Yol
nişanları beynəlxalq standartlarla
uyğunlaşdırılır
Mövcud yol nişanları, siqnalları və nişanlanma xətlərinin beynəlxalq aləmdəki standartlarla eyniliyinin təmin edilməsi zəruridir
Hələ 1909-cu ildə
Yol rəmzlərinin bu artımı arxasında ciddi səbəblər dururdu. Avtomobillərin sürətli inkişafı, yolların getdikcə çoxalması hərəkətin təhlükəsizliyini təşkil etmək problemini önə çəkirdi. Avtomobillərin sayının durmadan artması 20-ci əsrin ortalarında artıq onun təhlükəsizliyinin təmin olunmasını problemə çevirib və onun hamılıqla həlli yollarının araşdırılmasını tələb edirdi. Odur ki, 1949-cu ildə Cenevrə şəhərində yol hərəkəti ilə bağlı beynəlxalq konvensiya qəbul olunub, dünyanın əksər ölkələri bu Konvensiyaya qoşulub.
1969-cu ildə Parisdə keçirilmiş konfransda yol hərəkətinin əsas prinsiplərini göstərən beynəlxalq razılaşmada yol nişanlarına aid ilk tövsiyələr qəbul edildi.
Yol hərəkəti sahəsində beynəlxalq norma və qaydaların qəbul edilməsi onların yerinə yetirilməsinə nəzarət mexanizminin yaradılmasını tələb edirdi. Bu məqsədlə keçmiş SSRİ-də 1935-ci ildə Dövlət Avtomobil Müfəttişliyi yaradılaraq 1936-cı ildə Daxili İşlər Xalq Komisarlığının tərkibinə verilmiş və Dövlət Avtomobil Müfəttişliyinin ilk Əsasnaməsi 1936-cı ilin 3 iyun tarixində təsdiq edilmişdi.
Hazırda hərəkətin təhlükəsizliyi problemi ümumdünya xarakteri alıb. Bütün sivil dövlətlər bu sahədə regional dövlət proqramlarını qəbul edir, öz normativ bazalarını möhkəmləndirirlər. Müstəqil Azərbaycan dövlətində də bu məsələ ümummilli səviyyəyədək yüksəldilib, 1998-ci ildə “Yol hərəkəti haqqında” Qanun qəbul edilib.
Lakin bu gün Azərbaycan miqyasında yol nişanları öz hərtərəfli həllini gözləməkdə olan əsas problemlərdən biridir. Yol nişanlarının olmaması və ya azlığı şəhərimizdə çox böyük fəsadlar törədir. Rəsmi statistikaya əsasən hazırda Azərbaycanda 950 minə yaxın avtomobil var. Bunun 85%-i minik avtomobilləridir ki, onların da əksəriyyəti bölgə qeydiyyatında olmasına baxmayaraq, Bakıdadır. Bu gün Azərbaycanda hər 105 nəfərə 10 avtomobil düşür. 70 mln. əhalisi olan Türkiyədə və 143 mln. əhalisi olan Rusiyada il ərzində 30 min nəfər yol-nəqliyyat hadisələri nəticəsində həlak olur: “Azərbaycanda isə bu rəqəm 1300-1400 nəfərdir.
Regional İnkişaf Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, sürücü və piyadaların 65%-i İşıqforların və yol hərəkəti nişanlarının qoyulduğu yerlərdən narazıdır. Onların 12%-i hesab edir ki, tıxacların səbəbi işıqforların düzgün yerdə quraşdırılmamasındadır. Göründüyü kimi, yol nişanlarında düzgün istifadənin əhəmiyyətini hər kəs etiraf edir.
Bundan əlavə, əhalinin, xüsusən də sürücülərin yol nişanlarını tanımaması da yol qəza hadisələrinin yaranmasına səbəb olur. Bu xüsusda ən çox əziyyət çəkən məktəbli uşaqlardır. Statistikaya görə, 2006-cı ilin ilk 8 ayı ərzində baş verən qəzalarda 70 uşaq ölüb, 230-dan artığı isə müxtəlif bədən xəsarətləri alıb.
Hazırda məktəblərdə yol hərəkəti qaydalarını və yol nişanlarını yalnız 1 - 4-cü sinif şagirdlərinə öyrədirlər. Özü də cəmi 20, 25 səhifəlik kiçik bir kitabça vasitəsilə. Bu da, əlbəttə ki, yetərli deyil. Bu problem Bakıda bu səviyyədədirsə, onda bölgələrdəki vəziyyəti təsəvvür eləmək elə də çətin deyil. Sürücülük vəsiqəsi verərkən edilən güzəştlər sürücülərin yol nişanlarını, ümumiyyətlə, yol hərəkəti qaydalarını bilməməsinə səbəb olur və nəticədə qəzalar durmadan artır.
Yol nişanlarının və göstəricilərin quraşdırılmasını, nəqliyyat və texniki vasitələrin, yol hərəkətinin təhlükəsizliyinin tətbiqinə xidmət edən təşviqat vasitələrinin sifarişinin və istehsalının təmin edilməsi Baş Dövlət Yol Polisi İdarəsinin əsas vəzifələrindədir. İdarə tərəfindən yol nişanaları üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər), nəqliyyat vasitələrinin tanınması, yol işlərində istifadə olunan işarələr, yolların nişanlanması üzrə bölünür. Bunların hər birində isə onlarla yol nişanları var və bu nişanların hamısı piktoqrafik olduğundan yazımızda vermək mümkün deyil. Ona görə istəyən dyp.gov.az saytına baxıb lazimi bilgi əldə edə bilər. Yeri gəlmişkən əslində bu, hamımıza vacibdir. Çünki yol nişanlarına sürücülərlə bərabər piyadalar da riayət etməlidir. O baxımdan piyadaların üzərinə xüsusi vəzifələr və məsuliyyət düşür.
Qeyd edək
ki, ötən ilin may ayında Nazirlər Kabineti “Avtomobil
yollarında yol göstəricilərinin yerləşdirilməsi
qaydaları”nı təsdiqləyib. Daxili İşlər və Nəqliyyat nazirliklərinə
tapşırılır ki, qaydalara uyğun olaraq və xarici
ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini
nəzərə alaraq, Bakı şəhəri və digər
yaşayış məntəqələri daxilində, həmçinin
yaşayış məntəqələrindən kənarda olan
avtomobil yollarında yol göstəricilərinin 2011-ci ilin iyun
ayınadək quraşdırılmasını təmin etsinlər.
Yol göstəricilərinin standarta uyğun olmayan
dayaqlarda quraşdırılması qadağandır. Avtomagistrallarda “İstiqamətlərin
ilkin göstəricisi” yol nişanları yolayrıcından və
ya tormozlama zolağının başlanğıcından 800 metrdən
az olmayaraq quraşdırılır. Yol nişanı
yolun hərəkət hissəsinin üstündə, bilavasitə
tormozlama zolağının başlanğıcında, bu olmadıqda
isə yaşayış məntəqələrindən kənarda
yolayrıcından 100 metr, yaşayış məntəqələrində
isə 50 metrdən az olmayan məsafədə quraşdırılır.
“Hərəkət sxemi” yol nişanı yolayrıclarında ayrı-ayrı istiqamətlərdə hərəkətin qadağan olunduğunu və ya mürəkkəb qovşaqlarda icazə verilən hərəkət istiqamətlərini göstərmək məqsədi ilə quraşdırılır. Bu yol nişanı bilavasitə yolayrıcının əvvəlində yerləşdirilməlidir. Yol nişanının ilkin olaraq yaşayış məntəqələrində yolayrıcından 50-100 metr, yaşayış məntəqələrindən kənarda isə 150-300 metr məsafədə quraşdırılmasına icazə verilir.
“İstiqamət göstəricisi” yol nişanları yaşayış məntəqələrinə və digər obyektlərə (hava limanı, dəniz limanı, dəmir yolu vağzalı, avtovağzal, mehmanxanalar, tibb müəssisələri, təhsil müəssisələri, idman obyektləri, dövlət orqanları və sair) hərəkət istiqamətlərinin göstərilməsi üçün quraşdırılır. Yol nişanları bilavasitə yolayrıclarının və ya yollardan çıxışların qarşısında yerləşdirilir. Yol nişanlarının hər iki istiqamətdə cəmi bir və ya iki hərəkət zolağı olan yolların çıxışlarında, kəsişən yolların hər birində hər iki istiqamətdə, ikidən çox zolağı olmayan yol qovşaqlarında isə yolayrıclarının qarşısında yolun sol tərəfində yerləşdirilməsinə icazə verilir.
“Yaşayış məntəqəsinin başlanğıcı” və “Yaşayış məntəqəsinin qurtaracağı” yol nişanları yaşayış məntəqələrində hərəkətin xüsusi tələblərə riayət olunmasını tənzimləyir və müvafiq olaraq yaşayış məntəqəsinin başlanğıcını və ya qurtaracağını göstərmək məqsədi ilə istifadə olunur.
Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda “Yaşayış məntəqəsinin qurtaracağı” yol nişanının sol tərəfdə, qarşı hərəkət üçün nəzərdə tutulmuş “Yaşayış məntəqəsinin başlanğıcı” yol nişanının arxasında yerləşdirilməsinə icazə verilir.
“Yaşayış məntəqəsinin başlanğıcı” və “Yaşayış məntəqəsinin qurtaracağı” yol nişanları hərəkət şəraitindən asılı olaraq, yaşayış məntəqələrində olan hərəkətin xüsusi tələblərinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilməyən yollarda yaşayış məntəqəsinin başlanğıcını və ya qurtaracağını bildirmək üçün istifadə olunur. Hər iki istiqamətdə cəmi bir, iki və ya üç hərəkət zolağı olan yollarda “Yaşayış məntəqəsinin qurtaracağı” yol nişanının sol tərəfdə, qarşı istiqamətdən hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan “Yaşayış məntəqəsinin başlanğıcı” yol nişanının arxa tərəfində quraşdırılmasına icazə verilir.
“Obyektin adı” yol nişanı yaşayış məntəqələri istisna olmaqla, marşrut məntəqələrinin göstərilməsi üçün bilavasitə obyektlərin qarşısında yerləşdirilir.
“Məsafələr göstəricisi” yol nişanı müvafiq marşrut üzrə yerləşən yaşayış məntəqələrinə qədər olan məsafənin göstərilməsi üçün istifadə olunur, şəhərlərin və başqa iri yaşayış məntəqələrinin çıxışlarında, yol sahələrində isə aralarında 40 km-dən az olması şərti ilə yerləşdirilir.
“Kənardankeçmə sxemi” yol nişanı hərəkət üçün müvəqqəti bağlanmış yol sahəsində kənardan keçmə marşrutunun göstərilməsi üçün istifadə olunur. Bu yol nişanı yolayrıcından yaşayış məntəqələrindən kənarda 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr məsafədə quraşdırılır.
“Küçənin istiqaməti” yol nişanı yaşayış məntəqəsində müəyyən küçəyə hərəkət istiqamətini göstərir və bilavasitə yolayrıcının qarşısında quraşdırılır. “Kəsişmə yoluna xəbərdaredici və ya qadağanedici nişanlar” yol nişanı kəsişən yolda hərəkətin xüsusiyyətləri haqqında məlumat verir və hərəkəti tənzimləmək üçün quraşdırılır.
Həmçinin Azərbaycanda yol nişanlarının beynəlxalq standartlarla uyğunlaşdırılması məqsədlə ötən il Milli Məclisdə bir neçə beynəlxalq sənəd ratifikasiya edildi. Həmin sənədlər “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin və “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında qanun layihələridir. “İldən-ilə Azərbaycanın yolları dünya standartlarına uyğunlaşdırılır və bu işlərə müvafiq olaraq yol işarələri də beynəlxalq standartlarla eyniləşdirilməlidir”, - parlamentin İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev parlamentin iclasında bildirdi.
Qanun layihəsinin müzakirələri zamanı parlamentin deputatı Siyavuş Novruzov qeyd etdi ki, Azərbaycanda yol işarələrinin tənzimlənməsi haqqında çoxlu qaydalar tətbiq edilir. “Lakin buna baxmayaraq, biz təcrübədə bu qaydaların yerinə yetirilməməsi ilə üzləşirik”, - o dedi.
Sözügedən sənədlərin qəbul olunmasına səbəb son illərdə ölkəmizdə yol standartlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, yeni yollar, körpülərin salınması, yük və nəqliyyat daşımalarının artması göstərilir. Buna görə mövcud yol nişanları, siqnalları və nişanlanma xətlərinin beynəlxalq aləmdəki standartlarla eyniliyinin təmin edilməsi, eləcə də yollarda hərəkət təhlükəsizliyinin artırılması məqsədi ilə sənədlərin təsdiqi zəruridir.
F. ABIOĞLU
Paritet.-2011.- 11-12 yanvar.- S. 10.