Fransaİspaniya arxivlərində Azərbaycanla bağlı 80-dən çox xəritə aşkarlanıb

 

Ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan xalqımızın haqq səsini bütün dünyaya çatdırmaq, danılmaz tarixi həqiqətləri məqsədyönlü şəkildə təhrif edərək, öz xalqına başdan-ayağa saxta tarix yazan erməni “alimləri”nin saxtakarlıqlarını durmadan ifşa etmək hər bir azərbaycanlının və ilk növbədə, alimlərimizin müqəddəs borcudur. Bu sahədə Azərbaycan alimləri tərəfindən xeyli faydalı iş görülmüş, tədqiqatlar aparılmış, monoqrafiyalar və kitablar nəşr edilmiş və edilməkdədir.

Bu istiqamətdə növbəti layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant şəklində maliyyə dəstəyi ilə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva reallaşdırır.

Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədov  bildirib ki,  “Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən orta əsrlər və yeni dövr xəritələrinin axtarışı və surətlərinin ölkəmizə gətirilməsi” adlı layihə üzərində iş bu ilin aprelindən başlanıb. Layihə çərçivəsində G.Baxşəliyeva iyunun  20-dən iyulun 10-dək İspaniyaFransada elmi ezamiyyətdə olmuş, bu ölkələrin bir sıra kitabxana və arxivlərində axtarışlar aparıb. Alim elmi ezamiyyət dövründə  yüzlərlə qədim xəritə və atlasları nəzərdən keçirmiş, 80-dən çox xəritənin surətini çıxarmış, elektron variantını hazırlamış və çəkilişlər aparıb.

 Xalqımızın tarixi coğrafiyasının öyrənilməsi üçün faydalı olan və Ermənistanın Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən bu xəritələr müstəsna əhəmiyyətə malikdir. Gətirilən bir çox mühüm sənədlər sırasında orijinalları Hamburq, Bolonya, Cota, Leyden, Paris, London, BerlinVyanada saxlanılan qədim ərəb və fars əlyazmaları vardır. Bu əlyazmalarda  Azərbaycana aid xəritələrin və onların Avropa alimləri tərəfindən hazırlanmış transkripsiyalarının fotosurətləri əks olunub.

X-XIII əsrin birinci yarısında tərtib olunan bu xəritələr Azərbaycanın tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks etdirir. Məsələn, onlardan birində Azərbaycan əraziləri şimalda Bab al-abvabdan (“Dərbənd”) bir qədər də yuxarıyadək torpaqları, cənubda indiki Cənubi Azərbaycan ərazisini və ondan daha cənubda yerləşən Ərməniyyə vilayətinin, əl-kəbir (böyük) və əl-sağır (kiçik) daxil olmaqla, böyük hissəsini əhatə edir (Bəlxi, Hamburq nüsxəsi).

Xəritədə Azərbaycan ərazisinə Dərbənd, Şabran, Şəki, Qəbələ, Şəmkir, Gəncə, Bərdə, Bərzənd, Əhər, Ərdəbil, Mərənd, Marağa, Təbriz, Səlmas, Xoy, Hilat, Bidlis, Miyanə və s. şəhərlər daxildir. Xəritədə aydın görünür ki, “böyük” və “kiçik” Ərməniyyə tarixi Azərbaycan torpaqlarından cənubda yerləşib və yer adından başqa bir şey deyildir. Beləliklə, bu xəritə bir daha təsdiq edir ki, erməni təbliğatının dənizdən-dənizə “böyük Ermənistan” xülyası böyük yalandan başqa bir şey deyildir.

Gətirilmiş sənədlər ermənilərin Cənubi Qafqaza gəlmə etnos olduğunu, Fərat çayının yuxarılarında qədim Assuriya və Mesopotamiya ilə sərhəddə məskunlaşdığını və zaman-zaman indiki Türkiyə və İranın ərazisinə köç etdiklərini əyani şəkildə nümayiş etdirir. 1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmayıb. Bu, tarixi reallıqdır və əldə edilmiş yeni xəritələr bunu bir daha təsdiq edir.

Azərbaycan xalqının əcdadları hələ eramızdan əvvəl Arazdan şimalda, Dağlıq Qarabağ da daxil olmaqla, Albaniya, cənubda isə Manna və Atropatena kimi dövlətlər yaratmışlar. Bu dövlətlər süqut etdikdən sonra da həmin ərazilərdə müxtəlif Azərbaycan dövlətləri yaranmış və xalqımız öz tarixi torpaqlarında kompakt şəkildə yaşamaqda davam edib.

Bütün bunları əldə edilmiş xəritələrdə çoxsaylı Azərbaycan toponimlərinin əks olunması bir daha sübut edir. Yalnız XIX əsrin əvvəllərindən Rusiya imperiyasının regionda apardığı məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqaza Türkiyədən və İrandan ermənilərin kütləvi köçürülməsi başlanmış və beləliklə də, regionumuzda erməni dövlətinin yaradılmasının əsası qoyulub. Həmin vaxtdan başlayaraq xalqımızı öz tarixi torpaqlarından məhrum etmək və bu ərazilərdə erməniləri məskunlaşdırmaq məqsədi ilə zaman-zaman azərbaycanlılara qarşı deportasiyalar və qətliamlar həyata keçirilib. Boşaldılmış tarixi Azərbaycan ərazilərinin adları isə erməniləşdirilib. Hazırda “Ermənistan Respublikası” adlanan ərazinin tarixi Azərbaycan torpaqları olması və burada xalqımıza məxsus toponimlərin tarixin yaddaşına möhkəm həkk edildiyi bu xəritələrdə tutarlı dəlillərlə, əyani şəkildə bir daha təsdiqini tapır.

Surətləri gətirilən xəritələr müxtəlif dövrlərdə və regionlarda tərtib edilib. Burada qədim Şərq alim, tarixçi və səyyahları Bəlxi (miladi 921-ci il), İstaxri (miladi 934), Müqəddəsi (miladi 985), Əhməd əl-Tus (miladi 1160), İbn Səid (miladi 1276), Nəsirəddin Tusi (miladi 1270) və digər müəlliflərin tərtib etdikləri xəritələr vardır.

XV-XVII əsrlər Avropa alim, səyyah və xəritəşünaslarının tərtib etdikləri xəritələr də çox mühüm əhəmiyyətə malikdir. Abraham Orteliusun 1570 və 1606-cı illərdə çap olunmuş Avropa xəritələri, Georq Sansonun 1669-cu ilə aid, Guiljelmo Blacuvun isə üzərində tarixi əks olunmayan Asiya qitəsinə aid xəritələri, Rofellenin 1506-cı il tarixli Yer kürəsi xəritəsi, naməlum müəllifin 1529-cu ildə hazırladığı və Avropa, Asiya və Afrikanı əhatə edən xəritəsi, Stalpartidin Antverpendə nəşr etdiyi dünya xəritəsi, 1562-ci ildə İenkensononun yaratdığı Rusiya, Moskoviya və Tartariya xəritəsi, həmçinin, 1482-ci ildə Florensiyada Françesko Berlingierinin tərtib etdiyi xəritə və digər naməlum müəlliflərin əsərləri bu qəbildəndir.

Sonrakı dövr Avropa xəritəşünaslarının tərtib və nəşr etdirdikləri xəritələr də erməni təbliğatının yalan üzərində qurulduğunu sübut edir. XVIII-XIX əsrlərə aid bu xəritələrdən 1877-ci ildə tərtib edilmiş Qafqazın xəritəsi (Qota, Almaniya), A.Fon Petermannın hazırladığı Qafqazın fiziki-coğrafi xəritəsi, doktor H.Kiepertin 1854-cü ildə Berlində nəşr etdirdiyi Qafqaz ərazilərinin xəritəsi, eləcə də Gilyermo del İslenin, N.Sansonun (1724), Fridrix de Vitin (1775), Antonio Zattanın (1785) və digərlərinin xəritələri Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi sənədlərdir.

Görkəmli fransız xəritəşünası Alfons Taridin müxtəlif illərdə nəşr etdirdiyi Qafqaza və Osmanlı imperiyasına aid xəritələr xüsusi əhəmiyyətə malikdir.

Digər xəritələr qrupunu isə çar Rusiyası zamanı hərbi topoqrafik depoda və Əlahiddə Qafqaz Korpusunun Baş Qərargahı nəzdində  tərtib edilmiş və İmperator Rus Coğrafiya Cəmiyyəti tərəfindən müxtəlif illərdə (1841, 1847, 1862, 1895, 1898, 1899, 1908, 1909, 1910 və s.) nəşr edilmiş Qafqaz və onun müxtəlif quberniya və uyezdlərini əks etdirən xəritələr təşkil edir.

Bunlardan əlavə, İstanbul Baş Nazirliyi Arxivindən Qafqaza aid Osmanlı xəritələrinin gətirilməsi də xalqımızın tarixi keçmişinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır. XVII-XIX əsrin əvvəllərinə aid bu xəritələrdə Azərbaycanın tarixi coğrafiyası olduqca düzgün, obyektivdolğun əks olunub. Məsələn, xəritələrdən ikisində İrəvan şəhəri öz ilkin adına müvafiq olaraq, Rəvan variantında verilib. Tarixdən məlumdur ki, bu şəhər məhz yarandığı dövrdən Rəvan adlanmış və sonradan buraya gəlmiş ermənilər tərəfindən adı dəyişdirilərək hazırkı variantını alıb.

Bütün bu xəritələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməklə, erməni uydurmalarını ifşa etməklə yanaşı, bunun Qərbdə və Şərqdə ötən əsrlərdə xəritəşünas alimlər tərəfindən şəksiz qəbul edildiyini tam olaraq sübuta yetirir.

Araşdırmalar davam etdirilir.

 

 

Paritet.- 2011.- 13-14 sentyabr.- S.13.