Bir diaspor-media mərkəzi yaradılsa, böyük işlər görmək olar”

 

Zaur Əliyev: “Cənubda, Türkiyədə və digər dövlətlərin təsirində yaşayan soydaşlarımızın səsi birgə gəlir

 

Diasporun təşəkkül tarixinin öyrənilməsi  istiqamətində tədqiqat aparan gənc araşdırmaçılardan biri də AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun politologiya şöbəsinin elmi işçisi  Zaur Əliyevdir. Həm də o,   “Diaspor və lobbi” Strateji Araşdırma Mərkəzinin  sədridir.

-Dünya Azərbaycanlılarının I Qurultayından sonra genişlənməyə və sıralarımızı artırmağa başladıq. Milli dövlətçiliklə bağlı olduğu üçün diaspor və lobbiçilik istiqamətinə hər hansı bir qrant yaxud ianə barədə düşünmədən böyük bir baza qurmağa başlamışıq. Müvafiq tədqiqatlar aparır, strateji planlar, proqramlar, konsepsiyalar hazırlayırıq.

 Məqsədimiz Azərbaycanda ilk bu istiqamətli “beyin mərkəzi” olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Hal-hazırda mərkəzin müəllifi mən olduğum 4 kitab və bir neçə konsepsiyası, xarici ölkələrdə məqalələri və diaspor üzvlərimizlə geniş şəbəkəsi var.

-Sizcə, diasporumuz hansı problemləri var və bu problemlərin aradan qaldırılması istiqamətində məhz diasporumuz özü hansı addımlar atır?

- Bilirsiniz, problem hər iki tərəfdə mövcuddur. Azərbaycanda hələdə problemi tam olaraq dərk olunması görünmür, diasporumuz isə öz növbəsində nə olduqlarını və nə etmək lazımlığını bilmir. Diasporun təşkilatlanması bizdə 2001-ci ildən intensiv başlasa da etiraf edim bu bir yeni tikilinin bünövrəsin qoymağa oxşayır. Yəni özülü qoymuşuq, bir neçə mərtəbə ucaltmışıq. Lakin bina tam hazır olmadan artıq onun reklamı ilə məşğuluq. Milyonlarla azərbaycanlı tarixin gedişində bütöv bir dövlətdən  parçalanmış ərazilərə çevrilib. Dərbəndimiz Rusiyanın, Cənubi Azərbaycanımız İranın, Borçalımız Gürcüstanın, İrəvanımız Ermənistan adlanan qondarma dövlətin, İqdırımız Türkiyə və  Kərkükümüz İraqın sərhədlərinə daxil olub. Bu dövlətlərin siyasi rejimlərin tələb və qanunları nəticəsində Azərbaycan  övladları bir-birlərinə qarşı yadlaşıb. Tarix boyunca böyük bir millətin övladları digər sərhədlərin içərisində müxtəlif əlifbalarda yazmağa və oxumağa məcbur edilib, müxtəlif dillərdə təhsil alıb, yaşadıqları ölkədəki hakim ideologiyanın tələbi ilə mənsub olduqları xalqın mədəniyyətinə, ədəbiyyatına, dilinə, tarixinə, mənəviyyatına və milli ideologiyasına zorən uyğunlaşdırılıb. Nə etmək olar? sualına isə cavab vermək çox çətindir. Təəssüflə deməliyik  ki, Azərbaycan türkləri arasında coğrafi fərq istər-istəməz özünü göstərir. Harada doğulmasından asılı olmayaraq bütün ölkələrdəki soydaşlarımız eyni soy-kökə malikdirlər, ancaq baxışlardakı fərqlər özünü biruzə verir. Buna qarşı mübarizə aparmaq üçün mütləq həmrəylik və birlik gərəkdir. Bax, ilk əvvəl bu sədləri qaldırmaq, bir-birimizə isnişmək lazımdır.  Son zamanlar bəzi ölkələrdə hiss olunur ki, milli maraq, dövlətimizin problemlərinə diasporumuz bir mövqedən yanaşır. Cənublu, şimallı, türkiyəli və digər dövlətlərin təsirində yaşayan insanlarımızın səsi birgə gəlir. Proseslər belə davam edəcəyi təqdirdə gələcəkdə işlərin uğurlu olmasından xəbər verir.

- Bildiyiniz kimi qarşıdan Dünya Azərbaycanlılarının  III Qurultayı gəlir. Sizcə bu Qurultayın diasporumuz üçün hansı perspektivləri var?

- 2001-ci ildə mərhum Heydər Əliyev böyük bir işə imza atdı. Dünya Azərbaycanlılarının I Qurultayı o zamana qədər müxtəlif adlarda keçirilən konqresləri bir arada topladı. Konkret olaraq Heydər Əliyev dünya azərbaycanlılarının arasında olan coğrafi fərqi aradan götürmək üçün “hamımızın bir vətəni var” prinsipini irəli sürdü. Qurultaylar arasında 5 il müddətin seçilməsi isə, onların fəaliyyətinin əsas istiqamətlərini, strategiyasını, iş prinsiplərini və perspektivlərini müəyyən etməyə verilən vaxt idi. Bu gün bir çox ölkələrdə bu tipliqurultaylar keçirilir, Qazaxıstanda, Qırğızıstanda, Ermənistanda və s. Lakin əsasın böyük siyasətçi qoyduğu Dünya Azərbaycanlılarının I Qurultayı qısa zamanda böyük işlərə səbəb oldu, Diasporla bağlı Komitə yaradıldı, Qanun qüvvəyə mindi, müxtəlif sərəncamlar verildi, tez-tez görüşlər keçirilməyə başlandı, hörmətli Akademik Mahmud Kərimovun sədrliyi altında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyəti formalaşdı. Dövlətimiz olaraq vacib işlərə imza atıldı. 10 ildən çox bir müddətə I və II Qurultayların işin qənaətbəxş hesab etmək olar. Şəxsən mənim III Qurultaydan gözləntim bir adda fəaliyyət göstərən diaspor təşkilatlarının birləşməsidir, lobbiçilik fəaliyyəti ilə bağlı konsepsiya sənədinin hazırlanmasıdır, xaricdə təhsil alan tələbələri diaspor işinə fəal cəlb ediləcəyidir, bu sahədə tədqiqat aparanların bir mərkəzə cəlb edilməsidir və s.

-Azərbaycan diasporu   lobbiçilik işində hələ   ermənilərdən geri qalır, yoxsa?

- Bilirsiniz, erməni lobbisi çoxşaxəli, böyük maliyyə və ən əsası silahlı bir qüvvəyə malik olan bir qurumdur. Bu qurum məqsədə çatmaq üçün terror, şantaj və ən qəddar işlər görmək iqtidarındadır. Onlar məqsəd üçün bir-birlərini belə qırmağa hazırdılar, bir sözlə desək, xəstə-manyak bir psixologiyaya malikdirlər. Bizim diasporumuz lobbi işinə başlayanda bəzi uğurlara imza atsa da biz onlar qarşısında çox zəifik. Bu isə azərbaycanlıların biri-birinə çox biganə olmasından irəli gəlir. Problem budur ki, azərbaycanlılar xaricdə digər xalqlarla müqayisədə tək-tək, pərakəndə şəkildə yayılıblar, bir çoxları işsizdirlər, əksəriyyəti də yaşadığı ölkələrin mədəniyyətindən xəbərsizdirlər və insanlara qarışa, uyğunlaşa bilmirlər. Ancaq ümumilikdə isə azərbaycanlılar təkbaşına müəyyən müvəffəqiyyət əldə ediblər. Həm siyasətdə, həm də elm sahəsində. Sadəcə, çətinliyimiz ondadır ki, təşkilat qura, koordinasiya yarada  bilmirik. Bəzən də belə olur ki, biri iş görə bilmir, digər işləyənin də qarşısını alır. Digər tərəfdən, işləyənlərin çoxu da öz fəaliyyətlərini daha çox danışmaqla məhdudlaşdırırlar. Güclü lobbiçiliyin 3 şərti var: xaricdə siyasi və milli baxımdan möhkəmlənmək, azərbaycançılığı sevmək və maliyyə. Bizim diasporumuz bunları əldə etmək istiqamətində irəliləyir və ümid var ki, bu problem aradan götürülsün.

-Türkdilli ölkələrin diasporlarının həmrəyliyi hansı formadadır və qardaş ölkələrin münasibətlərinin daha da yaxınlaşması yolundan hansı işlərin görülməsinə ehtiyac var?

- Türklər daima böyük miqrasiyalar etmiş xalqlardır. Sovet İttifaqı dağılandan sonra türk xalqları müxtəlif səviyyələrdə, qurumların tərkibində təmsil olunmağa başladı. Hesab edirəm ki, bu gün azəri və türk diasporlarının birliyi çox vacibdir. Buna çox böyük ehtiyac vardır. Çünki bu gün Azərbaycan və Türkiyə eyni problemlərlə üzləşir. Erməni diaspor təşkilatları və lobbisi qondarma “erməni soyqırımı” dünyanın bir çox ölkələrinin parlamentlərində tanıda biliblər. Amma biz öz həqiqətlərimizi dünyaya lazımınca çatdıra bilmirik. Bunun əsas səbəblərindən biri sıx birgə fəaliyyətimizin olmamasıdır.  Hesab edirəm ki, Avropada yaşayan türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu məqsədlə 2007-ci ilin mart ayının 9-da Bakı şəhərində keçirilmiş azəri və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun qərar və tövsiyələrinin, habelə həmin forumda təsdiq olunmuş “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nın, “Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun Bakı bəyannaməsi”nin müddəalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərin gücləndirilməsi, Azərbaycan və Türkiyə Diaspor Təşkilatlarının Koordinasiya Şurasının fəaliyyətinin səmərəliliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülsə bu sahədə çox işlər görə bilərik.

Mən bu yaxınlarda nəşr edilən “Türkdilli xalqların diasporları” adlı kitabımda türk diasporlarının formalaşması tarixini və müasir fəaliyyətini qeyd etmişəm.

-Soydaşlarımız diaspor siyasətinin həyata keçirilməsi işində  İnformasiya Kommunikasiya Texnologiyalarından nə kimi yararlana bilirlər?

- Məlumdur ki, Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində informasiya-telekommunikasiya texnologiyalarının xüsusi rolu var. Son zamanlar isə Azərbaycan diasporuna məxsus sayt və elektron poçt adreslərinin sayının durmadan artması sevindirici hal olmaqla yanaşı, Azərbaycan barədə real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına böyük təkan verir. İnanırıq ki, belə saytların sayı artdıqca və xaricdə yaşayan azərbaycanlıların informasiya-telekommunikasiya texnologiyalarından istifadəyə geniş yer verdikcə bizə düşmən olan qüvvələrin neytrallaşdırılmasına və məğlub edilməsinə nail olmaq olar. Lakin bu məlumatlar mütləq müxtəlif dillərdə olmalıdır. Azərbaycanda nəşr edilən kitabların tərcüməsi fəaliyyəti genişlənsə, dünyaya həqiqətləri tez çatdıra bilərik. Əlbəttə ki, digər saytların yaradılması, dünya azərbaycanlılarının müxtəlif qrupları arasında on-layn forumların (gənclər, alimlər, yazıçılar və s.) keçirilməsi də məqsədəuyğun olardı. Fikrimizcə, dünya azərbaycanlılarının milli-mənəvi sərvətlərə çıxışının daha da yaxşılaşdırılması baxımından İnternet-televiziyanın yaradılması aktual layihələr sırasındadır. Belə ki, bu layihə çərçivəsində milli musiqi, kino, teatr və s. incilərini özündə toplayan yeni televiziya texnologiyası heç bir məkan və zaman məhdudiyyəti olmadan Yer kürəsinin istənilən ölkələrində yaşayan hər bir azərbaycanlının xidmətində ola bilər. Düşünürəm ki, diasporla əlaqələrin təşkilində məsul dövlət orqanları internetin geniş imkanlarından öz fəaliyyətlərində yararlanacaqlar və virtual diasporu real diaspora qədər vacib amilə çevrilə biləcəklər.

- Diasporumuzun KİV sahəsindəki işini intensivləşdirmək üçün hansı təkliflər verərdiniz?

- Hər şeydən əvvəl Azərbaycan mediasında diaspor mövzusuna böyük yer ayrılmalıdır. Mediamızda müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın müsahibələri və ekspert möqveyi mütləq olmalıdır. Media orqanlarımızın bir səhifəsi mütləq diaspor xəbərlərinə ayrılmalıdır. Media qurumlarının “diaspor: qaynar xətt” layihəsinə üstünlük verməsinin vaxtıdır.  Bizim media çalışmalıdır ki, xaricdəki diaspor təşkilatları üçün xüsusi buraxılışlar nəşr etsin. Sizin qəzet niyə eyni zamanda bir diaspor təşkilatının mətbu orqanı olmasın, ən azından “Paritet-diaspor” başlığı altında?

- Sizcə diaspor mətbuatımız öz səsini lazımi nöqtələrə çatdıra bilirmi?

- Bu gün bu sahədə işlər görülür, fərdi şəkildə yaxud təşkilat formasında nəsə edilməyə cəhdlər edilir. Sevindirir bizi bu xəbərlər, lakin yenə də kortəbiilik hiss edilir. Hesab edirəm Diasporla İş üzrə Dövlət Komitəsi nəznində bir Diaspor-media mərkəzi yaradılsa, böyük işlər görmək olar. Mütləq məlumat bolluğu etmək lazımdır. Azərbaycanda nəşr edilən kitabları kağız üzərində deyil, internet səhifələrində olması zərurirdir.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 18-19 yanvar.- S. 8.