“Azərbaycan
kinosu o zaman çiçəklənəcək ki...”
Fariz Əhmədov: “Mənim
üçün həm komediya, həm də dram janrında
işləmək çətindir”
Həmsöhbətim son iyirmi ildə Rusiya Dövlət Kinematoqrafiya
Universitetində kinorejissorluq ixtisası üzrə təhsil
alan ilk azərbaycanlı rejissor Fariz Əhmədovdur. Onunla yeni filminin
hazırlıqları prosesində görüşdük. Həm
filmdən, həm də kinomuzun problemlərindən
danışdıq. Qeyd edək ki, sözügedən film layihəsi
Mədəniyyət və Turizm Nazirliyinin gənclərə
ünvanladığı “Bu meydan, bu ekran” film müsabiqəsinin
qaliblərindən biridir. Film haqqında daha ətraflı
rejissor özü danışır.
“Mayak”da ata ilə oğul
üz-üzə gələcək
-Filmin
adı “Mayak”dır. Vaxtilə ayrılmış ailənin
taleyindən və ata ilə oğul arasında olan münasibətlərdən
bəhs edir. Ana ikinci dəfə ailə qurur və birinci
nigahdan olan oğlu narkomaniyaya düçar olur. Ata isə Xəzər
dənizində olan adaların birindəki mayakda işləyir.
Demək olar ki, quru ilə əlaqəsi yoxdur. Günlərin
bir günü ana görür
ki, uşaqla bacara bilmir və birinci yoldaşına zəng
edir. Ata oğlunu götürərək
bu adaya aparır. Bütün münasibətlər burda- heç kimin
yaşamadığı adada baş verir. Film psixoloji dram janrında olacaq. İndi
hazırlıq mərhələsidir. Sentyabr ayının 20-dən
sonra çəkilişlərə start verəcəyik. Ata
rolunu Məmməd Səfa,
ananı isə Gülzar Qurbanova oynayacaq, digər rollara namizədlərin
təsdiqlənməsi yaxın günlərdə baş
tutacaq.
-Mövzu
çox genişdir. Niyə tammetrajlı filmlər müsabiqəsinə
verməmişdiniz ssenarini?
-Əslində
bu mövzunu tammetraj üçün nəzərdə
tutmuşdum. Amma film həm də
mənim diplom işim olacaq. Diplom işi isə
universitetin qaydalarına görə 25 dəqiqə
olmalıdır. Masterə təqdim etdiyim mövzuların biri
də bu idi və bunun üzərində dayandı.
Bacardığımız qədər lokanik şəklə
salmışıq. Necə alınacaq onu
tamaşaçılar deyəcək.
-Diplom işinin maliyyəsi
universitetin xərcləri
hesabına deyil?
-Xarici tələbə
olduğum üçün və həm də Təhsil, Mədəniyyət və Turizm
Nazirliyinin Rusiya Dövlət
Kinematoqrafiya Universiteti ilə
heç bir müqaviləsi olmadığına görə
bütün xərclər öz boynumuza düşür. Tədris
müddətində hər semestr iki film çəkməliyik.
Səkkiz filmdən sonra diplomu
müdafiə edirik.
-Belə
çıxır ki, “Bu meydan, bu ekran” müsabiqəsində
film qalib gəlməsəydi siz
filmin xərclərini özünüz tapmalı
olacaqdınız.
-Bəli, buna qədər çəkilən
bütün kurs işləri əslində özəl
prodüser mərkəzlərində çəkilib. İki
qısametrajlı filmlərimdən biri Bakıda, o biri isə
Moskvada çəkilib. Moskvada çəkilən film
rusiyalı prodüser tərəfindən maliyyələşib. “Miras”
isə “Bir addım” film studiyasında istehsal olunub. Film
bu günə qədər 28 ölkədə 40-dan artıq
festivalda göstərilib, 10-dan
artıq mükafat qazanıb. Bu filmin hesabına 30-cu
Rusiya Dövlət Kinematoqrafiya Universiteti festivalında yeni
film üçün qrand udmuşam. Həmin qrand əsasında
iyul ayında sənədli filmin istehsalını başa
çatdırdıq. Hazırda montaj prosesindədir.
Maraqlı bir mövzuya həsr etmişdik sənədli filmi.
Xəzər dənizində Kürdül adası var. 80-cı
illərə qədər bu ada yarımada şəklində
olub. Neftçaladan ora yol gedirmiş. Amma sonra bu yolu su yuyur və
yarımada adaya çevrilir. Sahildən görünmür.
Çox fantastik adadır. Sovet dövründə burda 160-a
yaxın ailə yaşayıb. Hazırda isə 4 ailə
yaşayır, onlardan biri rusdur. Ən cavan adamın isə 75
yaşı var. Ən maraqlısı isə odur ki, yaşamaq
üçün lazım olan çox şeylər yoxdur, amma
bu insanları ora nəsə bağlayır.
“Mən rejissoru narkomana bənzədirəm”
-Kinomuzun ən
çətin vaxtlarında da bədii filmlərdən fərqli
olaraq sənədli filmlər daim çəkilirdi. Sanki gənclər bədii filmə
olan ehtirasını sənədli filmlər çəkməklə
öldürürdülər. Sənin üçün sənədli
filmin mahiyyəti nədir?
-Mənim
üçün sadəcə kino var. Bu gün dünyada bəyəndiyim
və qəbul etdiyim rejissorların çoxu sənədli
kinodan gəliblər. Bu anlayışlar biri-birindən
ayrılmır. Hər iki janrda rahat işləyirəm. Mən
rejissoru narkomana bənzədirəm, müəyyən müddətdən
sonra o nəsə çəkməlidir. Bədii kinoda
komandadan asılı olaraq böyük pullar tələb
olunur. Çünki aktyordan , havadan, texnikadan asılısan. Sənədli
kinoda isə belə deyil. Məsələn, Kürdüldə filmi üç nəfərlə
çəkdik.
-Sizcə də rejissor bütün
mövzuda film çəkməyi bacarmalıdır?
-Dahi
rejissorlardan biri belə bir söz deyib; “Rejissor on film də
çəksə də, əslində bir film çəkir”. Yəni əslində
bir şeyi demək istəyir. Mənə elə gəlir ki, hər
bir rejissorun öz mövzusu olmalıdır. Mənim
üçün həm komediya, həm də dram
janrında işləmək çətindir.
İndi melodram janrı məni
daha çox maraqlandırır. Sevdiyim rejissorlardan biri Vonq Kar
Vay çəkdiyi 7-8 filmin
hamısı qadın -kişi münasibətlərindən
bəhs edir. Demək olar ki, baş qəhrəmanlar da dəyişmir.
Burda dəyişən zaman, məkan və baş verən
hadisədir. İnsanlar arasında olan münasibətlər
istənilən halda böyük tədqiqat mövzusudur.
“Azərbaycanda prodüser kinosundan
söhbət gedə bilməz”
-Uzun zamandır siz həm də filmlərdə
prodüserliklə məşğulsunuz. Necə fikirləşirsiniz,
sözün həqiqi mənasında Azərbaycanda prodüser
kinosu varmı?
-Prodüser
kimdir? Prodüser pul qoyub, pul
götürəndir. Sadəcə olaraq bu biznesmen şəklindən
çıxaraq həm də yaradıcı adamdır. Yəni
prodüserin məqsədi yaxşı kino istehsal etmək və ondan yaxşı pul
qazanmaqdır. Azərbaycanda prodüser niyə yoxdur?
Çünki bu gün bizdə
kino sənayesinin bir mərhələsi inkişaf etsə
də, ikinci mərhələsi inkişafda deyil. Azərbaycanda kino çəkilir,
amma tamaşaçısı yoxdur, ona görə ki, filmi
göstərməyə yer yoxdur. Və nə qədər ki,
zalların sayı az olacaq, o qədər
də heç bir prodüser kinosundan söhbət gedə bilməyəcək.
-Onda belə bir sual verim, öz
hesabınıza çəkilən filmlərin maliyyəsini
necə tapırsınız?
-Sırf
mesenatlıq yolu -qaytarılmayan pullar- yolu ilə. Dostlar,
tanışlar , kinonu sevən insanların verdikləri maliyyə hesabına başa gəlir.
Heç bir gəlirdən söhbət gedə bilməz.
-Bəs
bizim prodüserlərin tənbəlliyindən söhbət
gedə bilərmi?
-Azərbaycan
coğrafi baxımdan böyük ölkə deyil ki, burda 30-40
nəhəng televiziya, yaxud da o qədər də kinozal olsun.
Rusiyada 3-4 min kinozal var, film
prokata çıxanda bu zallarda nümayiş olunur. Bu o deməkdir
ki, biletlərin satışından
pul gəlir. Hazırda Azərbaycanda
prokat piratçılıqdan başqa anlayış
daşımır. Televiziyaya gəldikdə
isə, heç bir kanal böyük məbləğdə pul
verib filmi almaq istəmir. Digər tərəfdən
prodüser hər hansı biznesmenə deyə bilmir ki, yeni filmə başlayıram bu qədər
pul lazımdır. Çünki o bilmir pulu hardan qaytaracaq.
“Filmi çəkib, qoyuruq rəfə”
-Sizcə, Azərbaycanda çəkilən
filmlər kimin üçündür? Tamaşaçı,
festival, yaxud rejissorların
özləri üçün?
-Dövlətin
hesabına çəkilən filmlərin çoxu rəflərdə
yatır. Biz bu gün filmi çəkirik, qoyuruq rəfə. Məqsədə
gəldikdə isə əlbəttə, bu filmlərin
içində müəllif kinoları da,
tamaşaçı üçün çəkilən filmlər
də var.
-Hər
bir filminiz festival həyatı yaşayır. Səhv etmirəmsə
hamısı da B kateqoriyalı festivallardır.
-Ümumiyyətlə,
videoya çəkilmiş film heç bir A kateqoriyalı
festivala düşə bilmir.
İlk növbədə film lentə çəkilməlidir,
dolbi səs sistemində olmalıdır. Və əlbəttə
ki, bədii keyfiyyəti yüksək səviyyədə
olmalıdır. Hər halda 20-30 minə çəkilən
filmin hər hansı A kateqoriyalı festivalda təmsil etməyindən
söhbət gedə bilməz. Azərbaycan kinosu o zaman
çiçəklənəcək ki, kimliyindən
asılı olmayaraq bir rejissorun
filmi A kateqoriyalı festivalın müsabiqə
bölümünə düşəcək. Çünki bu
gün dünyada Azərbaycan kinosu anlayışı
yoxdur.
-Vaxtilə vardımı?
-Mən
deməzdim. Əgər sovet dövründə gürcü,
rus kinosu anlayışı var idisə Azərbaycan kinosu
anlayışı yox idi. O
dövrün əsas müsbət tərəfi istənilən
kənddə kinozalların olması idi. Həmişə də
bol tamaşaçısı
olurdu. Məncə kino tamaşaçı
üçün çəkilməlidir. Festival ilk növbədə
tamaşaçı deməkdir. Məsələn, “Miras” filmi Rusiyanın 15 -dən
artıq festivalında iştirak edib və nəzərə
alsaq ki, ən balaca zal 500 nəfərlik zaldır, bu o deməkdir
ki, orda 7 min tamaşaçı bu filmə baxıb. Amma o filmi
Azərbaycanda 30 nəfərdən artıq adam görməyib.
Avropada isə bu daha böyük tamaşaçı kütləsi
deməkdir.
“Film icazəsiz və qanunsuz şəkildə
yayımlanıb”
-Çəkdiyin filmləri bizim
kanallarda göstərə bilirsənmi?
-Yalnız
“Qocalar” filmi 2009-cu ildə “Lider” kanalında
nümayiş olunub.
-Nə qədər maliyyə ödəyiblər?
-Heç
bir maliyyə ödənişi olmayıb. İcazəsiz və
qanunsuz şəkildə filmi yayımlayıblar. Biz kanalın proqram direktoru ilə
danışdıq və o cavabında dedi ki, get nə istəyirsən
elə və kimə istəyirsən de. Halbuki, həmin
kanalın çəkdiyi hər hansı bir şeyi icazəsiz
və pulsuz istifadə etmək olmaz.
“Hər halda mən bu sənəti
sevirəm”
-Bütün bu
danışılanların fonunda Azərbaycanda gənc
rejissora işləməyə stimul verən nədir?
-Bu
ölkənin kinosu nə vaxtsa olmalıdır. Kino millətin,
xalqın simasıdır. Kino
yeganə sahədir ki, təsviri
incəsənətdən, fotodan, musiqidən tutmuş
bütün incəsənət növləri burda birləşir.
Bu gün kimsə hər hansı kitabı oxumursa onun
ekranlaşdırılmış variantına yarım saata baxa
bilir. Hər halda mən bu sənəti sevirəm. Rusiyada
olduğum müddətdə kurs işlərimin
hamısını Azərbaycanda çəkməyə
çalışırdım. Məni maraqlandıran, narahat edən
problemlər bura ilə bağlıdır. Mən azərbaycanlıyam
və öz ölkəmin dərdindən, sərindən
danışmalıyam. Stimul verən isə...çətindir
bunu demək. Hərdən adam özü də pis olur ki, sənin
çəkdiyin filmləri daha çox xarici
tamaşaçı görür, nəinki öz
tamaşaçın. Ümid edirəm ki, “Nizami” kinoteatrı
açılandan sonra bu problemə son qoyulacaq.
-Bəs son illər Azərbaycanda çəkilən
filmlərin keyfiyyətini necə qiymətləndirirsiniz?
-Keyfiyyətdən
danışmaq hələ tezdir. Çünki bu gün “Azərbaycanfilm”
Kinostudiyasının texniki vəziyyətini hamı bilir. Məsələn,
üç il bundan qabaq “Lahıc ritmləri” filmini kinolentə
çəkirdim. Kamera isə 82 -ci ilin kamerası idi. Buna
görə də heç bir keyfiyyətdən danışmaq
düzgün deyil. Ondan başqa
kinomuzda mütəxəssis
problemi var. Kino rəssamı , səs rejissoru, operator, bir
sözlə mütəxəssislərin hazırlanma məktəbi
yoxdur.
“Tamaşaçını zala
qaytarmaq çətin olacaq”
-Axı bu işə baxan Mədəniyyət
və İncəsənət Universitetimiz var.
- İncəsənət
Universitetində texniki baza sıfıra bərabərdir. Əgər
orda təhsil alan operator əlinə kamera almırsa, hansı kadrdan danışmaq olar?
Hazırda oxuduğum universitetin
texniki bazasını heç nə ilə müqayisə etməzdim.
Kino aşkarlama otaqlarından tutmuş montaj otaqlarına qədər
orda hər şey var.
-Daha çox hansı rejissorların
filmlərinə baxırsınız?
-Son
zamanlar İran , Çin , Koreya
filmlərini sevirəm. Van Kar Vaydan tutmuş Kim Ki Duka qədər
hamısının filmlərinə baxıram. Bu gün
Türk kinosu sürətlə inkişaf edir. Fikir versəniz,
A kateqoriyalı festivallarda mübarizə İran və
Türk kinosu arasında gedir.
Türkiyə də Rusiya kimi böyük ölkədir,
zallar çoxdur. Həmyerlimiz Mübariz Mənsimov Mahsun
Kırmızıgülün filmlərinə pul
ayırır. Bu filmlər də özünü doğruldur.
Bizdə bu sistemi qurmaq və tamaşaçını zala qaytarmaq çətin olacaq.
Nərmin MURADOVA
Paritet.- 2011.- 17-19 sentyabr.- S.15.