ilə məşhurdur. Ənənəvi
safarilər heyvanları nəsli kəsilmək təhlükəsi
ilə qarşı-qarşıya qoyduğu üçün,
turistlər ondan imtina edərək, sırf foto-safarilərə
istiqamətlənməyə başlayıblar. Foto-safarilərə
bədii dildə bəzən “sakit ov” da deyirlər. Müasir dövrdə turizm
sənayesində safari turlarının
inkişafı ayrıca bir istiqamət kimi fərqlənir.
Bu gün turistlər təbiəti və faunası daha az antropoloji təsirə məruz
qalmış ölkələrə maraq
göstərirlər. Təbii ki, pozulmamış və toxunulmamış təbiəti
olan ölkə bundan böyük kapital əldə
edə bilir. Digər tərəfdən
daha əvvəlki kimi
heyvanları ovlamaqdan çox
foto-safari çərçivəsində
onların şəkillərini çəkmək heyvan ovunun
qarşısını almaqla
yanaşı, gələn gəliri
təbiətin daha yaxşı
mühafizəsinə yönəltmək olur
ki, bu da
nadir təbiəti olan
ölkələrin də öz
qapılarını
safari-turları üçün
açması ilə nəticələnir.
Safari
turlarından əldə olunan gəlir artıq bəzi ölkələrin
dövlət büdcəsində əhəmiyyətli yer
tutur. Bu baxımdan safari turlarının malik zəngin təcrübəyə
olan ölkələrin- Kanada, Malayziya, Madaqaskar, Zambiya, CAR,
Keniya kimi ölkələrin təcrübəsindən
yararlanmaq olar. Safari turlarında dünyada yayılan təcrübələrdən
biri də gecə safari turlarının təşkilidir. Bu
zaman turistlərə, onlar ilə vəhşi heyvanlar
arasında heç bir görünən sədd olmadan Asiya,
Afrika və Amerikanın vəhşi faunasını seyr etməyə
imkan yaradılır. Buna isə “açıq zoopark konsepsiyası”
şərait yaradır. Bu konsepsiyaya görə vəhşi
heyvanlar ənənəvi dəmir qəfəslərdə
deyil, xüsusi gizlədilmiş kanallarla əhatə olunan yerlərdə
saxlanılır.
Azərbaycanda
da safari, həmçinin foto-safari və gecə safari
turlarının inkişaf etdirilməsi üçün imkan
var. Ölkəmizin müxtəlif guşələrində
yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri,
milli parklar, qoruqlar, yasaqlıqlar xarici turistlər
üçün foto-safari turlarına cəlb edilməsi
istiqamətində mühüm rol oynaya bilər.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin məlumatına
görə, hazırda ölkə ərazisində Ordubad,
Şirvan, Ağ göl, Hirkan, Altıağac, Abşeron,
Şahdağ milli parkları, 12 dövlət qoruğu və
23 dövlət yasaqlığı var.
Ümumilikdə
respublikada 97 növ məməli, 357 növ quş, 67 növ
amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ
balıq, 15 mindən çox onurğasız heyvan növü
məlumdur. Heyvan növlərinin respublika ərazisində
yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız
çox məhdud, digərləri isə respublikanın
bütün ərazisində yayılıb.
Safari
turları ekoturların tərkib hissəsi kimi qəbul
edildiyindən turizmin inkişafı üçün dövlət
başçısının təsdiqlədiyi “Tədbirlər
planı”nda da ümumilikdə ekoturizmin inkişafı
üçün tapşırıqlar yer alıb.
“Azərbaycanda
turizmin inkişafı çərçivəsində
ekoturların təşkili istiqamətində işlər
görülsə də, hələ də mövcud potensiala
bu imkanların istifadə olunması arasında
çatışmazlıqlar var”. Bu barədə qəzetimizə
açıqlamasında “Azərbaycan Ekologiya
Standartlarının Monitorinq”i ictimai birliyinin sədri Rauf
Sultanov bildirib. Onun sözlərinə görə, Azərbaycanın
təbiəti digər ölkələrlə müqayisədə
çox zəngindir: “Burda turizmin inkişaf etdirilməsi
üçün bir sıra imkanlar var, lakin turizmin
inkişafında bu zənginliklərdən az istifadə
edilir. Safari turlarının inkişafı üçünsə
dağ keçisi, müxtəlif vəhşi quşlar və
digər imkanlar mövcuddur. Bununla yanaşı, qoruqlarda qorunan ceyranlar da turistlərin marağına səbəb ola biləcək
özəlliklərdəndir”.
Azərbaycan
Turizm İnstitutunun “Turizm biznesinin təşkili və
texnologiyası kafedrası”nın müdiri, dosent Bahadur
Bilalovsa “Paritet”ə açıqlamasında safari
turlarının ölkəmizdə hələ ötən əsrdən
təşkil edildiyini bildirib. Kafedra müdiri safari
turlarının təşkilində, bu turların müxtəlif
imkanlarından da danışıb. O bildirib ki, klassik anlamda
safari vəhşi heyvanların ovudur. Yəni belə safarilər
xüsusi lisenziya əsasında xüsusi ayrılmış ərazilərdə
həyata keçirilir: “Ölkəmizdə belə turlar hələ
keçən əsrdən təşkil edilir və turizm
növlərinin ən gəlirlisi kimi qiymətləndirilir.
Müasir safarilərsə bir neçə qola ayrılır.
İlk yerdə ekzotik ekskursiyalar dayanır. Bu zaman vəhşi
heyvanların ovu deyil,
onların müşahidəsi baş verir. Bir sözlə, “Foto ovçuluq” baş verir. Məsələn,
Tanzaniyaya təşkil edilən safarilər
zamanı turistlər, ağac kölgəsində
xumarlanan şirləri, savannalarda
sakitcə otlayan kərgadan və zürafələri
görmək imkanı əldə edirlər”. Onun sözlərinə
görə, digər safari qısa müddətli-
1-2 günlük olub “Cip” avtomobillərlə həyata keçirilir ki, bu zaman bələdçinin
rəhbərliyi ilə iştirakçı marşrutu
özü hazırlayır, keçilməz
yerlərdə “Cip”i
idarə etməklə təbiətin gözəlliyindən
unudulmaz həzz
alır, eyni zamanda,
safarilər üçün kvadrosikllər,
bəzən isə dəvələr, xüsusilə səhralarda,
istifadə edilir.
“Safarinin
digər bir qolu avtomobildə sərnişinlər
üçün təşkil edilir. Bələdçi avtomobili
idarə edir, görməli yerləri göstərir və
onlar haqqında məlumat verir. Belə turlar 2-3 gün davam
edir. Ekstremal safari adlanan qol isə mütəxəssislərin
hazırladıqları uzunmüddətli səyahətdir. Bu
zaman gün ərzində 50 kilometrə qədər
keçilməz yollarla gediş edilir” deyə B.Bilalov bildirib.
O qeyd edir ki, Azərbaycanda belə
turların təşkili üçün kifayət qədər
potensial mövcuddur: “Ölkə ərazisində milli park,
dövlət qoruğu və dövlət yasaqlıqları
ümumi ərazinin 10.3 faizini təşkil edir. Hesab edirəm
ki, safarilərin təşkili üçün qorunan ərazilər
yetərlidir”. Kafedra müdiri hesab edir ki, mövcud potensialdan
istifadə edərək safari turlarının inkişaf
etdirilməsi üçün qorunan ərazilərdə bufer
zonalar yaradılmalı, marşrutlar müəyyən edilməlidir:
“Bundan başqa, safari turları ilə məşğul olan
ixtisaslaşmış turizm şirkətləri
yaradılmalı, həmin şirkətlərdə işləyəcək
kadrlar hazırlanmalıdır. Şirkətlərin
avadanlıqlar almasına yardım məqsədilə
aşağı faizli kreditlər verilməli, maarifləndirmə
işləri həyata keçirilməlidir. Nazirliklərarası
və sahələrarası koordinasiya təşkil
edilməlidir”.
R.Sultanovsa
bildirib ki, safari turlarının daha mütəşəkkil
qaydada həyata keçirilməsi üçün bu sahədə
beynəlxalq təcrübə öyrənilməlidir. Onun
sözlərinə görə, ölkəmizdəki xüsusi
qorunan təbiət ərazilərində, eləcədə
onlardan kənarda safari turlarının təşkili məqsədilə
tədricən lazımi infrasturuktur da yaradılmalıdır:
“Həmçinin, respublikada yerləşən xüsusi qorunan
təbiət ərazilərinin fauna potensialının təbliği
məqsədilə beynəlxalq səviyyəli effektiv marketinq
alətlərindən istifadə edilməlidir. Beynəlxalq təcrübə
sübut edir ki, safarilərin təşkilində
xüsusi qorunan təbiət əraziləri mühüm rol
oynayır. Bu baxımdan,
respublika ərazisində yerləşən milli park, qoruq və
yasaqlıqlarda safari turlarının təşkilini yüksək
səviyyədə həyata keçirmək və
bütövlükdə ekoturizm sahəsində
dayanıqlı inkişafa nail olmaq işləri sürətləndirilməlidir”.
Ekoloq
hesab edir ki, safari turlarının da daxil olduğu ekoturizmin
inkişaf etdirilməsinə dair “Master Plan” işlənib
hazırlanmalı və bu planda safari turları ayrıca təqdim
edilməlidir.
A.CƏLALOĞLU
Paritet.-2011.-27-28 oktyabr.-S.8.