Ötən il NAYO uğurlu olub

 

Ramil Əliyev: ”2010-cu ildə 28 böyük layihə həyata keçirməklə yenidən göstərdik ki, NAYO Norveçdə Azərbaycanı və azərbaycanlıları layiqincə təmsil və təbliğ edir

 

 Bu gün Azərbaycanın gələcəyi olan sağlam, intellektli, müstəqil düşüncəli gənclərimiz bir sıra xarici ölkələrdə nüfuzlu ali təhsil ocaqlarında təhsil alırlar və orda müxtəlif sahələrdə çalışırlar.  Bu gənclərimiz arasında  yaşadıqları ölkələrdə fəal diaspor fəaliyyəti ilə məşğul olaraq  Azərbaycanın ümumi mənzərəsi və müasir dövrdəki inkişafı  haqqında yaşadıqları ölkələrdə məlumat verirlər. Belə ki, ətrafında azərbaycanlı və əcnəbi gəncləri birləşdirən, fəaliyyətində azərbaycançılıq ideyasını əsas götürərək yarandığı ildən bu istiqamətdə intensiv layihələr gerçəkləşdirən diaspor təşkilatlarından biri də  Norveç Azərbaycanlıları Gənclər Təşkilatıdır (NAYO).  2010-cu ildə ümumilikdə 50  layihə gerçəkləşdirən NAYO-nun sədri Ramil Əliyevdən gördükləri işlər haqqında ətraflı məlumat əldə etmək üçün suallarımızı ona ünvanladıq.

tən il sizin təşəbbüsünüzlə Norveçdə Azərbaycan mədəni irsinin təbliği istiqamətində silsilə tədbirlər keçirilib. Bu barədə məlumat verməyiniz maraqlı olardı.

-  Artıq NAYO beş ildir ki, Norveçdə aktiv surətdə Azərbaycan reallıqlarını, tarixini, mədəniyyətini, eyni zamanda  azərbaycanlıları təmsil və təbliğ edir. Deyə bilərik ki, artıq bir diaspor təşkilatı olaraq norveçlilərdə  Azərbaycan haqqında müəyyən fikir formalaşdıra bilmişik. Təbii ki, biz bütün Norveçi əhatə edə bilmərik, ancaq orda olan böyük əlaqələrimizi, şəbəkələrimizi, tədbirlərdə iştirak edən insanları nəzərdə tutaraq yuxarıdakı fikri qeyd etdim. Yeni müstəqillik qazanmış Azərbaycan  norveçlilər üçün tamamilə işlənməmiş bir mövzu idi. Amma təcrübə onu göstərdi ki, norveçlilər Azərbaycan mədəniyyətinə, tarixinə maraq göstərirlər. Və ölkəmizdə gedən proseslərə həssaslıqla yanaşırlar. Bildiyiniz kimi, Norveçin böyük neft şirkəti olanStatoilAzərbaycana böyük investisiyalar qoyur. Norveçlilər milli şirkətlərinin Azərbaycanda gördüyü işlərlə çox maraqlanırlar. Bu gün Azərbaycan muğamının, xalçasının, aşıq sənətinin YUNESKO-nun  qeyri-maddi mədəni irs siyahısına daxil olması mədəniyyətimiz üçün böyük bir uğurdur.  Bu mədəni nümunələrimizin də Avropada-Norveçdə təbliği istiqamətində bir sıra layihələr həyata keçirmişik. Bu tədbirlərimizdə Azərbaycanın gənc  və istedadlı musiqiçiləri  olan Ehtiram Hüseynov, Gülay Qədirova, Elməddin İbrahimov və başqa bir sıra ifaçılar muğamımızı Norveçdə layiqincə ifa ediblər. Eyni zamanda biz qədim tarixi olan aşıq sənətimizin təbliği istiqamətində də keçirdiyimiz tədbirdə Norveçdə təhsil alan, Azərbaycan əsilli Əhməd Mirzəyev sazla aşıq musiqimizi çox  gözəl ifa edib. İsveçdə yaşayan istedadlı ozan Araz Elsəsin də bu yaxınlarda konsertini təşkil  etdik. Tədbirlərimizdə hər zaman dünya şöhrətli xalçalarımızın kiçik maketlərini sərgiləyirik, bu da iştirakçılar tərəfindən maraqla qarşılanır. Keçirdiyimiz mədəni layihələrin  iki əsas məqsədi var: biri norveçlilərə Azərbaycan mədəniyyətini təqdim etmək, ikincisi isə orda dünyaya göz açan uşaqlarımıza və gənclərimizə Azərbaycanın  zəngin mədəni irsi haqqında məlumat vermək.

tən il Estoniyada fəaliyyət göstərənRauf Avşar adına Kukla Teatrı” ilə birgə layihəniz olub. Norveçdə onların  çıxışı necə qarşılandı?

-NAYO olaraq biz  Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edirik. Məhz komitənin təşkil etdiyi layihələrin birində Estoniyada fəaliyyət göstərən  Azərbaycan kukla teatrının rəhbəri Rauf Avşarla tanış olduq və qərara gəldik ki, birlikdə layihə həyata keçirək. Bu tədbirin də gerçəkləşməsi iki Azərbaycan diaspor təşkilatının  əməkdaşlığı idi. Estoniyadakı kukla teatrı Norveçdə uşaq bağçasındakı uşaqlar üçün, Oslo Universitetində təhsil alan beynəlxalq tələbələr və orda yaşayan azərbaycanlı uşaqlar üçün üç fəqli proqramla çıxış ediblər. Bu proqramlar çox maraqla qarşılandı.

-Fəaliyyət göstərdiyiniz beş ildə nələr əldə etmisiniz?

vvələn qeyd edim ki, ötən il NAYO üçün uğurlu olub. Belə ki, ümumilikdə    NAYO ötən il 50  layihə həyata keçirib. Bu da onu bir daha sübut edir ki, NAYO Norveçdə öz işinin öhdəsindən layiqincə gəlir. NAYO olaraq ötən beş ildə  biz Norveçin ən fəal  gəncləri kimi, eyni zamanda Azərbaycanın Avropada olan ən fəal gənclər təşkilatı olaraq özümüzü sübut etmişik. Bundan başqa Norveçdə azərbaycanlıların birləşdirilməsi, onların təşkilatlanması  və bir araya gətirilməsi istiqamətində bir sıra işlər  görmüşük. Azərbaycanın rəsmi qurumlarının Norveçdə keçirdiyi tədbirlərin reallaşmasında da  onlara dəstək oluruq.

-Bu yaxınlarda Frankfurtda ilk dəfə olaraq Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilib, siz də orda iştirak etmisiniz. Gənc diaspor rəhbəri kimi bu konqresin  əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Bu, həqiqətən də, Azərbaycan gəncliyinin uğuru idi. Belə bir toplantının Avropanın  mərkəzində keçirilməsi, eyni zamanda Azərbaycanda, dünyada və Avropada fəal olan gənclər təşkilatlarının birgə toplanması və əlaqələrin qurulması baxımından da çox uğurlu bir layihə idi. Toplantının digər əhəmiyyəti də onda idi ki, Avropanın əsas ölkələrində fəaliyyət göstərən Azərbaycan səfirlərinin və gənclərlə işləyən başqa aidiyyati qurumların rəhbərləri də orda toplaşmışdı.   Bu ideyanın həyata keçirilməsi Azərbaycan diasporunun və gəncliyinin  dünyada inkişafına təkan verəcək. NAYO olaraq bu tədbirə qatılmağımızdan çox məmnun idim. Bu toplantıda mənGənclər təşkilatının vətəndaş cəmiyyətinin qurulmasında rolumövzusunda məruzə ilə  çıxış etdim. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının bir neçəsinin rəhbərləri ilə maraqlı söhbətlərimiz oldu. Biz düşünürük ki, bu toplantının nəticəsi olaraq Azərbaycandakı gənclər təşkilatları ilə layihələr həyata keçirəcəyik. İstəyirik ki,  Norveçin gənc liderlərini, gənclər təşkilatlarının rəhbərlərini, parlament və media nümayəndələrinin gənc üzvlərini  Azərbaycana dəvət edək. Eyni zamanda bu tərkibdə Azərbaycan nümayəndə heyətini də Norveçə dəvət edək və  bununla da iki ölkə gəncləri arasında qarşılıqlı əlaqə yaradaq.

 Sözügedən konqresdə “Virtual Azərbaycanməktəbinin təqdimatı oldu. Mən bir diaspor təşkilatının rəhbəri  kimi, bu məktəbin açılmasını 2010-cu ilin əsas  hadisəsi adlandırardım. Bu, çox  vacib bir layihədir, çünki orda Azərbaycan dili, tarixi, ədəbiyyyatı, coğrafiyası bölmələri çox zövqlə işlənib və dəyərli materiallar yerləşdirilib. Düşünürəm ki, bu layihə tam istifadəyə verildikdə biz bir diaspor təşkilatı kimi bütün tədbirlərimizdə və “Bazar günü” məktəblərində  tətbiq edəcəyik.

- Milli mətbəximizin Norveçdə təbliği istiqamətində hansısa işlər həyata keçirirsinizmi?

- Azərbaycan milli mətbəxi öz zənginliyi və gözəlliyi ilə hər zaman diqqət mərkəzində olub. Amma bizim təşkilat sırf lobbi və diaspor təşkilatı olduğu üçün Azərbaycanı bir növ akademik səviyyədə təbliğ edir.  Bu səbəbdən də milli mətbəximizin təbliği bizim prioritet iş planımıza daxil deyil. Amma gələcəkdə  təşkilatımızın nəzdində bir qrup yaratmaq istərdik ki, onlar ancaq  mətbəximizin  təbliği ilə məşğul olsunlar. 2011-ci ildə biz daha  böyük layihələr həyata keçirmək haqqında düşünürük. Belə ki, iki ölkə gəncləri arasında əməkdaşlığa dəstək, Norveçdəki azərbaycanlı icması ilə iş və ordakı dövlət təşkilatları ilə birgə layihələr gerçəkləşdirməyi düşünürük. Fəaliyyət göstərdiyimiz bu beş il ərzində əsas hədəflərimizə nail olmuşuq. NAYO bu illər ərzində Oslo Universiteti, Norveçin Biznes Menecment İnstitutu və Beynəlxalq Əlaqələr İnstitutu,  Norveçin Xarici İşlər Nazirliyi, Gənclər Konsulluğu, Mədəniyyət Nazirliyi, Oslo  və Drammen  şəhərlərinin meriyası ilə əlaqələri və əməkdaşlığı olub.  Bundan başqa  Norveçin 4 ayrı-ayrı şəhərlərində müxtəlif layihələr  həyata keçirmişik və həmin şəhərlərdə yaşayan azərbaycanlıların təşkilatlandırılması istiqamətində bir sıra işlər icra etmişik. Həmçinin Azərbaycanda DİDK ilə gözəl əlaqələrimiz, Heydər Əliyev Fondu ilə əməkdaşlığımız, Azərbaycan Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri ilə gördüyümüz işlər , eləcə də Azərbaycanın İsveçdəki Səfirliyi ilə əlaqələrimiz  onu göstərir ki,  bu beş il ərzində həm Norveçdə, həm Azərbaycanda təşkilatımızın maraq və məqsədlərini həyata keçirmək üçün müxtəlif akademik layihələr həyata keçirmişik.

Qeyd edim ki, bu beş illik fəaliyyətimizi özündə əks etdirən hesabat xarakterli bir jurnal nəşr etmək istəyirik. Ümid edirik ki, bu hesabatı Azərbaycandakı NAYO sevərlərə çatdıracağıq. Yəni hər iki ölkədə bu beşillik fəaliyyətimizi  əks etdirən jurnalı geniş auditoriyaya təqdim edəcəyik.

-DİDK ilə əlaqələriniz necədir?

- NAYO yarandığı gündən  DİDK ilə əlaqələri həmişə sıx, mehriban və peşəkar münasibətlərimiz olub. Keçirdikləri tədbirlərə hər zaman dəvət olunuruq və iştirak edirik. Komitə keçirdiyimiz tədbirlər üçün əyani materialların verilməsində çox böyük köməklik edir. Belə ki, komitədən bizə  Azərbaycanla bağlı materiallar, broşürlər və s. materiallar verirlər. Ümumiyyətlə, komitə ilə olan əlaqələrimizi yüksək qiymətləndirərəm və düşünürəm ki, bu cür sıx əlaqələrimiz Norveçdəki Azərbaycan diasporunun daha da inkişaf etməsinə öz müsbət təsirini göstərəcək.

-Norveçdə “Azərbaycan evi” açmaq planınız gerçəkləşdimi?

- Bu layihənin gerçəkləşməsi həm Azərbaycan, həm Norveçdə yaşayan azərbaycanlılar üçün, Norveç və Azərbaycan əməkdaşlığı və əlaqələri üçün mühüm bir iş olacaq. Təəssüflər olsun ki, 2010-cu ildə biz bu layihəni həyata keçirə bilmədik. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Beş il NAYO üçün elə də böyük tarix deyil. Amma  bu qısa zamanda struktur quruculuğunda, əməkdaşlığın genişlənməsində, təcrübə toplanmasında uğurlarımız olub.

Ona görə də ötən ili sırf  Norveç hökuməti, ordakı təşkilatlar ilə şəbəkəmizin genişlənməsinə və əlaqələrimizin güclənməsinə sərf etdik. Bu cür müsbət işgüzar əlaqələrimizin qurulması bu il “Azərbaycan evi”nin açılmasına dəstək olacaq. 2010-cu ildə Norveçdə Azərbaycan dili məktəbini yaratdıq.

Bu Norveçdə yaşayan azərbaycanlıların Azərbaycan dilini öyrənməsi üçün uğurlu bir layihədir. Bu kimi layihələr növbəti  illərdə də  davam edəcək.

-Hər bir xarici ölkədə fəaliyyət göstərən diaspor təşkilatı həmin ölkənin ictimai həyatına qatılmalıdır.   Norveçdə yaşayan azərbaycanlılarda orda daha çox hansı sahələrdə təmsil olunurlar?

- Norveç neft ölkəsi olduğundan orda yaşayan azərbaycanlıların əksəriyyəti neft sahəsində çalışırlar. Norveçdə yaşayan həmyerlilərimiz arasında öz sahəsində  kifayət qədər nüfuzlu mövqeyə sahib olanlarda var. NAYO fəaliyyət göstərdiyi ölkənin ictimai həyatında təmsil olunmaq baxımından çox aktivdir. Məhz 2010-cu ildə  NAYO-nun böyük uğurlar olub. Norveç hökuməti tərəfindən xüsusi diqqətlə qəbul olunmağa başladıq. Oslonun  meri cənab Fabian Stangen may ayında NAYO və təşkilatımızın timsalında orda yaşayan 40-a yaxın azərbaycanlı ilə rəsmi görüş keçirdi. Bu onu göstərdi ki, diaspor təşkilatı kimi Norveçin ictimai-siyasi həyatında fəal iştirak edirik. Biz Oslo meri ilə görüşümüzdə təşkilatımızın həyata keçirdiyi layihələrdən danışdıq. Eyni zamanda NAYO-nun üzvlərindən  biri Norveçdə 13 aktiv gəncdən biri seçilərək ABŞ -da təhsil almağa getdi. Həmçinin NAYO-nun sədri kimi mən də 2009-cu ilin aktiv və akademik gənci seçilərək Norveçi Avropanın Gənc Liderləri Proqramında təmsil etmişəm.  ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilən bu layihə Avropanın 24 aktiv və akademik gənci qatılmışdı. Mən çox sevindim ki, belə bir layihədə Norveçi azərbaycanlı gənc təmsil edib. Bu da azərbaycanlıların Norveçin ictimai- siyasi həyatına inteqrasiyasında mühüm rol oynayaraq, Norveç təmsil etmək səviyyəsində olan uğurlardır.

-Bu gün dövlətimiz tərəfindən xaricdəki diaspor təşkilatlarının inkişaf etməsi üçün bir sıra mühüm işlər görülür. Diaspor təşkilatlarının bugünkü fəaliyyəti sizi qane edirmi?

- Diasporumuz bu gün yüksək səviyyədə təşkilatlanma səviyyəsindədir. Müxtəlif istiqamətlər üzrə fəaliyyyət göstərən təşkilatlarımızı qiymətləndirmək çətin olardı. Norveç təcrübəsindən danışaraq onu deyə bilərəm ki, NAYO -nun Norveçin müxtəlif şəhərlərində şöbələri açılıb və biz onlara dəstək göstəririk. Xaricdə müəyyən müddətdə fəaliyyət göstərən diaspor təşkilatı öz təcrübəsini yeni yaranmaqda olan diaspor təşkilatı ilə bölüşməlidir. Məsələn, Norveçdə faəliyyət göstərən Norveç-Azərbaycan Assosiasiyasının qurulmasında və inkişafında NAYO-nun böyük rolu oldu. Yəni  NAYO  Norveçdə azərbaycanlıların görüş nöqtəsidir.

Qeyd edim ki, təşkilatımız Norveçdə fəaliyyət göstərən bir sıra xarici ölkələrin təşkilatları ilə əməkdaşlıq edir. Belə ki, NAYO-nun Norveçdəki ABŞ, Türkiyə səfirlikləri ilə əlaqələri çox yaxşıdır. Bundan əlavə orda fəaliyyət göstərən  Norveç təşkilatları və türk icmaları ilə də əməkdaşlığımız var. Bir-birimizin təşkil etdiyi tədbirlərdə iştirak edirik. Beynəlxalq Tələbələr Təşkilatı və Beynəlxalq Yay Məktəbi  ilə də iş birliyimiz mövcuddur.

 Diasporumuzun Norveçdə inkişaf etməsinə  və ordakı digər diaspor təşkilatları ilə əlaqələrimizin qurulmasında maraqlıyıq və  bu istiqamətdə əlimizdən gələni edirik.

Məlumat üçün bildirim ki, bu ilin fevral-mart aylarında da layihələrimiz olacaq. Diaspor təşkilatı olaraq hər il “Xocalı soyqırımı”nın anım gününü qeyd edirik. Ermənilər tərəfindən həyata keçirilmiş bu faciəni, vəhşiliyi Avropaya-Norveçin rəsmi dairələrinə və ümumilikdə ictimaiyyətə təqdim etmək üçün tədbirlər keçiririk. Bu ilin fevral ayında da bu soyqırımla bağlı sərgi nümayiş etdirəcəyik.

Martın əvvəllərində də gözəl bir layihəmiz reallaşdıracayıq. Norveçin qeyri-hökumət təşkilatlarından, parlamentindən, Oslo meriyasından, tələbə təşkilatlarından ibarət 10 nəfərlik nümayəndə heyəti Azərbaycana gələcək.Və bu tədbir çərçivəsində  seminar təşkil edəcəyik, Azərbaycandakı gənclər təşkilatları ilə görüşümüz olacaq, Azərbaycanın uğurları və Qarabağ münaqişəsi haqqında onlara məlumat verəcəyik. Hazırda bu layihənin ilkin mərhələsindəyik.

Mart ayında daha bir tədbirimiz olacaq. Norveçdə Novruz bayramını təntənəli olaraq keçirməyi qərara almışıq. Bu layihəmizdə istərdik ki, Azərbaycanın görkəmli mədəniyyət nümayəndələri iştirak etsin. Əminəm ki, biz buna nail olacağıq.

- Bildiyimizə görə, NAYO-nun   elektron saytı üzərində son hazırlıq işləri aparılır. Nə vaxt saytı istifadəyə verməyi düşünürsünüz?

- NAYO-nun saytının  yenidən qurulması istiqamətindən artıq bir ilə yaxındır ki, işləyirik. Bu çox böyük bir layihədir. Çünki biz  Azərbaycan, Norveç və ingilis dillərində Skandinaviyada və Avropada informasiya boşluğunu doldurmaq üçün çox geniş mövzuları əhatə edəcək bir internet səhifəsi qurmaq üzrəyik. Eyni zamanda bu internet səhifəsinin  xaricdə yaşayan, təhsil alan və diaspora işlərində fəallıq göstərən azərbaycanlılar üçün də yararlı olacağını düşünürəm.  Ona görə ki, saytımızda yerləşdiriləcək materialların xaricdə tədbir keçirən insanlar üçün praktik olaraq informasiyaları asanlıqla əldə etmək baxımından yararlı mənbə olacağına inanıram. Bu saytın hazırlanmasında bizə Norveçdən və Azərbaycandan jurnalistlər köməklik edir. Yenilənmiş internet səhifəmizi iki auditoriya - Norveç və onun timsalında  Skandinaviya xalqlarının, eyni zamanda azərbaycanlıların düşüncəsi və başa düşəcəyi yanaşma ilə hazırlamışıq. Onu da qeyd edim ki, ingilis dilində olan bölmə qlobal yanaşma ilə olcaq.  Hazırda da sayt üzərində intensiv olaraq işləyirik. Ancaq konkret olaraq hansı tarixdə istifadəyə veriləcəyini deyə bilmərəm. Çünki istəyirik ki, hədəflərimizə çatandan sonra internet saytını istifadəyə verək, yəqin ki, Novruz bayramına qədər təqdim edəcəyik.

Bir sözlə, NAYO  (www.nayo.no)  internet saytı Norveç və Azərbaycan, həmçinin keçirdiklərimiz layihə və tədbirlər haqqında məlumat əldə etmək üçün   yaxşı bir məlumat mərkəzi olacaq.

Məlumat üçün bildirək ki, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) 2006-ci ildə Norveçin paytaxtı Oslo şəhərində  yaradılıb. Beş nəfərdən ibarət idarə heyəti olan NAYO dünyəvi, sivil, qeyri-siyasi, qeyri-dini  və gəlir əldə etmək məqsədi olmayan bir təşkilatdır. NAYO-da həm norveçli, həm də azərbaycanlı gənclər təmsil olunur. NAYO-nun əsas məqsədi Norveçdə yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiya olmasında yardımçı olmaq, onları təşkilatlandırmaq, hüquqlarını müdafiə etmək və sosial problemlərinin həlli istiqamətində işlər görməkdir.   Eyni zamanda Norveçdə Azərbaycan xalqının mədəniyyətini, tarixini, problemlərini və nailiyyətlərini çatdırmaqla yanaşı,  iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına dəstək verməklə dostluq və əməkdaşlıq körpüsü rolunu oynamaqdır. Norveçdə  Azərbaycanla bağlı bir çox tədbirlər həyata keçirməklə bərabər təşkilat bu gün də  öz dəst-xəttini  qoruyub saxlaya bilib. Belə ki, NAYO Azərbaycanı xaricdə akademik səviyyədə, yüksək anlamda təmsil edir. Azərbaycana aid elmi iş yazan əcnəbilərə, layihələr qurmaq istəyən təşkilatlara Azərbaycanla  bağlı informasiya verir. Hazırda Norveç Azərbaycanlıları Gənclər Təşkilatının 4 şöbəsi var. Belə ki, NAYO -Bergen,  NAYO- Stavanger, NAYO-Trondheim    Norveç Azərbaycanlı Tələbələr Təşkilatı(NASO)şöbələri  təsis olunub. Bundan başqa NAYO-nun nəzdində gənclər, qadınlar və idman qrupları da mövcuddur.

 

 

Günay ƏSƏDOVA

 

Paritet.- 2011.- 13-14 yanvar.- S. 8-9.