“Yeni Qafqaziya”dan başlayan yol
Xarici ölkələrdə çalışan Azərbaycan milli mədəniyyət mərkəzləri, orada yaranan Azərbaycan mühacirət ədəbiyyatı, nəşr olunan ayrı-ayrı mətbu orqanları, kütləvi informasiya vasitələri bir daha sübut edir ki, bu gün Azərbaycan diasporunun fəaliyyət dairəsi genişdir. Bir sıra ölkələrdə Azərbaycan dilində radio və televiziya verilişlərinin, milli məktəblərin, ayrıca nəşriyyatların mövcudluğu Azərbaycan diasporunun böyük potensial gücə malik olduğunu sübut edir. Bu bir danılmaz faktdır ki, diaspor qurumlarımızın təşkilatlanmasında ən önəmli və əhəmiyyətli vasitə mətbuatdır. Amma Azərbaycan diaspor mətbuatının tarixini və bu gününü araşdıranda burada iki mövqedən yanaşmaq lazımdır: çap və elektron mediası.
Azərbaycan ziyalılarının mühacirət tarixi ilə diaspor mətbuatının tarixi təxminən eyni dövürə düşür. Etiraf olunmalıdır ki, həmvətənlərimizin öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılması prosesi daha çox rusların Qafqazın işğalından sonra başlayıb. Bu proses 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan, ölkəmiz sovetləşdikdən sonra özünün ən yüksək zirvəsinə qədəm qoyub. Təqib, sürgün və həbsxanalardan yaxa qurtarmaq üçün xalqımızın minlərlə övladı müxtəlif ölkələrə mühacirət etmək məcburiyyətində qalıblar. Onların arasında elmi, siyasi və mədəni səviyyəsi yüksək olan ziyalılar əksəriyyət təşkil edib.
Mürəkkəb və ziddiyyətli bir dövrdə yaşamalarına baxmayaraq milli əqidəyə sadiq qalan yüzlərlə vətənpərvər soydaşlarımız mühacirət etdikləri ölkələrdə dinc həyat sürməklə kifayətlənməmişlər, daim doğma Azərbaycanla maraqlanmış, onun milli istiqlalına nail olmaq üçün gecə-gündüz ideoloji mübarizə aparıblar.
Mühacir mətbuatın ilk addımları
Azərbaycan mühacirləri öz arzularını gerçəkləşdirmək üçün ayrı-ayrı ölkələrdə ictimai-siyasi, mədəni təşkilat və cəmiyyətlər yaratmaqla yanaşı, milli mətbuatın nəşrinə də böyük ehtiyac olduğunu yaxşı dərk edirdilər. Onlar inanırdılar ki, həmvətənlərimizin təşkilatlanmasında, əlaqələrin intensivləşməsində, milli istiqlaliyyətin gerçəkləşməsində həmişə demokratik mövqeyi ilə seçilən mətbuatımız böyük rol oynaya bilər. Məhz milli diasporun çap mediasının başlanğıcı da ötən əsrin 20-ci illərinə təsadüf edir. AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun politologiya şöbəsinin elmi işçisi, diaspor sahəsində araşdırmaçı Zaur Əliyevin sözlərinə görə, Avropada, xüsusilə Türkiyədə aktiv siyasi işlə məşğul olan Azərbaycan diasporunun əsas silahı mətbuat idi. Onun fikrincə, Azərbaycan diasporu mətbuatının əsası 1923-27-ci illərdə Türkiyə Cümhuriyyətində nəşr edilən “Yeni Qafqaziya” jurnalı ilə qoyulub.
Ümumiyyətlə, həmin dövürlər həmvətənlərimizin ən çox qəzet və jurnal çap etdikləri xarici ölkə Türkiyə olub. Sonralar bu ölkədə “Azəri Türk”, “Yaşıl Yapraq”, “Odlu Yurd”, “Bildiriş”, “Azərbaycan yurd bilgisi”, “Türk yolu”, “Türk izi”, “Mücahid”, “Türk birliyi”, “Azərbaycan” və sairə kimi mətbuat orqanları da işıq üzü görüb.
“Yeni Qafqaziya” məcmuəsinin işıq üzü görməsində AXC-nin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin böyük əməyi olub. Bu məcmuənin nəşri tarixi və ideya istiqaməti haqqında müxtəlif fikir və mülahizələr söylənilir. Rəsulzadə irsinin dəyərli araşdırıcısı olan Yavuz Akpınar “Bayraqlaşan şəxsiyyət: Məmməd Əmin Rəsulzadə” sərlövhəli məqaləsində yazır: “1922-ci ilin yazında İstanbulda olan Rəsulzadə “Yeni Qafqaziya” məcmuəsini çıxarmağa başladı. Noyabr 1927-ci ilə qədər on beş gündən bir çıxarılan bu məcmuənin cəmi 100 nüsxəsi nəşr edilir. Fəqət anlaşıla biləcək bəzi səbəblər üzündən məcmuənin sahibi - imtiyaz və müdiri məsul Seyid Tahirdir”.
Mühacirət mətbuatımızın tədqiqatçılarından biri olan filologiya elmləri namizədi Abid Tahirli “Yeni Qafqaziya”nın nəşrə başlaması haqqında konkret tarix göstərməkdən qaçaraq yazır: “Ədəbi, ictimai və siyasi məcmuə olan “Yeni Qafqaziya”da “sahibi-imtiyaz və müdiri məsul Seyid Tahir rəhbərlik və redaktorluq edirdi” (“Azərbaycan mühacirət mətbuatı” kitabı, 2002, səh.20).
“Yeni Qafqaziya”nın nəşri tarixi haqqında ən müfəssəl məlumatı Səbahəddin Şimşir verib. O, “Azərbaycanlıların Türkiyədə siyasi və mədəni fəaliyyətləri (1920-1991)” sərlövhəli kitabında tərəddüd etmədən yazır ki, “Yeni Qafqaziya”nın ilk sayı 26 sentyabr 1923-cü il tarixində çıxıb.
Tədqiqatçı Səbahəddin Şimşirin”Azərbaycanlıların Türkiyədə siyasi və mədəni fəaliyyətləri (1920-1991)” kitabında oxuyuruq: “Yeni Qafqaziya”nın 26 sentyabr 1923-cü il tarixində buraxılan ilk sayının baş məqaləsində bu cümlələri görməkdəyik; Prometeyi didən hunhar quş qartal idi. Bir əsrdən bəri Qafqazın köksünü dələn və ciyərini parçalayan Rusiya imperializminin daha bir qartalı deyilmi?!...” (səh.43).
S.Şimşirin kitabından o da aydınlaşır ki, jurnalda Seyid Tahirin müdirliyi 15 dekabr 1925-ci il tarixinə qədər sürüb. 6 fevral 1926-cı il tarixindən isə məcmuənin məsul müdiri Əhməd Həqqi imiş və o, bu vəzifəni jurnal nəşrini dayandırana qədər aparıb. Jurnalın “Yeni Qafqaziya” adlandırılması təsadüfi xarakter daşımırdı. Belə ki, o, yalnız azərbaycanlıları deyil, ümumiyyətlə, Qafqaz xalqlarının nümayəndələrini öz ətrafında birləşdirməyə səy göstərir, onları bolşeviklərsiz yeni Qafqaz uğrunda mübarizəyə səsləyirdi. Jurnal Qafqaz xalqlarının milli-azadlıq uğrunda birlik ideyasının ən fəal təbliğatçılarından biri olub. “Yeni Qafqaziya”nın bu sahədə gördüyü işləri yüksək qiymətləndirən tarix elmləri doktoru Xaləddin İbrahimli “Azərbaycan siyasi mühacirləri” sərlövhəli kitabında yazır: “Məcmuənin “Yeni Qafqaziya” adlandırılmasından da görünür ki, Azərbaycan mühacirləri bütün Qafqaz mühacirləri ilə əməkdaşlıq yaradılmasının ilk təşəbbüsçülərindən olub. Son dərəcə zəruri olan bu birliyin gerçəkləşməsi üçün həm mühacirləri, həm də Türkiyə ictimaiyyətinin siyasi zümrəsini ideoloji-siyasi cəhətdən hazırlamaq istiqamətində “Yeni Qafqaziya” çox işlər gördü” (səh.119).
Rəsulzadə, Əhməd Cavad, A.Battal, A.Həmid, A.Şeyxislamzadə, Abdulla Cövdət, Əhməd Zəki Validi, Əli Mənsur, Əli Mərdan, Ayaz İsaki, Qurbanqulu, Azərbaycanlı Əli Kamal, Azəri, Cəfər Sadıq, Dəmirçioğlu, Gültəkin, Gürcü, Qara Hüseynzadə, Qafqaziyalı, Kazanlı, Krımlı Seyid Cəfər Əhməd, M.Qərib, Fuad Mahmud, Şəfi, Türküstanlı Əhməd Naim və başqaları “Yeni Qafqaziya” jurnalının ən fəal müəllifləri idilər.
“Yeni Qafqaziya”dan sonra Azərbaycan mühacirlərinin Türkiyədə nəşr etdirdikləri ikinci mətbuat orqanı “Azəri türk” jurnalı olub.
Bu məcmuənin ilk sayı 1 fevral 1928-ci il tarixində
işıq üzu görüb. Ədəbi, ictimai, siyasi və
iqtisadi jurnal olan
“Azəri türk” ayda iki dəfə
buraxılırdı. Onun məsul müdiri Məmməd Sadiq Aran idi. Son sayı 1930-cu ilin fevral ayında
çıxan “Azəri türk”ün ən fəal müəllifləri
aşağıdakılar idi: M.Ə.Rəsulzadə, Ə.Cəfəroqlu,
M.B.Məmmədzadə, M.Sadıq, N.Yusifbəyli, Y.Azəri,
Kamal, R.Əmircanlı, S.Tekin, R,Coşqun və
başqaları olub.
Türkiyədə çap olunan növbəti
mühacir mətbuatımız “Yaşıl Yapraq” adlanır. “Yaşıl
Yapraq” məcmuəsinin ömrü uzun olmayıb. Onun ilk sayı 16 iyun 1928-ci ildə buraxılıb.
S.Şimşir bu məcmuəni keçən əsrin
20-ci illərinin sonlarında Türkiyədə Azərbaycan
mühacirlərinin arasında başlayan çəkişmələrin
və ya müxalif nümayəndələrinin ilk mətbu
orqanı kimi dəyərləndirib.
Məcmuənin
birinci sayında çap olunmuş “Yolumuz” başlıqlı
yazıda onun qarşıya qoyduğu məqsəd belə
açıqlanır: “Yaşıl Yapraq” əsarət zənciri
altında olmaq bədbəxtliyinə düşən Azərbaycanda
illərdən bəri tutuşan faciəyə tamaşa edən
dünyaya onun dərdlərini intişar
etmək məqsədilə çap olunur”.
Bundan əlavə jurnal azərbaycanlıların özlərinə
məxsus şərəfli mədəniyyətləri və ədəbiyyatları
olduğunu da təbliğ etməyi, mənfur düşmənlərimiz
ermənilər haqqında tənqidi məqalələr
çap etməyi də planlaşdırıb.
Mühacirət mətbuatı
tarixində öz yeri olan “Odlu yurd”
Məcmuənin ilk nömrəsi 1929-cu ilin 1 martında işıq
üzü görüb. Məcmuənin imtiyaz sahibi A.Kazımzadə,
məsul müdiri Kamal, baş redaktoru isə Rəsulzadə olub.
Ayda bir dəfə buraxılması nəzərdə tutulan “Odlu
yurd” məcmuəsinin ideya istiqaməti Azərbaycan mühacirlərinin
ondan əvvəl nəşr etdirdikləri “Yeni Qafqaziya” və
“Azəri türk”dən demək olar ki, fərqlənmirdi. Jurnalın
1 mart 1929-cu il tarixli birinci sayında
çap olunmuş “Çöhrəmiz” sərlövhəli məqalədə
bu amalı onun naşirləri də etiraf etmişlər. Həmin
məqalədə deyilir: “”Odlu Yurd” milli Azərbaycan fikrinin tərəqqisi
olaraq intişar edir. Bu intişarla
o özündən əvvəl “Yeni Qafqaziya” ilə “Azəri
Türk” məcmuələri tərəfindən gedilmiş ideya
yolunu davam etmək əzmindədirlər. Qızıl
istilanın tökdüyü məsum qanlarla söndürmək
istədiyi bu ideal, bu müqəddəs od,
Azərbaycan torpaqları altında görünən oda bənzər”.
Milli məfkurəni,
milli idealı, milli bayrağı, azadlıq mübarizəsini
Azərbaycan mühacirlərinin qarşısında müqəddəs
və aktual bir məsələ kimi qoyan “Odlu yurd” jurnalının
özü də bütün aparıcı mövzuların əksəriyyətini
doğma vətənin istiqlalı uğrunda ideoloji mübarizəyə
həsr edib. Jurnalın 1929-cu il iyul ayındakı 5-ci sayında çap olunmuş
“Milli Azərbaycan bayramı” adlı məqaləsində oxuyuruq:
“Milli şüurunu yüksəltməyə və bu sahədə
milli varlığını, milli birliyini dərk etməyə
müvəffəq olan millətimiz bütün bu müqqədəratını
yaşatmaq, yüksəltmək və qorumaq üçün
milli bir dövlət halında təşəkkül eləməyə,
bunun üçün dəxi azadlıq və istiqlalına
sahib olmağa möhtac idi. Çünki milli
istiqlala, milli azadlığa və milli dövlətə malik
olmayan bir dövlət milli varlığını dərk edib,
milli mövcudiyyətini qoruya bilməz. 28 may 1918-ci il bəyannaməsi
bu inkişaf və ehtiyac nəticəsində doğuldu”.
Milliyətçi, istiqlalçı bir məcmuə olan “Odlu Yurd” jurnalı yalnız Azərbaycanın deyil, bütöv Qafqazın, xüsusilə də türk xalqlarının azadlığı uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyub. Bu müqəddəs amalları həyata keçirmək üçün “Odlu Yurd” jurnalında mübariz redaktorlar ordusu formalaşıb. Bu ordunun önündə M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, Məmməd Sadıq, Azəri, Kamal, Gültəkin, Azərbaycanlı Baykara, M.Ağaoğlu, Dəmirçioğlu, M.Ş.Əfəndizadə, Əşrəf, Əllədin Mətin, N.Nağı, N.Yusifbəyli, və başqa həmvətənlərimiz gedirdilər.
“Odlu Yurd” məcmuəsinin son sayı (30-31 birləşdirilmiş nömrəsi) 1931-ci ilin iyul-avqust ayında buraxılıb.
Qeyd edək ki, keçən əsrin 30-cu illərində qısa müddət ərzində Azərbaycan mühacirləri Avropanın Fransa, Almaniya, İngiltərə, Polşa və s. ölkələrində “Açıq söz” (1936), “Aydın yol” (1937), “Doğru söz” (1937), “Həqiqət” (1937), “Vətən səsi” (1937), “Vətən arzusu” (1037), “Milli atəş” (1938), “Millət andı” (1938), “İlham qaynağı” (1938), “Müqəddəs Odlar Ölkəsi” (1938), “Haqqın səsi” (1938), “Dilək” (1939), “Haqq” (1939), “Həmlə” (1939), “Kutlu ad” (1936) və sairə kimi qəzet və jurnal nəşrinə müvəffəq olublar.
Fuad HÜSEYNZADƏ
Paritet.- 2011.- 11-12 yanvar.- S.9.