KİV ön cəbhədə

 

 “Biz hücum diplomatiyası aparırıq və resurslarımız da var - həm intellektual, həm də maddi resurslarımız“

 

 Bütün KİV-lər, həm də ideoloji silahdır. Vətənimizin bir hissəsi işğal olunub, faktiki olaraq, respublikamız müharibə şəraitindədir. İndi qəzetlər cəmiyyətə obyektiv, qərəzsiz və operativ informasiya verməkdən əlavə ideoloji silah rolunu da oynamalıdırlar. Düzdür, jurnalistikanın nəzəriyyəsində medianın bu baxımdan fəaliyyəti o qədər də nəzərə çarpmır. Lakin zaman hər şeyi dəyişdirməyə qadir olduğu üçün KİV-in də   yeni vəzifə və funksiyaları ortaya çıxır. Yəni bu gün KİV-in işi daha da qabağa çəkilərək dövlətin daxili və xarici siyasətində, eləcə də informasiya müharibəsində ön cəbhədə gedir. Hazırda Azərbaycanda da KİV-lər zamanın tələblərinə uyğun olaraq öz fəaliyyətlərini davam etdirirlər. Milli mətbuatımız inkişaf etmiş Avropa ölkələrindən, demokratik ənənələri yüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır.

Bunun üçün Azərbaycan dövləti də mediaya öz dəstəyini əsirgəmir və mediamızın düşməni yerində oturtmaq istiqamətində gördüyü işlər dövlət başçısı səviyyəsində qəbul olunur. Ötən ilin son günlərində “Gülüstan” sarayında Prezident İlham Əliyev ona “Jurnalistlərin dostu” mükafatı təqdim olunarkən etdiyi çıxışında bu məqamlara da toxundu. Prezident tam əminliklə qeyd etdi ki, Ermənistanla və xüsusilə erməni lobbisi ilə informasiya müharibəsində Azərbaycan qalib gəlir. “Onların son müddətdə müşahidə olunan çox əsəbi və isterik hərəkətləri onu göstərir ki, biz informasiya müharibəsində böyük uğurlara nail ola bilmişik” deyən ölkə başçısı bu sahədə dövlət siyasəti ilə bərabər, media qurumlarının fəaliyyətini yüksək qiymətləndirdi: “Biz artıq Azərbaycan haqqında reallıqları dünya ictimaiyyətinə çatdıra bilirik. Bizim artıq mövcud olan mətbuat resurslarımız, Azərbaycanın dünyadakı dostlarının sayının artması buna imkan verir. Bilirsiniz ki, Azərbaycan indi enerji təhlükəsizliyi, regional təhlükəsizlik üçün çox önəmli ölkədir. Bəzi hallarda bizim fikrimiz, rəyimiz və addımlarımız həlledici xarakter daşıyır. Təsadüfi deyil ki, Azərbaycanla dostluq münasibətləri qurmaq istəyənlərin sayı artmaqdadır. Bu da bizim informasiya resurslarımızdır. Son illərdə onlarla səfirlik açılmışdır. Azərbaycanın dünyada əllidən yuxarı səfirliyi vardır. Bu da bizim informasiya resurslarımızdır. Diaspor təşkilatlarının formalaşması və Azərbaycan tərəfindən onlara dəstəyin verilməsi - bu da bizim resurslarımızdır”.

Prezident dedi ki, dünyanın istənilən yerində bizim nümayəndələrimiz  istənilən aksiyanı keçirə bilərlər və keçirirlər: “Biz hücum diplomatiyası aparırıq və resurslarımız da var - həm intellektual, həm də maddi resurslarımız. Ona görə təsadüfi deyil ki, son illərdə biz artıq erməni lobbisi ilə mübarizədə qalib gəlirik. Əlbəttə ki, bu, onları çox narahat edir və vaxt keçdikcə bu mübarizədə biz daha da böyük uğurlara nail olacağıq”.

Qeyd edək ki, Azərbaycan mətbuatının bu baxımdan fəaliyyəti Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondu yaradılandan sonra daha da intensivləşdi. Fondun maliyyə yardımı ayırdığı istiqamətlər arasında Azərbaycan həqiqətlərinin yayılması, erməni terrorizminin ifşa olunması da xüsusi yer tutur. 2009-cu ildən bu yana ölkə də fəaliyyət göstərən KİV-lər müxtəlif adlarda bu istiqamətlərdə layihələr həyata keçirirlər. Yeri gəlmişkən “Paritet” qəzetinin də sözügedən istiqamətdə KİVDF-dən “Erməni terrorizminin ifşa olunmasına informasiya dəstəyi layihəsi keçib.  

 Həmçinin 2010-cu ildə  Türkiyə Jurnalistlər Federasiyasının və  AzərTAc-ın   təşkilatçılığı ilə Türkiyənin bir neçə şəhərində “Azərbaycanda erməni zülmü fotoşəkillərdə” sərgisi açılıb. Tədbirdə iştirak edən qonaqlar AzərTAc-ın fotoşəkillərindən ibarət sərgi ilə tanışlıqdan sonra xatirə kitabına təəssüratlarını yazıblar.

 Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan diasporu da bu məsələlərə daha çox diqqət yetirir, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi tərəfindən formalaşdırılmış yanlış təssəvvürlərin aradan qaldırılması üçün öz imkanlarını maksimum dərəcədə səfərbər etməyə çalışır. İnformasiya-kommunikasiya texnologiyalarının ictimai həyata təsir imkanlarının yüksələn xəttlə inkişafı diaspor quruculuğu prosesində bu tarixi nailiyyətin daha geniş miqyasda tətbiqini zərurətə çevirir.

Millət vəkili Ceyhun Osmanlıya görə, informasiya təbliğatı sahəsində əldə etdiyimiz bütün nailiyyətlərə baxmayaraq, beynəlxalq aləmdəki layihələrimizin böyük əksəriyyətində davamlılıq amilinə bundan sonra daha da diqqətlə yanaşmalıyıq: “Təntənəli şəkildə keçirdiyimiz hər hansı təbliğat aksiyasının effekti aradan qalxmamış, gərək onların məntiqi davamı olan strateji planlaşdırılmış, özünün hədəf qrupuna hesablanmış kiçik və böyük layihələr həyata keçirilsin. O vaxt ki Azərbaycanın informasiya resurslarının təsir gücü, peşəkarlığı və inandırmaq qabiliyyəti bizə Ermənistanın öz daxilində lazımi çaxnaşma yaratmağa imkan verəcək, onda deyəcəyik ki, yerli media psixoloji müharibədə öz sözünü deyir”. Onun fikrincə əslində, bizdə artıq belə media qurumları fəaliyyət göstərir, hansının ki xəbərləri tez-tez erməni mediasında əks-sədaya səbəb olur.

 Prezident İlham Əliyev öz nitqində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan bəzi informasiyaların yayılmasına da diqqət çəkdi. Onun sözlərinə görə, bəzi hallarda bəzi dairələr Azərbaycana qarşı böhtan, iftira kampaniyası aparırlar: “Bunun da səbəbi var və burada, əlbəttə ki, təkcə erməni lobbisindən söhbət getmir, halbuki bu kampaniyanın arxasında daha çox onların qulaqları görsənir. Ancaq bütövlükdə biz bilirik, kim nə üçün nəyi yazır, hansı məqsədlə və nə vaxt. Əgər ölkəmizin həyatında və ətrafda gedən proseslərə nəzər salsaq görərik ki, artıq Azərbaycanla bağlı olan mənfi məlumat bölgədə gedən müəyyən vacib hadisələrlə uzlaşır. Bunu biz bilirik, görürük və buna qarşı mübarizə aparmalıyıq”.

Ölkə başçısının fikrincə Azərbaycana qarşı böhtan kampaniyasının da əsas səbəbi ondan ibarətdir ki, ölkəmiz müstəqil siyasət aparır, heç kimin qarşısında baş əymir, heç kimin sözü ilə oturub-durmur, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutur: “Əlbəttə, elə dairələr var ki, bizim belə açıq hərəkətlərimiz onların xoşuna gəlmir. Ölkə daxilində onların əlində rıçaqların olmaması onları bu çirkin yola getməyə sövq edir. Ancaq biz buna gərək soyuqqanlı yanaşaq. Bu, müasir mübarizənin - siyasi mübarizənin bir üsuludur. Biz emosiyaya qapılmamalıyıq. Ancaq biz öz yolumuzdan da dönməyəcəyik. Bütün bu böhtançı qüvvələrə ən yaxşı cavabımız öz strateji xəttimizə sədaqətimizdir. Azərbaycan bu yoldan dönməyəcək, Azərbaycana təzyiq etmək mümkün deyildir. Bütün təzyiq cəhdləri uğursuzluqla nəticələndi, bizə nə qədər çox təzyiq cəhdləri göstərilirsə, biz o qədər də mətin, dönməz, əyilməz və inadkar oluruq”.

Azərbaycana daimi xarici qüvvələrin təzyiqi olub. Xüsusən müstəqillik əldə etdikdən sonra bu hal daha da çoxalıb. Bu təzyiq və təsir mexanizmi isə bir çox halda KİV-lər vasitəsilə aparılır. Belə “ideya”ya qulluq edənlər də Prezident İlham Əliyevin dediyi “əlində rıçaqları” olmayan və xaricdən maliyyəşən media vasitələri nümayəndələridir. Hər şeydən əlləri üzlüşən  bu cür qurumların xaricə “işləmək”dən başqa yolları qalmır. Bu yol da Prezident İlham Əliyevin dediyi çirkin yoldur. Milli mənliklərini tapdalayaraq onlar vətənlərinə qarşı şər kampaniyaları aparmağı özlərinə ar belə bilmirlər. Amma müstəqil ölkə və onun vətəndaşları bu baxımdan hər zaman hazır olmalıdır.  Çünki Prezident İlham Əliyev də istisna etmir ki, gələcəkdə Azərbaycana qarşı təzyiqlər daha da güclənsin: “Çünki ölkəmizin coğrafi vəziyyəti, bölgədə gedən proseslər, Azərbaycanın güclənməsi və qüdrətli, müasir dövlətə çevrilməsi, əlbəttə, hesab edirəm ki, gələcəkdə bu təzyiqlərin artmasına gətirib çıxara bilər. Azərbaycan müstəqil ölkədir. Azərbaycanın gələcəyi Azərbaycan xalqının əlindədir. Azərbaycan xalqının iradəsi hər şeydən üstündür və hamımız çalışmalıyıq ki, ölkəmizi qoruyaq”.

 

 

F.ABIOĞLU

 

Paritet.-2011.- 11-12 yanvar.- S. 3.