“Biz
eşitmək və eşidilmək istəyirik”
Leyla Əliyeva: “Biz, Azərbaycanın
gənc nəsli gözüaçıq olmaq, Vətənimizi
heç zaman unutmamaq, köklərimizi və ənənələrimizi
sevmək və qorumaq istəyirik”
(əvvəli
ötən sayımızda)
RAGT sədrinin müraciətində konqres çərçivəsində Azərbaycan Gənclərinin Dünya Birliyinin
yaradılması, bizim gənclər diasporunun möhkəmlənməsi yolunda növbəti və çox
vacib addım olacağına,
qarşıda Dünya Azərbaycanlı Gənclərinin
I Konqresi Azərbaycan Prezidenti İlham Əliyevə
müraciət də qəbul edib.
Müraciətdə deyilir ki,
Konqres nümayəndələri ölkənin
inkişafı və tərəqqisi, eləcə də milli diaspor quruculuğu
və gənclərlə iş sahəsində
Azərbaycan dövlətinin gördüyü
işlərin əhəmiyyətini yüksək qiymətləndirir:
“Bununla yanaşı, biz
hesab edirik ki, azərbaycanlı gənclər bu siyasətə daha fəal
dəstək verməli, ümummilli mənafelərdən
irəli gələn məsələlərin həllində daha yüksək templə iştirak
etməlidirlər. Biz - Dünya
Azərbaycanlı Gənclərin I Konqresinin
iştirakçıları Sizi əmin edirik ki, dünyanın hər
hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı
gənc Azərbaycan xalqının milli
maraqlarının qorunması naminə bütün
gücü ilə mübarizə aparmaq, Azərbaycan prezidentinə daim dəstək vermək əzmindədir”.
Bununla
yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə,
beynəlxalq təşkilatlara, xarici ölkələrin
parlamentlərinə, dövlət və hökumət
başçılarına da müraciət qəbul edilib.
“Dünya Azərbaycanlı Gənclərin 1-ci Konqresinin
iştirakçıları dünya ictimaiyyətinə, beynəlxalq
təşkilatlara, sülhün və dostluğun tərəfində
olan bütün ölkələrin rəhbərləri və
parlamentlərinə müraciət edərək, Cənubi
Qafqaz regionunun əmin-amanlığı, bu bölgədə
yaşayan insanların təhlükəsizliyi, uşaqların
gələcəyi naminə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün
öz səylərini səfərbər etməyə
çağırırıq. Biz əminik ki, yalnız
dünya birliyinin ədalətli, qətiyyətli və
prinsipial mövqeyi Cənubi Qafqazın təhlükəsiz gələcəyinin
açarıdır”-deyə müraciətdə qeyd
edilib.
Sonda
konqresin qətnaməsi də qəbul olunub. Qətnamədə
azərbaycanlı gənclər təşkilatlarının
diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi
dəyərlərimizin qorunması, insan hüquq və
azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği
istiqamətində fəaliyyətinin koordinasiya edilməsi məqsədilə
Dünya Azərbaycanlı Gəncləri Birliyinin
(İttifaqı) təsis edilməsi ideyası dəstəklənib.
Həmçinin, Dünya Azərbaycanlı Gəncləri
Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs
qrupu yaradılıb. (diaspora.gov.az)
Qeyd
edək ki, Dünya Azərbaycanlı Gənclərinin Konqreslərinin
hər 3 ildən bir keçirilməsi haqqında da qərar qəbul
edilib.
“YAP Gənclər Birliyi diaspor sahəsinə
də öz töhfəsini verməyə
çalışır”
Diaspor
fəaliyyətinin daha güclü və mütəşşəkkil
aparılmasına öz töhfələrini verən gənclər
arasında Yeni Azərbaycan Partiyasının Gənclər
Birliyi də mühüm rol oynayır. Birliyin bu istiqamətdə
fəaliyyəti əsasən, səfər etdikləri ölkələrin
gəncləri ilə görüşlərdə Azərbaycan
həqiqətlərinin çatdırılması, ümumilikdə
Azərbaycanın tanıdılması və digər məsələlər
təşkil edir. GB-nin sədri Seymur Orucov “Paritet”ə
açıqlamasında bildirib ki, YAP-ın GB-nin diaspor fəaliyyətində
özünəməxsus yeri var: “Birlik beynəlxalq əlaqələrində
bu məsələni prioritet
istiqamət kimi götürür. Buna nümunə
olaraq, Birliyin 3 nəfərdən ibarət nümayəndə
heyətinin may ayında Rumıniyaya səfərini qeyd etmək
olar. Səfər çərçivəsində bu ölkədə
yaşayan və təhsil alan soydaşlarımız, Heydər
Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin əməkdaşları,
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan
Ticarət və Sənaye Palatasının, Rumıniya-Azərbaycan
Gənclər və Mədəniyyət Assosiasiyasının
üzvləri ilə görüşlər keçirilib”. Onun
sözlərinə görə, görüş zamanı
xaricdə yaşayan Azərbaycan diasporu barəsində ətraflı
məlumatlar verilib: “Rumıniyada Azərbaycan diasporu kifayət
qədər inkişaf edib. Artıq, bu ölkənin ictimaiyyəti
ilə qaynayıb-qarışıb və oradakı insanlara Azərbaycanla
bağlı bütün həqiqətləri, bütün məlumatları
çatdırmaqda, təbliğ etməkdə heç bir
çətinlik çəkmirlər. Biz orada olarkən
Srayerva şəhərinin gənclər təşkilatı ilə
qeyri-rəsmi görüş zamanı söhbət əsnasında
məlum oldu ki, guya, Azərbaycan ermənilərin
torpaqlarını işğal edib. Məsələni
araşdırdıq və məlum oldu ki, bunu deyən gəncin
Amerikada təhsil alarkən, otaq yoldaşı erməni olub. Həmin
erməni öz yalanları ilə məsələni
özününküləşdirərək, ermənilər
bizim deyil, guya biz ermənilərin torpaqlarını
işğal etmiş olduğumuzu gəncin beyninə yeridib.
Biz orda əsl həqiqətləri açıqladıq, məsələni
bütünlüklə başa saldıq. Nəticədə,
gələn dəfə həmin insan bizdən üzr istədi
və erməninin onu aldatdığını,
özünün də səhv etdiyini bildirdi”.
S.Orucov
qeyd edib ki, səfər zamanı rumınlı gənc tədqiqatçıların
Azərbaycana gəlib burada elmi-tədqiqat aparmaq təklifi də
irəli sürülüb. O, bu məsələdə
maraqlı olduqlarını da deyib: “Çünki həmin tədqiqatçıların
əsəri kitab şəklində nəşr olunacaq. Azərbaycanın
Ermənistan tərəfindən təcavüzə məruz
qaldığını nəzərə alsaq, Azərbaycan həqiqətlərinin
bu ölkədə yayılması olduqca böyük əhəmiyyətə
malikdir. Bizim diasporumuz bu gün erməni təcavüzü ilə
bağlı Rumıniya cəmiyyətinə geniş məlumatlar
çatdırır və bu yöndə gələcəkdə
də ciddi şəkildə fəaliyyət göstərəcəklərini
vurğulayırlar. Bu istiqamətdə dövlət siyasəti
ilə yanaşı, diasporun fəaliyyətinin bəhrəsidir
ki, bu ölkə Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir və
rumınlar ermənilər tərəfindən
xalqımızın başına gətirilən fəlakətlər
haqqında məlumatlıdırlar”.
Birliyin
sədri onu da bildirib ki, Rumıniyada diasporumuz yüksək səviyyədə
təşkilatlanıb və işlərini uğurla davam
etdirirlər: “Demək olar ki, oradakı erməni diasporu tamamilə
sıxışdırılaraq çıxardılıb.
Rumıniyadakı səfirimizin də bu işdə
böyük rolu var. Rumıniyada ermənilərin sayı 30
minə qədərdir və onlar kompakt şəkildə
yaşayırlar. Amma, diasporumuzun mübarizəsi nəticəsində,
ermənilər əməli işdə hökumət tərəfindən
öz yerlərində oturdulub. Maraqlı bir faktı
vurğulamaq istərdim. Biz orada olarkən diaspor təşkilatımızın
nümayəndələrindən biri yemək sifariş verdi.
Sifarişi gətirən adam əvvəlcə soruşdu ki,
siz bizim parkımızı bərpa edən ölkənin-Azərbaycanın
nümayəndələrisiz? Bizim Azərbaycanı təmsil
etdiyimizi biləndə, münasibətlərində bir istilik,
yaxınlıq yarandı. Mən ən primitiv misal çəkdim.
Bununla demək istəyirəm ki, Azərbaycan dövlətinin
gördüyü işlər, artıq, başqa ölkələrin
də xalqına nüfuz edib. İstər diaspor, istərsə
də digər sahələrdə”.
Diaspor
fəaliyyətində gəncliyin əhəmiyyətini
vurğulayan S.Orucov dövlətin gənclərlə
bağlı həyata keçirdiyi siyasətin bu işdə
köməkliyinin böyük olacağını deyib. Qeyd
edib ki, xaricdə təhsil alan hər bir azərbaycanlı gənc
tələbə Azərbaycanın xoşməramlı səfiri
olmalıdır: “Dövlət başçısı da bunu dəfələrlə
vurğulayıb. Prezident İlham Əliyev
çıxışlarının birində bildirib ki, bizim gənclərimiz
xaricdə təhsil alıb, ölkəyə qayıdaraq,
yenilikləri tətbiq edirlər. Amma, onların içində
kimlərsə oxuduğu yerdə qalıb işləyə bilər.
Onlar yaşadıqları yerdə inkişaf etməlidirlər.
Yəni, Azərbaycandan xaricdə nə qədər nümayəndə
olsa, bu o qədər bizim xeyrimizədir. Bu, diasporamızın
bazasının
formalaşmasıdır. Onların hərəsi öz ətrafını
genişləndirdikcə ölkəmizin uğurları da bir o
qədər genişlənər. Bu çıxışı
ilə dövlət başçısı gəncliyə və
diaspor sahəsində onların roluna nə qədər əhəmiyyət
verdiyini göstərir. Hər bir gənc də bundan nəticə
çıxartmalı və dövlətimizin qabağa getməsində
əlindən gələni əsirgəməməlidir. Bizim
Birlik də bu siyasəti əsas tutaraq öz işini qurur və
bu yolda bacardığımızı edirik. Onu da qeyd edim ki,
YAP GB bütün sahələrdə olduğu kimi, diaspor sahəsinə
də öz töhfəsini verməyə
çalışır”.
YAP
GB-nin sədri dövlət proqramı çərçivəsində
xaricdə təhsil alan gənclərimizi Azərbaycanın və
diasporumuzun gələcək potensial təmsilçiləri
olduğunu deyib. O, təcavüzə məruz qalan bir xalq kimi
mübarizəmizi heç vaxt dayandırmamalı, ermənilərin
yalanlarının ifşa edilməsində bütün
gücümüzlə çalışmalı olduğumuzu
vurğulayıb. Qeyd edib ki, payızda Bakıda keçirilməsi
nəzərdə tutulan beynəlxalq konfransda da bu məsələlərə
xüsusi diqqət ayıracaqlar: “Beynəlxalq əlaqələrin
genişlənməsi diaspor fəaliyyətinin daha da
yaxşı təşkil edilməsinə kömək edən
amillərdəndir. Bizim Birlik də bu gün beynəlxalq əlaqələrini
uğurla genişləndirir. Biz daim bu əlaqələrdən
vətənimizin xeyrinə istifadə etməyə
çalışırıq. Payız aylarında Avrasiya gənclərini
Bakıya dəvət etməyi planlaşdırırıq.
Böyük bir tədbirin olacağını
düşünürük. Avropanın, Asiyasının
qabaqcıl gənclərinin qatılacağı həmin tədbirdə
Azərbaycanla bağlı həqiqətləri bütün
iştirakçıların diqqətinə
çatdıracağıq. Qarabağ, Xocalı ilə
bağlı, ermənilərin təcavüzləri haqqında
müzakirələr nəzərdə tutulur. Gənclərin
fəaliyyəti barəsində olacaq tədbirdə qonaqlara
Qarabağ münaqişəsi, Xocalı hadisələri
haqqında məlumatlar veriləcək”.
GB-nin
sədri bildirib ki, özümüzü dünyaya əzilmiş
xalq kimi göstərməyimizi istəmirəm: “Bizim prezident hər
zaman milli məsələlərdə iradə nümayiş
etdirir, əzmkarlıqla çalışır və
bunların nəticəsidir ki, əksər vaxt hər şey
bizim qələbəmizlə tamamlanır. Bunu bu gün
dünyada Azərbaycana göstərilən münasibətdə
də görmək olar. Biz heç vaxt əzik dövlət
deyilik. Biz müharibəni deyil, sadəcə olaraq
döyüşü uduzmuşuq. Hesab edirəm ki, hər
şeyi olduğu kimi, çılpaq həqiqətləri necə
baş veribsə eləcə də çatdırmaq
lazımdır”.
S.Orucov
qeyd edib ki, xarici ölkələrdə yaşayan Azərbaycan
diasporu erməni təbliğatına qarşı daha da aktiv
olmalıdır və bu yolda YAP-ın GB Azərbaycan diasporuna
hər zaman dəstək verməyə hazırdır.
“Azərbaycan
gəncliyi Azərbaycan həqiqətlərinin və
reallıqlarının çatdırılmasında əvəzsiz
rol oynayır”
“Avropaya
inteqrasiya edən bir ölkənin və qloballaşan
dünyanın bütün
çağırışlarına cavab verən Azərbaycan
gəncliyi Azərbaycan həqiqətlərinin və
reallıqlarının çatdırılmasında əvəzsiz
rol oynayır”.
Bu
barədə isə “Paritet”ə açıqlamasında Azərbaycan
Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının
sədri Gülsel Səfərova bildirib. Onun sözlərinə
görə, bu gün mədəniyyətlərarası dialoq
məsələsində də gəncliyin rolu
mühümdür: “Statistikaya nəzər yetirsək görərik
ki, beynəlxalq təşkilatların arasında gedən
proqramlar gənclərin təmsilçiliyi ilə həyata
keçirilir. Dünya ölkələrində gənclərə
böyük bir arena verilib. Azərbaycan həqiqətlərinin
çatdırılması, bu arenada
çağırışlara cavab verilməsi biz gənclikdən
çox asılıdır. İstər diaspor fəaliyyətində,
istərsə də digər sahələrdə bu, Azərbaycan
gəncliyi üçün məsuliyyət, bir öhdəlik
olmalıdır. Burada heç bir məcburiyyətdən
söhbət getmir. Əlbəttə ki, Azərbaycan milli
ideyasını önəmsəyib hansısa xarici dövlətdə
fəaliyyət göstərən gəncin ilk vəzifəsi,
öz vətənini layiqincə təmsil etməkdir. Layiqincə
dedikdə çox zaman soruşurlar bu necə olur. Sadəcə
olaraq, öz ölkəsi barəsində mədəni, tarixi,
ictimai-siyasi biliklərə yiyələnib, bu informasiyaları
olduğu ortamda düzgün paylaşmasıdır. Belə
olduğu təqdirdə, əlbəttə ki, Azərbaycan və
onun barəsindəki hər şey haqqında daha dolğun məlumat
gedəcək”.
Son 5
ildə Azərbaycanda diaspor fəaliyyətinin daha çox
artdığını diqqətə çatdıran G.Səfərova
qeyd edib ki, istər Dünya Azərbaycanlı Gənclərin
I Konqresi, istərsə də Dünya Azərbaycanlılarının
III Qurultayının keçirilməsi buna sübutdur:
“Bütün bunlar istər dövlət, istərsə vətəndaş
səviyyəsində Azərbaycanın xarici əlaqələrinə,
diaspor fəaliyyətinə böyük yer
ayrıldığını göstərir”.
Sədrlik
etdiyi təşkilatın fəaliyyəti haqqında
danışan G.Səfərova bildirib ki, biz də öz
növbəmizdə beynəlxalq təşkilatlarda Azərbaycanın
adına müxtəlif layihələr həyata keçirdir,
Azərbaycan həqiqətlərini çatdırırıq:
“Bu sahədə gənclərin gördüyü hər bir
iş böyük qiymətləndirilməlidir. Hər bir gəncin
vətənimiz üçün öz aktivliyini, fəaliyyətini
artırması daha yaxşı olar. Hesab edirəm ki, qarşıdakı illərdə
diaspor fəaliyyətində daha böyük nailiyyətlər
əldə edə biləcəyik. Düzdür,
bugünkü diaspor fəaliyyəti 10 əvvəlki diaspordan
tamamilə fərqlənir. Bu, ilbəil daha da güclənir”.
Onun
sözlərinə görə, istər ictimai təşkilatlar,
istər insanlar, istərsə də dövlət qurumları
bu istiqamətdə fəal işləməlidirlər.
Asif NƏRİMANLI
Paritet.- 2011.- 10-12 sentyabr.- S. 10.