Rasim Balayev: “Bu gün o filmləri çəkən oğullar yoxdur”
“Seriallar üçün Milli Teleradio Şurasına ayrılan 5 milyon manatın səmərəli istifadə olunacağına heç
ümid yoxdur”
“Bir azdan kinostudiyanı da söküb yerində hündür ev tikəcəklər”
“Cavid obrazını əgər mən orda yaxşı canlandıra bilməmişəmsə, bu mənim çatışmayan cəhətimdir”
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, kino tariximizdə Babək, Nəsimi kimi tarixi obrazlar yaratmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi Rasim Balayev APA-ya müsahibə verib. Aktyor müsahibəsində Azərbaycan kino sənayesinin hazırkı durumunu bu sözlə izah edib: “İndi, ümumiyyətlə bizim barıtımız yoxdur”...
- Rasim müəllim, bir müddət əvvəl cərrahiyyə əməliyyatı olundunuz. Hazırda səhhətiniz necədir?
- Şükür, babatam. Yavaş-yavaş işə çıxıram. Təki canım sağlam olsun, filmlərə çəkilmək istəyirəm.
- İşləriniz necə gedir? Ümumiyyətlə, iş varmı?
- Nə
deyim. Kinematoqrafçılar İttifaqının işi demək olar ki, tam pozulub, çünki maliyyə ayrılması üçün uzun müddət aidiyyəti qurumlara müraciət etdik və heç bir müsbət cavab almadıq. Hələlik elə-belə oturmuşuq burda... Aradabir filmlə çəkilirəm, deyəsən indi də çəkmək istəyirlər. Bir də görürsünüz deyirlər çəkilişlər var, sonra plan dəyişilir.
- Sizin kinoda əsasən tarixi
obrazlar yaratmısınız. Deyəsən, axtarırlar, tapmırlar, sonra yenə Sizə müraciət edirlər...
- Vallah nə deyim, yəqin aktyor tapa bilmirlər və sonra yenidən mənə müraciət edirlər. Axtarırlar ki, “daha bu olmasın”, sonra görürlər tapa bilmirlər yenidən mənə müraciət edirlər.
“Sənət adamları perik düşüb”
- Rasim müəllim, belə zənn etmək olar ki, artıq Kinematoqrafçılar İttifaqının fəaliyyətinin sonu yaxınlaşır?
- İnanın bilmirəm nəyin sonu gəlib, amma mütləq şəkildə nəyinsə sonu gəlib. İttifaq nədir? İttifaq Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı kimi ictimai təşkilatdır. 260 nəfər üzvümüz var ki, hər biri televiziya və kinoda işləyən şəxslərdir. Bura kino işçilərinin ümumi evidir. Burada müəyyən yaradıcılıq tədbirləri, yubileylər keçiririk, bugünkü sənət dünyasında gedən prosesləri izləyirik, müəyyən müzakirələr olur, təkliflər verilir. Bu dövlət əhəmiyyətli bir şey deyil, bəlkə də bunsuz keçinmək olar. Amma bütün dünyada bu var axı, niyə bizdə olmasın? İkincisi, indiki vaxtda yəni bizim illik fəaliyyətimiz üçün 80-90 min manat pul lazımdır. Bu məbləğ
respublikanın əlində çox cüzi rəqəmdir. Amma bunu eləmirlər və demirlər də ki, çıxın gedin evinizə, bizə lazım deyilsiniz. Ola bilsin ki, Kinematoqrafçılar İttifaqının gördüyü işlər tərəziyə qoyulası deyil ki, ağırlığı olsun. Gözə görünmür, amma burada işlər görülür. Burada İran,
Fransa, Cənubi Koreya və digər ölkələrin Kino Günləri keçirilib. Bu məkanda qaynar bir həyat var idi və çox təəssüf ki, bu gün yoxdur. Bir növ sənət adamları öz dünyasına qapılıb.
- Azərbaycanda kino sahəsində
artıq beynəlxalq şəkildə baş tutan “Şərq
– Qərb” kinofestivalı da iki ildir keçirilmir.
- Bəli, iki ildir artıqdır ki, yeganə beynəlxalq kino festivalımız keçirilmir. “Şərq-Qərb”
festivalına insanlar artıq vərdiş eləmişdi. 2000-ci ildən etibarən bu festival Heydər Əliyevin sərəncamı ilə ənənəvi keçirildi. İki il bundan əvvələ kimi az-çox pul ayrılırdı, amma sonradan pul ayrılmadı. Deyirlər, guya “Nizami”
kinoteatrı hazır olduqdan sonra festival mərkəzi olacaq və festival orada keçiriləcək. Amma o vaxta kimi də keçirmək olardı. Bu ənənəni pozduq. İndi də tamaşaçılar görürlər ki, artıq festival keçirilmir və unudulub gedir. Unudulur... Arabir düşünürəm ki, mən bu gün sağam, amma unuduluram. Əmin edə
bilərəm ki, Azərbaycanda Rəşid Behbudov və Leyla Bədirbəylidən məşhur adam olmayıb, amma unudulub... Bu gün Leyla Bədirbəylini yeni gənclik tanımır, Rəşid Behbudovu tanıyan bizim nəsildir. Amma bu gün onlar haqqında arabir veriliş verilir, vəssalam. Biz unutqan millətik. Ümumiyyətlə unutqanlığa meylliyik. Bəzi sənətkarlar, yazıçılar onlar da öz övladlarının, qohum-əqrəbasının hesabına anılır. Bu gün Vaqif Səmədoğlu olmasa Səməd Vurğundan, Anar olmasa Rəsul Rzadan danışmazlar. Vəziyyət bu həddə gəlib çatıb. Keçmişdə isə bunun üçün bir şöbə var idi, bu işləri qaydaya salırdılar, tapşırıq verirdilər. Özümə qarşı xalqın sevgisini hiss edirəm, amma bəzi nəslin yadından çıxmışam. Axı bu tökülmüş eyni sifətləri televiziya efirlərində nə qədər göstərmək olar? Əşi, çıxın gedin, bir az istirahət edək. 20 gün,
1 ay görünməyin, sonra göz muncuğu kimi yenə gələrsiniz. Şəxsən mən Azərbaycan televiziyalarında “Xəbərlər”dən başqa heç nəyə baxmıram. Tək evlənmək deyil e, bizim problemimiz? Nə qədər mətbəx verilişi olar? Elə səviyyəsiz söhbətlər edirlər ki, dəhşətdir.
- Bəlkə Kinematoqrafçılar İttifaqının, “Şərq-Qərb” Kinofestivalı ətrafında yaranan problemin kökündə bu işə Rüstəm İbrahimbəyovun rəhbərlik etməsi dayanır? Məhz Rüstəm müəllimə olan hazırkı münasibətdən doğur bütün bunlar?
- Bəlkə də... Əslində mən də belə düşünürəm, amma belə münasibət olmaz. Axı burada bir Rüstəm deyil, o sədrdir, buranın 260 üzvü var. Bir adama münasibətə görə, böyük bir idarəyə belə münasibət göstərilməsi şəxsən mənə çatmır. İnanın, Kinematoqrafçılar İttifaqının son illərdə o qədər şaxəli fəaliyyəti olub ki, hətta rəssamların, bəstəkarların rəhbərləri gəlirdi və bizə həsəd aparırdılar. Rəhmətlik Vasif Adıgözəlov deyirdi ki, “sizdə olan səmimiyyət, mehribançılıq bizdə yoxdur”. Və bu da son...Heç mübarizə də aparmırıq. Biz müəyyən həqiqətləri dedik, xahiş elədik, reaksiya olmadı. İndi mən aidiyyəti təşkilatları məcbur edə bilmərəm ki. Bu könüllü ictimai qurumdur və fəaliyyəti üçün az miqdarda maliyyə yardımı lazımdır.
“İstərdim evimiz dağılmasın”
- Əgər bu cür münasibət mövcuddursa, Sizi bura gəlməyə nə vadar edir?
- Kinoya
olan məhəbbət amili də var. Eyni zamanda bura ünsiyyət
üçün ümumi bir evdir. Mən istərdim ki, bu
evimiz dağılmasın, fəaliyyətini davam etdirsin. Ola
bilər ki, sabah I katib kimi burada olmayım, amma buranın
üzvü kimi yenə də bura gəlmək istəyirəm.
Hərə qapılıb öz evində otursa, onda necə
olacaq? Əgər mən xaricdəki kimi bir filmdəki baş
rola 1 milyon alsaydım, o zaman 10 faizini bu ittifaqın fəaliyyətinə
yatırardım. Amma biz elə pul almırıq. Bu gün
vaxtilə kinoya ömrünü fəda edən, hazırda
evində xəstə yatan adamlar var, hamısı unudulub.
Vaxtilə biz onlara kömək edirdik, lazımi dərmanları
alırdıq, ad günlərini keçirdik. Bu gün
heç bunu da edə bilmirik.
- Demək ki, Azərbaycan kinosu kimi,
Kino Evi də yıxılır...
- Belədir
də. Gördüyünüz kimi vəziyyət budur.
- Rasim müəllim, hər il ənənəvi
olaraq Azərbaycan kinosuna dövlət büdcəsindən
müəyyən məbləğdə pul ayrılır. Sizcə
o pul hara xərclənir?
- Görürsünüz, bu sualı mənə
verirsiniz. Filmlər çəkilir, ən böyük dərdlərimizdən
biri prokat dərdidir. Bəzən məndən də
soruşurlar: “Siz film çəkmirsiniz?”. Deyirəm çəkirik,
il ərzində dörd, üç, bəzən iki film
çəkilir. Bəs hanı bunlar? Müəyyən filmləri
bir-iki dəfə Heydər Əliyev Sarayında, bir də
ittifaqda 100 nəfər üçün göstərirdilər,
vəssalam. Sonra hansısa kanalda bir dəfə göstərərlər,
ya yox. Atılıb qalır elə orda və kinolar həyat
görmür. İstehlakçı yoxdursa o zaman bu kinonu niyə
istehsal edirik? Kinoteatrımız yoxdur. Bir dənə “Azərbaycan”
kinoteatrıdır, orda da ancaq Amerika filmləri göstərilir.
Ola bilsin, keyfiyyətsiz filmlər var, amma axı bunların
arasında baxımlı filmlər də var. Demirəm Amerika
səviyyəsindədir, amma bir dəfə baxmağa dəyən
filmlərdir. Bəli, tamaşaçını
qaçırtmışıq. Bu da böyük bir problemdir.
Bu gün kino işçisinin ən çətin
vaxtlarından biridir və problem ondadır ki,
tamaşaçı 30 il əvvəlki tamaşaçı
deyil. Bu gün tamaşaçını ələ almaq
üçün bütün fürsətlər var. Gərək
elə film çəkəsən ki, tamaşaçı da
gedib baxsın və desin ki, buna yalnız kinoteatrda baxa bilərəm.
Bu gün o filmləri çəkən oğullar yoxdur!
Çəkirlər, biri o birindən yaxşı, bir az pis,
amma təəccübə səbəb olan filmlər yoxdur.
Dünyada bu gün kinoteatr sahəsi tamamilə başqa sistemlə
işləyir. Biz hələ buna başlamamışıq,
başlaya bilmirik. Bunun üçün hələ vaxt
lazımdır.
- Düşünürəm ki, bu
gün “Babək” və ya “Nəsimi” filmi kinoteatrda
nümayiş olunsa, ora az-çox tamaşaçı gələcək,
amma “Cavid ömrü” filminə heç gəlməyəcək...
- Nə
deyim Vallah, çətin məsələdir. “Cavid
ömrü” sənədli, xronikal bədii filmdir.
Keçmişdə çəkilən filmlərdə - hətta
bədii cəhətdən zəif olsa belə, bir səmimiyyət,
bir fikir, ideya vardı. Bu gün o yoxdur. Bu gün bir filmə
baxırsan sona kimi də anlaya bilmirsən – axı burada nə
demək istənilir? Yəni, kor-koranə xarici filmləri təqlid
etməklə bir yerə çıxa bilmərik. Bizim
özümüzə uyğun kinolarımız
olmalıdır. Təbii ki, bizim film İtaliya, Fransa filmlərindən
fərqlənməlidir. Sadəcə xarici görkəmimizə
görə yox, baxışda da fərq olmalıdır. Bu
gün elə kino çəkməliyik ki, onu dünya bazarına
çıxara bilək. Baxırlar, almırlar. Bu da başqa
bir problemdir. Amma bu tək kinoda deyil, elə bizim mədəniyyətdə
də, musiqidə də var. Görün Azərbaycan musiqisini
nə günə qoyublar. Hansı kanalı açırsan
meyxana göstərirlər. Nə meyxanadır bu, nədir bu?
Adam məəttəl qalır. Vaxtilə bizim mədəniyyəti
– Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun
musiqiləri tanıtdırdığı halda, bu gün
meyxana, ucuz - ucuz sözləri olan bayağı musiqilər
tanıtdırır və bunu da efirə buraxırlar.
Özbaşınalıq baş alıb gedir. Yeni nəslin
zövqünü korlayırlar. Çox problemlər var. Vaxtilə
biz senzuranın əleyhinə idik, amma bu gün onun əsl
vaxtıdır. Bu gün efir “proxodnoy dvor”dur. Belə xaos olmaz
axı. Konkret tələb qoyulmalıdır – bu adamı efirə
çıxarmaq olmaz!
- “Cavid ömrü” filminə hər
tamaşa edəndə düşünürəm ki, Rasim
müəllim ya məcbur olub bu filmə çəkilib, ya da
tərəf müqabilləri onu qane etmədiyi
üçün həvəssiz çəkilib. Filmdə
canlandırdığınız Hüseyn Cavid rolunuzdan
özünüz razısınız?
- Həvəssiz
sözü doğru olmazdı, mən epizodik rolu belə həvəslə
ifa edirəm. Cavid obrazını əgər mən orda
yaxşı canlandıra bilməmişəmsə, bu mənim
çatışmayan cəhətimdir. Sadəcə nə
yazılıbsa, necə yazılıbsa mən onu
çalışmışam ki, bir aktyor kimi ifa edim. Bəlkə
filmin janrı elədir ki, belə alınıb. Film boyu Cavid
yaradıcılığını göstərməyə
çalışırlar, bu da ola bilsin kinoya
tamaşaçını cəlb edə bilmir. Dəfələrlə
gürcülərə sual vermişəm ki, Şote Rustavelli
haqqında niyə film çəkmirsiniz? Deyiblər ki,
Şote Rustavelli bizim üçün əlçatmaz bir
insandır və əgər bir aktyor çıxıb
döşünə döysə ki, mən bu rola layiqəm,
onda çəkərik.
- Filmin ssenarisinə nəzərdə
yetirəndə zəif olduğunu hiss etmədiniz?
- Filmdə
süjet bir xətt üzrə gedəndə
tamaşaçını yorur. Bu yaxınlarda rusların
çəkdiyi “Dostayevski” filminə baxdım. Mironov
oynayıb o rolu. Filmdə Dostayevski həyatdakı kimi göstərilib.
O, qumar oynayır, pis vəziyyətə düşür,
çıxılmaz vəziyyətdə qalır. Bunun əsərlərini
almırlar, özünü ora çırpır, bura
çırpır. Qumarda uduzur, sevir, hirslənir,
ağlayır. Axı bu insandır. Biz axı həmişə
eyni əhval-ruhiyyədə olmuruq. İstəyirəm ki, bir
obrazı oynayanda onun hətta naqis hərəkətlərini də
göstərim. Bizdə isə bir növ tanınmışlar
bütləşdirilir. Cavid zarafat edə bilməz, ciddi
olmalıdır. Bax, məsələ budur.
- Siz, Azərbaycan xalqının
çox sevdiyi və inandığı aktyorsunuz. Bu statusa
malik olan biri kimi Azərbaycan kinosunun inkişafı ilə
bağlı təklifləriniz olubmu?
- Bunu təvazökarlıq
olsun deyə demirəm, düşünürdüm ki, müəyyən
sözümü demişəm, amma əsl sözümü
deyə bilməmişəm. Çox təəssüf ki,
gözləyirəm və əsl sözümü deməyə
bir şey yoxdur. Əvvəllər məndə seçim
imkanı çox idi, iki-üç ssenari təklif olunurdu və
onların arasından özümə daha yaxınına
razılıq verirdim. Amma indi görürəm ki, seçim
edə bilmirəm və istər-istəməz nostalji hisslərə
görə, çəkiliş üçün
darıxdığıma görə, razı oluram.
İçimdə isə o rol mənim xoşuma gəlmir, nəyinsə
naminə, bəlkə qonorarın naminə... Amma zaman
vardı ki, buna razı olmurdum. Bax belə vəziyyətdir. Əsas
məsələlərə müdaxilə edə bilmirik.
Çox addım atmışam, amma həmişə ironiya ilə
qarşılanmışam. Deyiblər ki, əşi, qoy
danışsın, bu, köhnə fikirli adamdır. Yəni bu
məsələləri həll edən adamlar
çıxışlarımı “it hürər, karvan
keçər” prizmasından dəyərləndirirlər.
- Deyirsiniz, bu işdə adı olan
qurumlar məsuliyyətli olsalar, Hollivvud səviyyəli film
çəkə bilərik?
- Yox,
Hollivuddan danışmağa dəyməz belə. Əlbəttə
ki, yox.
- Niyə Qazaxıstan çəkir,
Azərbaycan isə yox?
-
Çünki Qazaxıstanda bu məsələ ilə aidiyyəti
təşkilatlar maraqlanır, adamları gətirir, pul verir.
Biz də bunu edə bilərik.
“Rüstəm İbrahimbəyov kimi sənətkarımızı
Qazaxıstana çağırıb film çəkirlər,
burdan-bura onu qoya-qoya biz kimləri gətiririk”
- Biz də
Jerar Departyeni gətirdik və vədlərini dinlədik.
- Jerar
Departye kimdir ki. Rüstəm İbrahimbəyov kimi sənətkarımızı
Qazaxıstana çağırıb film çəkirlər,
burdan-bura onu qoyub gör biz kimi gətiririk. Hələlik
sağdır, biz bilmirik o kimdir, amma sonra gec olacaq. O azad sənətkardır.
Hər hansısa bir fikrinə görə bunu etmək
doğru deyil. Təbii ki, bu gün mən kənd təsərrüfatı
haqqında danışa bilmərəm. Kinoda olan proseslərin
içindəyəm və problemləri sadaladım. Bu durumda
kino sahəsində uğur qazanmaq mümkün deyil. Gözləyək...
- Nə qədər?
- Çətin
sualdır. Bəlkə də, ömür boyu.
- Bəs, bizim aktyorları nə səbəbə
xarici filmlərə dəvət etmirlər?
- Aktyor gərək
filmlərdə elə gözəl rollar oynasın ki, onu
görən adam desin ki, “bu nə gözəl aktyordur, nə
gözəl oynayır”. Belə işlər yoxdur axı, kimsə
də bizə həsəd aparsın. Əvvəllər Sovet
vaxtı mənim filmimə baxırdılar, Özbəkistana,
Tacikistana dəvət edirdilər.
- 4 il bundan əvvəl Sizinlə
söhbətimizdə kino haqqında daha ümidverici
danışdırdınız. Bu gün isə elə bil
ümidləriniz sönüb.
- Həvəsli,
ümidli nədən danışım? Deyirlər, ümid
sonda ölür, amma əsaslı dəyişiklik olmasa, bilmirəm
daha nə olacaq. Bu işlə çox ciddi məşğul
olmaq lazımdır. Pis-yaxşı müəyyən ənənələrimiz
var idi, onu qorumaq lazımdır.
- Bəlkə kino işçiləri
səfərbər olub birgə etiraz etsələr hansısa
irəliləyiş olar?
- Məgər
etiraza baxan var? Biz real vəziyyəti dəfələrlə
hökumətə bildirmişik. Amma heç bir reaksiya olmur.
Düzdür pul əsasdır, amma hər şey deyil. Bəli,
maliyyə lazımdır, axı puldan sonra nə qədər
həll olunmalı problemlər var. “Al pulu, çək filmi”,
belə olmur. Bunun üçün peşəkarlar yetişməlidir.
Seriallar üçün Milli Teleradio Şurasına ayrılan
5 milyon manatın səmərəli istifadə
olunacağına heç ümid yoxdur. Bir vaxtlar mən də
çıxışlar edirdim və deyirdim ki, əgər
kinoteatra adam cəlb edə bilmiriksə, istehsal elədiyimiz
malı istehlakçıya verə bilmiriksə, o zaman gəlin
televiziya filmi çəkək. Yəni, heç olmasa
Türkiyədəki kimi filmləri televiziyalar çəksin,
tamaşaçılar da oturub baxsın. Burada bir rəqabət
olsun, kino işçiləri də iş prosesində
yetişsin. Mənə həmişə sual verirlər – Məmməd
Səid Ordubadinin “Qılınc və Qələm” əsərini
niyə çəkmirsiniz? Deyirəm çəksinlər də,
lap 100 seriya çəkmək olar. Siz də
görürsünüz, guya kanallar arada bir filmlər çəkib
göstərirlər. Əlüstü, atüstü
yazılar, kimsə Türkiyədən, ya da başqa yerdən
filmləri təqlid edir və heç bir effekti olmur. Özlərini
səviyyəsiz günə salıb insanları güldürmək
istəyirlər. Adamın artistlərə yazığı gəlir
ki, bunlar özlərini nə günə qoyublar. Heç
yazarımız da yoxdur. Axı ssenari şeir yazmaq deyil, kinonun
öz xüsusiyyətləri var. Kino çox
danışmağı sevmir, kino baxışlarla göstərişi
sevir. Teatrda buna baxmaq olur, amma kinoda mümkün deyil.
“Film çəkmək qabiliyyəti
olan adamlar var, amma onlar “ofsayt”da qalıb, onlara film vermirlər”
- Bu gün Azərbaycanda güclü
rejissor olaraq kimin adını çəkə bilərsiniz?
- İstəmirəm
ad çəkim, çünki birinin adını çəksəm,
o biri qalacaq. Film çəkmək qabiliyyəti olan adamlar var,
amma onlar “ofsayt”da qalıblar, onlara film vermirlər. Hüseyn
Mehdiyevə film vermirlər, niyə? İspaniyada onun filmi
birinci yeri tutub, çox gözəl filmləri var. Axı
şəxsi münasibətləri sənətə aid etmək
olmaz. Kiminsə kimdənsə xoşu gəlmir, onu filmə
yaxın buraxmır. Nə qədər məndən zəhlən
getsə də, axı sən bilməlisən ki, bu rol
Rasimindir. Sən bilməlisən ki, bu filmi Hüseyn Mehdiyev
çəkə bilər.
- Deməli, bir bəla da odur ki,
kino sahəsində şəxsi münasibətlərə
istedaddan daha çox önəm verilir.
- Hə,
bir adamdan xoşları gəlmir, hamılıqla birgə
deyirlər “ona film vermək olmaz, onun ssenarisini qəbul etməyin”.
Niyə? Bu müxalifətçidir, nə bilim nə.
- “Azərbaycanfilm”
kinostudiyasının əsaslı təmiri ilə
bağlı layihələndirmə üçün
müqavilə imzalanacağı gözlənilir. Sizcə,
kinostudiyaya əsaslı təmir olunsa, hər şey həllini
tapacaq?
- Bu
gün kinostudiyanın texniki bazası bərbad vəziyyətdədir.
Amma mən ondan əvvəl kinostudiyanın yaradıcı
potensialı haqqında fikirləşərdim. İnanın,
balaca bir ofis tutub yaxşı film çəkmək olar. Yəni,
kinostudiya boyda sahəsi olmasın, balaca bir yer olsun. Onsuz da
kinostudiyanın da sahəsində ev tikirlər, bir azdan
kinostudiyanı sökəcəklər və deyəcəklər
“nəyə lazımdır, burada yaxşı, hündür
evlər tikmək olar”. Bax dediyim həmin balaca yerə
üç-dörd nəfər yaradıcı, istedadlı
adam yığıb yaxşı film çəkmək olar. Yəni,
binanın möhtəşəmliyi o qədər də vacib
deyil. Amma o da lazımdır, hər halda yeni aparaturalar
lazımdır. Hazırda kinostudiyada 70-ci illərdə Heydər
Əliyevin tapşırığı ilə alınan
texnikadır, hələ işləyir. Amma görün necə
yeni aparaturalar çıxıb. Bunların hamısı
effektlərdir, əsas yaradıcı fikir olmalıdır. O da
yoxdur. Bax budur dərdimiz. Loru dildə deyim – çiti gətirib
deyirsən ki, bundan mənə qəşəng kostyum tik. Bu
çitdir də, axı bundan nə kostyum çıxacaq?
“İnsafınız olsun...”
- Azərbaycan kinosunda öz dəsti-xətti
ilə seçilən Rasim Balayevin
yaradıcılığı dövründə ən
bahalı rolu hansı olub?
- Elə
azdır ki, deməyə belə utanıram. Mən Amerika,
Avropa aktyorlarının aldığı qonorarlardan
danışmıram, hələ Allahın Rusiyasında filmə
çəkilən bir aktyor özünə ev, maşın da
alır, hələ özünə çox gözəl
yaşayış qurur. Söhbət 100 min dollardan gedir. Bizdə
isə baş rol üçün 2, 3, ən uzağı 5 min
verirlər. Elə tarixən belə olub. Hər zaman deyirəm,
çox şeylərdə Rusiyanı təqlid edirik, elə
bu məsələdə də təqlid edək də, nə
olar?
- Heç qonorar davası eləməmisiniz?
- Çox vaxt eləməmişəm, amma indi məcbur edirlər, az qalıram dava edəm. Elə səviyyəyə çatdırırlar ki, artıq variantım qalmır. Ağlasığmaz şeylər edirlər və çıxılmaz vəziyyətdə qalıram. İnsafınız olsun... Özləri məcbur edirlər ki, mübahisə edim. Bugünkü kinonun vəziyyətinə uyğun bir əhvalat yadıma düşdü: “Bir ölkənin padşahı ara-sıra əyalətlərə gedir, hər gedişində bunun şərəfinə yayılım atəşləri açılır. Bir əyalətə gedir, orda yayılım atəşi açılmır və şah dilxor olur ki, deyəsən burada onu artıq istəmirlər. Deyirlər yox şahımız, elə şey yoxdur. Şah maraqlanır ki, bəs niyə yayılım atəşi açılmadı? Deyirlər bunun 40 səbəbi var. Birincisi barıtımız yoxdur, şah deyir saxla 39 səbəb lazım deyil!” İndi, ümumiyyətlə bizim barıtımız yoxdur...
Paritet.- 2011.- 24-26 sentyabr.- S.16.