Qarsda türklərlə ermənilərin "dostluğunu" əks etdirən abidə sökülür

 

Türkiyə hökumətinin Ermənistanla bağlı siyasətində növbəti sərt addım atılıb

 

Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğanın Ermənistanla sərhəddəki Qars şəhərinə səfəri zamanı verdiyi bəyanatlar rəsmi Ankaranın İrəvana qarşı konstruktiv siyasətinə son verdiyini bir daha nümayiş etdirib.

Artıq bir neçə ildir İstanbul-İrəvan hava xəttinin açılması, Ermənistanla normallaşma prosesi çərçivəsində danışıqların aparılması, İsveçrədə sonradan "ölü sənədə" çevrilmiş protokolların imzalanması, Van vilayətində "Axtamar" kilsəsinin bərpadan sonra ermənilərin ixtiyarına verilməsi sair konstruktiv tədbirlərə baxmayaraq rəsmi İrəvanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi, hətta qondarma "erməni soyqırımı" təbliğatı bu istiqamətdə fəaliyyətin gücləndirilməsi Türkiyə hökumətini öz mövqeyini köklü şəkildə dəyişdirməyə vadar edib. Qarsa səfəri çərçivəsində Sarıqamış şəhidlərini anma mərasimində çıxışında rus ordusu erməni quldurlarına qarşı döyüşlərdə azərbaycanlıların da şəhid olduğunu qeyd edən R.Ərdoğan bu şəhərdə qoyulmuş türklərlə ermənilərin "dostluğunu" əks etdirən abidənin sökülməsi haqqında bələdiyyə sədrinə göstəriş verib.

Türkiyə hökumətinin başçısının bu mövqeyini xarici işlər naziri Əhməd Davudoğlu da təsdiq etmiş, abidənin mənəvi tərəfi ilə birlikdə estetik cəhətdən xoş olmadığını söyləyib. Əhməd Davudoğlu əlavə edib ki, Ermənistanla normallaşma prosesi birtərəfli ola bilməz. Qarşı tərəfin bu məsələdə müvafiq addımlar atması lazımdır. Qafqazlarda sülhün təmin olunması üçün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması zəruridir.

 

 

Paritet.- 2011.- 11-12 yanvar.- S. 1-2.