Ən qarlı kəndin sakinləri
“Qrız dilinin ləhcələri o qədər fərqlənir ki, onları ayrı bir dil kimi götürmək olar“
Şahdağ qrupuna daxil olan etnik qruplar arasında qrızlar da qədimliyi ilə seçilirlər. Tarixçi alim Qiyasəddin Qeybullayev “Azərbaycan toponomiyası” əsərində “ hər “ (Qafqaz Albaniyasında tayfa) tayfasının qrızların əcdadı olduğunu bildirmişdi. Müəllifin yazdığına görə, “hər“ tayfası Qafqaz Albaniyasının şimal-şərqində yayılıbmış, qrızlar indi yaşadığı torpaqlara sonradan köçüblər. Lakin qrızların tarixi demək olar ki, öyrənilməyib. Yazılı mənbələrdə “Qrız” toponiminə ilk dəfə X əsrdə rast gəlinir. Qrız kəndi Qudyal çayının sol sahilində (şimal tərəfində) dəniz səviyyəsindən 2171,4 m yüksəklikdə üzü cənuba baxır. Kəndin ətrafında bir necə bulaq, şəlalə, mağara və çay var. Kəndin yaxınlığında Bab bəy - Bab ata (Pir Qirim Şam baba) və Pir Cəlal Türbəsi kimi müqəddəs yerlər var. Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir. Bundan başqa kənddə o qədər də yaxşı vəziyyətdə olmayan məktəb, bələdiyyə binası və yeni məscid var.
Mozdok ətrafında gedən döyüşlərdəki topların səsi Qrıza kimi gəlib çatırmış
Qrız Tarixi İctimai Birliyinin sədri Eyvaz Cavadov bizimlə söhbətində bildirdi ki, qrız dili ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir: “Qrız dilinə ən yaxın dil buduq dilidir. Həmçinin Qrız dilində yaxın Qrız-Dəhnə, Cek, Əlik, Haput və Yergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan Qrız dilinin ləhcələri o qədər fərqlənir ki, bəzi alimlərin fikrincə, onları ayrı bir dil kimi götürmək olar. Lakin bu dili araşdıran linqvist və alimlərin böyük əksəriyyəti bu dili Qrız dilinin ləhcələri kimi qəbul ediblər. Ən son araşdırmalar zamanı da Grimes (2000-ci ildə) bu dilləri Qrız dilinin dialektləri kimi qeyd edib. Qrız, Cek, Haput, Əlik, Buduq, Yergüc dillərinin leksikası, morfologiyası, sintaksisi, xüsusən sonsuzluğa qədər əşyaların cinsini bildirmək üçün meyar olan say sistemi, qohumluq bildirən sözlər demək olar ki, eynidir”.
Onun sözlərinə görə, Qrız kəndində hazırda 30-40 ev var. Kəndin əhalisi 368 nəfərdir: “ Vaxtilə burda 777 ev (bu evlər daş birmərtəbəli evlər olub, tavanı hamar və torpaqla örtülü olurdu) olub və orada 8000-ə yaxın əhali yaşayıb. Son illər isə Qrız kəndinin əhalisi əsasən Qırız-Dəhnə kəndinə miqrasiya ediblər. Qrızlar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarının bir necə kəndində yaşayır. Qrızlar İslam dininə etiqad edirlər “.
Təşkilat sədri dedi ki, kəndin ərazisində bir qədim dağılmış məscid var: “Bəzi məlumatlara görə bu məscid Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim Əl Xorasani tərəfindən təxminən VIII əsrdə inşa edilib, digər məlumatlara əsasən bu məscidin adı IX əsrdə Dərbənd ətrafında yaşamış başqa bir Əbu Müslimin adı ilə bağlıdır. Məscid Əbu Müslimin adını daşıyır. Yaxınlıqdakı Xıbalıq və Cek kəndlərində də eyniadlı məscidlər var”.
Onu da deyək ki, gənc fransız tədqiqatçılarından biri Jil Otye Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda “Qrız dilinin şərhi. Azərbaycanın şimal-şərqində Qafqaz dillərinin tədqiqi” mövzusunda kurs işi müdafiə edib. O, Azərbaycana gələrək, Qrız dilini öyrənib.
Qrızların sayı haqda müxtəlif məlumatlar var. N.K.Zeydlicin 1886-ci ilə olan məlumatlarına görə Qrızların sayı 7767 nəfər olub. 1926-cu ilin siyahıyaalınmasına görə, qrızların sayı 2600 nəfər idi. 1959-cu ilin siyahıyaalınması zamanı Qrızlar ayrıca bir qrup kimi qeydə alınmamışlar. “Kavkazskiy etnoqrafiçeskiy sbornik, tom 3”-da qrızların sayı 9704 nəfər kimi qeyd olunub. 2005-ci ildə nəşr olunan “The Sociolinguistic Situation of the Kryz in Azerbaijan”-ın Vəli Xıdırova istinadən verdiyi məlumata görə Azərbaycanda qrızların sayı 10 000-15 000 arasında dəyişir.
1941-ci ildə kənddə kişi cinsinə mənsub bütün gənc, qoca və hətta yeniyetmələr müharibəyə göndərilir. Onların çox hissəsi bir daha Qrıza qayıtmır. Bundan bir müddət sonra Qrız səmasında Bakını bombardman etməyə uçan alman təyyarələri görünür. Deyilənə görə, Mozdok ətrafında gedən döyüşlərdəki topların səsi Qrıza kimi gəlib çatırmış. Müharibə vaxtı Qrızda Qırmızı ordunun hissələri də yerləşdirilir. Daim təşviş içində yaşayan qadınlar, uşaqlar və qocalar sonunda Qrızdan köçməyə məcbur olublar. Onlar əsasən Xaçmaz şəhərinə və onu əhatə edən 24 kəndə, eləcə də Quba rayonunun digər kəndlərinə köçüblər. Əhalinin böyük hissəsi kənddən köçdükdən sonra kənddə qalan əhali orda mövcud olmuş qədim evləri dağıdaraq və onların yerində indi mövcud olan evləri tikiblər.
Qrız kəndində təhsil həmişə Azərbaycan dilində aparılıb
“Üfüq-S” İqtisadi Mədəni İnkişaf Mərkəzinin direktoru Kalvin Tissen də 2001-ci ildə qırızlar haqqında tədqiqat aparıb. O, “Azərbaycanda qrız dilinin ictimai-linqvistik vəziyyəti” adlı məqaləsində qeyd edib ki, qrız kəndlilərinin başlıca məşğuliyyəti qoyunçuluq olub, lakin Qrız, Xınalıq və Buduq kəndlərini birləşdirən kolxoz 1994-cü ildə ləğv edilib: “Qrızlar özlərini kırtuar, öz dillərini isə kıruay mez adlandırırlar (Hamfreys və Mits, 1994). Qrız xalqının qidasını, əsasən, qoyun əti, süd, tərəvəz, çörək, pendir, yağ və düyü təşkil edir. Meyvə çox azdır. Hapıt kəndində, ümumiyyətlə, heç bir dükan yoxdur, burada yalnız siqaret və saqqız satılan bircə köşk var. Ərzaq məhsulları və digər zəruri mallar alverçilər tərəfindən Quba rayonundan gətirilir”.
K.Tissen yazır ki, qızlar, bir qayda olaraq, 16 yaşlarında ərə gedirlər: “Əlik, Cek və Hapıt kəndləri arasında bəzi qohumluq əlaqələri vardır. Lakin bu kəndlərlə Qrız kəndi arasında belə əlaqələrə daha az rast gəlinir. Qrız kəndləri ilə bəzi ləzgi kəndləri arasında da xeyli qohumluq əlaqələri var. Ləzgi gəlinlər qrız dilini, ümumiyyətlə, başa düşürlər. Bəziləri isə qrız dilində zəif danışa bilir”.
O bildirir ki, dağ kəndləri olan Hapıt, Əlik, Cek və Qrız kəndlərində təhsil həmişə, hətta sovet dövründə də Azərbaycan dilində aparılıb: “Buradan aydın görünür ki, kəndlərdə heç vaxt qrız dilində məktəb və ya mədrəsə olmayıb. Digər tərəfdən, sovet rejimi çökdükdən sonra, bu kəndlərdə təhsilə, ümumiyyətlə, az diqqət yetirilir. Xüsusən də, müəllimlər yeni latın əlifbası ilə dərs keçməkdə çətinlik çəkirlər. Kəndlərdən heç birində uşaq bağçası yoxdur. Hapıt və Cek kəndlərində isə yalnız I-IV siniflərə qədər ibtidai məktəblər fəaliyyət göstərir. Əlikdəki orta məktəb doqquzillikdir. Hapıt və Cek kəndlərinin şagirdləri IV sinfi bitirdikdən sonra, öz təhsillərini davam etdirmək üçün Əlikdəki orta məktəbə getməlidirlər ki, bunu da çox vaxt etmirlər. Xüsusilə də qızlar, doqquzillik Əlik kənd orta məktəbini bitirənlərin isə təxminən yarısı, bəlkə də bundan azı təhsilini davam etdirir. Əlik sakinlərindən bəzilərinin dediyinə görə, təhsilə maraq ona görə zəifləyib ki, kəndlərdə əsas məşğuliyyət qoyunçuluğa yönəlib”.
Onun fikrincə, bütün digər yaşayış məntəqələrində qrız dili işlənmə səviyyəsinə görə fərqlidir. “Elə adamlar var ki, qrızca danışır, elələri var ki, başa düşür, lakin danışa bilmir, digərləri isə ümumiyyətlə, bu dili başa düşmürlər. Digər icmalarda yaşayan qrızlar arasında da bu dil çox da işlək deyil”, deyə K.Tissen qeyd edib.
Yerli dilə münasibətin necə olmasına gəlincə ekspert qrız dilinə dair əlində hər hansı bir formada elə bir yazılı mənbənin olmadığını bildirib: “Hapıt kəndində keçirilən sorğunun iştirakçıları deyiblər ki, yazılı qrız dilinə heç bir ehtiyac görmürlər. Digər tərəfdən, onlar qrız dilində radio verilişlərinə həvəslə qulaq asdıqlarını söyləyirlər. Radio proqramlarına hansı dialektdə qulaq asmaq istədiklərini soruşduqda respondentlərdən hər biri öz doğma dialektlərinə üstünlük verdiklərini bildirmiş, lakin eyni zamanda, bunun mümkünsüz olduğunu qeyd edərək mövcud dialektlərdən birini istifadə etməyin daha münasib olduğunu söyləmişlər “.
Qrızların arzuları
Xaçmazda yaşayan qrız mənşəli sakinlərdən biri isə ona qrız əlifbasını əldə etmək və qrız dilində yazılı materialları təkmilləşdirmək arzusunda olduğunu bildirib. “O, hesab edir ki, qrızlar arasında qrız dilində kitablar oxumaq və radio proqramlarını dinləmək həvəsində olanlar çoxdur”, deyə yazıda bildirilir.
K.Tissenin yerli əhalidən aldığı məlumata görə, Qrız kəndi də digər qrızdilli kəndlərə köçən sakinlər hesabına boşalır: “Biz bu miqrasiya meyillərinin digər dağ kəndləri üçün də səciyyəvi olub-olmadığını bilmirik. Hər halda Qrız kəndi haqqında ən azından bunu demək olar ki, bir çox ailələr buradan Qrız-Dəhnə və Cek kəndlərinə, eləcə də qrız dilindən müntəzəm istifadə olunan digər dağ kəndlərinə üz tuturlar. Əgər tutaq ki, bəzi ailələr aşağı kəndlərə köçüb gedirlərsə, digərləri mərkəzə daha yaxın dağ kəndlərini üstün tuturlar. Hər halda aydın görünür ki, qrızların əksəriyyəti düzən yerlərə köçmüşlər və dağ kəndlərində yalnız 2000-ə yaxın sakin qalmışdır. Lakin biz bu axının miqyasını təyin etmək iqtidarında deyilik”.
Azərbaycanda yaşayan qrızlar vahid irsə, mədəniyyətə və dilə malikdirlər: “Dağlıq qrız kəndlərinin sakinlərinin öz ata-baba yurdlarını tərk edərək üzüaşağı - ovalıq və dağətəyi yerlərə köç etmələrinə baxmayaraq, dağ kəndlərində hələ də qrızca danışan xeyli insan qalır və qrız dili onlar üçün əsas ünsiyyət vasitəsidir. Bundan başqa, köçənlərin heç də hamısı uzağa deyil, bir dağ kəndindən digərinə köçüb gedirlər”.
FUAD
Paritet.- 2011.- 13-14 yanvar.- S.11