Türkiyə-Azərbaycan Dərnəyi
təsis edildi
Açılış mərasimində
Azərbaycandan və Türkiyənin müxtəlif guşələrindən
500-dək adam iştirak edib
Türkiyənin İstanbul şəhərinin
Kadıköy Xalq Təhsil Mərkəzində İstanbul
Türkiyə-Azərbaycan Dərnəyinin
açılış mərasimi keçirilib.
Diasporla İş üzrə
Dövlət Komitəsindən verilən məlumata görə,
açılış mərasimində Azərbaycandan və
Türkiyənin müxtəlif guşələrindən 500-dək
adam iştirak edib. Mərasimi giriş sözü ilə
açan İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin
rəhbəri Səftər Qaraqoyunlu dünyanın müxtəlif
ölkələrində yaşayan eyni millətin
övladlarının bir arada toplaşmasından qürur
duyduğunu bildirdi. “Bu dərnəyin yaradılmasında məqsəd
Türkiyə və Azərbaycan Türkləri arasında
mövcud olan dostluq, qardaşlıq və həmrəylik əlaqələrinin
inkişaf etdirilməsidir. Bu fəaliyyətimizlə gələcəyimizə
töhfə verə bilsək şad olarıq. Bu mənada
ümummilli lider, müstəqil Azərbaycan dövlətinin
memarı, dünya şöhrətli siyasətçi Heydər
Əliyevin “Biz bir millət-iki dövlətik” söylədiyi
kimi biz əzəldən bəri iki qardaş millətik və
qardaşlığımızın, dostluğumuzun daha da
güclənməsi üçün daha çox
çalışmalıyıq. Eyni zamanda Türkiyənin
qurucusu Mustafa Kamal Atatürk də “Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir” deyib. Azərbaycan və
Türkiyənin dostluq və həmrəyliyi sonsuzadək davam
etməlidir. Biz Azərbaycanın haqlı mübarizəsini
dünya ictimaiyyətinə var gücümüzlə
anlatmalıyıq. Biz İstanbul Türkiyə- Azərbaycan Dərnəyi
olaraq Azərbaycan və Türkiyənin dünyada səsi
olacayıq. Azərbaycan türkləri və Türkiyə
türkləri arasında möhkəm körpü
funksiyasını yerinə yetirəcəyik.
Birliyimiz, diriliyimiz və həmrəyliyimiz üçün əlimizdən
gələni əsirgəməyəcəyik. Sizlərin dəstəyi
gücümüzə güc qatacaqdır“, - deyə
S.Qaraqoyunlu bildirib. S.Qaraqoyunlu nitqini “Yaşasın Türkiyə
Azərbaycan dostluğu!”, “Yaşasın Türkiyə Azərbaycan
qardaşlığı” şüarları ilə başa
vurduqdan sonra İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin
açılış rəmzi olan lent kəsildi.
Açılış
mərasimində iştirak etmək üçün Ankaradan gəlmiş
İsa Yaşar Tezel və Ənvər Türkoğlu yeni
yaradılmış dərnəyə uğurlar arzulayaraq Qərb
ölkələrinin “Qarabağ məsələsinə” ikili
standartlarla yanaşdıqlarını qeyd ediblər.
Türkiyədəki
şiə azərilərin dini lideri Səlahəddin
Özgündüz öz çıxışında Azərbaycan
üçün ölməyə hazır olduğunu qeyd edərək
iki məsələdə Azərbaycanı sonsuz dəstəklədiklərini
bildirib. “Qarabağın alınması üçün hər
cür dəstək verəcəyik. İkinci diləyimiz Azərbaycanda
hazırda olduğu kimi gələcəkdə də dini
azadlığın davam etməsidir”.
İstanbuldan
millət vəkili seçilmiş azəriəsilli CHP
nümayəndəsi Ali Özgündüz təmsil etdiyi
partiyanın Azərbaycanı daima dəstəklədiyini qeyd
edərək, “Qarabağ məsələsində daha
güclü lobbi fəaliyyətinə ehtiyac vardır” deyə
bildirib.
Diasporla İş üzrə
Dövlət Komitəsinin şöbə müdiri Tahir
Hacıyev tədbir iştirakçılarına Azərbaycandan
salam gətirdiyini söyləyib. Azərbaycanla Türkiyə
arasında mövcud olan qardaşlıq əlaqələrinin
getdikcə inkişaf etdiyini qeyd edən Tahir Hacıyev Azərbaycan
Respublikası Diasporla İş üzrə dövlət Komitəsinin
hər zaman fəaliyyət göstərən dərnəklərin
yanında olduğunu və bunun da sonra da davam edəcəyini
bildirib. “Dostluğumuzun, qardaşlığımızın
möhkəmlənməsinə xidmət edən bu cür dərnəklərin
fəaliyyət göstərməsinə hər zaman ehtiyac
var. Çünki bu dərnəklərin vasitəsi ilə Azərbaycanın
Qarabağ uğrunda haqlı mübarizəsini,
işğalçı Ermənistanın iç
üzünü dünyaya göstərə bilərik. Dərnək
qurucularını təbrik edirəm”, - deyə T.Hacıyev
vurğulaıb.
İqdırdan
millət vəkili seçilmiş MHP nümayəndəsi
Sinan Oğan Türkiyənin mürəkkəb bir dövr
yaşadığını, sıfır problem bəyan
olunduğu halda, hamı ilə problemlərin
yaşandığını qeyd edərək ortaya iradə
qoyulmalı olduğunu söyləyib. “Xocalıda törədilmiş
soyqırımı kimsə görmək istəmir.
İşğal olunan Azərbaycan torpaqları barədə
heç kəs danışmır. Ağrı
Dağını istəyən erməni ilə hansı
qardaşlıqdan söhbət gedə bilər?”. Rəsmi hissə
başa çatdıqdan sonra tədbir şeir, musiqi və
xalq oyunlarından ibarət bədii hissə ilə davam edib.
İSMAYIL
Paritet.- 2011.- 29-30 sentyabr.- S.13.