“Koroğlu türkün döyüşkənliyinin və zərifliyinin
rəmzidir”
Ziyalılar Koroğlu ilə
yanaşı digər tarixi şəxsiyyətlərə və
dastan qəhrəmanlarına heykəllər qoyulmasını
vacib hesab edirlər
Tarixin
müxtəlif dövrlərində öz qəhrəmanlıqları
ilə seçilən, Azərbaycan
xalqının rəmzinə çevrilmiş çoxsaylı
tarixi qəhrəmanlarımız olub. Bu qəhrəmanların bu gün
yaddaşlarda yaşadılması
və gənc nəsildə onlar haqqında ətraflı
məlumatın olması
üçün dövlətimiz
tərəfindən bir sıra məqsədyönlü layihələr
həyata keçirilir. Belə
ki, ötən il Bakı şəhərində xalq
qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması
ilə bağlı bəzi tədbirlər haqqında ölkə Prezidenti sərəncam
imzalayıb. Sərəncamda qeyd edilib ki, Azərbaycan
xalqının əfsanəvi qəhrəmanı Koroğlu
milli-mənəvi dəyərlərin daşıyıcısına
çevrilərək əsrlərdən bəri
insanlarımızın yaddaşına vətənpərvərliyin
və mübarizliyin rəmzi kimi həkk olunub. Eyni zamanda Bakı şəhərində xalq
qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması
üçün 2010-cu il
dövlət büdcəsində nəzərdə tutulmuş
Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə
5,0 (beş) milyon manat məbləğində vəsait
ayrılmasıda sözügedən sərəncamda öz əksini
tapıb.
Koroğlunun
abidəsinin ucaldılmasının əhəmiyyəti və
bu işin icrasının Azərbaycan mədəniyyətinə
hansı töhfələr verə biləcəyi haqqında məlumat
verən Azərbaycan Milli Konservatoriyasının milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi tədqiqat
laboratoriyasının rəhbəri, instrumental muğam
kafedrasının müəllimi
dosent, sənətşünaslıq namizədi Abbasqulu Nəcəfzadə
sərəncamı çox yüksək dəyərləndirərək
bildirdi ki, Azərbaycanın xalq - aşıq sənətinin
inkişafında əhəmiyyətli
yeri olan belə bir tarixi şəxsiyyətin abidəsi çoxdan
ucaldılmalıydı:” Belə deyərdim ki, bir az
gecikmiş olsa da, ancaq bu cür
işin ölkəmizdə
icrası mədəniyyətimizə gözəl bir töhfədir. Eyni zamanda qədim kökləri olan xalq sənətimizə
yüksək diqqət və qayğının göstəricisidir.
Çünki Koroğlu qəhrəman
olmaqla yanaşı, həm də dövrünün gözəl
ifaçısı olub. Belə
ki, Koroğlu dövrünün ən güclü saz, Babək
isə öz dövrünün
gözəl santur ifaçıları olublar. Bu səbəbdən
istərdim ki, Koroğlunun abidəsi ucalanda orda mütləq
saz aləti də öz əksini tapsın”.
“Dədə Qorqudun qopuzu sınıq vəziyyətdədir”
Həmsöhbətim Koroğludan başqa bir sıra xalq qəhrəmanlarının
və tarixi şəxsiyyətlərin də ölkəmizdə abidələrinin
ucaldılmasının vacib
olduğunu vurğulayaraq qeyd
etdi ki, belə tarixi şəxsiyyətlərin abidələrin ucaldılması Azərbaycanın qədim və zəngin
tarixinin daim yaşamasına və
gənc nəslinin yaddaşına həkk olmasına səbəb
olar:
Bu sırada xalq qəhrəmanımız
olan Babəkin abidəsinində ucaldılmasını istərdim.
Azərbaycan
mədəniyyət və ədəbiyyat tarixində öz
rolu və yeri olan Dədə
Qorqudun İçərişəhərdə bir abidəsi
ucaldılıb, ancaq təəssüf
ki, qopuzu sınıq vəziyyətdədir. Bu abidənin adının möhtəşəmliyi
kimi, yenidən bərpa edilərək,
şəhərimizin ən
gözəl məkanında ucaldılmasını istəyirəm. Ümumiyyətlə, qeyd edim ki,
Koroğlu, Babək, Qaçaq Nəbi tarixi qəhrəman
olaraq, cəsarətləri, mərdlikləri,
döyüşkənlikləri ilə seçilərək
tarixin səhifəsinə öz adlarını şərəflə
yazmaqla yanaşı, mədəniyyətimizə çox
yüksək qiymət veriblər. Onlar xalq musiqisinə meyl
edib, sazda ifa edərək musiqiçi kimi də
adlarını musiqi tarixinin yaddaşına yazıblar. Bunun
üçün də onlara həm xalq qəhrəmanı və
həm də musiqiçi kimi yanaşmaq lazımdır.
Sevindirici haldır ki, YUNESKO tərəfindən aşıq sənətidə dünyanın şah əsərləri siyahısına
salınmışdır. Ümumiyyətlə, mən tədris
zamanı metodik tövsiyələr verəndə hər zaman xüsusi olaraq
vurğulayıram ki, bizim xalq qəhrəmanlarımıza
ancaq qəhrəman kimi baxmaq düzgün deyil, həm də onlar gözəl musiqiçi olublar. Məsələn, “Dədə
Qorqud” dastanından bəllidir ki, Dədə Qorqud gözəl musiqiçi olub”.
“Koroğlu folklorumuzun zirvə hadisələrindən
biridir”
Dünya
Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər
Qoşalı (Yolçuyev)
ölkə Prezidentinin paytaxtda xalq qəhrəmanı
Koroğlunun abidəsinin ucaldılması ilə bağlı
sərəncamını, bir vətəndaş, QHT rəhbəri və
yazıçı olaraq
alqışladığını dedi: ”Hər nə qədər
mifləşmiş, əfsanələşmiş olsa da
Koroğlu obrazı, ümumən, belə deyək,
Koroğluluq millətimizin qan
yaddaşına, ruhuna hopub. Koroğlu oğuzların ortaq hadisəsi,
eyni adlı dastan oğuzların, ümumən türk
dünyasının ortaq abidəsidir. Bu anlamda, türk
dünyasının, ümumtürk coğrafiyasının ən
mühüm ölkəsi olan Azərbaycan
paytaxtında Koroğlunun abidəsinin ucaldılması
xüsusi məna daşıyır”. “Dünənə qədər
yad heykəllərin ucaldığı paytaxt şəhərimizdə
artıq çoxdan öz qəhrəmanlarımızın
abidələşməsinin, öz ruhumuzun təcalla etməsinin
vaxtıdır. Ayrıca, heç kəsə gizlin deyil ki,
şəhərimiz dünyanın ən gəlimli-gedimli şəhərlərindən
biri, hər gün yüzlərlə xarici qonağın
üz tutduğu məkan olaraq məhz milli tarixi, özgü mədəniyyətimizi
əks etdirən abidələrlə, tikililərlə, milli
ornametlərlə nə qədər süslənsə, bir o qədər
yaxşıdır”. Ə.Qoşalı
əlavə etdi ki, Bayraq Meydanının
açılışının ardınca, xalq qəhrəmanı
Koroğlunun abidəsinin ucaldılması barədə
müvafiq qərarın qəbul edilməsi Prezidentimizin milli dəyərlərə
nə qədər həssas münasibət bəslədiyini
çox bariz şəkildə ifadə etməkdədir.
Koroğlunun bir xalq qəhrəmanı
olduğunu deyən həmsöhbətim qeyd etdi ki, folklor da
xalqın şifahi poetik yaradıcılığını
ehtiva edir:
- Koroğlu folklorumuzun zirvə hadisələrindən
biridir. Koroğluda da variantlılıqlar mövcuddur. Bəlli
olduğu kimi, az qala hər aşığın, hər
dastançının öz Koroğlusu var. Yeri gəlmişkən,
yeni nəsil ziyalılarımızdan Koroğluya daha çox
müraciət edən
araşdırmaçı-yazıçılarımız
İslam Sadığın və Ceyhun Bayramlının
adlarını sayğı ilə çəkmək istərdim.
Türkiyənin yeni nəsil alimlərindən isə dr. Ənvər Uzunun
araşdırmaları diqqəti cəlb edir. Bilirsiizz, yeni nəsil
sözünə niyə vurğulayıram? -Məncə,
Koroğlu da, “Koroğlu” da sosializm realizmindən kənar yeni
baxış tələb edir. Adını çəkdiyim gənc
tədqiqatçı Ceyhun Bayramlının 2010-cu ildə
işıq üzü görmüş “Dastan ədəbiyyatımıza
kənar təsirlər” kitabını bu baxımdan müsbət
saydığımı demək istərdim.
O inanır ki, dövlət
başçımızın Koroğlunun abidəsinin
ucaldılması haqqında sərəncamı yalnız bir
abidənin ucaldılması ilə sona çatmayacaq,
Koroğluya müraciətlərin sayını artıracaq,
keyfiyyət təzələnməsini şərtləndirəcək:
”Bundan başqa uzaq tarixdən Babəkin, yaxın tarixdən
Nuru Paşanın heykəlinin ucaldılmasını
arzulardım”.
“Koroğlu
həm tarixi və həm
də mifoloji obraz kimi səciyyələnir”
Folklor
İnstitutunun əməkdaşı Elçin Qaliboğlu isə bildirdi ki,
Koroğlu abidəsinin ucaldılması ideyası son dərəcə gərəkli
bir məsələdir:” Azərbaycan və türk xalqının qəhrəmanlıq
obrazının abidə səviyyəsində rəmziləşdirilməsi xalqın mənəvi yaddaşının
yaşadılması və qorunub saxlanması deməkdir. Koroğlu
həm tarixi və həm
də mifoloji obraz kimi səciyyələnir.
Koroğlu Azərbaycan
xalqının bütün gözəl keyfiyyətlərini
özündə cəmləşdirən və birliyi özündə ifadə edən
xəlqi bir obrazdır”.
Onun
fikrincə, Koroğlunun abidəsi ucaldılan zaman əlində xalq qəhrəmanını səciyyələndirən
qılınc və sazın
olması çox
yaxşı olardı. Koroğlu türkün döyüşkənliyinin
və zərifliyinin rəmzidir: ”Yəni xalqımızın bu cür
iki gözəl cəhətini
özündə birləşdirib. Bu səbəbdən də
Koroğlunun bir əlində sazın, digər əlində
qılıncın təsvirinin
verilməsi həm döyüşkənliyin və həm də xalqın
yetkinliyinin rəmzidir. Amma əlbəttə
ki, son dərəcə ciddi şəkildə işlənməlidir”.
Başqa bir sıra tarixi qəhrəmanların abidəsinin paytaxtda
ucaldılmasından danışan həmsöhbətim
bunları söylədi: ”Hamımızın tarixdən
bildiyimiz və tanıdığımız Babək
obrazının heykəlləşməsi də son dərəcə
əhəmiyyətli olardı. Çünki Babək
xalqın azadlıq rəmzidir.
Məlum olduğu kimi bu mövzuda
bədii film çəkilib, eyni zamanda Azərbaycan
yazıçıları əsərlər yazıblar. Burda
bir haşiyə çıxaraq qeyd edim ki, Naxçıvanın Babək şəhərində Babəkin
heykəli var. Babəkin heykəlinin Bakıda da olması
çox gərəklidir”.
Onun
dediyinə görə Dədə Qorqud obrazının rəmzi
səviyyədə ciddi
bir heykəltəraşlıq ifadəsi kimi Bakının meydanlarında
ucaldılması vacibdir.
Ölkə
Prezidentinin Koroğlunun abidəsinin ucaldılması ilə
bağlı verdiyi sərəncamın ümumilikdə Azərbaycan xalq sənətinə dövlət tərəfindən verilən
yüksək qiymət kimi dəyərləndirən Aşıq
Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri
Qəmbər Şəmşiroğlu isə bildirdi ki,
saz sənətinin yaşadılması,
dastanlarımızın, aşıq musiqilərimizin
bugünkü gündə inkişafı da Koroğlunun adı ilə
bağlıdır: ”Bu səbəbdən də belə bir qəhrəmanın
abidəsinin ucaldılmasını çox yüksək qiymətləndirirəm. Tarixi qəhrəmanlarımızın həyat və yaradıcılıq
səhifəsində aşıq musiqisinin də özünəməxsus
rolu olub. Xalq
yaradıcılığından qaynaqlanan aşıq sənətimizin
inkişafında və əsirlərdi qorunub saxlanmasında Koroğlu
kimi mərd, cəsur bir
döyüşçünün, qəhrəmanın rolu olub”.
Torpaqlarımız uğrunda düşmənlə döyüşən qəhrəman olmaqla yanaşı, musiqimizə də xor baxanlara qarşı mübarizə
aparıb, bu sahədə də adını əbədiləşdirib”.
GÜNAY
Paritet.- 2011.- 18-19 yanvar.- S. 11.