Diasporun işi birmənalı şəkildə Azərbaycana və azərbaycançılığa təmənnasız xidmət etmək olmalıdır”

 

Eluca Atalı: “Heç zaman Vətənimdən kənarda olduğumu unutmuram

 

 Layihə çərçivəsində növbəti müsahibim neçə illərdir İsveçdə yaşayıb yaradan yazıçı Eluca Atalıdır (Mədinə İftixar qızı Hüseynova). Ədəbiyyata yeni -fəlsəfi-miniatür janrı gətirən E.Atalının bu janrda yazdığı hekayələri, povestləri, esseləri və mənsur şeirləri müxtəlif dillərə tərcümə olunub. Bundan əlavə o, ictimai-siyasi mövzuda qələmə aldığı məqalələrlə də müntəzəm olaraq mətbuatda çıxış edir.

 

- Artıq uzun illərdir ki, İsveçdə yaşayırsınız. Azərbaycanı orda necə tanıyırlar, bizim haqqımızda nə kimi təsəvvürə malikdirlər?

- Orta məktəbdə oxuyanda ədəbiyyat dərsində bizə tədris edirdilər ki, Nizamini, Füzulini bütün dünya tanıyır. Dünyanın bizi tanımağı ilə qürur duyurdum. Buna heçuşaq sadəlövhlüyü deməzdim, sadəcə, öz Vətənini, millətini fitrən sevən bir şəxs kimi bizi yaxşı tanımaları, dahilərimizi oxumaları mənə qürur gətirirdi. O dövrlə müqayisədə indi təəssüf hissim və Azərbaycanın tanınması ilə bağlı olan şişirdilmiş qürurum havası buraxılmış rezin kürəcik kimi boşalıb, hər iki tərəfi bir-birinə yapışıb. Təəssüf hissi ilə deyəcəyəm ki, bu gün haqqımızda heç ibtidai təsəvvürə də malik deyillər. Sizə çox sadə bir misal çəkim, hər dəfə soruşanda ki, hansı ölkədən gəlmisən. Deyirəm Azərbaycandan. Sonra da onun harda olduğunu sual verirlər. Burda çox baxılan sanballı elm kanalı var. May ayında  fransızların “Neft daşları” barədə çəkdikləri sənədli filmi üç dəfə nümayiş etdirdilər. Amma o filmin xoş  niyyətlə çəkildiyinə də inana bilmədim. Çünki nefti olan zəngin bir ölkənin neftdə işləyən fəhlələrinin necə pis şəraitdə yaşadıqlarına film boyu böyük yer ayrılmışdı. Açığı, o film mənə ürəkağrısından başqa bir şey vermədi. Kaş onu da verməyəydilər. Əgər Azərbaycanı bununla tanıdırlarsa, onda baxın bizim halımıza. Yaxşı halı da deyəcəyəm, son Avropa musiqi festivalı- “Avroviziyada Azərbaycanın birincilik əldə etməsi bir qədər vəziyyəti dəyişdi. İşlədiyim məktəbdə tələbələrim məni təbrik edirdilər və mən də Azərbaycanın dahi bəstəkarlarının olduğunu, əsrarəngiz musiqimizdən danışırdım. Amma ədəbiyyatımızdan inanın ki, burda heç kimin xəbəri yoxdur.

- Xaricdə yaşayan hər bir azərbaycanlı yaşadığı ölkədə öz ölkəsinin təmsilçisi sayılır. Siz vətənimizi, bu vətənin gerçəkliklərini orda necə tanıdırsınız?

 

- Mən heç zaman Vətənimdən kənarda olduğumu unutmuram. Bu mənə bir az da psixoloji gərginlik gətirir, çünki nə hadisə baş verirsə, onu öz cəmiyyətimizdəki vəziyyətlə müqayisə edirəm. Yaxşısını da, pisini də... Hərdən elə düşünürəm ki, məndə iki adam yaşayır, tək azərbaycanlı deyiləm. Çünki öz Vətənimdən gətirdiyim halla burda yaşasam, mənə anormal kimi baxarlar. Daxili inteqrasiyam olmasa da, amma hər halda cəmiyyətin mövcud ölçüləri ilə yaşamalıyam. Bax, belə halda öz ölkəni təmsil etmək və onun adına layiq əməl yetirməyin çətinliyi də var. Bu halı ona görə deyirəm ki, bizim burdakı halımızı anlayasınız. Mən ən çox burda Azərbaycanın tarixi günləri ilə bağlı keçirilən tədbirlərdə iştirak edir və təşkilində əlimdən gələni edirəm. Misal üçün, 18 oktyabr  Müstəqillik Günü, 22 May Milli Qiyam günü, 28 May  Respublika Günü, Xocalı faciəsinin hər il ildönümü, 20 yanvar, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günüs. Bütün bunlar xaricdə Azərbaycanı bir təqdimetmə üsulu kimi də bizə gərəkdir. Bu tədbirlər əksərən  Stokholmun mərkəzi meydanında milli bayrağımızla, tədbirin mahiyyətinə uyğun şüarlarla keçirilir.

- İsveçdə azərbaycanlıların diaspor qurumları ilə əlaqələriniz hansı səviyyədədir? Orda azərbaycanlıların təşkilatlanma prosesi necədir?

- Əvvəlcədən deyim ki, mən heç bir diaspor təşkilatının üzvü deyiləm. Çünki bir xalqın bir neçə eyni adda, eyni mahiyyətə xidmət edən qurumu varsa, məntiqsizlik olardı onların birinə üzv olasan və digər tərəflə üz-üzə durasan. Bizdə diaspor işində olan şəxslərdən birinci sual edirlər:  Sən hansının üzvüsən? Bunları giley kimi demirəm, ürək yanğısı, təəssüf hissi ilə deyirəm. Mən heç bir quruma üzv olmasam da, amma o yerdə ki, tam Azərbaycanın mövqeyinə uyğun görülür, orda fəaliyyət göstərirəm.

Bir şeyi də əlavə etmək istəyirəm, diasporun işi birmənalı şəkildə Azərbaycana və azərbaycançılığa təmənnasız xidmət etmək olmalıdır.  Sizdə elə bir fikir yaranmasın ki, mən ancaq qara rəngləri görürəm.  Deyilənə görə, İsveçdə 50-dən artıq mədəni təşkilat, qurum  cəmiyyətimiz qeydiyyatdan keçib. Amma Azərbaycan adına hər hansı bir tədbir qoyanda ən yaxşı halda 50- 60 arası adam iştirak edir.  Xocalı faciəsini və 22 may Milli Qiyam gününü çıxmaq şərti ilə. Bu hər iki tədbir şəhər meydanında keçirilirbuna 200-ə qədər adam toplanır. Bir  300-400 arası adam o zaman toplanır ki, Azərbaycan səfirliyi havayı konsert təşkil edir. İndi özünüz bizim təşkilatlanmamızın səviyyəsini müqayisə edin. Elə bil adamların canında bir az ətalət varya Azərbaycandan yorğun gəliblər, bu cəmiyyətə düşəndə süstəlirlər. Bu təşkilatların içində təkcə “Durna” mədəni cəmiyyətinin fəaliyyəti məni qane edir. Onlar hər həftə altı, bazar günləri ana dilində dərslər qoyur, Cənubdan olan soydaşlarımıza ana dilində düzgün danışıq, yazma öyrədir, milli musiqi və rəqs dərsləri keçir, uşaqlar üçün xüsusi pulsuz ana dili kursları təşkil edirlər. Onların yaratdığı ənənəvi bayram şəklini almış, Babək Xürrəmidin ad günü hər il 10 iyulda Stokholmda dağın başında böyük şənlik şəklində gerçəkləşir.

- Sizcə, diaspor işində Azərbaycan nələr etməlidir?

- Xaricdə doğulmuş azərbaycanlı ailələrində olan uşaqları hər il yay tətilində xüsusi proqramla Azərbaycana aparıb, ölkənin muzey və tarixi yerlərini onlara göstərmək, onların anladığı şəkildə, tariximizi, mədəniyyətimizi, Azərbaycanın dünəni, bu günü haqda onlara məlumat vermək və Azərbaycandan qayıdanda onlara bütün bu sadaladıqlarımızı özündə əks etdirən rəngli kitablar, foto şəkillər vermək lazımdır ki, bu gediş onların yaddaşına birdəfəlik hopsun və onlar biz istədiyimiz səviyyədə diaspora üzvü kimi yetişsinlər. Çünki onlar həm öz yaşadıqları ölkənin dilini bilirlər, həm də bizim problemləri bilə-bilə yaşadıqları cəmiyyətə inteqrasiya da olunurlar. Azərbaycandan yaşlı gəlmiş adamların diaspor işi ilə bir o qədər dərindən məşğul ola bilməmələrinin bir səbəbi də onların yaşadıqları cəmiyyətə tam inteqrə ola bilməməlidir.

- Cənubi Azərbaycan məsələlərini hər zaman məqalələrinizdə işıqlandırırsınız. Orada son baş verənləri necə qiymətləndirirsiniz?

- Acınacaqlı vəziyyətdir. Qırx milyonluq xalqın taleyinin İran hakimiyyətini qəti düşündürmədiyi qabarıq görünürdü, amma bu gün kütləvi mühacirət məsələsi də ortalığa çıxıb. Bildiyiniz kimi, dünyanın ikinci böyük duzlu gölü olan Urmu gölünün artıq 60 faizi quruyub və ekspertlərin dediyinə görə, gölün qarşısına atılmış bəndlər açılmazsa, 3 ilə göl tam quruyacaq. Məlumat üçün deyim ki, gölün qarşısına 35 bənd salınıb, hələ üstəlik 22 -si də salınır. İran parlamenti isə bu işə pul qoymaqdan boyun qaçırır və bunun günahını hətta Müstəqil Azərbaycanın üstünə yıxmaq istəyir ki, guya Arazdan su çəkmək istəyirlər, amma bizim hakimiyyət dairələri izin vermir. Urmu gölünə öz suyu lazımdır, onun qarşısına vurulmuş bəndlər açılmalıdır. İran bir güllə ilə iki hədəfi nişan almaq istəyir. Digər tərəfdən, bu göl qurusa, Cənubi Azərbaycandan 14 milyon əhali farslar yaşayan məntəqələrə mühacirət edəcəklər, bu da farslaşma siyasətinin ən bariz nümunəsi olacaq. Digər bir tərəfdən də qurumuş 10 milyard ton duz təkcə Cənubu yox, elə Quzey Azərbaycanı, Türkiyəni, Tehranı və bəzi qonşu ərəb ölkələrini də vuracaq. Mənə qalsa deyərdim, millətimizin 40 milyonu anormal siyasəti, mövqeyi özünə belə bəlli olmayan bir hakimiyyətlə vuruşur. İndi burda vəziyyətin nə qədər çətin olduğunu düşünün. Son günlər Əhmədinejad Ərdəbilə gedib, qarşısına min nəfər belə çıxara bilməyiblər. Gələnlər də hamısı öz adamları olub. Xalq ləyaqətlə hərəkət edib, edilən ardıcıl haqsızlığa qarşı ardıcıl ləyaqət nümayiş etdirir.

Cənubda xalq öz taleyüklü məsələsi ilə məşğuldur, ardıcıl aksiyalar edir, ölən, yaralanan, zindanlara düşən var. Təbriz, Urmu, Xoy, Sulduz, Ərdəbildə kütləvi aksiyalar olub. Gərək Şimali Azərbaycan da onların taleyinə biganə qalmasın. Onları bizdən başqa tam anlayan yoxdur. 

- İsveç Qırmızı Xaçında ideoloq kimi fəaliyyət göstərirsiniz. Fəaliyyətiniz barədə məlumat verərdiniz.

- Dünyada cəmi bir qurumun üzvü olmuşam, o da Qırmızı Xaçdır. Çünki burda dünyanın harasında yaşamasından asılı olmayaraq, insanlara yardım əlini uzadırsan. Bu əməli tam insanlıq işi hesab edirəm və bunu yaradan İsveçrə bankiri Henrix də təmənnasız, fədakarcasına insanlara xidmət ideyası ilə yaradıb. Bu ənənə 150 ildir davam edirorada çalışanları az-çox tanıdığım üçün deyə bilərəm ki, bu dairəyə insanlığa xidməti bacaranlar yığılır. Konkret olaraq mənim ordakı ideoloq kimi fəaliyyətim əsasən ölkəyə gələn qaçqın uşaqlarının hər şeylə təmin olunmasına nəzarət, onlara yardım, yaşlılarla proqramı, dünya analarını qoruma, dünyada olan aclıq, quraqlıq, təbii fəlakətlərdən, susuzluq və kütləvi xəstəliklərdən ziyan çəkənlərə yardımın necə və hansı şəraitdə çatdırılması ilə bağlı yolları işləyib tapmaqdır. Bu cəmiyyət üzvlərin verdiyi üzvlük haqqı və insanların bağışladığı bəxşişlərlə özünü maliyyələşdirir və işini qurur. Ona görə də, biz əsasən işi elə qurmalı oluruq ki, az xərclə bütün çatışmazlıqları qaydasına qoyaq. Açığını deyim ki, Qırmızı Xaçda belə işləmək həm məsuliyyətli, həm təxirəsalınmaz və həm də insandan böyük ürək tələb edən işdir, beyin işi olmaqla yanaşı.

-  Siz həm də ədəbiyyat adamısınız. Fikirlərinizi ədəbi dildə oxucularla bölüşə bilirsiniz. Qarabağ və Cənubi Azərbaycana həsr etdiyiniz ədəbi nümunələriniz var. Məhz bu gerçəkliklərin dünyaya çatdırılması aspektində ədəbiyyatın rolunu necə dəyərləndirirsiniz?

 - Mən ədəbiyyatın gücünə inanıram, əks halda əlimə qələm almazdım. Ürəkdən gələn və mövcud problemin lazımınca verildiyi ədəbiyyat problemin həlli üçün yol axtarmaqda oxucuya kömək edir. Amma biz o taylı-bu taylı problemlərimizi ədəbiyyatda lazımi qədər verib, dünyaya çatdırmamışıq. Hər iki Azərbaycanın problemi gərək nəsr əsərində detallarına qədər göstərilsin və müxtəlif dillərdə dünyaya çatdırılsın. Bu baxımdan Cənubi Azərbaycan problemi nəsrdə yox dərəcəsindədir. Eləcə də Qarabağ məsələsi, hansı romandır ki, orda dediyim şəkildə dünya miqyasında bədii, obrazlı verə bilmişik. Hələ ki dediyim səviyyə alınmayıb. Amma inanıram ki, biz bunu edə bilərik.

 

 

Nərmin MURADOVA

 

Paritet.- 2011.- 22-23 sentyabr.- S.10.