Dövlətimizin
qüdrəti onun vətəndaşlarıdır
Təranə Ələkbərova:
“Ölkəmiz üçün əlimizdən gələn nə
varsa, sevə-sevə edirik”
Diasporun formalaşıb, güclənməsi
yalnız ayrılacaq maliyyə vəsaitinin çoxluğu ilə
ölçülmür. Vətəndən kənarda
yaşayan insanların doğma diyarlarına olan sevgisi daha
çox önəm kəsb edir. Bu olmadan onları eyni amal
uğrunda birləşdirmək də mümkün olmayacaq. Azərbaycan
diasporunun getdikcə güclənib, söz sahibinə
çevrilməsi məhz bu amillə bağlıdır.
Həmsöhbətim
olmuş Təranə Ələkbərovanın fikirləri
bunu bir daha deməyə əsas verdi. Ənənəvi həmsöhbətlərimizdən
fərqli olaraq o, hansısa təşkilatın ya qurumun sədri,
təsisçisi deyil. Amma “Feysbuk(Facebook)” səhifəsindəki
profilində paylaşdığı fikirlər, Azərbaycan
haqqında söylədikləri, içində olan vətən
sevgisi diqqətimi çəkdi. Təbii ki, buna biganə qala
bilməzdim. Necə deyərlər bu dəfə xalqın
–sıravi diaspor fəalının düşüncələrinə
yer ayırmağa qərar verdik. Elə söhbətimizin
çox hissəsi də ölkəmiz barədə oldu. Onun
Azərbaycanın bu günü ilə bağlı səsləndirdiyi
iradları da oldu. Hamısını olduğu kimi diqqətinizə
çatdırırıq. Gəlin, əvvəlcə onun
keçdiyi həyat yoluna qısaca nəzər salaq.
Təranə
Ələkbərova: 1968-ci ildə Bakıda dünyaya göz
açıb. Uşaqlığı, gənclik illəri
küləklər şəhərində keçib. Orta məktəbi
qurtardıqdan sonra BDU-nun
Kitabxanaçılıq fakültəsinə daxil olub. Bir
müddət Bakıda işlədikdən sonra, 1991-ci ildə ailə qurması ilə
bağlı Estoniaya getməli olub.
Burada
o, yeni ixtisaslara yiyələnmək üçün kurslara
gedir. Satıcılıq, ingilis dili, manikür və
pedikür kimi sahələrin diplomlarını alır.
Çünki həmin illərdə bu kimi sahələrdə
işləmək üçün diplom tələb olunurdu.
Amma həmsöhbətim burada uzun müddətə qala bilmir.
Bu dəfə taleyi onu başqa
ölkəyə, Norveçə aparır. Onun Norveçə
gəlməsi də ailə həyatına görə baş
verir. 2009-cu ildə Əkbər Muğanlı adlı şəxslə
ailə qurur. Özünün etiraf etdiyinə görə, məhz
həyat yoldaşının hesabına Azərbaycanla
bağlı ciddi məlumatlar əldə edib. Məhz bundan
sonra o, Cənubi Azərbaycanda nələrin baş verdiyini anlamağa
başlayır:
-Əvvəllər
Qarabağ münaqişəsi barədə çox az şeylər
bilirdim. Amma indi baş verənləri izləyib, yeni şeylər
öyrənməyə çalışıram.
-Norveçdə fəaliyyət
göstərən Azərbaycan diasporu ilə əlaqəniz
hansı səviyyədədir? Əlaqələr varsa, onlarla
hansı şəkildə əməkdaşlıq edirsiniz?
-Norveçdə
yüksək səviyyədə fəaliyyət göstərdiyimi
iddia etmirəm. Çünki dillə bağlı problemlərim
hələ ki qalır. Bununla belə əlimdən gələni
edib, dövlətimiz üçün nəsə etməyə
çalışıram. Hər həftənin birinci
günü Norveç vaxtı ilə saat yeddidə “Azərbaycanın
səsi” adlı proqram efirə
verilir ki, burada əsasən Azərbaycan barədə məlumatlar
verilir. Paralel olaraq milli musiqilərimiz
ifa olunur. Sonda yarım saat siyasətlə, Azərbaycanın
tutduğu yerlə bağlı debatlar olur. “Avroviziya”, şair
və yazıçılarımızın keçdiyi həyat
yolu, yaradıcılıqları barədə ətraflı məlumatlar
verilr. Təbii ki, bu öz həmvətənlərimizin
hesabına mümkün olub. Radionun rəhbərləri Məmmədrza
Təbrizli, Rəhmət bəy və Sərvindir. Bir neçə
dəfə bu proqramda qonaq qismində iştirak etmişəm.
Norveç kimi ölkədə belə bir radionun fəaliyyəti
çox əhəmiyyətlidir. Amma proqram yalnız Azərbaycan
dilində verildiyindən Norveç ictimaiyyəti geniş məlumat
əldə edə bilmir. Hazırda məqsəd burada
yaşayan azərbaycanlıları bir yerə toplamaqdır.
Amma yeni təklif hazırlamışam və bunu radio rəhbərliyinə
verəcəyəm ki, heç olmasa on dəqiqə
Norveç və ingilis dillərində də proqram
yayımlansın. Bunun ictimaiyyətə böyük təsir
edəcəyinə əminəm. Bundan başqa burada fəaliyyət
göstərən diaspor təşkilatlarımız ilə
geniş əlaqələrim var. Demək olar ki, bütün tədbirlərə
qatılıram. Baş verən hadisələrdən xəbərdar
oluram.
-Norveçdə Azərbaycan həqiqətlərinin
tanıdılması istiqamətində hansı işlər
görmüsünüz? Nailiyyətləriniz nədən ibarətdir?
-Bayaq
da dedim ki, burada ən güclü silahımız radiodur ki,
bununla Azərbaycan həqiqətlərini yayırıq. Təbii
ki, Norveçdə yaşayanların çoxu söhbətin
nədən getdiyini bilmir. Çünki bütün proqramlar
Azərbaycan dilində yayımlanır. Buna görə də
tez-tez, demək olar ki, hər ay aksiyalar keçiririk. Mayın
17-də Norveçdə fəhlələrin bayramı idi. Bu
gün əhalinin əsas qismi küçələrə
çıxır. Biz aksiyamızı məhz bu günə
salmışdıq. Məqsədimiz diqqəti Urmiya
gölünün qurumasına yönəltmək idi. Son
aksiyamız isə sentyabırın 10-da gerçəkləşdi.
Bildiyiniz kimi hazırda Cənubi Azərbaycanda çox ciddi
işlər baş verir. Dünya ictimaiyyətinin diqqətini
bura yönəltməyi özümüzə borc bilirik. Demək
olar keçirdiyimiz bütün aksiyalar barədə
“Feysbuk”-da məlumatlar verib, videolar yerləşdiririk ki, miqyas
yalnız Norveçlə bitməsin. İnan ki, artıq
aksiyalara yalnız azərbaycanlılar yox, əcnəbilər
də qatılır. Bu isə elə-belə baş verməyib.
Uzun illər aparılan zəhmətin nəticəsində
buna nail ola bilmişik. Bu bizi daha da ruhlandırır.
İnanırıq ki, ədalət deyilən bir şey var ki,
ona göz yummayan insanlar hələ də var.
Fəaliyyətimiz
yalnız Cənubi Azərbaycanla bağlı deyil, hər ilin
mart ayında Qarabağla bağlı böyük aksiyalar
keçirilir. Ədalətli səsimizi dünyaya
çatdırmaq üçün əlimizdən gələn
nə varsa onu da edirik. 20 Yanvar hadisələrinin ildönümü
hər zaman qeyd olunur. Bu barədə ictimaiyyətə
bütün mümkün vasitələrdən istifadə
edib, məlumatlar veririk.
-Sizcə Avropada güclü
olmağımıza maneçilik törədən nəsə
varmı? Bunun aradan qaldırılması üçün
hansı təklifləriniz var?
-Ümumiyyətlə,
qeyd edim ki, Avropada bizə mane olan heç bir şey yoxdur.
Demokratik şəraitdə fəaliyyət göstərməkdə
problem yoxdur. Aksiyalarımızı sərbəst
keçiririk və hökümət bir dəfə də olsa
bizə maneçilik yaratmayıb. Çünki burada
yalnız Azərbaycanla bağlı fikirlər səsləndirilir.
İkincisi burada yaşayan azərbaycanlılar vəziyyətdən
heç vaxt sui-istifadə hallarına yol verməyiblər. Bu
isə bizə qarşı müsbət imicin yaranmasına səbəb
olub. Azərbaycanı sevən hər
kəs burada doğma diyarları üçün əlindən
gələni edə bilər. Əminəm ki, bizim xalqda bu ruh
var. Və biz getdikcə Avropada daha da güclü
olacağıq.
-Norveçdə Azərbaycanın
imici necədir?
-Etiraf
edim ki, Norveçdə Azərbaycanı çoxları
tanımırlar. Məqsədimiz bu halı aradan
qaldırmaqdır, amma səmimi deyim ki, ölkəmizi
tanıyan əcnəbilərin münasibəti çox
müsbətdir. Mən heç vaxt Azərbaycanı
tanıyıb, onun əleyhinə danışan kimsəyə
rast gəlməmişəm. Eşitdiyim ancaq xoş sözlər
olub.
Şəxsən
Azərbaycan mənimçün çox qiymətlidir. Mən
Bakını dünyanın heç bir şəhəri ilə
müqayisə etmək istəməzdim. O, hər biz azərbaycanlının
doğma şəhəri, ümid yeridir. İnanın ki, ailə
məsələləri olmasaydı, mən Bakını tərk
etməzdim. Yadıma gəlir bir ara yeddi il Bakıya gedə
bilmədim. Gələndə isə
şəhəri tanıya bilmədim. Şəhərimiz
olduqca gözəlləşib və müasirləşib. Hər
bir azərbaycanlı kimi bu məni də sevindirir. Sadəcə
qürur duyuram.
Norveçdən
Azərbaycanın necə görünməsinə gəlincə,
kənardan hər şey çox gözəl
görünür. Amma hamımız bilirik ki, həqiqətdə
bu heç də belə deyil. İlk öncə Qarabağ
problemimiz var. İllər keçsə də doğma
torpaqlarımızı geri qaytarmağa nail olmamışıq.
Təbii ki, bunun siyasətlə bağlı olduğunu da
bilirik. Yəni münaqişənin həll olunmamasında Azərbaycanın
günahı yoxdur. Göründüyü kimi çox səbrli
xalqıq. Hələ ki gözləyirik.
Təbii ki, çatışmayan cəhətləri
də var. Ən böyük bəlamız rüşvətdir.
Hesab edirəm ki, bu aradan qaldırılmadan, böyük
inkişaf yolu keçmək olmaz. Bir də məni narazı salan məqam gənclərimizin Avropaya
can atmasıdır. Onlar elə
düşünürlər ki, burada həyat,
yaşayış idealdır.
Halbuki buranın o qədər mənfi cəhətləri var ki, ən çoxu
iki il
yaşayandan sonra bunu tam çılpaqlığı
ilə aşkar etmək olur. Doğrudur, Norveçdə yaşayan
azərbaycanlıların böyük
əksəriyyəti Cənubdan
gələnlərdir ki,
bunun səbəbini bilirik. İranda diktatura rejimi
var və azərbaycanlılarının heç
bir hüququ yoxdur. Səsini çıxaranlar isə həbs olunub, işgəncələrə məruz
qalır, edam olunur. Bu üzdən
də insanlar imkan düşdükcə
vətənlərini tərk
etmək məcburiyyətində
qalırlar. Molla rejiminə
lənətlər yağdırmaqdan
başqa hələ ki, əlimizdən bir çey gəlmir. İnşallah bir gün onların da sonu çatar.
Ən çox
narahat olduğumuz məqam mollaların Bakıya da əl uzadıb, aranı qarışdırmaq
istəyidir. Buna heç
bir halda yol vermək olmaz. Şükür ki, hələlik
Şimali Azərbaycanda
vəziyyət sabitdir.
Buna görə öz adımdan dövlət başçısı
İlham Əliyevə,
onun xanımı Mehriban Əliyevaya minnətdarlıq edirəm.
Ölkəmizin dünyada tanıdılmasında
onların böyük
əməyi olub və bunu qiymətləndiririk.
Məhəmməd TAĞIYEV
Paritet.- 2011.-20-21 sentyabr.- S.10.