Türk və azəri diasporları böyük gücə çevrilib

 

Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu öz nəticələrini verib

 

2006-cı ilin sentyabrın 18-də Antalyada keçirilən Türkdilli dövlətlərin və icmaların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğulayıb ki: “Məkrli düşmənə qarşı bizim ən güclü silahımız birliyimiz, həmrəyliyimizdir. Biz bir-birimizə bağlı olmalıyıq. Bir-birimizin əlini möhkəm tutmalıyıq ki, gücümüz daha da artsın: “Bizim əleyhimizə çox böyük, mütəşəkkil, güclü maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, amma müdafiə naminə yox”.

 

Azərbaycan Prezidentinin bu fikirlərinin məntiqi sonluğu kimi 2007-ci il martın 9-da Bakıda möhtəşəm tədbir- Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan Forumda dünyanın 48 ölkəsindən gəlmiş 513 nəfər iştirak edib (AzərTAc). Onlardan 173 nəfəri Azərbaycan, 150-dən çoxu türk diaspor təşkilatlarını təmsil edib. Bundan əlavə, foruma xarici ölkələrdən 170-dək qonaq dəvət olunub. Bəzi dövlətlərin, o cümlədən Latviya, Estoniya, Litva, Ukrayna, Bolqarıstan, Lüksemburq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrin ali qanunvericilik üzvləri, dövlət və hökumət üzvləri səviyyəsində təmsil olunması foruma olan böyük marağın göstəricisi kimi dəyərləndirilə bilər. Forumda Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğanın və Şimali Kiprin lideri Mehmet Əli Tələtin iştirakı və parlaq nitq söyləmələri tədbirin böyük əhəmiyyətindən xəbər verirdi.

 Həmin gün Heydər Əliyev adına Sarayda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun açılışı olmuşdu. İlk öncə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib. Sonra “Biz bir millət, iki dövlətik” filmi nümayiş etdirilib.

Forumda çıxış edən Prezident İlham Əliyev  azəri və türk diaspor təşkilatlarının təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mübarizə aparılmasının vacibliyini vurğuladı. Dövlət başçısı düzgün olaraq hesab edir ki, hər bir müstəqil dövlətin beynəlxalq nüfuzu və qüdrəti onun ölkə hüdudlarından kənarda formalaşdırdığı diasporun, lobbinin fəaliyyət imkanlarının səviyyəsi ilə ölçülür. Bu amili nəzərə alan xalqlar dünya miqyasında öz mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Prezident nitqində Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkə olduğunu və ilk illərdən Azərbaycana öz qardaş əlini uzatdığını xatırlatdı: “Buna görə mən Türkiyəyə, bütün türk xalqına Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Xatırlayıram ki, müstəqilliyimizin ilk illərində Azərbaycan səfirlikləri Türkiyə səfirliklərinin binalarında yerləşmişdi. Bizim binalarımız yox idi, imkanlarımız yox idi. Ancaq bu gün Azərbaycanın müxtəlif ölkələrdə 51 səfirliyi vardır. Bu, onu göstərir ki, ölkəmiz çox dinamik şəkildə inkişaf edir. Əgər 1991-ci ildə Sovet İttifaqında keçmiş respublikalar arasında Azərbaycan axırıncı yerdə idisə, bu gün ən qabaqcıl yerlərdədir”.

Prezident forumdakı çıxışında xaricdə yaşayan soydaşlarımızın problemlərinin həll edilməsi məqsədilə bütün imkanlardan istifadə olunacağını da xüsusi olaraq vurğuladı: “Xaricdə yaşayan soydaşlarımızın fəallığı bizi çox sevindirir. Biz də buna çalışırıq və əlimizdən gələni edirik ki, bu proseslər daha da sürətlə getsin. Azərbaycanda iki dəfə - 2001-ci ildə və 2006-cı ildə dünya azərbaycanlılarının qurultayları keçirilmiş və bunların nəticəsi çox müsbət olmuşdur. Təşkilatlanma prosesi sürətlə gedir. Bildiyiniz kimi, azərbaycanlılar başqa ölkələrdə əvvəllər də yaşayıblar. Amma Sovet İttifaqı zamanı xaricdə yaşayan azərbaycanlılar mədəni dərnəklər çərçivəsində fəaliyyət göstərirdilər. Azərbaycan müstəqil ölkə olandan sonra təşkilatlanma prosesi başlanmışdır və indi sürətlə gedir. Azərbaycanlılar yaşayan bütün xarici ölkələrdə təşkilatlanma prosesi gedir və bu gün Azərbaycan diaspor təşkilatları, artıq böyük bir gücdür, Azərbaycanla onların çox sıx əlaqələri var. Bütün fəaliyyət planı müzakirə olunur, əlaqələndirilir və biz vahid mövqedən çıxış edirik. Ona görə, xaricdə yaşayan soydaşlarımızın fəallığı çox önəmli bir faktdır”. Dövlət başçısı hesab edir ki, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının xarici ölkələrdəki uğurlu fəaliyyətini təmin etmək üçün rəsmi səviyyədə iş aparılmalıdır: “Biz bu yolla onlara dəstək verməliyik, yaşadıqları ölkələrdə onların siyasətini gücləndirməliyik. Müxtəlif tədbirlər keçirilir və keçirilməlidir. Konfranslar, kitabların nəşri, bizim tariximizi, keçmişi və bu günü əks etdirən həqiqətlərin yayılması - bu, daimi proses olmalıdır. Xaricdə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları ilə çox ciddi işbirliyi qurulmalıdır. Bir daha demək istəyirəm, hökumət üzvləri, parlament üzvləri ilə daim bu iş aparılmalıdır. Əgər biz istəyiriksə ki, səsimiz daha da ucadan gəlsin, bizi narahat edən problemlər daha da asanlıqla öz həllini tapsın, haqq-ədalət bərpa olunsun, mütləq bunu etməliyik. Xaricdəki türk, Azərbaycan diasporu, artıq çox böyük gücə çevrilibdir. Bugünkü forumun ən böyük önəmi və deyə bilərəm ki, tarixi nailiyyəti ondadır ki, artıq biz öz fəaliyyətimizi birləşdiririk. Əminəm ki, bu gündən sonra türk və Azərbaycan diaspor təşkilatları vahid orqanizm kimi çalışacaqlar”.

 

 “Zamanımız həmrəylik, əməkdaşlıq dövrüdür”

 

Forumda Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan da nitq söyləyib. Onun sözlərinə görə, artıq yaşadıqları ölkələrin vətəndaşlıqlarını qazanan, parlamentlərində yer alan türklər Avropanın qərarvermə mexanizmlərində önəmli mövqelərə sahib olurlar: “Yaşadıqları ölkələrdə siyasi, iqtisadi və mədəni həyatda getdikcə fəal iştirak edən türklər Avropa ilə Türkiyəni bir-birinə bağlayan sağlam dostluq körpüsünü təmsil etməklə, nəzərə alınan bir komandanı və önəmli bir potensialı əks etdirməkdədir. Qabiliyyətinə və əzminə böyük inam duyduğum türk insanı bütün dünyada əldə etdiyi uğurlarla, sadəcə, özlərinə deyil, müştərək məqsədlərimizin gerçəkləşdirilməsinə də kömək göstərməkdədir”.

“Zamanımız həmrəylik, əməkdaşlıq dövrüdür” deyən R.T.Ərdoğan  bildirib ki, ortaq dəyərlərimizin tanıdılmasında, iqtisadi, siyasi potensiallarımızın aşkara çıxarılmasında, millətimizə qarşı yönəldilmiş haqsızlıqların və iftiraların aradan qaldırılması işində xalqlarımızın üzərinə böyük rollar düşür: “Türkiyə və Azərbaycan tarixlərinin ən çətin dövrlərində bir-birinə dəstək olmağın ən gözəl nümunələrini göstəriblər: Azərbaycan torpaqlarının hələ də işğal altında qalması, bir milyon vətəndaşın torpaqlarından didərgin düşməsi, qaçqın və məcburi köçkün vəziyyətində yaşaması Türkiyə xalqının qan axan bir yarasıdır. Keçən il ermənilər guya “referendum” keçirdilər. Dünya bunu qəbul etdimi?! Etmədi! Niyə? Ona görə ki, görülən iş saxta, yanlış, yalan, uydurma idi və qəbulu mümkün deyildi. Haqq, ədalət nə vaxtsa öz yerini tapacaqdır. Biz buna inanırıq. Ermənistanın xüsusiyyəti və təəssüf ki, erməni xalqının da bir qisminin, diasporunun xüsusiyyəti budur. Hazırda bunu bizə qarşı edirlər. Dünyada “erməni soyqırımı” kampaniyalarını harada keçirirlər?! Əlaqəsi olmayan ölkələrdə lobbilər yaradırlar, oradakı parlamentdə tez-tələsik, yalandan “erməni soyqırımı” ilə bağlı bir qərar çıxarırlar. Bunu kimsə qəbul etməz! Türkiyə və türklər heç vaxt bunu qəbul etməz!”

Baş nazir “hədəflərimiz böyük, aradan qaldırmağımız vacib olan əngəllər çoxdur” deyərək bu yolda hamının üzərinə ciddi vəzifələr düşdüyünü qeyd edib: “Siyasətçilərimizin, alimlərimizin, sənətçilərimizin, mətbuat nümayəndələrimizin, sərmayədarlarımızın, bütün iş adamlarımızın - hamımızın üzərinə iş düşür. Əl-ələ, çiyin-çiyinə verəcək, həmrəy olacaq və bütün türk dünyasını aydın gələcəyə aparacağıq. Tarix boyunca bir çox sınaqdan uğurla çıxan Türkiyə və Azərbaycan xalqlarının qardaşlığının beynəlxalq miqyasda bu layihəni də həyata keçirməsi hamımız üçün bir qürur mənbəyidir”.

 

Azəri və türk diasporları bundan sonra fəaliyyətlərini birgə həyata keçirirlər

 

Forumda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin  (İndiki Diasporla İş üzrə Dövlət Komitəsi- F.H) sədri Nazim İbrahimov da çıxış edərək Türk dünyasının birliyi ideyası yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımların atıldığını vurğulayıb. Onun  fikrincə, Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı, ölkələrimizin milli maraqlarının müdafiəsi, mənəvi dəyərlərimizin, mədəni irsimizin təbliği baxımından çox mühüm vəzifələrin həyata keçirilməsini qarşıya məqsəd qoyub: “Əminik ki, Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu türk dünyasının birliyinə, xalqlarımız arasında əlaqələrin inkişafına yeni məzmun verəcək, diaspor təşkilatlarımızın birgə fəaliyyətinin əsas prinsip və istiqamətlərini müəyyən edəcək”.

Forumda digər mötəbər şəxslər də çıxış edərək iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini vurğulayıblar. Türk dünyasının birliyi ideyasının əhəmiyyətini bir daha nümayiş etdirən Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin birinci forumunun yekunu olaraq bir neçə sənəd imzalanıb. Qəbul edilən sənədlərin ən mühümü “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”dır. Bu sənədin qəbul edilməsini zəruri edən başlıca amil Azərbaycan və türk diaspor təşkilatlarının vahid qurum kimi təşkilatlanması, əməkdaşlığın dərinləşdirilməsidir.

 Forumun əhəmiyyəti  barədə “Olaylar”a verdiyi açıqlamada  müsbət fikir bildirən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, tədbirin nəticələri hər iki ölkənin maraqlarının beynəlxalq aləmdə təmin olunmasına töhfəsini verəcək. Bundan sonra hər iki ölkənin diaspor təşkilatlarının mütəşəkkil və əzmkar şəkildə fəaliyyət göstərəcəyini deyən şöbə müdiri bu birliyin Azərbaycan və Türkiyə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasına da dəstək verəcəyini deyib.

 Ümumiyyətlə, bütün türk dünyasında böyük hadisə kimi dəyərləndirilən və xüsusən bundan sonra beynəlxalq miqyasda birbaşa Azərbaycan və Türkiyə ilə əlaqədar proseslərə təsirsiz ötüşməyəcək forum, diaspor və lobbiçilik fəaliyyətində yeni mərhələnin əsasını qoymaqla yanaşı, görüləsi işləri də müəyyənləşdirib. Onu da nəzərə çatdıraq ki, forumun nəticəsi olaraq azəri və türk diasporları bundan sonra fəaliyyətlərini birgə həyata keçirirlər və təbii ki, bu, Azərbaycan və Türkiyənin maraqlarına ayrı-ayrılıqda deyil, ortaq mövqedən yanaşılaraq təmin edilməsi üçün mühüm addımdır. 

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 29-30 sentyabr.- S.12.