Alternativ turizm insanları bir-birinə yaxınlaşdıran, dostlaşdıran istirahət növüdür

 

Azərbaycanda da alternativ turizm üçün geniş imkanlar olduğunu deyən turizm  mütəxəssisi bildirdi ki, ölkəmizin əlverişli coğrafi mövqeyi, ümumiyyətlə, turizmin bir çox növlərinin inkişafına zəmin yaradır: “Avropa ilə Asiyanın qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşən Azərbaycanda geniş nəqliyyat infrastrukturu - hava dəniz limanları, magistral avtomobil dəmir yolları var. Respublikamızın relyefi çox müxtəlifdir, düzənliklər dağlar üstünlük təşkil edir. Ölkə ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Bunlar qış kurortlarının inşası üçün çox əlverişlidir. Xizəkçilər, kirşə sürmək həvəskarları üçün burada tramplinlər, enişlər, yoxuşlar yaratmaq mümkündür. Yer kürəsindəki 11 əsas iqlim qurşağından 8-i ölkəmizdə var. Bu isə turistlərin bütün ilboyu istirahətlərinin sağlamlıqlarının bərpasının təşkilinə imkan verir. Bundan başqa, Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay, 250-ə yaxın göl var. Çay vadiləri çox mənzərəli olmaqla, çoxsaylı istirahət həvəskarlarını turistləri cəlb edir. Daha iri çaylar qayıq sürmək üçün su idmanı mərkəzləri yaratmaq üçün, dağ çayları isə raftinq üçün çox əlverişlidir. Göl nohurlarda balıqçılıq təşkil edilə bilər. Bu sadaladıqlarım müalicə-sağlamlıq mərkəzlərinin, həmçinin ekoturizmin inkişafı üçün mühüm ehtiyatlardır”.

C.Məmmədov deyir ki, Azərbaycan həm də özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən - İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri burdakı şəraitə uyğunlaşaraq, respublikanın faunasını zənginləşdirib: “Ölkəmizdə təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 97 növ balıq və s. heyvan növləri məlumdur. Bunlar isə ovçuluğun təşkili üçün çox vacibdir. Nəzərə alsaq ki, dünyanın ov həvəskarları bunun üçün külli miqdarda vəsait sərf edirlər, onda turizmin bu növünün ölkə iqtisadiyyatı üçün əhəmiyyətini müəyyənləşdirə bilərik”. Azərbaycan neftinin müalicəvi imkanlarının da diqqət çəkdiyini deyən müsahibim qeyd etdi ki, ölkə ərazisinin 23 hissəsi neft və qazla zəngindir . Onun sözlərinə görə  dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur.

Dünyanın ən iri gölü olan Xəzərin fiziki-coğrafi göstəricilərinin  də unikal olduğunu deyən mütəxəssis qeyd etdi ki, bundan əlavə, hidromineral ehtiyatlarımız sanatoriya-kurort işinin inkişafı üçün əhəmiyyətlidir. Dünyada tanınmış mineral sularından heç də geri qalmayan isti və mineral bulaqlar - Badamlı, Sirab,eləcə də indi işğal altında qalmış Turşsu, İstisu və digərləri böyük iqtisadi müalicəvi əhəmiyyət daşıyır”.

 Azərbaycanın zəngin tarixi və mədəni irsinin  mədəni turizmin inkişafı üçün böyük imkanlar açdığını deyən  C.Məmmədov vurğuladı ki,  ölkə ərazisindəki 6 mindən artıq tarixi-memarlıq abidələrinin əksəriyyəti Böyük İpək yolunun Azərbaycandan keçən qolu boyunca yerləşir və indinin özündə də heyrət doğurur:” Bunlara misal olaraq ibtidai insanların Qobustan mağaralarında qayaüstü rəsmlərini, atəşpərəstlik məbədlərini, qüllələri, alban kilsələri və ibadətgahları, möhtəşəm qala divarları və qəsrləri, karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, memorial, ayin və digər tikililəri göstərmək olar. Bütün bunlar Azərbaycan memarlıq abidələrinin qızıl fondunu təşkil etməklə, xarici qonaqların böyük marağına səbəb olan mühüm turizm məhsullarıdır. Son illər ölkə ərazisində çoxsaylı turist-ekskursiya marşrutları yaradılıb. Bu isə onu deməyə əsas verir ki, turizm Azərbaycanın iqtisadiyyatında aparıcı mövqeyə malik ola bilər. Çünki turizm biznesi təsərrüfatın digər sahələrinin inkişafını stimullaşdırmaqla yanaşı, özündə iqtisadi, humanitar, tərbiyəvi və estetik amilləri birləşdirir”.

Ümid edirik ki,   növbəti illərdə ölkəmizdə alternativ turizmdə geniş vüsət alacaq   və onun təbliği istiqamətində də bir  sıra  yerli və beynəlxalq konfrans və tədbirlər  keçiriləcək.

 

 

GÜNAY

 

Paritet.- 2011.- 11-12 yanvar.- S. 11.