“Azərbaycan həqiqətini
tanıtdırmağı özümüzə borc bilirik”
Dünyanın müxtəlif istiqamətlərinə
səpələnən azərbaycanlıların sayı təqribi
hesablamalara görə 10 milyondan çoxdur. Dünyanın 5 qitəsində məskunlaşan
soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni
fəaliyyəti yaşadıqları ölkələr,
oradakı şərait, mənəvi dəyərlər kimi
müxtəlifdir. Diaspora ilə iş üzrə Dövlət
Komitəsinin rəsmi saytına istinad edərək bildirək
ki, yayılma arealına görə azərbaycanlılar Amerika
qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində
daha çox məskunlaşmışlar. Onların sayı
Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə,
Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə
çatır. Amerika qitəsi ölkələrində
Honduras, Qvatemala, Peru və digərlərində də
soydaşlarımız məskunlaşıblar.
“Hər bazar günü azərbaycanlılar
bu evə yığışırlar”
Komitənin
saytına istinadən bildirək ki, İsveçdə 29 diaspor
təşkilatımız fəaliyyət göstərir.
Onların yarı hissəsini isə İrandan mühacirət
etmiş soydaşlarımız yaradıblar. Bu gün əsasən
Cənubi azərbaycanlıların toplandığı həmin
təşkilatlardan biri “Durna” Azərbaycanlılar Dərnəyindən
söhbət açacağıq. Dərnəyin əsas məqsədi
Azərbaycanın tarixini və mədəniyyətini tanıtdırmaq və orada
yaşayan azərbaycanlıların hüquqlarını
müdafiə etməkdir. Dərnək
artıq neçə illərdir ki, İsveçdə fəaliyyət göstərir. Dərnəyin
İdarə Heyətinin üzvü, əlaqələndirmə
məsulu Taymaz Təbrizli bizimlə söhbətində dərnəyin
hansı səbəblərdən yarandığını
bildirdi. “1990-cı illərin əvvəllərində
İsveçdə Azərbaycan toplumu çox ixtilaflı dövrdə
yaşayırdı. Bu səbəbdən biz bu toplumun siyasi-
ictimai (özümüzü də
onların içində sayaraq ) yetkin olmamasını
anlayaraq, elə bir cəmiyyət yaratmaq barədə fikirləşdik
ki, sədrlikdən uzaq, gücündən asılı olaraq
işləri irəli apara bilə bilsin. Ona görə
1993-cü ildə Stokholmda “Durna” Dərnəyinin təşkil
olunmasını elan etdik. 1994-cü ildə isə Stokholm
şəhərində dərnəyimiz qeydiyyatdan keçirildi. 18 ilin
içində hər bazar günü İsveçdə
yaşayan ailələr yaş fərqindən asılı
olmayaraq- yaşlı, cavan və uşaqlar- “Durna” Dərnəyinin evinə
yığışırlar”. Dərnəyə niyə məhz
“Durna” adının verilməsi
diqqətimizi çəkdi.
Dərnək rəsmisi isə sualımıza belə
aydınlıq gətirdi. “Bizim
və türk millətinin inancında durna köçəri
quşların ən gözəlidir. Eyni zamanda doğma yurdu
ilə əlaqə simvolu olduğu üçün biz bu
adı bəyəndik”.
“Durna” məcmuəsi
Şimalı və Cənubi Azərbaycanda baş verən
mühüm olayları işıqlandırır
Taymaz
bəyin sözlərinə görə, dərnək maarifləndirmə
sahəsində uğurlu işlərə imza atıb. Belə
ki, dərnək indiyə qədər üç dərgi nəşr
etdirib. “Çiçək”, “Durna” və “Dalğa”
adlarında buraxılan dərgilər İsveç azərbaycanlıları
tərəfindən çox böyük maraqla
qarşılanıb. “Ayda bir dəfə 30 saydan artıq
“Durna” dərgisini nəşr edirik.
Bu nəşrdə Şimalivə Cənubi Azərbaycanda
baş verən mühüm olayları yaymağa
çalışmışıq. Biz Azərbaycanın
görkəmli şairi Səhəndin “Dədəmin
kitabı”nı “Tribun”
jurnalı ilə birlikdə çapdan
çıxartmışıq. Azərbaycan adına
radioların yayılmasında yardım istənən zaman
heç vaxt yox deməmişik. Bunlardan əlavə Anar Rzayevin
“Dədə Qorqud” kitabını latın dilinə tərcümə
etmişik. Üç
uşaq kitabını isveç dilindən azərbaycan türkcəsinə
çevirmişik”. Dərnəyin maarifləndirmə
yönümündə həyata keçirtdiyi digər layihə
ana dili tədris edən siniflərin təşkil edilməsidir.
“Burda Cənubi Azərbaycandan
olan vətəndaşlarımıza öz ana dillərində
dərslər keçilir. Ən
azı həftədə bir dəfə bütün vətəndaşlarımıza
görüş imkanı yaradırıq. Burda öz kültürümüzü
yaymaq istiqamətində bir çox işlər
görürük”.
“Dərnəyimiz İsveçin ən
möhtəşəm partiyası olan sosial- demokratlarla əlaqədədir”
Taymaz
bəyin sözlərinə görə, dərnək
İsveçdə keçirilən aksiyalarda, mitinqlərdə
fəal iştirak edir. Aksiyalarda azərbaycanlı icmaları
ilə yanaşı, türk diasporunun nümayəndələri
də iştirak edirlər.
Aksiya iştirakçıları İranda yaşayan azərbaycanlıların
ana dilində təhsil almaq, milli mədəniyyətləri,
adət-ənənələrini yaşatmaq haqqından məhrum
edilməsinə kəskin etiraz edirlər. 35 milyon azərbaycanlıya
qarşı millətçi-şovinsit siyasətin, siyasi fəal
azərbaycanlılara qarşı kütləvi məhkəmələrin,
zindanlarda işgəncələrin dayandırılması,
qadınların daş-qalaq edilməsinə son
qoyulmasını tələb edirlər. “Dünya bu həqiqətləri
çox yaxşı anlayır, ancaq bizim önümüzdə
görməli çox işlər var. İlk öncə onu
qeyd edim ki, dərnəyimiz İsveçin ən möhtəşəm
partiyası olan sosial demokratlarla əlaqədədir. Cənubi
Azərbaycanda yaşayan insanlarımızın mübarizələrinin
haqlı olduğunu burda seminarlar,
aksiyalar vasitəsilə duyurmağa
çalışmışıq. Qoy, avropalılar millətimizin
səsini eşitsin. Son illərdə Güneydə baş verən hadisələr haqda Avropa və Amerikadan olan bilgin insanlarımızı seminar
üçün İsveçə qonaq
çağırmışıq. Biz hər il 1945-ci ilin 21 Azər
gününü - güneydə milli hökumətin bərpa
olunmasını- təntənəli
musiqi və çıxışlarla
xatırlamışıq”. Dərnək rəsmisi qeyd etdi ki,
Ermənilərin Azərbaycana işğalçı siyasəti,
onların törətdikləri soyqırım faktını,
Qanlı yanvar hadisələri də daim gündəmdə
qalan mövzulardan biridir. “Özümüz bu tarixi günləri
yad etməklə yanaşı Azərbaycan İstiqlal
gününü, 20 yanvar (qara yanvar) , Novruz bayramını,
Babək günü ilə bağlı keçirilən konsertlərdə iştirak edirik”. Həmsöhbətim
qeyd etdi ki, diaspor işində çox məsuliyyətli
olmalıyıq. Vicdanla, ürəklə
bu yolda irəliləməliyik. “Millətimizin xeyrinə olan hər
bir hərəkətdə müstəqil
iştirakımızdan da qorxumuz yoxdur. Biz Azərbaycan həqiqətini
tanıtdırmağı özümüzə borc bilirik, onun
üçün də gücümüzdən gələni
etməyə
çalışırıq. Dünyanın hər bir
bucağında Azərbaycan adını yüksəldən
bir iş görülərsə, bizi sevindirir. Ancaq hər bir
qeyri- demokratik yollarla səlahiyyətsiz bir kimsəni ya da bir təşkilatı
diaspor adına şişirmək
istəsələr, biz bu işə
müxalifik. Biz Avropada yaşadığımız
üçün bir həqiqətə mütləq diqqət
etməliyik. O da budur ki, toplumun təsirində bizim yeniyetmələrimiz
qərb demokratik
düşüncəsinə alışır. Biz kimsənin
sifarişi ilə ya da tapşırığı ilə
diaspor təşkilatlarında seçilib-seçilməyi
düz hesab etmirik. Çünkü demokratiyaya dayanaraq gələcəkdə
bizim cavanlar üçün bu təhər yaramaz işlər
Azərbaycan diaspor təşkilatlarının çevrəsində
toplamağa əngəl yarada bilər.
“İsveçdə yaşayan
sıravi azərbaycanlılardan çox böyük mənəvi
dəstək görürük”
Taymaz
bəyin sözlərinə görə cəmiyyətin
işlərinin qurulmasına və davamlı fəaliyyətinin
təmin edilməsində orada yaşayan sıravi azərbaycanlılardan
çox böyük mənəvi dəstək var. “Dərnəyə
üzv olan bütün azərbaycanlılar üzvlük
haqqı ödəyirlər. Və hər bir üzv dərnəyin
iş fəaliyyətini sorğuya çəkmək
haqqına malikdir. Biz bir özəl düşüncəni o
biri düşüncədən üstün bilmədiyimiz
üçün çalışırıq Azərbaycan
insanını öz çevrəmizdə toplayaq. Bizə belə
gəlir ki, bu iş indiyə qədər uğurlu olub”.
Dərnəyin
gələcək planlarına gəlincə, hazırda
üç layihə üzərində ciddi iş gedir. “Biz
indi üç proyekti hazırlamaqdayıq. Biri dekabrın
13-ü Güneydə milli hökumətimizin 66 illik
ildönümü, Qara Yanvarın 22 illiyi və 22 May Güneydə kütləvi qiyamla
bağlı seminarlar təşkil
edəcəyik.
Nərmin Muradova
Paritet.-2011.-29-31 oktyabr.-S.10.