Tikdim ki, izim...Qala
Fikrət Abdullayev: “Sovet
dövründə qalanı söküb,
daşının bir hissəsindən orta məktəb, o biri hissəsindən isə hərbi baza tikiblər”
Ötən həftəsonu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm şirkətləri və kütləvi informasiya vasitələrinin iştirakı ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə infotur təşkil olundu. Nazirliyin Daxili turizmin inkişafı şöbəsinin müdiri Mahir Qəhrəmanov bizimlə söhbətində bildirdi ki, “Turizm ili” çərçivəsində gerçəkləşən tədbirlərdən biri də məhz bu, infoturdur: “Nazirliyin əsas vəzifələrindən biri ölkədə tarixi mədəniyyət abidələrinin bərpası, həmin abidələrdən turizm nümayiş obyekti kimi istifadə olunmasıdır.
Azərbaycan
tarixinin, mədəniyyətinin, xalqımızın adət-ənənələrinin
yaşadılmasında, gələcək nəsillərə
ötürülməsində mühüm rolu olan qoruğun ərazisində
son vaxtlarda aparılan tikinti-quruculuq işləri bu turizm nümayiş obyektinin əhəmiyyətini
daha da artırıb. Məqsədimiz dünya standartlarına
cavab verən, turistlər üçün yüksək səviyyəli
şərait yaradılan qoruğun turizm şirkətlərinin
də proqramına daxil edilməsinə nail olmaqdır”. M.Qəhrəmanov
qeyd etdi ki, bu kimi tədbirləri nazirlik gələcəkdə
də davam etdirəcək: “Nazirlik tərəfindən Şəkidə
Fazlı kəndində qədim yaşayış məskənləri,
Qusarda Şeyx Cüneyd Məscidi bərpa olunub və
hazırda ərazinin inkişaf
planı ilə bağlı layihə həyata keçirilir.
Bu layihələr başa çatdıqdan sonra bu və digər
abidələrə infoturların keçirilməsi nəzərdə
tutulur”.
Qədim Qala
Tura
başlamadan öncə sizə bu qədim kənd haqqında
bir neçə kəlmə demək istəyirəm. Tarixi
abidələr baxımından Abşeron yarımadası
xüsusi əhəmiyyətə malikdir. XX əsrin 60 -cı
illərindən Mərdəkan, Türkan, Dübəndi, Zirə
qəsəbələri, habelə Abşeron mayakı ətrafında
müntəzəm arxeoloji tədqiqatlar aparılıb. Bu
araşdırmalar göstərirdi ki, Abşeronun tarixi kəndlərinin
əsas hissəsi Tunc dövrünə aid qədim
yaşayış məskənlərinin yerində
salınıb. Sizə söhbət açacağım və
5 minillik tarixi olan Qala kəndi isə Abşeronun şimal
şərqində yerləşir. Qala kəndində və ona
bitişik olan ərazidə e.ə. III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət
daşıyan 215 memarlıq və arxeoloji abidə - 5 məscid,
3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı
təyinatlı binalar, sərdabələr, kurqanlar və s.
mövcuddur. Arxeoloji qazıntılar Qala kəndində tunc
dövrünə aid yaşayış məskəninin
olmasını sübut etsə də onun müasir
dövrümüzə qədər gəlib
çatmış tarixi məişət və təsərrüfat
tikililəri XVI-XIX əsrlərə aid edilir. Qalanın nadir cəhəti
burada təkcə 200-dən artıq memarlıq və arxeoloji
abidənin olmasında deyil, həm də orta əsrlər kəndinin
mühitinin saxlanmasındadır.
...və nəhayət Qaladayıq
Uzun
yolun sonucunda nəhayət ki,
Qala kəndinə çatdıq. Burda bizi
Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinin direktoru Fikrət
Abdullayev qarşıladı. O bizə ilk öncə Qala
Qoruğu üzrə turist marşrutunu başa saldı. Beləliklə,
ilk marşrutumuz Qala
İnformasiya Mərkəzindən başlayır. Bu mərkəzin
əsas fəaliyyəti qoruğa gələn turistlərə
bütün məlumatları çatdırmaqdan ibarətdir. Mərkəzin bələdçisi
deyir ki, burda ümumi giriş biletləri 5 manat, məntəqələr
üzrə ekskursiya isə 13 manata başa gəlir. Təzəlikcə
burda velosipeddən də istifadə
olunmağa başlayıb və təbii ki, onun da qiyməti
ayrıca ödənilmək şərtilə. Qeyd edək ki,
növündən asılı olaraq velosipeddən istifadə
1- 5 manat arası dəyişir.
Bələdçi lazım olan məlumatı bizə verəndən sonra sözü yenə
Fikrət müəllimə buraxdı. Fikrət müəllim
isə aram-aram danışıqla və səbrlə bizimlə
səyahətə başladı. Mərkəzdən
çıxhaçıxda qarşımıza qədimi tikili
çıxır. F.Abdullayevin sözlərinə görə
burda ilk dəfə keçən
əsrin 60-cı illərində arxeoloji kəşfiyyat
işləri aparılıb. Və məlum olub ki, vaxtilə
bu ərazidə hamam olub. “2010-11-ci illərdə də Heydər Əliyev Fondu və Milli Elmlər Akademiyasının
Arxeologiya İnstitutu ilə birgə ərazidə mütəmadi
qazıntılar aparıldı. Qazıntılardan bəlli
oldu ki, tapılan keramika 12-14 -cü əsrə aiddir. Amma ola
bilər ki, hamam ondan da qədimdir. Hamamda ümumi çimmək zalı
yoxdur, ayrı- ayrı otaqlar şəklindədir. Buranın
unikallığı isə ondan ibarətdir ki, tədqiqatlar
zamanı hamamda həm su, həm də qaz təchizatı
tapılmasıdır. Yəni 12-14- cü əsrlərdə
burda çıxan təbii qazdan istifadə edərək suyu
qızdırırmışlar. Amma su məsələsi kənddə
həmişə çox
çətin olub, amma bu hamam su ilə hər zaman təchiz
olunurmuş. Bilirsiniz, kənddə yeganə su mənbəyi
Şor gölün ətrafında olan quyulardır. Bu
hamamın quyusu da tapılıb. Ordan su yeraltı keramik borular vasitəsilə
istixanaya gəlib”. Fikrət bəy deyir ki, keçən əsrin
20-ci illərindən başlayaraq Şor gölə mədən
sularını buraxıblar, göl böyüyüb və təxminən
100 il ərzində göl həmin
suların təsiri altında qalıb. İki il bundan öncə
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
gölün suyunun təmizlənməsi prosesinə başlanılıb və
hazırda da bu istiqamətdə işlər davam edir. Onun sözlərinə görə gələcəkdə
gölün ətrafı abadlaşıb, geniş istirahət
zonasına çevriləcək.
Məlumat
üçün bildirək ki, kənddə vur -tut 3 hamam
olubsa, hamısı da Şor gölünə yaxın ərazidə yerləşib.
Kəndin iki digər hamamından biri Qum, digəri isə
Bayraməli hamamıdır. Bəzi
səbəblərdən dolayı Qum hamamına gedə
bilmədik, amma Bayrəməli hamamı Fikrət bəyin
dediyinə görə 1881-ci ildə təmir olunub və indiyə
qədər də camaat tərəfindən istifadə olunur.
Hamamlar
bitincə həyətlərlə tanışlığa
başlayırıq. F.Abdullayevin
sözlərinə görə, orta əsrlərdə
Qalanın 4 məhəlləsi olub.
Hacı Ramazan, Çəmbərəkənd, Tərəkəmə
və Balaverdi. Bunların hər biri daha kiçik həyətlərə
bölünüb. Məhəllələrin
hər birinin meydançası
olub və orada adətən məscid və kəhriz yerləşib.
Yaşayış yerləri də məhz bu
meydançanın ətrafında tikilib. Hazırda kənddə
177 yaşayış evi var ki, hamısı qoruğun himayəsindədir.
Onların 120-sində isə
indiyə qədər də kənd əhalisi yaşayır. Qala kəndinin
Abşeronun yerli ağ nəhəng daşından inşa edilən
yaşayış binaları dublalı bacalarla inşa edilib.
Dublalı evlər birmərtəbəli olmaqla yastı dam
örtüyü üzərində dubların təndir və
ocaq gümbəzlərinin olması ilə seçilir. Plan
quruluşuna görə dublalı evlər iki otaqdan ibarətdir.
Otağın biri qonaq, digəri mətbəx hissə adlanır.
Mətbəx hissədə təndir, yemək və su
qızdırmaq üçün ocaq olur. Mətbəxin bir
küncündə isə su axan yerləşir. Burda
küçələr meydançadan başlayaraq radial istiqamətdə
salınırdı. Ehtiyac olanda küçələri
barrikadalara bağlamaq olur və məhəllə kiçik
bir qalaya çevrilirdi. Qalanın orta əsrlərə aid qəbiristanlığında
bu günə qədər saxlanılan daş
örtüklü ən qədim daş evləri də dairəvidir.
Uşaqlar və gənclər də
unudulmayıb
Həyətləri
gözdən keçirib yollanırıq gözəl bir mərkəzə.
Fikrət bəy deyir ki, qoruqda uşaqlar və gənclər
üçün Etno-Ekoloji Mərkəz
fəaliyyət göstərir. Amma onu da qeyd edək ki,
uşaqlar və gənclərdən başqa burda turistlər
də xoş vaxt keçirə bilərlər. Mərkəzin
rəhbəri Firuzə Soltanzadə
bizimlə söhbətində bildirdi ki, gələcəkdə
burda gənclər üçün interaktiv, təhsil, ekoloji
proqramlar üzrə təlimlər olacaq. Eyni zamanda teatr
tamaşaları nümayiş olunacaq. Qeyd edək ki, mərkəzin
yerində tarixən klub və uşaq bağçası fəaliyyət
göstərib. Tikili isə
18-ci əsrin axırına aiddir. Tikilinin tarixini qorumaq şərtilə
belə bir mərkəzin açılmasını yüksək
qiymətləndirən F.Soltanzadə
turistlərin burda qalması üçün tam şəraitin
yaradıldığını da dedi:
“Əvvəllər Qalada birgünlük turlar olurdu. Burda
qalmağa isə turistlər
üçün heç bir şərait yox idi. İndi isə
gələn qrupları 2-3 günlük qəbul edə bilməyimiz
üçün lazımi şərait yaratmışıq”.
O, həmçinin bildirdi ki, Xəzər İnkişaf Fondu ilə
birgə ümumdünya turizm günündə mərkəzdə
gənc ekoloqların, turizm ixtisasının tələbələrinin iştirakı ilə disput
keçiriləcək. Mütəxəssislər müxtəlif
ölkələrdən dəvət olunublar.
Nadir şahın əzəmətli
qalası
Növbəti marşrutumuz Qala qəsridir.
Qəsrdə iki tunel və qala diqqətimi daha çox çəkdi. Fikrət bəyin
sözlərinə görə. X-XIV əsrə aid olan qala
yenidən restavrasiya olunub. Belə ki, qalanın öz
daşından gözlə baxılınca aydın
görünən üç
sıralama daşlar qalıbmış. XVIII əsrdə Nadir
şah tərəfindən bərpa edilən qala sonuncu dəfə
elə o zaman hərbi məqsədlər üçün
istifadə olunub. Təsadüfi
deyil ki, XVIII əsrə aid rus mənbələrində bu kənd
ilk vaxtlar Nadir qala adlandırılırmış. Sovet
dövründə qalanı söküb, daşının bir
hissəsindən orta məktəb, o biri hissəsindən isə
hərbi baza tikiblər. “Üç
il aparılan qazıntı işlərinin nəticəsində
aydın oldu ki, bura kəndin ən
qədim hissəsidir. Yəni biz burda eramızın 3 -cü
minilliyinə aid tapıntılarla
qarşılaşdıq. Ən
maraqlı isə qayaüstü rəsmlərin də burda
tapılmasıdır. Bu onu göstərir ki, 5 min il bundan
qabaq bu ərazidə yaşayış olub”. Qəsrin ikinci
maraqlı cəhəti isə dediyim kimi yeraltı keçidlərdir.
F.Abdullayevin sözlərinə görə, qəsrdə olan
iki yeraltı keçidlərdən biri vaxtilə Bakı şəhərinə, o
biri isə dənizə gedirmiş. Düşmən gələndə min nəfərə qədər
adam bu yeraltı keçidlərdə saxlana bilirmişlər.
“Biz keçidlərin sonuna çata bilmədik. Bunu etsəydik,
kəndi bütünlüklə sökmək lazım
olacaqdı. Bu da həm vəsait, həm də kəndin
camaatının
köçürülməsi nəticəsində
baş verə bilərdi”.
Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi
Və bizim son marşrutumuz... Məlumat
üçün bildirək ki,
Muzey Kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə 2008 -ci ildə Qala Dövlət
Tarix Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb.
Kompleksin direktoru bizə bildirdi ki, burda Abşeron yarımadasında
tapılan e.ə III-II minilliklərə aid kurqanlar,
qayaüstü rəsmlər, məişət və bəzək
əşyaları, silah və sikkələr toplanıb, qədim
yaşayış məskəninin qalıqları konservasiya
olunub, yaşayış və digər memarlıq abidələri
ilk görünüşündə olduğu kimi qurulub.
Açıq səma altında olan muzeydə məhəllə
bazarı, xırman, ikimərtəbəli ev, alaçıq, türkan,
dübəndi kurqanı diqqəti
daha çox çəkir. Mən hələ dəvələri
demirəm.... Bax, beləcə muzeylə ətraflı
tanış olub, səyahətimizin sonuna gəlirik. Gedib
görməyi isə sizin öhdənizə
buraxırıq...
Nərmin MURADOVA
Paritet.- 2011.- 26-28 sentyabr.- S.16.