“Əgər bir millətiksə, “Türkiyə- Azərbaycan” diasporu olaraq söylənməlidir”

 

Orxan Aras ermənilərin zülmündən qaçmış azərbaycanlılar haqqında roman üzərində işləyir

 

  Almaniyada yaşayan şair-yazıçı Orxan Arası mətbuatda gedən yazılarından tanıyırdım. Sonradan maraqlandıqda onun həm də bir diaspor fəalı olduğunu öyrəndim. Bəzən nisgil, bəzən qan, bəzən intiqam daman ifadələri olan yazılarını oxuduqca şəxsiyyəti və yaradıcılığı ilə bağlı suallar yaranırdı məndə. Və bu suallar yığılıb sonda O.Arasın mənim müsahibim olmasına şərait və zərurət yaratdı.

 

-Orxan bəy, əvvəlcə özünüz haqqında ətraflı məlumat verərdiniz...

- Orta məktəbi İqdırda bitirdikdən sonra Artvin, Qars və Ərzurum pedoqoji məktəblərində oxuyub müəllimlik etmədən Almaniyaya getdim. Almaniya Bokhum Universitetində Türkologiya dərslərinə qatıldım. Sonra İqtisad Fakültəsini bitirdim. Azərbaycanda başlayan müstəqillik hərəkatları zamanı Almaniyada fəaliyyətə başlayan Azərbaycan Türkləri Federasiyasının işində, Avropanın müxtəlif şəhərlərində dərnəklərin fəaliyyətində fəal iştirak etmişəm. 1994-ci ildən bəri Türkiyə Yazıçılar Birliyi və 2007-ci ildən etibarən də, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüyəm.  7 kitab müəllifiyəm: 5 kitabım Türkiyədə, biri Azərbaycanda, biri də Almaniyada almanca yayınlanıb.

- Nə vaxtdan Almaniyada yaşayırsınız?

- Almaniyaya 1980-ci illərdən sonra gəlmişəm. O illərdə Türkiyə çox ağır bir imtahandan keçirdi, şərtlər çox ağır idi. Minlərlə gənc Türkiyədəki sərt və ədalətsiz rejimə qarşı döyüşürdü və Türkiyə mənim üçün yaşanmaz bir ölkə halına gəlmişdi. Bu səbəblə Türkiyəni tərk eləyib Almaniyaya gəldim.

- Sonuncu dəfə İqdıra nə vaxt gedibsiniz?

- İqdıra hər il gedirəm. Çox kiçik yaşlarda İqdırdan çıxsam da, oraya olan həsrətim əsla azalmayıb. Hər gedəndə daha evdə oturmadan dərhal qalxar kəndimizi, tarlalarımızı dəli kimi gəzir, hər yerdə beş il əvvəl vəfat edən atamdan izlər axtarıram.

- Fikir verirsinizmi, ermənilər son zamanlar Türkiyəyə qarşı da torpaq iddalarına başlayıblar. Bunun sonu Sizi narahat etmirmi?

- Bizdə bir atalar sözü var: “İt hürər, karvan keçər”. Erməni nəyi istəmir ki? Onlara qalsa, Asiyadan Avropaya qədər olan torpaqların hamısı onlarındır. Anadolu torpaqları minlərlə şəhidin qanı ilə suvarılıb, almaq istəyən bunu da gözə ala bilməlidir. Türk xalqları sadəcə Xocalıda deyil, harada bir zülm, harada bir haqsızlıq olursa olsun, əsla səssiz qalmayacaq və kimsəsizlərin kimsəsi, səssizlərin səsi olacaq.

-Ümumiyyətlə, erməni məsələsində türk və azəri diasporlarının həmrəyliyindən razısınızmı?

- Əvvəla, bu “türk-azəri” sözünü heç sevmədiyimi bildirim, ondan sonra sualınızın cavabına keçim. Biz  bir millətiksə, bu “Türkiyə-Azərbaycan” diasporu olaraq söylənməlidir. Hər dəfə bu söz yazılıb deyiləndə öz özümə necə belə səhv edildiyinə, doğrusu, heyrət edirəm.

Təbii ki, diaspor fəaliyyəti bizdə daha çox yenidir. Bu səbəblə, bəzən diaspor fəaliyyəti mədəni fəaliyyət olaraq da aydın olmaqda və buradakı dərnəklərin çoxu Novruz bayramını qeyd etməklə diaspor fəaliyyəti etdiklərini düşünməkdədirlər. Diaspor fəaliyyəti önünə qoyulmuş problem üzərində bütün gücünlə çalışmaqdır. Məncə, hələlik nə Türkiyə tərəfində, nə də Azərbaycan tərəfində bu kafi bir hala gəlməmişdir. Xaricdə olan təşkilatların maddi gücləri azdır, bunu danmaq olmaz! Birisinin bir çanta təşkilatı da olsa, bir yerdə “Azərbaycan”, “Qarabağ” sözünü də işlətsə, onu da günahlandırmaq olmaz! Diaspor çalışmaları birlik və bərabərlik içində edilməsi gərəkdi.

-Almaniyada xeyli sayda türk yaşayır. Almaniyadakı Azərbaycan diasporu öz fəaliyyətində onların köməyindən istifadə edirmi?

- Müxtəlif dərnəklər arasında bayramlarda və bəzən də konfranslarda birgə işlər aparılır, amma, məsələn, bir Qarabağ və ya sözdə soyqırım məsələsində erməniləri sarsıdacaq, onları hirsləndirəcək hər hansı bir ortaq fəaliyyət bu günə qədər edilməyib. Amma dərnəklər arasındakı yaxınlaşmalar vardır.

-“Sivilizasiyaların kəsişməsində türk dünyası”nın rolunu bu gün türk xalqları özləri lazımi səviyyədə dünyaya car çəkə bilirlərmi?

- Türk dünyası deyilincə, hər kəs fərqli bir şey düşünür. Əslində,  ortaq mədəniyyət iddiasını kənara qoyun, heç türk xalqları arasındakı ən kiçik problemlərimizi belə həll edə bilməmişik. Məsələn, dilləri tamamilə fərqli olan Avropa xalqları din və digər ortaq dəyərləri önə çıxararaq aradakı sərhədləri ləğv edib böyük bir mədəniyyət yaratdığı iddiasına qalxdı. Bizdə bu, çox təəssüf ki, çox uzaq görünür. Bu gün bizə ən yaxın olan və dili də oğuz ləhcəsi olan Türkmənistan belə, Qarabağ məsələsinə biganədir. Bu səbəblə də türk dünyası çox təəssüf ki, hələ geri, hələ tək və hələ minlərlə problemlə məşğul olmaqda davam edir. Bunun qısa zamanda dəyişəcəyinə ümidim yoxdur.

- Siz, diaspor təşkilatları ilə də əməkdaşlıq edirsinizmi? Onların işinə hansı formada köməklik göstərə bilirsiniz?

- Azərbaycan üçün çalışmalar yeni başlamayıb. Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının xaricdə gördüyü işlər, Ankarada 70 ildən bəri çıxan “Azərbaycan” jurnalı, Avropada İkinci Dünya müharibəsindən sonra Avropada qalan həmvətənlərimizin çalışmaları necə unudula bilər?  Azərbaycandan Avropa və Amerikaya gedən qardaşlarımızın gediş tarixləri 1993-1994-cü illərdir. Halbuki, 1988-ci ildən Avropada diaspor çalışmaları başlayıb. Avropada ilk mitinqlər, konfranslar, aksiyalar o illərdə, yəni 1988-ci ildən etibarən başladı. Bu haqda əlimizdə çoxlu materiallar (foto, bildiriş, video kaseti) var. Burada əvvəlcədən qurulmuş dərnəklərin hamısında mənim əməyim var. Amma indiki diaspor təşkilatları ilə əlaqəm azdır bir neçə (Haaqa təşkilatı kimi) təşkilatın xaricində o biri təşkilatlar məni o qədər dəvət etmirlər mən öz yolumda əlimdən gəldiyi qədər yazılarımla, kitablarımla millətimin yolunda çalışmağa davam edirəm. Bu səbəbdən təşkilatları da günahlandırmıram. Hər kəs öz metodunu seçir. Onlara Orxan Aras lazım deyilsə, mənmütləq lazımdırdeyə bilmərəm. Bizlər bu işi millətimiz, Vətənimiz üçün görürük. Birindənafərinalmaq üçün deyil! Elə həmvətənimiz var ki, bir adamdır qocaman bir təşkilatdan daha çox görür. Bu işdəmən varamdeyən hamı sağ olsun!

- Türk dünyasının tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlərin görülməsinə ehtiyac var?

- Tarix və mədəniyyət mövzusunda yalnız diasporları göz önünə gətirmək yetərsizdir. Məncə, bu mövzuda iki dövlətin təhsil nazirlərinə böyük yük düşməkdədir. Bu işə ilk məktəbdən başlanmalı və milli tarix, milli ədəbiyyat mövzuları ən üstə səviyyədə işlənməlidir. Xarici ölkələrdəki diaspor təşkilatları onsuz da, yuxarıda da dediyim kimi, lazım olduqca bir araya gəlməkdədirlər, amma bu kifayət deyildir. Elmi və praktik metodlar tətbiq edilmədikcə, əsla bir yerə çata bilməzsiniz. Çox adam olmanız, pulunuzun, dərnəyinizin çox olması heç bir şey ifadə etməz. Əgər metodik çalışılmazsa, görülən işlərlə ancaq öz özünüzü aldadarsınız.

-Azərbaycan diasporunun bugünkü durumundan, xüsusən təşkilatlanma prosesindən razısınızmı?

- Azərbaycan diasporunun bugünkü vəziyyətini, doğrusu, bilmirəm. Çünki, dediyim kimi, məni dəvət etmirlər və işlərindən də xəbərim yoxdur. Mənim razı olub-olmamam onlar üçün ifadə edir ki? Onların özləri işlərindən razı olsalar, mən deyə bilərəm ki?

 Az qala hər ay alman televiziyalarında erməni məsələsi ilə əlaqədar bir proqram var. Mən daha Türkiyə ya Azərbaycan tezislərini müdafiə edən bir proqrama rast gəlməmişəm.

- Hələ 1998-ci ildəAzərbaycan davamızadlı kitabınız nəşr olunub. O gündən bu günə həmin davanın arealı hansı formada genişlənib?

- Mən o kitabımda əvvəl uşaqlığımdakı, mahnılarımızdakı, həsrətiylə yanıb tutuşduğumuz Azərbaycanı yazdım. Sonra da Avropadakı işimizin hekayəsini anlatdım. Bu gün Azərbaycan, şükür ki, müstəqildir daha fərqli problemləri vardır. Gün gələcək bugünkü sabahkı Azərbaycan davasını da inşallah yazacağam.

-Yazmağa zaman necə başladınız? İlk dərc edilmiş kitabınız hansıdır?

- Dünyanı, insanları, ətrafı, özümü tanıdığımdan bəri bir şey cızma -qara edirəm. İlk yazı sınaqlarım şeirlər idi. Kasıblığın, ağrıların fonunda sovrulan bir uşağın yazacağı şeirlər , təbii ki, kədər dolu idi. O  duyğularla dolu sadə şeirləri hələ saxlayıram. İlk çıxan kitabımQarabağın gözyaşlarıda bir şeir kitabı idi. Sonra hekayə romana yönəldim. Amma şeiri tərk eləməmişəm. 2002-ci ildə Sevgilər hələ ölməyibadıyla bir şeir kitabım nəşr olundu. Amma roman, hekayə bioqrafik mövzularda daha məhsuldar olduğumu düşünürəm.

-Nədən şeir hekayələrinizdə hüzn ayrılıq ön plana çıxır?

-Anadolu tarix boyu   köçlərin, ayrılıqların, döyüşlərin səhnəsi  olub! Belə bir coğrafiyada dünyaya gəlmiş bir insanın duyğulu olmaması, eşqə, ayrılığa, ağrıya ağlamaması mümkündürmü?

 Heç bir ağı bizim ağılar qədər bir bıçaq kimi ürəyi doğramaz. Analarımız həmişə ya bir oğul, ya bir qardaş ya da bir ər ayrılığıyla qovrulmuşlar. Türküstandan qopub gələn atalarımız dayanacaq bilmədən qaçdırıb dayanmışlar! Ocaqlarında isə, gözləri yaşlı, ürəkli analarımız... Odur ki, ən duyğulu, ən sadiq, ən səmimi, insanlar bizim insanlarımızdır. Əlim hər qələmə uzananda, uzaqdakı min bir nağılla dolu ölkəmi, başına bir örtü qucaqlamış ürəyini sevgiylə alovlandırmış anamı, diyardan diyara uçub gedən dostlarımı düşünürəm. Bu səbəblə, sətirlərimə həmişə hüznün ayrılığın kölgəsi düşər!

-Bəs, hazırda hansı kitabın üzərində işləyirsiniz?

- Bu sıralar, bizim İqdırda 1919-ci ildən 1921-ci ilə qədər davam edən qaçaqaçdeyə adlandırılan erməni zülmünü izah edən bir roman üzərində çalışıram.Yaxında isə tanıdığım yazıçı şairləri anladan bir kitabım Türkiyədə nəşr olunacaq.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 13 sentyabr.- S.10.