Bir yandan mənəm axan, o bir yandan
Sakarya
Sakarya
türkü Fatma İşık Kaya Azərbaycan, Təbriz və
Qarabağ haqda mahnılar müəllifidir
Bu dəfə sizlərlə
tanış edəcəyimiz ismi çoxlarınız
eşitməyib. Azərbaycanı canı qədər sevən
bu şəxs Sakarya türklərindəndir. Əsl adı
Fatma İşık Kaya, təxəllüsü Fadimədir. Özünün dediyinə
görə, bu ləqəbi ona qardaşı qoyub. 1962-ci ildə
İzmirin Tire kəndində doğulmuş Fadimə xanım
ilk təhsilini məhz burada alıb. Məktəbin son illərində
müəllimlərlə arasında yaranmış
anlaşılmazlıq üzündən təhsilini
yarımçıq qoymalı olub. Bunun gələcəkdə
ona problemlər yaratdığını özü də
etiraf edir. Çünki, musiqi akademiyasında oxumaq, məhz təhsilini
yarımçıq qoyduğu üzdən mümkün olmur.
Bununla belə, dörd il musiqi gimnaziyasında köməkçi
kimi çalışır. Daha sonra fleyta və gitara
çalmağı öyrənir. Buradan çıxdıqdan
sonra altı ay ud dərsi alır. Sonradan müəllimi vəfat
etdiyindən təkbaşına məşğul olmağa
başlayır.
Hazırda
Fadimə xanım musqi bəstələyib, ifa edir. Maraqlı
məqamlardan biri bəstələrin hamısının
türk dövlətlərinə həsr edilməsidir. Burada
Azərbaycan, Qarabağ barədə musiqilər
üstünlük təşkil edir. Düzü, “Feysbuk”-da
ölkəmizə, Qarabağa və Təbrizə həsr etdiyi bəstələrin
yayılması görüb əvvəlcə onun azəri əsilli
olduğunu zənn etmişdik. İsmarıcımızda
lakonik cavab gəldi: ”İlk rastlaşdığım azərilər
qarslılar olub. Təəssüf ki, onlardillərini itirib
çox bizləşdilər. Azəri dilini saxlayan ilk azərilərlə
90-cı illərdə rastlaşdım. Özümsə
sakaryalıyam”. Ömründə
bir dəfə də olsa Azərbaycanda olmayan sənətçidə
bu qədər sevginin haradan yarandığını öyrənmək
üçün ona bir neçə sual ünvanladıq. Sizlər
üçün də maraqlı olduğunu
düşünüb, müsahibəni olduğu kimi diqqətinizə
çatdırırıq.
-Azərbaycan adını ilk dəfə
nə vaxt eşitdiniz və ilk əlaqələriniz nə
zaman yarandı?
-1962-ci
ildə doğulsam da, 1989-cu ilə qədər nəinki Azərbaycan
adını, ümumiyyətlə, sovet imperiyası tərkibində
olan türk dövlətləri barədə heç bir
şey bilmirdik. Sadəcə böyüklərimiz ara-sıra qardaşlarımızın
rusların əsarəti altında olduğunu deyirdilər.
1989-cu ildə
“TRT”-də Xalidə xanım adlı bir azərbaycanlı efirə
çıxıb bu ölkə haqqında geniş
danışdı. Mən yalnız bu zaman qonşumuzda minilliklər
boyunca bir yerdə yaşadığımız, zəngin
enerji, mədəni irsə malik bir türk dövlətinin
olduğunu bildim. O zaman Xalidə xanım ölkəsinin əsarət
altında olduğunu, insanların yoxsulluq içində
yaşaması ilə bağlı da danışdı. Sonradan
bildim ki, bu çıxışına görə o, bir daha Azərbaycana
qayıda bilməyib. Həm onun, həm də ərinin
Türkiyə vətəndaşlığı alıb,
İstanbulda yaşaması üçün Süleyman Dəmirəl
böyük işlər gördü (söhbət AzTV-nin sabiq diktoru Xalidə və
Davud Əhmədovlardan gedir-red.). Onlarda sonradan Dəmirəl
soyadını özlərinə təxəllüs kimi
götürüblər.
Azərbaycanla
ilk əlaqələrim isə 1992-ci ilə təsadüf edir.
O zaman bir qrup azərbaycanlı sənətçi İzmirə
qonaq gəlmişdi. Azərbaycan cəmiyyəti də elə
o ərəfədə yaradılmışdı.
İçimdə olan sevgi, maraq hissi məni də ora
apardı. İlk tanış olduğum azərbaycanlı isə
böyük sənətkar Lütfiyar İmanov idi. O,
Bakıya qayıtdıqdan sonra belə, hər 8 Martda zəng
edib məni təbrik edirdi. Onun rəhmətə getməsini
eşidəndə çox sarsıldım. Mən onun
simasında xalqınızın nə qədər mədəni,
təhsilli, zəngin olduğunu görmüşdüm.
-Bəstələrinizə
baxdıqda türk dünyasına olan sonsuz sevginiz hiss olunur.
Bu enerjinin, hisslərin müqabilində türk dövlətləri
eləcə də Azərbaycan üçün nə
etmisiniz?
-Türk
dövlətləri ilə əlaqələri ancaq internet
vasitəsi ilə saxlayıram. Görmə problemim olduğu
uçün İzmirdən kənara çıxa bilmirəm.
Bununla belə, türk dünyasında, eləcə də, Azərbaycanda
baş verən istənilən hadisəni həyacanla izləyirəm.
İndiyə qədər yüzlərlə bəstələrim
olub ki, bunların da hamısı məhz baş verən hadisələrlə
bağlı olub. Başqırdıstan üçün
yazdığım üç mahnı başqırd radiosunda
tez-tez səslənir. İki musiqim də ABŞ-da fəaliyyət
göstərən Uyğur radiosunda səslənir. Kərküklə
bağlı da bir çox bəstələrim var və orada
sevilə-sevilə dinlənilir.
Yaxınlarda
Qazaxıstanda yaşayan azərbaycanlı qardaşlarım əlaqə
saxlayıb, bir neçə şeirimi göndərməyimi
istədilər. Orda onların “Vətən” adlı qəzetləri
nəşr olunur. Göndərdiyim şeirlər həmin qəzetdə
çap olunub. Bundan başqa, onların sayəsində
Qazaxıstan dövlət radiosunda bir bəstəm
yayımlanacaq.
İndiyə
qədər bütün türk dövlətlərinin
bayrağını və torpağından bir ovuc gətirtmişəm.
Mən oralara gedə bilməsəm də, həmişə
oraların ətrini hiss edirəm. Həyatdan gedəndə kəfənimi
bu bayraqlara sarıyıb, həmin torpağın məzarıma
tökülməsini vəsiyyət edəcəm.
-Ermənistan Azərbaycan
torpaqlarını işğal etməklə bərabər,
Türkiyə ərazisinə də iddia edir. Yaxınlarda Serj
Sərkisyan Ağrı dağın “geri
qaytarılacağını” bəyan edib. Onların bu həyasızlığına
rəğmən Türkiyə cəmiyyəti nə kimi
işlər görür?
-Bu
gerçəkdən də içimi acıdan sualdır. Ermənilər
hazırda Türkiyədə istədikləri kimi gəzib, əylənirlər.
Guya keçmişdə onlara aid olan kilsələrə
milyonlarla dollar vəsait xərclənib, bərpa edilir.
Vaxtaşrı ayinlər keçirirlər. Bu arada türklər
əleyhinə fikirlər söylənilir. Biz isə sadəcə
kənardan baxmağa məcburuq. Bu olduqca faciəli durumdur. Bir
ölkə sənin torpaqlarının ona məxsus olduğunu
utanmadan gözlərinin içinə deyib, səni təhqir
edir, sənsə ona heç nə deməyib
arzuladıqları hər şeyi təşkil edirsən. Bir
türk kimi bunu özümə həqarət hesab edirəm.
Amma üzülməkdən və ağlamaqdan başqa əlimdən
də bir şey gəlmir. Mən indi anlayıram ki, ən millətçi,
ən vətənpərvər insanlar Azərbaycanda
yaşayır. Sizlər bizləri daha çox sevirsiniz.
İnan ki, Türkiyə bunu qiymətləndirməyi
bacarmır. Hər şeyi siyasətlə bağlamaq
düzgün deyil. Bir qürur hiss var ki, bu daxildən gəlməlidir.
Təəssüf ki, Türkiyə vətəndaşları
hazırda bunu o qədər də yaxşı dərk etmirlər.
-Ermənistan-Türkiyə sərhədlərinin
açılması ortaya çıxan gündən iki
qardaş ölkə arasında soyuqlaşma müşahidə
olunur. Azərbaycan xalqı bunu qardaşın-qardaşa arxadan
zərbəsi kimi qiymətləndirir. Bu barədə türk
qardaşlarımız nə düşünür?
-Məni ən
çox incidən məsələlərdən biri məhz
budur. Çox acı cavab verəcəyəm. Türk
qardaşlarınızın başı televiziyalarda evlənmə,
şou, əyləncə proqramlarına qarışıb. Hər
gün PKK onlarca əsgərimizi şəhid edir. Amma buna
görə təsirlənən çox azdır.
Açıq etiraf edim ki, burada Azərbaycanı tanıyanlar o
qədər də çox deyil. Xüsusən, gənclər
bu barədə az məlumatlıdırlar. Məncə, təbliğat
aparmağa böyük ehtiyac var. Hazırda türk mətbuatı,
televiziyaları erməniləri təbliğ etməklə
daha çox məşğul olurlar. Bu reallığı dəyişmək
üçün nəsə bir şey edilməlidir.
-Azərbaycan dedikdə ilk
ağlınıza gələn nə olur? Buranın hansı
özəlliyi sizi bu qədər cəlb edir?
-Azərbaycan
sözü mənimçün çox dəyərlidir. Bu
adı eşidəndə belə duyğulanıram. Burada
yaşayan insanların danışıq tərzi,
bayrağınızdakı rənglər mənə çox
doğmadır. Bir də məni təsirləndirən əsas
şeylərdən biri, sizlərin Türkiyəni türklərdən
daha çox sevmənizdir. Bunun izahını bu günə qədər
tapa bilməmişəm. Ərazisi işğal altında olan,
xalqı soyqırıma məruz qalan, Türkiyə ilə
müqayisədə balaca dövlət olan Azərbaycanda
xalqın bu qədər enerjili, emosional, səmimi, məğlubiyyətlə
barışmayan olmasından sadəcə qürur duyuram.
Dərnəkdə
tez-tez azərbaycanlı gənclərlə
görüşürəm. Qızlarla, oğlanların
bir-birlərinə qarşı davranışları,
danışmaları, böyüklərinə hörmətləri,
kiçiklərinə sevgiləri çox möhtəşəmdir.
Tarxidə olan türk millətinin ləyaqəti,
davranış qaydaları məhz belə olub. Çox
şadam ki, Azərbaycan xalqı hələ də bu ənənəsinə
sadiq qalıb. Özünüzə məxsus olanlarla bərabər
türk şəhidlərinə, bayrağına sahib
çıxıb, sayğı göstərməniz məni
çox təsirləndirir.
Musiqiçi
olduğumdan təbii ki, daha çox azərbaycanlı sənətçilərlə
maraqlanıram. Mən bu günə qədər Üzeyir
Hacıbəyov, Tofiq Quliyev, Qara
Qarayev, Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov,
Hüseyn Cavid, Mikayıl Müşviq kimi şəxsiyyətlərin
təkrarını heç bir xalqda görə bilməmişəm. Bu qədər zəngin sərvətləri
olan xalqın qarşısında sadəcə baş əyirəm.
MƏHƏMMƏD
Paritet.- 2011.- 6-7 sentyabr.- S. 5.