“Müstəqillik ən qiymətli sərvətimizdir”

 

Aqiyə Naxçıvanlı: “Azərbaycan Müəllimlər İnstitutu yeni tədris ilinə tam hazırdır”

 

 Hər hansı cəmiyyətin, xalqın, millətin ən ümdə milli ideyası azadlıq və müstəqillik qazanmaqdır. Düz 20 il əvvəl Azərbaycan xalqı da bu ideya uğrunda mübarizə apararaq yenidən müstəqilliyini qazanmağa nail oldu. Amma bu, xalqımız üçün heç də asan başa gəlmədi.

Bunun üçün xalqımız min bir dərdin, sərin içindən keçməli oldu... O günlərin şahidi olanlara bunu xatırlamaq nə qədər çətin olsa da,  o qədər  də fərəhli və qürurvericidir. Elə Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı ilə də müstəqillik tariximizi xatırlayarkən bu çulğaşıq duyğular  hiss olunurdu. Onun sözlərinə görə, müstəqillik ən qiymətli sərvətimizdir və bunu qoruyub saxlamaq üçün hamımız əlimizdən gələni etməliyik.

-20 il bundan qabaq Azərbaycan xalqı bəlkə də müstəqillik haqqında düşünməyə belə qorxurdu. Amma hər bir xalqın daxilində həmişə müstəqillik qazanmaq arzusu olub. Sadəcə, buna bir səbəb lazım idi. Böyük bir imperiyada müstəqillik qazanmaq çətin bir məsələ idi. Buna baxmayaraq, elə hadisələr baş verdi ki, Azərbaycan xalqı da öz səsini qaldırdı və bu müstəqilliyi əldə etdi. Ancaq, biz gördük ki, buna görə Azərbaycan xalqının başına hansı müsibətlər gəldi.

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir. Çünki, tarixdə biz belə hadisələrlə də rastlaşmışıq. Bildiyimiz kimi, həmin dövrdə insanlar meydanlara çıxdılar, sovet imperiyası qırğınlar törətdi. Ümumiyyətlə, Azərbaycan xalqının timsalında bütün dünyaya sübut etmək istəyirdilər ki, xalq səsini qaldırmasın, yoxsa təzyiqlərə məruz qalar. Buna baxmayaraq, bunlar hamısı baş verdi. Ancaq, doğurdan da, bu müstəqilliyi az bir müddətdə əldə etmiş olsaq da, onu saxlamaq mümkün olmamışdı. Dövlətin daxilində hərc-mərclik baş vermişdi. Səriştəsiz rəhbərlər bunu başqa bir səmtə çevirdilər. Azərbaycan xalqının müstəqillik əldə etməsində müstəsna xidməti olan yeganə insan Ulu Öndərimiz Heydər Əliyevdir. Nəinki biz, o hadisələrin şahidi olan insanlar, gələcək nəsillər də bunu bilməlidirlər. Bu hadisələr hər il qeyd olunmaqla gələcək nəsillərə çatdırılmalıdır. Əgər Ulu Öndəri Azərbaycan xalqı müdriklik göstərib hakimiyyətə dəvət etməsə idi müstəqilliyimizi itirmiş olardıq. Artıq,  20 ildir biz müstəqil dövlətik. Bəlkə də, tarix üçün az bir məsafədir, ancaq Azərbaycan xalqı olaraq böyük bir yol keçmişik. Ona görə biz indi deyirik ki, müstəqilliyimiz əbədidir, dönməzdir. Bunun da çox gözəl bünövrəsi Ulu Öndərimiz tərəfindən qoyulub.  Heydər Əliyevin ən böyük əsəri müstəqil Azərbaycan Respublikasıdır. Bizim də, gələcək nəsillərin də vəzifəsi bunu qoruyub saxlamaq və nəsildən-nəslə ötürməkdir.     

-  Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqillik yolunda hansı rolu var?

- Ulu Öndər Heydər Əliyevi istəyən insanların hamısı YAP-ın üzvlüyünü qəbul edənlər olublar.  Ulu Öndərimizin bizə miras qoyduğu üç şey var; müstəqil Azərbaycan, YAP və İlham Əliyev. Onun ideyalarını, siyasi kursunu həyata keçirən indiki Prezidentimiz İlham Əliyev olmadan mən Azərbaycanın inkişafını təsəvvür edə bilmirəm. Mənə elə gəlir ki, Ulu Öndərimizin düşündükləri nələr varsa, hamısı bu gün həyata keçirilir. Ulu Öndərimizin indi ruhu şaddır. Çünki, o gördüyü müstəqil Azərbaycandır. Şübhəsiz ki, bunda Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir.

- Azərbaycan xalqı müstəqilliyini dada, onu hiss edə bilirmi?

- Bilirsiniz, mənim yaşda olan insanlar müstəqillikdən əvvəlki və indiki dövrün fərqini elə gözəl hiss edirlər ki. Biz kim idik? Moskvanın razılığı olmadan Azərbaycana heç bir kadr təyinatı baş vermirdi. Hansısa bir məsələnin həll edilməsində, tədbirin keçirilməsində, ümumiyyətlə, hər cəhətdən biz Moskvaya tabe olan insanlar idik.  Ən gözəl nemət, azadlıq, sərbəstlik- mən müstəqilliyi belə ifadə edərdim. Görün, demokratiya, söz azadlığı bizdə necə inkişaf edib-bunlar bizim üçün əlçatmaz idi. Fransadan bizə işlə bağlı bir qonaq gəlmişdi. O, Azərbaycanda əvvəllər də olmuşdu. Heyranlıqla dedi ki, Azərbaycan normaya sığmayan sürətlə inkişaf edib.  Bu inkişaf bizim gözümüzün qabağında olub. Azərbaycan bir vaxt zülmət içində idi. Hamı həyəcan içində yaşayırdı. İndi biz əmin-amanlıq içində yaşayırıq. Bu azadlığı görmək, duymaq və özündə hiss etmək lazımdır. Mən indi azad ölkənin azad vətəndaşıyam. Bundan böyük nemət nə ola bilər?    

- Bəs, Azərbaycan sovet sisteminin təhsilindən ayrılaraq, müstəqil, demokratik təhsil sistemini özündə tətbiq edə bilibmi?

- Öncə onu deyim ki, bu illərdə bütün sahələrdə uğurlu inkişaf gedir, ələlxüsus da təhsil sahəsində. Mən təhsil işçisi olaraq onu deyə bilərəm ki, bu sahədə çox böyük uğurlar var. Bəli, biz sovet təhsil sistemindən qopub müstəqil təhsil sisteminə keçmişik. Özümüz islahatlar keçiririk. Azərbaycanın milli təhsil modelini qururuq. Biz özümüz inteqrasiya olunuruq və dünyada yaxşı nə varsa onu da öz sahəmizə qəbul edə bilirik. Əvvəl bir sistem idi. İstəsən də, istəməsən də o sistemlə işləyirdin. Amma  indi baxın görün hansı ölkələrlə müqavilələr, memorandumlar bağlamışıq. Nə vaxtsa biz  fəal təlim metodları, müasir təhsil, Boloniya sistemi haqda danışa bilərdikmi? Bunlar hamısı yeni istiqamətlərdir ki, biz təhsil sahəsində tətbiq etmişik.

- Etiraf edək ki, sovet təhsil sistemindəki heç də hər şeyin üstündən xətt çəkmək olmaz.

- Ümumiyyətlə, biz özümüz sovet təhsil sisteminin məzunlarıyıq. Mən heç demirəm ki, sovet sistemində hər şey pis olub. Ümumiyyətlə, arxaya baxanda keçdiyimiz yolu silib yenidən yol çəkməyə, yenidən təhsil sistemi yaratmağa da ehtiyacımız yoxdur. Biz, sadəcə, sovet sistemində bütün yaxşı varsa onları götürməli əlbəttə ki, onu öz milli mənəvi dəyərlərimizlə zənginləşdirməliyik. Bu, çox vacib bir cəhətdir. Yəni, onu azərbaycanlılaşdırmalı öz milli modelimiz üzərində qurmalıyıq.

- Milli Məclisin elm təhsil komitəsinin üzvü kimi necə hesab edirsiniz, bu sahədə daha hansı qanunların qəbul olunmasına ehtiyac var?

- Təhsil mürəkkəb səhədir deyə, burada bir çox problemlər var onların hamısı bir-bir müzakirə olunmalıdır. Bildiyimiz kimi, müəllimlərin yaşı ilə bağlı məsələ müzakirə olundu, qaldı yarımçıq. Məncə, bu, başa çatdırılmalıdır. Məktəb müəllimi, institut müəllimi ilə bağlı yaş həddi konkret qoyulmalıdır. Yəni, yaşlıların təhsili, inkuliziv təhsillə bağlı qanunlar işlənilsə daha yaxşı olar. Hesab edirəm ki, yaşlıların təhsili məsələsi mütləq müzakirə olunmalıdır. Fikirimcə, payız sessiyasında təhsillə bağlı yeni qanunlar qəbul olunsa, pis olmaz.

- Bəs, Azərbaycan müəlliminin biliyi, savadı müasir dövrün tələblərinə cavab verirmi?

- Məncə, bəzi müəllimlərdə keçmişin stereotipləri indi qalıb. Hələ bəzi müəllimlərin düşüncə tərzini dəyişmək lazımdır. Onların müəllim tələbə münasibətlərində dəyişikliklər olmalıdır. Onlar dəyişmək istəmirlər. Belə müəllimlər bizdə var, digər institutlarda da, bunu inkar etmək olmaz. İndi kompüterdən, internetdən, elektron lövhələrdən başqa informasiya kommunikasiya texnologiyalarından istifadə edə bilməyən müəllimlərimiz var. Bu, bizim bəlamızdır. İndi tələbələr daha çox müasir texnologiyalardan istifadə edə bilirlər, nəinki bəzi müəllimlərimiz. Bu baxımdan müəllimlərimizin üzərinə çox böyük vəzifələr düşür. Onsuz da bu yenilikləri bilmədən, artıq müəllim auditoriyaya girə bilmir. Ona görə, müəllim auditoriyaya girəndə bir neçə ədəbiyyatdan istifadə etməlidir və uşaqlara da təklif etməlidir ki, bu ədəbiyyatlardan bəhrələnsinlər. İndi orta məktəbləri deyə bilmərəm, ələlxüsus ali məktəblərdə müəllimlərin işləməsi çətinləşib. Buna görə, öz üzərlərində həddindən artıq işləməlidirlər. Çünki bizim tələbələrimiz müasirləşib, multimedia texnologiyalarından çox sərbəst istifadə edə bilirlər. Hətta, bir çox auditoriyada tələbə kənar materiallardan istifadə edərək müəllimin səhvlərini tutur. Artıq, tələbə müəllimin tribunadan mühazirəsini dinləmək istəmir. O, müəllimi daha çox açıq söhbətə, dialoqa gəlməyə dəvət edir. Müəllim də əgər buna tam hazır deyilsə, ona çətin olur. Bunun üçünbiz ildə 10 mindən artıq müəllimi yeni kurslardan keçiririk. Yəni, onlar yeni innovativ texnologiyanı, yeni fəal təlim metodlarını öyrənirlər. Bizdə bütün müəllimlər, kim istəsə multimedia ilə açıq dərs deyə bilir. Bizim internet kabinetlərimiz, kompüter mərkəzlərimiz, treninq otaqlarımız var. Yəni, müasir şəkildə dərslərin keçirilməsi üçün bütün imkanlarımız var.

-  Aqiyə xanım, qarşıdan yeni dərs ili gəlir. Bəs, Azərbaycan Müəllimlər İnstitutu yeni dərs ilinə necə hazırlaşır?

- Gördüyümüz kimi, Ulu Öndərimizin siyasi varisi İlham Əliyev bu ərəfədə əsasən məktəblərdə olur. Çünki  təhsil dövlətin ən prioritet istiqamətlərindən olduğu üçün, cənab Prezident də çox maraqlıdır ki, təhsil ocaqlarımız yeni dərs ilinə hazır olsun. Biz də təhsil sahəsində uğurlar əldə etməyi qarşımıza məqsəd qoymuşuq. Filiallarla birlikdə, hər il AMİ-yə 2 minə qədər tələbə qəbul olunur. Bu il də dövlət sifarişimiz və özəl qəbul var. Biz də, artıq, neçə müddətdir yeni dərs ilinə hazırlaşırıq. Tədris planları yenilənib, bəzi dərsliklərə yenidən baxılıb, kabinetlər təmir olunub, eləcə də kitabxanamız, yeməkxanamız, yataqxanamız, treninq otaqları tam hazırdır.

Bizdə bu il bir yenilik də o olacaq ki, vahid bir geyim formasına keçmək istəyirik. Tələbələrə 5-6 çeşid vermişik ki, ona uyğun forma hazırlasınlar. Nəzərə almaq lazımdır ki, bizim funksiyalarımız başqa institutlardan bir az fərqlidir. Biz bakalavr və magistratura təhsilindən başqa, regionlarda olan müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi işinə də baxırıq. Ona görə də, metodik kabinetlərimiz onların üzünə açıqdır. Əminliklə deyə bilərəm ki, biz yeni tədris ilində tələbələri və dinləyiciləri qəbul etməyə tam hazırıq. Fürsətdən istifadə edib bütün müəllimləri, tələbələri, şagirdləri və valideynləri yeni dərs ili münasibətilə təbrik edirəm.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 10-12 sentyabr.- S. 5.