Sankt-Peterburqun azərbaycanlı icması” ictimai təşkilatı yaradılıb

 

Akademik Heydər İmanov: “Yaratdığımız təşkilatın əsas məqsədi Sankt-Peterburqdakı bütün azərbaycanlıları birləşdirməkdir”

 

 Neva üzərində şəhərdə “Sankt-Peterburqun azərbaycanlı icması” ictimai təşkilatı yaradılıb. Onun yaradılması haqqında qərar Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin sentyabrın 24-də şimal paytaxtında keçirilmiş təsis konfransında qəbul olunub (AzərTAc).

 

 Şəhərin “Avropa” hotelində baş tutan təsis toplantısında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev, Azərbaycan Milli Məclisinin deputatı, MDB Parlamentlərarası Assembleyada Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya şöbəsinin rəhbəri Şakir Səlimov, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev, Sankt-Peterburq Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Vyaçeslav İvanov, Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində yaşayan azərbaycanlı iş adamları, ziyalılar, şəhər və vilayətin idarəçiliyində təmsil olunan dövlət rəsmiləri və digər şəxslər iştirak ediblər(APA).

Toplantıda çıxış edən Şakir Səlimov bu günün Azərbaycan və Sankt-Peterburq azərbaycanlıları üçün önəmli bir gün olduğunu söyləyib. Təşkilatın yaradılmasında əməyi olan hər kəsə təşəkkürünü bildirən Ş.Səlimov bu diaspor təşkilatının dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları içərisində özünə layiqli yer tutacağını söyləyib: “Biz dövlət komitəsi olaraq bu diaspor təşkilatını dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik”.

 

Aqşin Əliyev çıxışında səfir Polad Bülbüloğlunun tədbir iştirakçılarına təbrik məktubunu çatdırıb. A.Əliyev səfirliyin hər zaman bu təşkilatı dəstəkləyəcəyini bildirib: “Ümid edirik ki, bu təşkilat Azərbaycanın mədəniyyətinin, tarixinin təbliğatı istiqamətində uğurlu fəaliyyət göstərəcək. Təbliğat işində bir diaspor təşkilatı kimi səfirliyə kömək edəcək. Səfirlik olaraq biz hər zaman əməkdaşlıq eləməyə hazırıq”.

Tədbirdə çıxış edən millət vəkili Aydın Cəfərov Sankt-Peterburqda yaşayan azərbaycanlıların hamısının ona doğma olduğunu söyləyib: “Sankt-Peterburqda yaşayan və bu təşkilatda təmsil olunan insanlar hamısı bir yumruq kimi olmalıdırlar. Bu şəhərdəki bütün azərbaycanlılar bu məqsədlə birləşməlidirlər. Azərbaycanın mədəniyyəti və tarixinin təbliğatı və digər sahələrdə bir-birinə yaxından dəstək olmalıdırlar”.

Sankt-Peterburqda fəaliyyət göstərən Naxçıvan Mədəniyyət Məlumat Mərkəzinin rəhbəri İdris Qəhrəmanov yaradılan təşkilatın Azərbaycan və Sankt-Peterburq azərbaycanlıları üçün böyük işlər görəcəyini söyləyib: “Bu gün Naxçıvan Mədəniyyət Məlumat Mərkəzi, Sankt-Peterburq Qadınlar Şurası, Sankt-Peterburq İş adamları Assosiasiyası və digər təşkilatlar birləşərək bu cəmiyyəti təsis ediblər. Yaradılan təşkilat Sankt-Peterburq azərbaycanlılarının bir qüvvə altında birləşdiyinin göstəricisidir”.

Daha sonra tədbirdə Sankt-Peterburqda yaşayan Azərbaycan ziyalıları və iş adamları çıxış ediblər. Onlar təşkilatın fəaliyyətində yaxından iştirak edəcəklərini bildiriblər. Şəhər idarəçiliyində təmsil olunan dövlət rəsmiləri isə çıxışında yeni yarananSankt-Peterburq Azərbaycanlıları Cəmiyyəti” ilə yaxından əməkdaşlıq edəcəklərini söyləyiblər.

Təsis toplantısı Rusiya və Azərbaycan himnlərinin səslənməsi ilə başlayıb. Cəmiyyətin təşkilat komitəsi və toplantıya qatılan 310 iştirakçı “Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyəti” diaspor təşkilatının Nizamnaməsini qəbul ediblər. Daha sonra səsvermə ilə təşkilatın sədri  seçilib. 50 ildir, bu şəhərdə yaşayan, Sankt-Peterburq Smolnı Universitetinin rektoru, akademik Heydər İmanov 3 il müddətinə təşkilatın sədri seçilib. Təşkilatın sədr müavinləri və icraçı direktoru isə yaxın günlərdə təşkilat şurası tərəfindən seçiləcək. Nizamnaməyə görə, təşkilata sədrlik edəcək şəxs yalnız bir müddətə bu vəzifəni tuta bilər.

 Konfransın yekun materiallarından aydın olduğu kimi, Sankt-Peterburqun azərbaycanlı icmasının məqsədi Rusiya  və Azərbaycan xalqları arasında dostluğu möhkəmləndirmək üçün hər iki ölkənin özünü azərbaycanlı hesab edən vətəndaşlarını könüllü surətdə birləşdirməkdir. Təşkilatın fəalları dövlət əlaqələrinin, siyasi, iqtisadi və mədəni əlaqələrin hər vasitə ilə inkişafına, gənc azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək göstərəcək, Sankt-Peterburqun həyatının bütün sahələrində, o cümlədən Dövlət Dumasına qarşıdakı seçkilərdə iştirak edəcəklər.

“Bu gün Sankt-Peterburqda təsis etdiyimiz təşkilatın nə əvvəl mövcud olan təşkilatlarla mübahisəsi var, nə də onlarla rəqabət aparır. Biz birlik təşkilatı yaratmışıq. Bu təşkilata bundan qabaq mövcud olanbundan sonra yaranan təşkilatlar da qoşula bilərlər”.

Bu açıqlamanı Sankt-Peterburqda yeni təsis olunan “Sankt-Peterburq azərbaycanlıları Cəmiyyəti” diaspora təşkilatının sədri, Smolnı Universitetinin rektoru, akademik Heydər İmanov verib.

O, Dünya Azərbaycanlılarının III Qurultayında prezident İlham Əliyevin söylədiyi sözləri xatırladıb: “Prezidentimiz diaspor təşkilatlarında mövcud olan münaqişələrin onu nə qədər incitdiyini söylədi. Bütün dünyada mövcud olan Azərbaycan diasporları bu sözləri eşitməlidir. Bizim yaratdığımız təşkilatın əsas məqsədi Sankt-Peterburqdakı bütün azərbaycanlıları birləşdirməkdir. “Sankt-Peterburq azərbaycanlıları Cəmiyyəti” Azərbaycanın Rusiyada həm siyasi, həm iqtisadi, həm də informasiya resursu olmalıdır. Biz bütün imkanlarımızdan istifadə edib Azərbaycana dayaq olmalıyıq. Təşkilatın məqsədi, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərini daha da möhkəmləndirmək, hər iki ölkə arasında mövcud olan mədəniyyət, iqtisadiyyat və digər sahələrdə əlaqələrin inkişafına daha çox kömək etməkdən ibarətdir”.

H.İmanov həyata keçirəcəkləri ilk layihənin Sankt-Peterburq şəhərində peşəkar jurnalistlərdən ibarət bir qurum yaratmaq olduğunu deyib: “Bunun sayəsində Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemi ilə bağlı məsələləri Rusiya xalqına çatdıracağıq. Daha sonra Sankt-Peterburq şəhərində Azərbaycan dilində məktəb açmaq, Smolni Universitetində Azərbaycan dili fakültəsini yaratmaq və bir sıra digər layihələrimizi gerçəkləşdirəcəyik”.

 Qeyd edək ki, Heydər İmanov 1944-cü ildə Qubadlı rayonunda anadan olub. 1953-cü ildə Bakıya köçüb. 1963-cü ildə Bakı Texnoloji Texnikumunu bitirəndən sonra təhsilini davam etdirmək üçün Sankt-Peterburqa gedib. 1986-cı ildən 1992-ci ilə qədər Azərbaycanda yaşayıb. Bu dövrlər ərzində Gəncə Çini Qablar Zavodunda baş direktor vəzifəsində çalışıb. 10 il müdafiə sənayesi sahəsində işləyib. Texnika elmləri doktorudur. 2004-cü ildən Sankt-Peterburq Smolnı Universitetində fəaliyyətə başlayan akademik Heydər İmanov hal-hazırda həmin universitetin rektorudur.

 

 

N.ELDARQIZI

 

Paritet.- 2011.- 26-28 sentyabr.- S.10.